Azərbaycan
7 noyabr 1906 - Aktyor, rejissor Məmməd Əli oğlu Əlili (1906-1993) anadan olub. “Ögey ana”, “Arşın mal alan” (1965), “Ulduzlar sönmür”, “Dağlarda döyüş” filmlərinin 2-ci rejissoru olub, “Dəli Kür”, “Nəsimi” və s. filmlərdə çəkilib.
7 noyabr 1908 - Tanınmış azərbaycanlı şair, alim, pedaqoq Maqsud Məsim oğlu Şeyxzadə (1908 - 19.2.1967) anadan olub. Bakıda təhsil alıb, sonra Daşkəndə köçüb. Özbəkistanın məşhur ədibi olub, özbək dilində çoxsaylı əsərlər, ssenarilər yazıb, tərcümələr edib.
7 noyabr 1917 - Görkəmli bəstəkar, pianoçu, dirijor, Xalq artisti Tofiq Ələkbər oğlu Quliyev (1917 - 4.10.2000) anadan olub. Azərbaycan estrada musiqisinin yaradıcılarından biri, çoxsaylı mahnıların müəllifidir. “Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Qızmar günəş altında”, “Telefonçu qız”, “Nəsimi”, “Xoşbəxtlik qayğıları”, “Dərviş Parisi partladır”, “Qayınana” və s. filmlərə, tamaşalara musiqi bəstələyib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri olub.
7 noyabr 1917 - Xalq rəssamı Tağı Əzizağa oğlu Tağıyev (1917-1993) Bakıda anadan olub. "Qara Qarayev", "Səttar Bəhlulzadə", “Koroğlu”, “Babək” tablolarının müəllifidir.
7 noyabr 1920 - Tanınmış diktor, Xalq artisti Fatma Ağacabbar qızı Cabbarova (1920-2008) anadan olub. Azərbaycan radiosunun ilk diktorlarından biridir.
7 noyabr 1923 - Dilçi alim, filologiya elmləri doktoru Rəhilə Cavad qızı Məhərrəmova (1923-2011) Bakıda doğulub. Dil tarixi, leksikologiya və dialektologiyaya dair kitabların müəllifidir.
7 noyabr 1934 - Tanınmış müğənni, Xalq artisti Oqtay Ağayev (1934 - 14.11.2006) Bakıda anadan olub. “Qaya” vokal kvartetinin üzvü, Azərbaycan Dövlət Estrada Orkestrinin, Azərbaycan Televiziyası və Radiosunun estrada orkestrinin solisti olub.
7 noyabr 1940 - Məşhur xanəndə, Xalq artisti Baba Mahmudoğlu (Mirzəyev; 1940 - 6.12.2006) Qazax rayonunda doğulub. Opera tamaşalarında ("Leyli və Məcnun", "Aşıq Qərib", "Əsli və Kərəm" və s.) əsas partiyaları ifa edib.
7 noyabr 1945 - Xalq artisti Zərnigar Fəti qızı Ağakişiyeva Quba rayonunun Rustov kəndində anadan olub. Teatrda, teletamaşalarda (“Atayevlər ailəsi”, “Mehmanxana sahibəsi”), filmlərdə ("Dantenin yubileyi", “Qəm pəncərəsi”, “Təhminə”, “Yuxu” və s.) maraqlı obrazlar yaradıb.
7 noyabr 1990 - Tanınmış rejissor, ssenarist, operator, rəssam Əlisəttar Atakişiyev (25.12.1906 - 1990) vəfat edib. Filmləri: “Bir qalanın sirri”, “Bizim küçə” (quruluşçu rejissor), “Uzaq sahillərdə” (operator) və s. Estoniyanın ilk rəngli filmini çəkib.
8 noyabr 1923 - Xalq artisti, instrumental ifaçı, dirijor Tofiq Qəzənfər oğlu Əhmədov (1923 - 23.3.1981) anadan olub. Azərbaycan Radiosu və Televiziyasının estrada orkestrini yaradıb, milli caz musiqisinin inkişafına töhfələr verib.
8 noyabr 1930 - Tanınmış bəstəkar Əfsər Bayram oğlu Cavanşirov (1930-2006) Füzuli rayonunun Horadiz kəndində doğulub. AzTV-nin «Bənövşə» uşaq xorunun və rəqs ansamblının bədii rəhbəri olub. Simfoniyalar, poemalar, uşaq xoru üçün əsərlərin müəllifidir.
8 noyabr 1944 - Teatrşünas, yazıçı-publisist Cəlil Həbib oğlu Vəzirov (1944-2008) anadan olub. Naxçıvan Muxtar Respublikası Teatr Xadimləri İttifaqının sədri işləyib.
8 noyabr 1967 - Bakı metrosu fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin 2006-cı il 28 oktyabr tarixli sərəncamı ilə noyabrın 8-i metropoliten işçilərinin peşə bayramı günü elan edilib.
9 noyabr 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı qəbul edilib. Azərbaycan sovetləşəndən sonra respublikanın qırmızı sovet bayrağı ilə əvəzlənib. 1991-ci il fevralın 5-də respublika Ali Sovetinin qərarı ilə üçrəngli bayraq yenidən Azərbaycanın dövlət bayrağı elan edilib. Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli sərəncamı ilə 9 noyabr Dövlət Bayrağı Günü elan edilib.
9 noyabr 1954 - Tanınmış bəstəkar, Xalq artisti, professor Siyavuş Əşrəf oğlu Kərimi Bakıda doğulub. Azərbaycan Televiziyası və Radiosu estrada simfonik orkestrinin bədii rəhbəri olub. 2001-ci ildən Azərbaycan Milli Konservatoriyasının rektorudur. “Sarı gəlin”, “Girov” və s. bədii filmlərə, sənədli və animasiya filmlərinə, tamaşalara musiqi yazıb.
9 noyabr 1991 - Azərbaycan Respublikasının dövlət müstəqilliyi birinci olaraq Türkiyə Cümhuriyyəti tərəfindən tanınıb.
9 noyabr 1973 - Xalq artisti Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə, 15.5.1899 -1973) vəfat edib. Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. Bir sıra filmlərdə (“Bakılılar”, “Kəndlilər”, “Dağlarda döyüş”) maraqlı obrazlar yaradıb.
9 noyabr 1994 - Xalq yazıçısı Bayram Salman oğlu Bayramov (11.12.1918, Ağdam - 1994) vəfat edib. “Yarpaqlar”, “Arakəsmələr”, “Karvan yolu” və s. romanların, digər nəsr əsərlərinin müəllifidir. “Mən ki gözəl deyildim”, “Firəngiz”, “Onun bəlalı sevgisi” filmlərinin ssenarisini yazıb.
10 noyabr 1997 - Prezident Heydər Əliyev "Azərbaycan Respublikasında ədəbiyyat və incəsənət xadimlərinə dövlət qayğısının artırılması haqqında" fərman imzalayıb.
Dünya
7 noyabr 1598 - İspan rəssamı Fransisko de Surbaran (Francisco de Zurbaran, 1598-1664) anadan olub.
7 noyabr 1810 - Macar bəstəkarı, pianoçu və dirijor Erkel Ferens (Erkel Ferenc, 1810-1893) anadan olub.
7 noyabr 1913 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1957) Alber Kamyu (Albert Camus, 1913 - 4.1.1960) anadan olub. Ekzistensializm fəlsəfəsinin tanınmış nümayəndəsidir. Əsərləri: “Vəba”, “Özgə”, “Sizif haqqında mif”, “Qiyamçı adam”, “Şeytanlar” və s.
8 noyabr 1837 - Gürcü yazıçısı, publisist, şair İlya Çavçavadze (1837 - 12.9.1907) anadan olub. “Erməni alimləri və fəryad edən daşlar” adlı əsərində ermənilərin qonşu xalqların tarixinə və mədəniyyətinə qarşı saxtakarlıq əməllərini ifşa edib.
8 noyabr 1900 - Amerika yazıçısı Marqaret Mitçell (Margaret Munnerlyn Mitchell, 1900-1949) anadan olub. “Küləklə sovrulanlar” romanı ilə məşhurlaşıb.
8 noyabr 1935 - Fransız aktyoru, rejissor, ssenarist Alen Delon (Alain Fabien Maurice Marcel Delon) anadan olub. Filmləri: “Macəra axtaranlar”, “Polis əhvalatı”, “Zorro”, “Kazanovanın qayıtması”, “Tehran-43” və s.
8 noyabr 1961 - SSRİ-nin mərkəzi televiziyasında Şən və Hazırcavablar Klubunun (rusca “KVN”) ilk buraxılışı efirə çıxıb. 2001-ci ildən 8 noyabr beynəlxalq “KVN günü” kimi qeyd olunur.
9 noyabr 1818 - Görkəmli rus yazıçısı İvan Sergeyeviç Turgenev (1818 - 3.9.1883) anadan olub. Əsərləri: “Atalar və oğullar”, “Ərəfə”, “Zadəgan yuvası”, “Rudin” (roman), “Asya”, “Bahar suları” (povest), “Ovçunun qeydləri” (hekayələr toplusu).
9 noyabr 1832 - Fransız yazıçısı, detektiv janrın banilərindən biri Emil Qabrio (Emile Gaboriau, 1832-1873) anadan olub.
9 noyabr 1929 - Görkəmli rus bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Aleksandra Paxmutova anadan olub. Əksəriyyəti bu gün də populyar olan 400-dən çox mahnı bəstələyib.
10 noyabr Dünya Gənclər günüdür. 1946-cı ildə Dünya Demokratik Gənclər Federasiyası (World Federation of Democratic Youth, WFDY) tərəfindən təsis edilib.
10 noyabr 1483 - Alman teoloqu və filosofu, xristianlıqda Reformasiya (islahat) hərəkatının rəhbəri Martin Lüter (1483 - 15.2.1546) anadan olub. Xristianlıq dinində protestantizm məzhəbinin qollarından biri onun adı ilə lüteranlıq adlanır.
10 noyabr 1759 - Görkəmli alman şairi, dramaturqu və incəsənət nəzəriyyəçisi İohann Fridrix Şiller (Johann Christoph Friedrich von Schiller, 1759 - 9.5.1805) anadan olub. Pyesləri: “Qaçaqlar”, “Məkr və məhəbbət”, “Mariya Stüart”, “Orleanlı qız” və s.
10 noyabr 1928 - Məşhur italyan bəstəkarı, dirijor və aranjimançı Ennio Morrikone (Ennio Morricone) anadan olub. 400-dən çox filmə musiqi yazıb, kinematoqrafiyaya töhfələrinə görə “Oskar” mükafatına (2007) layiq görülüb.
Hazırladı: Vüqar Orxan