Azərbaycan

22 noyabr 1933 - Yazıçı-jurnalist Firudin Balakişi oğlu Ağayev (1933-1995) Lerik rayonunda doğulub. Kitabları: “Qardaşlar”, “İldırım dənizə çaxır”, “Mən uşaq olmamışam” və s. Əsərləri əsasında “Skripkanın sərgüzəşti”, “İşarəni dənizdən gözləyin” və s. filmlər çəkilib.
22 noyabr 1922 - Böyük bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Fikrət Məşədi Cəmil oğlu Əmirov (1922-1984) Gəncədə doğulub. Simfonik muğam janrının yaradıcısı (“Şur”, “Kürd-Ovşarı”, “Bayatı-Şiraz” və s.), “Sevil” operası, “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu” və s. əsərlərin müəllifidir. «Min bir gecə» baleti dünya musiqi xəzinəsinin inciləri sırasına daxildir. “Böyük dayaq”, “Mən ki gözəl deyildim” və s. filmlərə musiqi yazıb.
22 noyabr 1922 - Xalq yazıçısı Hüseyn Abbas oğlu Abbaszadə (1922 - 12.12.2007) Bakıda anadan olub. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova həsr olunmuş “General” romanı ilə populyarlıq qazanıb. Kitabları: “Ləpədöyəndə”, “Burulğanlar”, “Çəmbərəkənd balladası” və s. Yazıçılar İttifaqının katibi (1975-1991) olub.
22 noyabr 1933 - Görkəmli rejissor, operator, Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Rasim Mirqasım oğlu Ocaqov (1933- 12.7.2006) Şəkidə doğulub. “Azərbaycanfilm”də quruluşçu operator (“Sən niyə susursan?”, “Onun böyük ürəyi” və s.), quruluşçu rejissor (“Qatır Məmməd”, “Tütək səsi”, “İstintaq”, “Ad günü”, “Ölsəm, bağışla”, “Təhminə”, “Otel otağı”, “Həm ziyarət, həm ticarət” və s.) işləyib. Filmoqrafiyasına 70-dək bədii və sənədli ekran əsəri daxildir.
22 noyabr 1938 - Tanınmış aktyor, Xalq artisti Həsən Ağaməmməd oğlu Məmmədov (1938 - 26.8.2003) Salyan rayonunda anadan olub. Kinoda çoxsaylı obrazlar qalereyası yaradıb: “Böyük dayaq” (Qaraş), “Arşın mal alan” (1965, Əsgər), "Bir cənub şəhərində" (Murad), “Gün keçdi” (Oqtay), “Yeddi oğul istərəm” (Bəxtiyar), “İstintaq” (Murad), “Dədə Qorqud” (Dədə Qorqud), “Axırıncı aşırım” (Abbasqulu ağa Şadlinski) və s.

23 noyabr 1923 - Yazıçı, şair Əmrah Bala oğlu Əmrahov (1923-1988) anadan olub. Kitabları: “Ürək vətən üçün döyünəndə”, “Ulduzlar gecə parlar”, “Dağ bənövşəsi” və s.
23 noyabr 1927 - Tarixçi, şərqşünas, professor Əhməd Əhməd oğlu İsgəndərov Bakının Mərdəkan kəndində doğulub. Moskvada yaşayır, 1972-87-ci illərdə SSRİ EA-nın Ümumi Tarix İnstitutunda baş elmi işçi, direktor müavini olub. Rusiyanın Əməkdar elm xadimi, Rusiya EA-nın müxbir üzvüdür.
23 noyabr 1936 - Ədəbiyyatşünas, yazıçı-dramaturq Aqşin Əlisəttar oğlu Babayev Bakıda anadan olub. “Həmişə bahar”, “Ağ ulduzlar”, “Ayrılıq” və s. kitabların, tərcümələrin müəllifidir.
23 noyabr 1948 - Dahi bəstəkar, publisist, pedaqoq, Xalq artisti Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (18.9.1885 - 1948) vəfat edib. Azərbaycan professional musiqisinin banisi, müsəlman Şərqində ilk operanın (“Leyli və Məcnun”, 1908), ilk musiqili komediyanın (“Ər və arvad”, 1910), “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarının, “Əsli və Kərəm”, “Koroğlu” operalarının, Azərbaycanın Dövlət himninin, digər çoxsaylı musiqi əsərlərinin müəllifidir. Konservatoriyanın professoru, Azərbaycan EA-nın akademiki olub. Bəstəkarın doğum günü Azərbaycanda “Milli musiqi günü” kimi qeyd olunur.
23 noyabr 1999 - Görkəmli aktrisa, Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Leyla Ağalar qızı Bədirbəyli (8.1.1920 - 1999) vəfat edib. 1945-ci ildə “Arşın mal alan” filmi ilə (Gülçöhrə) məşhurlaşıb. “Fətəli xan”, “Görüş”, “Onun böyük ürəyi”, “Dəli Kür”, “Dərviş Parisi partladır”, “Qanlı zəmi” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

24 noyabr 1922 - Opera müğənnisi, Əməkdar artist Rəhilə Muxtar qızı Cabbarova (1922 - 2.12.2002) anadan olub. “Kölgələr sürünür” (Cahan), “Sevil” (Gülüş, mahnıların ifası) filmlərində çəkilib.
24 noyabr 1924 - Məşhur rəssam, Əməkdar incəsənət xadimi Vəcihə Əli qızı Səmədova (1924 - 24.10.1965) anadan olub. Tanınmış şəxsiyyətlərin portretlərinin, mənzərə və tematik tabloların müəllifidir.
24 noyabr 2001 - Aktyor, Əməkdar incəsənət xadimi Siyavuş Şəfiyev (1.9.1937 - 2001) vəfat edib. Peşəkar sirk ustası, akrobat olub, Moskva və Bakı sirklərində çalışıb. "Əhməd haradadır?" (Əhməd), “Uşaqlığın son gecəsi” (Rüstəm), “Ən vacib müsahibə” (Altay) filmlərində maraqlı obrazlar yaradıb.

Dünya

21 noyabr “Dünya televiziya günü”dür. 1996-cı il noyabrın 21-də BMT-də ilk dünya televiziya forumunun keçirilməsi ilə bağlı təşkilatın Baş Assambleyası tərəfindən (17 dekabr 1996) təsis edilib.
21 noyabr 1694 - Fransız şairi, mütəfəkkiri və tarixçisi Fransua-Mari Volter (Fransua-Mari Arue François-Marie Arouet; 1694 - 30.5.1778) anadan olub. Əsərləri: “Edip”, “Brut”, “Sezar” (tragediyalar), “Zadiq və ya tale”, “Mikromeqas”, “Kandid” (fəlsəfi romanlar).

22 noyabr 1869 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1947) laureatı Andre Pol Qiyom Jid (Andre Gide, 1869-1951) anadan olub.

23 noyabr 1887 - İngilis aktyoru, qorxu filmlərində (ilk filmi “Frankeşteyn”, 1931) çəkilmiş Boris Karloff (Boris Karloff - William Henry Pratt, 1887-1969) anadan olub.

24 noyabr 1632 - Niderland filosofu, rasionalizm cərəyanının nümayəndəsi Benedikt Spinoza (Benedictus de Spinoza, 1632-1677) anadan olub.
24 noyabr 1934 - Alman əsilli Rusiya bəstəkarı, pianoçu və musiqi nəzəriyyəçisi Alfred Şnitke (1934-1998) anadan olub.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar