Azərbaycan

28 noyabr 1852 - Görkəmli şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (14.6.1794, Gəncə - 1852, Tiflis) vəfat edib. 1840-cı ildən Tiflisdə yaşayıb, müəllim işləyib, “Divani-hikmət” ədəbi məclisinə rəhbərlik edib. Burada alman şərqşünas-səyyah Fridrix Bodenştedtlə tanış olub. Şair ona öz qəzəllərini hədiyyə edir. Bodenştedt onları tərcümə edərək öz imzası ilə nəşr etdirir, kitab Avropada geniş yayılır. Yalnız xeyli sonra o, poetik incilərin Mirzə Şəfiyə məxsus olduğunu etiraf edir.
28 noyabr 1939 - Tanınmış bəstəkar, Xalq artisti Sevda Mirzə qızı İbrahimova anadan olub. Müxtəlif janrlarda musiqi əsərlərinin ("Vətən şəhidləri" kantatası, «Əhval-ruhiyyələr», «Azərbaycan təranələri» və s.) müəllifidir. Bakı Musiqi Akademiyasının professorudur.

29 noyabr 1928 - Görkəmli fırça ustası, Azərbaycanın, Rusiyanın, SSRİ-nin Xalq rəssamı Tahir Teymur oğlu Salahov Bakıda doğulub. SSRİ Rəssamlar İttifaqı idarə heyətinin birinci katibi olub, SSRİ Dövlət mükafatına, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Moskva Rəssamlıq Akademiyasının professorudur. Məşhur əsərləri: "Bəstəkar Qara Qarayevin portreti", "Təmirçilər", “Səhər eşelonu”, “Abşeron qadınları" və s. Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə «Heydər Əliyev» (2008), İstiqlal” (1998) ordenləri ilə təltif olunub.
29 noyabr 1947 - Tanınmış jurnalist Mirzə Xəzər (Mirzə Kərim oğlu Mikayılov) Göyçay rayonunda doğulub. 70-ci illərdə ABŞ-a köçüb. "Amerikanın səsi" radiosunda Azərbaycan redaksiyasına rəhbərlik edib. 1990-cı ilin 20 Yanvar faciəsi barədə dünyaya ilk informasiya yayan jurnalistlərdən biri olub.
29 noyabr 1965 - Aktrisa Almaz Hüseyn qızı Amanova Sumqayıtda anadan olub. Sumqayıt Dövlət Dram Teatrında çalışıb. 1999-cu ildən Milli Dram Teatrında fəaliyyət göstərir. “Mənim ağ şəhərim”, “Əlavə təsir” və s. filmlərdə çəkilib.
29 noyabr 1990 - Azərbaycan SSR-in adının dəyişdirilərək Azərbaycan Respublikası adlandırılması və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı elan edilməsi barədə fərman verilib.

30 noyabr 1934 - Tanınmış şair, tərcüməçi İlyas Tapdıq (İlyas Oruc oğlu Tapdıqov) Gədəbəy rayonunun Əli İsmayıllı kəndində anadan olub. “Arxalı dağlar”, “Bir eşqin şimşəyi”, “Meşənin mahnısı”, “Qızlar və qağayılar”, ”Məhəbbət yolları” və s. kitabların müəllifidir. Rus dilindən tərcümələr (M.Zoşşenko, E.Mejelaytis və s.) edib.
30 noyabr 1950 - Moskvada "Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü" başa çatıb.

1 dekabr 1940 - Teatr xadimi, dramaturq, aktyor, Əməkdar artist Mirmahmud Mirələkbər oğlu Kazımovski (1882-1940) vəfat edib. 1906-cı ildə yaradılan Bakı Müsəlman Teatrının təşkilatçılarından və ilk üzvlərindən olub. Kiçik pyeslər, vodevillər, musiqili komediyalar yazıb. “Bakılılar” (1938), “Kəndlilər” (1939) və s. filmlərdə çəkilib.
1 dekabr 1940 - Nasir, publisist, tərcüməçi Rafiq Savalan (Rafiq İmanqulu oğlu Ağayev) anadan olub. Azərbaycan televiziyası və radiosunda işləyib. Rus ədəbiyyatından tərcümələr edib.
1 dekabr 1946 - Bəstəkar Azər İsmayıl oğlu Dadaşov anadan olub. "Şahid qız", "Yuxu", "Özgə vaxt" filmlərinə musiqi yazıb.
1 dekabr 2004 - Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov; 14.10.1933, Naxçıvan, Şahbuz rayonu Nursu kəndi - 2004) vəfat edib. Vətənpərvərlik, milli ruha sayğı şairin əsərlərinin aparıcı mövzusudur. Rus dilindən ədəbi tərcümələr edib. Azərbaycanın “İstiqlal” ordeninə layiq görülmüş (1995) ilk şairlərdən biridir. Kitabları: «Daş harayı», “Qayalara yazılan səs”, “Dünya düzəlmir”, “Yol ayrıcında söhbət” və s.

Dünya

28 noyabr 1757 - İngilis şairi və rəssamı Uilyam Bleyk (William Blake, 1757-1827) anadan olub.
28 noyabr 1820 - Alman filosofu, kommunist ideologiyasının banilərindən biri Fridrix Engels (Friedrich Engels; 1820 - 5.8.1895) anadan olub.
28 noyabr 1829 - Bəstəkar və dirijor, Rusiyada ilk konservatoriyanın yaradıcısı Anton Qriqoryeviç Rubinşteyn (1829-1894) anadan olub.
28 noyabr 1880 - Rus şairi Aleksandr Blok (1880 - 7.8.1921) anadan olub. “Qisas”, “On iki” və s. poemaların müəllifidir.
28 noyabr 1881 - Avstriya yazıçısı, ədəbiyyatşünas Stefan Sveyq (Stefan Zweig, 1881 - 22.2.1942) anadan olub. Əsərləri: “Naməlum qadının məktubu”, “Mariya Stüart”, “Şaxmat novellası”, “Dünənki dünya” və s.
28 noyabr 1956 - İtalyan müğənnisi və bəstəkarı, 80-ci illər disko musiqisinin məşhur nümayəndəsi Roberto Zanetti (Roberto Zanetti - Savage) anadan olub.

29 noyabr 1911 - Rus kinooperatoru, rejissor, ssenarist Roman Karmen (1906-1978) anadan olub. Çoxsaylı sənədli filmlərin, o cümlədən “Xəzər neftçiləri haqqında povest” filminin müəllifidir. Azərbaycanın Əməkdar incəsənt xadimi adına layiq görülüb.

30 noyabr Beynəlxalq İnformasiya Təhlükəsizliyi günüdür (Computer Security Day). 1988-ci ildə Amerika Kompüter Avadanlıqları Asossiasiyası tərəfindən kompüter virusları ilə mübarizə devizi altında təsis edilib.
30 noyabr 1667 - İngilis (irland) yazıçısı, “Qulliverin səyahəti” əsərinin müəllifi Conatan Svift (Jonathan Swift; 1667- 19.10.1745) anadan olub.
30 noyabr 1817 - Alman filoloqu və tarixçisi, ədəbiyyat üzrə Nobel mükafatı (1902, “Roma tarixi” əsərinə görə) laureatı Teodor Momzen (Theodor Mommsen; 1817-1903) anadan olub.
30 noyabr 1835 - Amerika yazıçısı Mark Tven (Mark Twain - əsl adı Samuel Langhorne Clemens; 1835 - 21.4.1910) anadan olub. “Heklberri Finnin macəraları”, “Tom Soyerin macəraları” və s. romanların müəllifidir.
30 noyabr 1934 - Rus aktyoru, SSRİ Xalq artisti Vyaçeslav Nevinnı (1934-2009) anadan olub. Filmləri: “Ruslan və Lyudmila”, ”Qaraj”, “Ola bilməz”, “Ölü canlar” və s.
30 noyabr 1937 - İngilis kinorejissoru Ridli Skott (Ridley Scott) anadan olub. Filmləri: “Əsgər Ceyn”, “Qladiator”, “Hannibal”, “Qara qırğı”nın düşməsi” və s.

1 dekabr dünyada QİÇS-lə (qazanılmış immun çatışmazlığı sindromu) mübarizə günüdür. 1988-ci ildə Dünya Səhiyyə Təşkilatı tərəfindən təsis edilib.
1 dekabr 1935 - Amerika kinorejissoru, prodüser, üç dəfə “Oskar” mükafatı laureatı Vudi Allen (Woody Allen - əsl adı Allen Stewart Konigsberg) anadan olub. Filmləri: “Enni Holl”, “Hanna və onun bacıları”, ”Manhetten”, “Qahirənin al qızılgülü” və s.
1 dekabr 1940 - Amerikalı aktyor, ssenarist Riçard Prayor (Richard Pryor, 1940 - 2005) anadan olub.
1 dekabr 1945 - Rusiyanın Xalq artisti, məşhur estrada aktyoru Gennadi Xazanov anadan olub.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar