Kadrarxası “qaranlıq”ların ən işıqlılarından biri - Şamil Mahmudbəyov
Həyatın hər sahəsində, hər səhnəsində olduğu kimi, onun bağlandığı ekran aləmində də qəribə qırımlar, “quruluş”lar var. Rejissorlar olub ki, həmkarları çevrəsində “hal-xoş”luq istedadına, dost-tanışları arasında “dilxoş”luq bacarıqlarına görə daha tez tanınaraq fərqlənib, imzaca titrlərdə, ad-sanca mətbuatda bərqləniblər.
Elə mən də gecikmədən qeyd edim ki, Şamil Mahmudbəyov elələrindən olmayıb. Çəkdiyi və çəkilişində iştirak etdiyi 40-a yaxın filmin hər biri, nədənsə, onun ad-soyadından daha öncə və daha tez-tez xatırlanıb, xatırlanır və deyəsən, elə belə də davam edəcək. Görəsən niyə? Özümçün də bir qədər abstrakt görünən bu subyektiv qənaət sözügedən sənətkarla bağlı belə bir obyektiv rəy (və rəğbət) doğurur:
Təvazökarlıq da bir sənətkarlıq...
Onun təvazökarlığı sıravi-sıradanbirlikdən uzaq, “görkdən tərk” idi. Çox təbii idi - “bədii”likdən tam xali. O qədər başıaşağı bir sənətkar ki, ataların “ağac bar gətirdikcə...” sözünə öz dövrünün özəl və gözəl bir nümunəsi. O dərəcədə sadə, həlim, salim ki, ondan söz düşəndə həmkarları arasındakı ən “atəş-avtomat”lar, ən bərkgedən “xatakar”lar da sözünün “qazını” alırlar.
Dostları, həmkarları yaman yana-yana danışırlar “Şamil müəllim”, “şanlı dost”, “gözəl insan” haqda. Elə danışırlar ki, sanasan bunlar onun həmkarları yox, doğmaları, əzizləri və bir də filmlərindən feyziyab olmuş sadədil tamaşaçılarıdır. “Şamil başdan-başa tamaşa Adam idi” - deyirlər. “Şamil sevdiyi obrazların qocasına ata kimi, həmyaşıdına qardaş kimi, bacı kimi baxırdı, uşaqlara isə canı-gözü kimi...” Mən bu sözləri eşitdikcə, bu səpkili fikirləri oxuduqca “Həyat bizi sınayır”, “Dərviş Parisi partladır”, xüsusən də “Qaraca qız” filmlərini daha çox xatırlayıram.
Bu məhsuldar kino adamının mükafatlara, təltiflərə gecikməsi də, təbii, onun sözlə çəkilməsi mümkün olmayan “qaradinməz”liyi, “gözəgirməz”liyilə bağlı idi. Belə ki, Azərbaycan və SSRİ tamaşaçılarına hələ 30 yaşında ikən tanınan Şamil Mahmudbəyov respublika Dövlət mükafatına 50 yaşı ərəfəsində, Əməkdar incəsənət xadimi adına 52 yaşında layiq bilinib.
Fraqmental xatirələr...
Ona görə fraqmental ki, burada onun haqqında bir-iki nəfərin yox, bir neçə dost-yoldaşının, həmkarının, müxtəlif sənət adamlarının, kino mütəxəssislərinin sözlərinə, xatiratlarına istinad edəcəyəm.
Bu canlı və yazılı mənbələrdən bəlli olur ki, Şamil Mahmudbəyov tək elə gözəl kino rejissoru yox, həm də maraqlı aktyor, istedadlı bədii rəhbər olub.
O fikirlərdən bir qədər sentimental səslənəninə də diqqət yetirək: “İtkilərimizin çoxluğundanmı ya nədəndi, biz dirilər ölümlərə tez isinişir, içimizdə çölümüzdən getmiş Adamın boş qalmış yeri qəlbimizdə uzun müddət sönmüş ocaq yeri kimi qaralır. Yeri gələndə işıqlı-qüssəli xatirələr danışırıq, haqqında sağ vaxtı tamarzı olduğu xoş sözlər deyirik, qədrini bilmədiyimizi dilimizə gətiririk və... sonra da onu hansı zamanacansa unuduruq. Kinoçu Şamil də Zamanın bu həyat obyektivinə düşdü. Təəssüf... Görünür, Ölümə öyrəncəli olması insanı həyatla barışmağa vadar eləyir...”
...Şamil Mahmudbəyov - “həyatla barışmış adam”. Ömrünün ən yaxşı çağlarında istedadı, imkanı müqabilində arzuladıqlarını gerçəkləşdirə bilməyən sənətçi, sağlığında az qala hamı tərəfindən unudulan insan. Özünü gözə soxmağı sevməyən, yüksək kürsülərə, televiziya ekranlarına can atmayan, gördüyü işləri dilinə gətirməyi özünə ar bilən. O, qədər təmənnasız bəndə ki, 73 yaşa qədər heç bir ömür dönəmində dünyadan dördəlli yapışmağı ayıb sayan. Bəlkə elə bu səbəbdən də ömrü boyu sənətin qədrini canının qədrindən artıq bilən Şamil haqqın ilk əmrinəcə sakitcə boyun əydi...
...1924-cü il dekabrın 5-də doğulmuş Şamil Fərəməz oğlu Mahmudbəyov məktəbi bitirən il qapısını arzularından öncə müharibə döyüb. Hələ əsgərlik yaşı çatmayan 17 yaşlı bu oğlan dəmir yol texnikumuna gedəsi, arxa cəbhənin sayagəlməz məhrumiyyətləriylə üzləşməli olub. Amma təhsil fikrindən də əl çəkməyib. Məktəbi bitirən il könüllülər sırasına yazılan, Qroznıda hərbi-texniki məktəbi bitirən Şamil 1-ci Ukrayna cəbhəsində döyüşən hissənin tərkibində vuruşub.
...Haralardan keçməmişdi onun döyüş yolu, ölümün gözünün içinə neçə dəfə baxmışdı? Bunlar haqda danışmağı xoşlamazdı: “Vuruşmuşuq da, - hamı necə, mən də elə” desə də, danışıq tərzindən, üz-göz ifadələrindən aşkar olurdu ki, dalda-bucaqda gizlənənlərdən olmayıb.
1945-ci ildə yaralanan, sağaldıqdan sonra yenidən hərbi hissəyə qayıdan Şamil dinc həyata - əslində, yaradıcılıq cəbhəsinə üç il sonra - 1948-ci ildə dönüb. İş yeri kimi qapısını açdığı ilk və son idarə - Bakı kinostudiyası (sonralar C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası) olub. Kinematoqrafı tez mənimsəyən bu Adam öz arzusunu, ekran sevgisini müharibənin od-alovu içərisindən keçirib gətirsə də, həyatın hər üzünü gördüyü üçün hələ çox uzun, əzablı yaradıcılıq yolunun başlanğıcında olduğunu da bilirdi. Studiyada işlədiyi bir il ərzində bu cavan rejissor assistenti ekran adlı sirli aləmin gizlinlərinə yetməyə can atdı; həyata, çətinliklərə bələdliyi, dözümü qolundan tutdu, dadına çatdı. Elə bunun sonucuydu ki, sonrakı il onu Moskvaya - Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində oxumağa göndərdilər. Sovet kinosunun Sergey Gerasimov, Lev Kuleşov kimi korifeylərindən sənət dərsi alan Şamil Mahmudbəyov ilk kursdaca kinoda təsadüfi adam olmadığını isbata yetirib, ekrana ciddi münasibəti, özgür düşüncə tərziylə diqqəti çəkib.
...O, Bakı kinostudiyasına qayıdanda artıq “beskartinye” adlandırılan Zaman kəsiyi arxada qalmışdı, bir-birinin ardınca bədii və sənədli filmlər buraxılırdı istehsalata; Moskvada peşəkar təhsil almış Şamil Mahmudbəyov özünü irəli verib çoxlarından qabağa keçə bilərdi. Amma belə şey onun təbiətinə yad idi. Böyük-kiçik yeri gözləməkdən özgə ağlına bir şey gəlmirdi. Hələ irəlidə yaş və təcrübə sarıdan böyüklər - Hüseyn Seyidzadə, Əjdər İbrahimov, Tofiq Tağızadə, Lətif Səfərov vardılar - hansı ki, onlar da Moskva kino aləmini bitirmişdilər. Az qala on il arzuladığı məqamı gözləyib Şamil. Doğrudur, bu illərdə boş oturmayıb; “Görüş” (1955), “Qara daşlar” (1956) filmlərində ikinci rejissor işləyib, özünü sınamaq xətrinə poçtla kitab göndərilməsi, zavodda əməyin təhlükəsizliyi, Azərbaycan uzunömürlüləri, Naxçıvanda sosializm quruculuğu haqda sənədli lentlər çəkib. Və... maraqlıdır, çox maraqlıdır, o, bu səpkili filmlərin çoxsunu sonralar öz yaradıcılıq bioqrafiyasından silib atıb; deyilənə görə heç adlarını da xatırlamaq istəmirmiş.
Bu xatirələr onu daha çox 1966-cı ildə ekranlaşdırdığı məşhur “Qaraca qız” filminə qədər “tərənnüm” edir. Bütün zamanların sevimli ekran əsəri olmuş və olası həmin filmdəki qaraca və ağca qızlardan birinin ufaq-ufacıq taleyi, o birinin könüllər fəth edən rəhmdillik və mehribanlıq xarakteri Şamil Mahmudbəyovun tale və xarakterilə elə səsləşir ki, onu bir qədər fərqli səpkidə aşgarlayan digər filmlərdən - xüsusilə “Romeo mənim qonşumdur” və “Şərikli çörək”dən danışmağa ehtiyac duymadım.
Tahir Əhmədalılar