Varındır - ver, yoxundur - sus, öl!..”

Gümanımca, hörmətli oxucularımız arasında bu sual-nidalı, hədə-təhdid dolu başlığa təəccüblənib nifrətlənənlər də olacaq, təəssüflənib xiffətlənənlər də. Mətləb-məsələdən bixəbər modal gənclik “XALQa bu cür də xitab edərlərmi?!”-deyə qeyzlənəcək, baxəbər teatral “köhnə”lər isə dramaturgiyamızın çağlayış dövrü banisinə məxsus məlum pyesi (ötən əsrin 20-ci illərindən son 10-15 ilinədək Azdramanın məşhur anşlaq tamaşalarından birini) xatırlayıb nostaljilənəcəklər...

Yuxarıda həmin pyesin müəllifinin (Cəfər Cabbarlı) və tamaşanın (“Oqtay Eloğlu”) adlarını ona görə çəkmədim ki, bu yazıda söhbət onlardan yox, o əsərin baş qəhrəmanının - Oqtay Eloğlunun ecazkar ifaçısından gedir. Öz səhnə jestləri, “salon baxışları” baxımından təkrarsız, səs tembrinə, hər tamaşada axıtdığı yandırıcı göz yaşlarına rəğmən şəriksiz yaradıcısı Həsənağa Salayevdən!
Həsənağa Salayev öz dövrünün sadəcə alovlu aktyoru kimi deyil, cazibədar aurası ilə, görklü-görkəmli şəxsiyyətilə də seçilirdi, fərqlənirdi. O, tək elə teatr vurğunları, səhnə-sənətsevərlər tərəfindən yox, özünəməxsus xarakter aləmilə hamı tərəfindən -

Sevilirdi

Onun həmin o “xarakter aləmi” çox zəngin idi; hədsiz mental ciddilik, həyati və teatral dinamiklik, hər sözünə sanki xəyallardan indicə ayrılmış kimi başlaması, fikrini, qənaətini dahilərdən, müdriklərdən gətirdiyi sitatlarla daha aydın isbatlaması və nəticə etibarilə həmsöhbətcilliyi! Doyulmaz, bezilməz müsahib idi. Hədsiz hökmlü, xeyli dərəcədə bariton səs tonu, sənət dramatizmi mahiyyətcə zəriflik dünyası olan poeziya ilə tutuşmasa da, bəzən söhbətini Füzulidən söylədiyi qəzəllərlə bəzəyərdi.
Dostları çox idi və onu dövrün ünlü şairləri, dərin söz adamlarıyla calaşdıran səbəblərdən biri də elə Füzuliyə məhəbbət “divanəliyi”ndəndi. Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Nurəddin Rza, Hüseyn Arif, Şahmar Əkbərzadə, Zeynal Məmmədov və daha bir neçə ziyalını “səhnədənkənar tərəf-müqabillərim” adlandırardı o. Onlarla söhbətlərini “yeni dövrün dastan gecələri” kimi də qiymətləndirər, vaxt olur ki, “ardı gələn gecə” - deyə ayrılardıq”.
Mən bu sətirləri qeybdən yox, tələbəlik illərimdə (və bir qədər sonralar) bloknotuma etdiyim qeydlərə istinadən yazıram. Bəli, Həsənağa Salayev həm də təvazökar sənətkar idi; o qədər nəhəng, populyar, məşğul (deməli, çox “qıtvaxt”) bir sənətkar ola-ola, bizimlə - jurnalistika fakültəsinin üç tələbəsilə - ilk görüşdə üç saata yaxın həmsöhbət, sonralar isə öz zərafat təbirilə desəm, “bir köynək uzaq dost” olmuşdu.
Onunla sonralar etdiyimiz dəftər-kitab tutumlu söhbətlərimiz qəzet həcminə sığmaz deyə, yaşı 40-dan çox, səhifələri ondan bir az kəm -

Bloknotumdan...

(Buradakı sualların “uzunçu” və sadəlövhlüyünü tələbəliyimizə bağışlamalı)
“- Həsənağa müəllim, Oqtay Eloğlunun pyesdəki “quru”, cansız “Nə bağırırsan, xalq?!” sözünü səhnədə o qədər göyərdib-canlandırmaqda məqsədiniz nədir?
Məqsəd böyük Cabbarlının məramını səhnəmizə, teatr sənətinə günü bu gün də xalqımız içərisində yarımçıq münasibət bəsləyənlərə daha bütöv çatdırmaqdan ibarətdir.
Hələ çox gənc müəllifin və ondan da cavan aktyorun dilindən qosqoca xalqa “sus, öl” deyilməsi nə demək?..
Çox qısa bir ömürdə neçə-neçə uzunömürlünün işlərini görmüş C.Cabbarlının bunu deməyə haqqı vardı - əlbəttə, böyük sənətin ali dili ilə. Bacılarını, qızlarını, arvadlarını səhnəyə buraxmaq məsələsində ağzına su alıb duran, lakin səhnədə “mən bu gün oynamaqacaqam” - deyən Mariya Timofeyevnanın üstünə “xeyr, yoldaş Marya Tumannifeyna, pul verib bilet almışıq, oynayacaqsan!” deyə bağıran həmin “xalq”ın üzünə necə çıldırmayaydı - Cəfər-Oqtay?..”
Bəli, H.Salayev həyatdakı C.Cabbarlı fenomeninin səhnə (və ekran) davamçısı kimi çıxış etdi bütün yaradıcılığı boyu...
5 dekabr 1921-ci ildə Bakıda doğulmuş Həsənağa Salayev romantik və realist aktyor məktəblərinin hər müddəasını, bütün estetik prinsiplərini cazibələr süslü ahəngdarlıqla təcəssüm və tərənnüm etdi. Yeddi yaşında ikən atası onu Bakıdakı 6-cı Şura məktəbinə yazdırıb. Burada doqquzuncu sinfi yüksək qiymətlərlə bitirən Həsənağa elə həmin il Bakı Teatr Texnikumuna daxil olub. 1938-ci ildə isə - tələbə ikən Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. Lakin müharibə bu qeyri-adi istedadın özünü daha erkən reallaşdırmasına mane olub. Təhsilini başa vurduğu günlərdə müharibəyə gedib və doğma teatra bir də 1946-cı ildə qayıtmalı olub. Bu teatrın tamaşalarında maraqlı rollar oynayıb: M.F.Axundzadənin “Hacı Qara”, C.Cabbarlının “Solğun çiçəklər”, “Od gəlini”, “Almaz”, “Oqtay Eloğlu”, H.Cavidin “Səyavuş”, B.Şounun “Şeytanın şagirdi”, B.Vahabzadənin “İkinci səs”, N.Hikmətin “Şöhrət və ya unudulan adam”, F.Şillerin “Orlean qızı” əsərlərinin tamaşalarında xarakterik səhnə surətləri yaradıb.
Öz dövrünün “səhnə cəngavəri” adlandırılan H.Salayev “Fətəli xan”, “Görüş”, “O olmasın, bu olsun”, “Onu bağışlamaq olarmı?”, “İstintaq davam edir”, “Aygün” filmlərində Süleyman, Musa, Əzim Əzimzadə, Qüdrət, Mayor Rüstəmov, Əmirxan rollarını da ustalıqla yaradıb.
Onu səhnədə bir kərə görmək kifayət idi ki, növbəti tamaşalarına tərəddüdsüz qədəm qoyasan. Çünki o, nəinki ayrı-ayrı hər tamaşanı, hətta eyni tamaşanın eyni obrazını belə hər dəfə yeni-yeni ştrixlərlə təqdim edirdi. Bir obrazın gövdə nüvəsi üstündə yüzbir nüans yarpaqlandırırdı.
Klassik əsərlərdə ifa etdiyi obrazları çağdaş dövrün ictimai-sosial, mənəvi-əxlaqi ab-havasıyla uzlaşdırır, səhnəmizə tərcümələrdən gələn obrazları elə əcnəbi-yerli elementlərlə calaqlayıb-ortaqlayırdı ki, aqil tamaşaçı “bəşəri sənət də Tanrı təki təkdir” qənaətinə gəlməyə bilmirdi.
Ruhən, emosiya coşğunluğu, səs diapazonu, ehtiraslarının çılğınlığı ilə romantik aktyor olan Həsənağa Salayev lirik, dramatik, xüsusən psixoloji rolları da məharətlə oynayırdı.
Çılğın ehtirası, vüqarlı görünüşü, sərbəst səhnə davranışı, əzəmətli boy-buxunu, tamaşada yöndaşlarına diqqəti ilə seçilən, gurultulu və cingiltili səsini məharətlə tənzimləyən, romantik rollarla realist personajları, mürəkkəb psixoloji dönüşlü dramatik obrazları eyni məharətlə oynayan H.Salayev aktyorluq sənətindəki təkrarsız uğurlarına görə 1959-cu ildə Əməkdar artist, 1974-cü ildə Xalq artisti fəxri adları ilə təltif edilib. Yaradıcılığının ən qaynar, yaşının ən məhsuldar çağında - qəfildən iflic xəstəliyinə düçar olan Həsənağa Salayev bir daha səhnəyə çıxmadı, 1981-ci il oktyabrın 2-də dünyasını dəyişdi...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar