Sadiq bəy Əfşar ensiklopedik bilik sahibi kimi tanınıb
Azərbaycanın zəngin istedadlar kəhkəşanında görkəmli miniatür rəssamlarımız da böyük iz qoyub. Onlardan biri də Sadiq bəy Əfşardır. O, qeyri-adi istedad sahibi kimi öz qabiliyyətini yalnız təsviri sənətdə deyil, xəttatlıq, musiqi, şeir və nəsrdə də sınayaraq böyük yaradıcılıq uğurları qazanıb.
Sadiq bəy Əfşar 1533-cü ildə Təbrizdə əsilzadə bir ailədə dünyaya göz açıb. Kiçik yaşlarından poeziya və rəssamlıqla maraqlanıb. İyirmi yaşında atasını itirən Sadiq bəy dərviş libasında səyahətə çıxır, Gilandan Həmədana, Bağdaddan Hələbədək bir çox şəhərlərdə olur. Təbrizə qayıtdıqdan sonra xırda hakimlərin malikanələrində təsərrüfat işlərində çalışır.
Qeyri-adi yaradıcılıq qabiliyyətinə malik olan Sadiq bəy bu mühitdən razı qalmır və belə yazır: “Əgər sənətə və peşəkarlığa can atırsansa, nə qədər bacarsan, özünü kamilləşdirməyə çalış. İncəsənətsiz həyat ömür-gün deyil”.
O, təhsilini artırmaq məqsədilə orta əsrlərin məşhur miniatürçü rəssamı Kəmaləddin Behzadın bir qohumuna şagird olur. Araşdırmalarda göstərilir ki, Sadiq bəy bu sənətə gəlməsi barədə belə deyib: “Hansı işdən yapışırdımsa, mənə sadə və asan gəlirdi. Ən böyük arzum isə Behzadın sənətinə yiyələnmək idi... Buna görə də özümə Behzada bərabər bir ustad axtarırdım. Nəhayət, açıqürəkli, dövründə tayı-bərabəri olmayan bir ustad tapdım ki, o da sənəti Behzad fırçasından öyrənmişdi...”
Səkkiz il sənətin sirlərini öyrənən Sadiq bəy dövrünün bənzərsiz miniatür rəssamı kimi tanınır. Onun fikrincə, rəssam təbiətə qarşı həssas olmalı və ondan öyrənməlidir: “Əgər muradın surətgərlik olarsa, ustadın təbiət olmalıdır”.
Çox keçmir II Şah İsmayılın sarayına dəvət olunur. Saray kitabxanasının nəzdində fəaliyyət göstərən emalatxanada işləyir. Şah Məhəmməd Xudabəndənin dövründə isə kitabxananın rəhbəri təyin edilir. Buna görə də özünü “Sadiq-kitabdar” adlandırır. Görkəmli sənətkar I Şah Abbasın vaxtında da bu vəzifədə çalışır.
Sadiq bəy həm də “Sadiqi” təxəllüsü ilə gözəl şeirlər yazıb, Azərbaycan və fars dillərində qəzəl, qəsidə, qitə, rübai, müxəmməs, tərcibənd, tərkibbənd və məsnəvilər qələmə alıb. Lirik qəhrəmanının daxili dünyasını, ruh aləmini inandırıcı, səmimi və təsirli boyalarla təsvir edi. Filologiya elmləri doktoru Paşa Kərimov öz araşdırmasında yazır ki, Sadiq bəy Əfşarın uğurla işlətdiyi bədii ifadə vasitələrindən biri cinaslardır:
Gözünün mərdümi mərdümlik edib mane olur,
Hər qaçan qətlim üçün tiğ çəkər müjganın...
Alim qeyd edir ki, “mərdüm” sözü bu beytdə göz bəbəyi, gözün qarası, həm də insan mənalarında işlənib. Hər dəfə gözəlin kirpikləri aşiqi öldürmək üçün xəncər çəkəndə onun gözünün mərdümü-qarası mərdumlük-insanlıq edərək buna mane olur. Burada “mərdüm” sözünün köməyi ilə cinas yaradılıb.
Hərtərəfli yaradıcılıq imkanlarına malik sənətkarın zəngin ədəbi irsində nəsihətnamələri və mənzum hekayələri, məktubları və “Risaleyi-həzziyat” adlı insanların mənəvi aləminə, məhəbbət, dostluq münasibətlərinə, gənclərdə bədii zövqün inkişaf etdirilməsinə həsr edilmiş əsəri diqqəti cəlb edir.
Azərbaycan və fars dillərində qələmə aldığı “Divan”ı (“Məşhur Abbasın fəthlər kitabı”) günümüzə qədər gəlib çatıb. XVII əsrin məşhur Azərbaycan tarixçisi İsgəndər Münşi həmin əsəri Firdovsinin “Şahnamə”si ilə müqayisə edib. Hər iki poemanın eyni vəzndə və ölçüdə qələmə alındığını diqqətə çatdırıb.
Sadiq bəy Əfşarın əsərlərinin şöhrəti hələ sağlığında ölkə hüdudlarını aşıb. Rəsmlərini ona qəsidə yazan şair Qüruriyə bağışlayan Sadiq bəy belə deyib: “Mənim işlərimin hər vərəqini tacirlər üç tümənə alıb Hindistana aparırlar, sən də ucuz satma...”
Müəllifin Azərbaycan dilində yazdığı “Məcməül-xəvas” adlı təzkirəsində Səfəvilər dövründə fəaliyyət göstərmiş 480 şair, rəssam və xəttatdan bəhs olunur. Onun “Qanun əs-sovər” (“Təsvirin qanunları”) adlı pedaqoji təlimatlar kitabı isə incəsənətin metodika və praktikasına həsr edilib. Əsərdə miniatürlərin üzünü çıxarmaqdan ötrü fırça və kağız hazırlığından rəng seçiminə qədər hər şey haqqında müfəssəl məlumat verilib. Sadiq bəy Əfşar İmamqulu xanın, Teymur xan Türkmənin portretlərini də çəkib. Onun “Əmir” və “Gəzərgi dərviş” rəsmləri İstanbul, Paris, Boston, Sankt-Peterburq muzeylərində saxlanılır. Sadiq bəy Əfşar 1613-cü ildə, 80 yaşında vəfat edib.
Savalan Fərəcov