Deyirlər, insan ömrü axar suya bənzər: bəzən sakit, bəzən həzin, bəzən dağ şəlaləsi kimi hay-haraylı. Bəs harada qurtarır, yox olur bu su? Nə vaxt bitir insan ömrü?! Kimi deyir, dünyasını dəyişəndə, kimi deyir, əməlinə, işinə görə nə qədər xatırlanır, o qədər qəlblərdə yaşayır insan. Ulu Tanrının xalqımıza bəxşi olan Heydər Əliyev də qərinələr, əsrlər bir-birini əvəz etsə də, qəlblərdə əbədi yaşayacaqdır. Mənim də həyatımda əbədi iz salıb, qəlbimə köçmüş bu əvəzolunmaz dahi hər an xatırlanır, yaşayır. Bu xatirələrdən bəzilərini hörmətli oxucularımızla bölüşmək istəyirəm.

Dediyimdən dönmədim

1970-ci illər idi. Azərbaycanın hər yerində olduğu kimi, Ağsuda da həyat olduğundan daha gözəl, yaşamaq daha şirin idi. Baxmayaraq ki, kənd rayonlarında iş çox idi, adamlar daha sağlam, daha gümrah idilər, işdən yorulmazdılar. Təsərrüfatlarda mal-qara üçün yem toplanar, taxıl, pambıq, üzüm əkilib becərilərdi. Mədəniyyət işçiləri əməkçilər qarşısında çıxış edərdi. Elm, təhsil, mədəniyyət inkişafda idi.
1977-ci ildə orta təhsilimi başa vurub həvəslə sənədlərimi ali məktəbə təqdim etdim. Lakin “balım çatmadığı üçün” arzum ürəyimdə qaldı... Beləcə, M.Ə.Sabir adına sovxozda işləməyə başladım.
Sovxoz üzümçülük üzrə ixtisaslaşdırıldığından biz yeni plantasiyalar salmaqla məşğul idik. Əkib-becərdiyim tənəyin məhsulundan dadanda aldığım ləzzəti, zövqü heç nə əvəz edə bilməzdi. Müvəqqəti məşğuliyyətim olsa da, jurnalist olmaq istəyirdim. Məni tanıyanlar - müəllimlərimiz, məktəbimizin şagirdləri, məzunları, yerli qəzetin yaradıcı kollektivi, həvəskar yazarlar gələcəkdə qələm əhli ola biləcəyimə məni daha da həvəsləndirirdilər. Bu məqsədlə sənədlərimi indiki Bakı Dövlət Universitetinə təqdim etdim. İmtahanlardan keçsəm də, arzuma çata bilmirdim. Elə “balım çatmırdı ki çatmırdı”, “get, gələn il gələrsən, bura o qədər illərlə ayaq döyənlər var ki” - deyirdilər. Bu isə məni ruhdan salmırdı, əksinə, imtahan vaxtı gördüklərim, eşitdiklərim çatışmazlıqlar məni mətin olmağa çağırırdı. Doğrusu, ürəyimdən keçirdi ki, mənim də ya “dayım”, ya da pulum olaydı. Heç biri yoxdursa, deməli, qəbul imtahanlarına daha ciddi hazırlaşmalıyam. Bununla bərabər, rayonda çıxan “Birlik” qəzetinə nə vaxt müxtəlif mövzularda məqalələr hazırlayıb göndərdiyimi hiss etməzdim. Bir də onda gördüm ki, artıq yazar kimi formalaşıram.

Zəhmət bəhrəsiz qalmır

1981-ci il iyul ayının 11-i idi. Ali məktəblərdə sənədlərin qəbulu davam etdirilirdi. Belə bir vaxtda eşitdik ki, xalqımızın əvəzedilməz oğlu Heydər Əliyev Ağsuya gəlir və zəhmətkeşlərlə görüşmək niyyətindədir. Doğrusu, bu xəbər mənim üçün həm sevindirici idi, həm də həyəcanlandırıcı... İkincisi daha çox idi. Çünki bir zəhmət adamı kimi mətbuatdan, televiziyadan onu izləyirdim və gəldiyim qənaət belə idi ki, Heydər Əliyev məsuliyyətli, öz işinə ürəkdən bağlı olan adamları sevir. Mən də elələrindən olmağıma baxmayaraq, görüş vaxtı həyəcandan dilim söz tutmurdu. Buna görə də mən ilk görüşənlərdən olmadım. Gözləyirdim ki, özümü “toplaya” bilim. Həm də onda Kommunist Partiyasının sıralarına qəbul olunmağa namizədlik müddətinin bitməsinə bir-iki ay qalırdı. Böyük rəhbərlə - Azərbaycan KP MK-nın birinci katibi ilə üz-üzə dayanıb söhbətləşənləri seyr edirdim. Görürdüm ki, onların qayğıları, istəkləri ilə maraqlanır. Özü də bu qayğıdan, bu səmimiyyətdən kollektivin bütün üzvlərinə - rəhbərlikdən fəhləyə qədər hamıya pay düşür və bu böyüklük, bu alicənablıq, bu səmimiyyət çox keçmədi əritdi həyəcan buzunu. Necə deyərlər, “ayaqüstü” söhbət etdik. Axırda cəsarətə gəlib arzumu bildirdim.
- Bu barədə səriştəniz varmı? - deyə soruşdu.
- Bəli, yerli qəzetdə az da olsa çıxışlarım olur.
Əslində çıxışlarım elə də az deyildi. Həm də təkcə rayon qəzetində yox, respublikanın müxtəlif dövri mətbuatında. Çünki bunlar mənə qəbul imtahanı vaxtı lazım olurdu.
Həmin il universitetdə qəbul imtahanları başlanan ilk günü görənlər yəqin ki, unutmayıblar. Oradakı böyük canlanmanı indi də xatırlayırlar. Təkcə müəllimlər, abituriyentlər deyil, valideynlər də Heydər Əliyevin təhsil ocağına gəlib, qəbul imtahanlarında iştirak edən müəllim və professor heyətini daha obyektiv olmağa, işə “bilik yeganə meyardır “ prinsipi ilə yanaşmağa sövq etdiyinin şahidi oldular. Bu, çoxlarını sevindirdi. Mən də sevinənlər arasında idim. Onun üçün ki, məmləkətin birinci şəxsi biliyə, zəkaya böyük qiymət verdiyindən qəbul imtahanlarının gedişi ilə şəxsən maraqlanırdı və istəyi, amalı o idi ki, bu gənclər arasından ən layiqliləri seçilsin.
Onun heyrət ediləcək dərəcədə dərin zəkası və yaddaşı var idi. Az vaxtdan - cəmi bir neçə saatdan sonra məlum oldu ki, elə universitetə gəlişi həm də mənimlə bağlı imiş. Partiyanın xətti ilə əlaqədar şəxslərdən mənim şəxsi işim, hətta valideynlərim, qohumlarım barədə hərtərəfli məlumat almışdı. Mən isə sənədlərimi gecikdirdiyim üçün başqa fakültəyə verməli olmuşdum. Qürur hissi ilə xatırlayıram ki, Heydər Əliyevin şəxsi göstərişinə əsasən tezliklə işlər yoluna düşdü, istədiyim fakültədə imtahan verməli oldum. Onun universitetə gəlişi xəbəri Azərbaycanın bütün bölgələrinə sürətlə yayıldı və Heydər Əliyevi sevənlərin, ona rəğbət bəsləyənlərin sayı daha da çoxaldı.

Kəsərli qələm arzusu ilə

Avqustun 28-də tələbə biletimi alıb sevincimi yaxınlarımla bölüşmək üçün rayona getdim. Evə təzəcə çatmışdım ki, dedilər rayon Partiya Komitəsinin ikinci katibi Validə Mehdiyeva sürücüsünü göndərib. Onunla rayon partiya komitəsinə getməliyəm. Getdim. Orada bildirdilər ki, sabah Bakıda - Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) Heydər Əliyevlə görüş olacaq. O zamanlar dahi rəhbərin tələbələrlə yeni dərs ilinin başlanmasına həsr olunmuş ənənəvi görüşləri keçirilirdi. Heydər Əliyev onlara xeyir-dua verər, bu şərəfli və çətin yolun başlanğıcında onları gözləyən həyat sınaqlarından danışar, tövsiyələrini bildirərdi. Təşkilat komitəsinin dəvəti ilə iştirak etdiyim bu görüşdə mən rəyasət heyətində üçüncü sıra, 28-ci yeri tutmalı idim (dəvətnaməni indi də saxlayıram).
Görüşə az qalmış KP MK-nın Elm, təhsil şöbəsindən mənə yaxınlaşıb Heydər Əliyevin mənimlə ayrıca görüşəcəyini bildirdilər. Çox keçmədi ki, şax qədd-qaməti, böyük əzəməti-vüqarı, nurlu sifəti, nüfuzedici baxışları, heyranedici nitq mədəniyyəti ilə ürəkləri fəth edən bu alicənab insan salona daxil oldu. Bir anda ətrafa sakitlik çökdü.
- Salam, qoçaq qızın kefi necədir? - deyəsən Ağsuda səni belə tanıyırlar, - de görüm, tələbə ola bildinmi?
Tələbə olmağımdan xəbərsiz kimi danışırdı. Mənsə fikirləşirdim ki, bu boyda respublikaya rəhbərlik edəsən, hansısa rayonda adi üzümçüyə qarşı bu qədər diqqətli olasan... Yox, bu diqqət deyil, TANRI vergisidir, İLAHİ qüvvədir.
- Bəşəriliyinizin məsuliyyətini ömrüm boyu hiss edəcəyəm, -dedim, - tələbə kimi də, jurnalist kimi də, ziyalı kimi də.
- Bilirdim ki, belə olacaq. Ona görə də sənə kəsərli qələm arzulayıram. Şəxsi həyatında isə uğurlar diləyirəm.
Nə gizlədim, özümü xoşbəxtliyin lap yüksək zirvəsində saydım və bu xoşbəxtliyin mənə nəsib olmasında Azərbaycanın qurucusu olan bu fenomen İNSANIN həlledici rolunu nəzərə alsaq, fərəh hissi ölçüyəgəlməz dərəcədə idi. Ona görə yox ki, zəhmətdən ayrılıb romantik tələbəlik həyatına qovuşurdum. Yox, içimdən, daxili varlığımdan gələn sevinc qarışıq bir hiss çulğalamışdı qəlbimi: Deməli, xalqımın başbiləni insanları adi bir hərəkətindən, sözündən həssaslıqla başa düşüb qiymətləndirməyi bacaran, onların nəyə qadir olduğunu ilk baxışda duya bilən, sözün əsl mənasında, böyük İNSAN idi.
Bu böyük şəxsiyyətin şəxsən mənə verdiyi qiymətin məsuliyyətini 30 ilə yaxın mətbuat işçisi kimi fəaliyyətim dövründə hər gün, hər saat hiss etmişəm. 1993-1994-cü illərdə cəbhə bölgələrində də olmuşam. Onda da çalışmışam ki, hər bir çıxışım, hər bir sözüm ədalətli, obyektiv olsun. Kim və ya nə üçünsə ağa qara deməmişəm.
Məlum həqiqətdir ki, qayğılar burulğanında üzdüyümüz zamanlarda da insanlar sosial vəziyyətlərini media işçiləri ilə bölüşməyə daha çox üstünlük veriblər. Belə anlarda da, istər qələm, söz adamı kimi, istər Ağsu şəhər bələdiyyəsinin üzvü, istərsə də D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyəti Ağsu rayon şöbəsinin sədri kimi fəaliyyət göstərdiyim illərdə obyektivliyimi qoruyub saxlamışam. Elə 2000, 2005-ci illərdə parlament seçkilərində iştirakım zamanı Qarabağ müharibəsi veteranlarının, əlillərinin, şəhid ailələrinin, Əfqanıstan veteranlarının mənə müşahidəçilik, vəkillik etməsi də bu obyektivliyin nəticəsi idi. Çünki Heydər Əliyev mənə kəskin qələm, bir də obyektivlik arzulamışdı. Səmimiyyətlə deyə bilərəm ki, mən artıq belə tərbiyə olunmuşam. Yəqin ki, bundan sonra da başqalaşa bilməyəcəyəm. Çünki Heydər Əliyev dühası məni, bizi belə yetişdirib ki, gələcək nəsillər də bundan bəhrələnsinlər. Beləcə, nəsillər dəyişsə də, belə dühalar yadda qalır, əbədi olaraq yaşayırlar.

Zəminə Həmidova,
jurnalist







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar