Şəhidlər ölməz deyirlər. Bunu təkrarladıqca da sanki ölümə meydan oxuyub, onun ən uca məqamını - şəhidlik zirvəsini fəth etmənin qüruru doldurar köksümüzü. Amma bir də ardında buraxdığı, illər keçsə belə qəlblərdən nisgili, gözlərdən nəmi çəkilməyən, qaysaqlamayan bir yara sorağı, ünvanıdır şəhidlik. Bu ağrıları yaşayanlara, onları pərişan saçlarına dolayıb yellərə verən analara, bacıların gözlərinə baxmaq nə qədər də əzabdır. Bu kədər hissini dekabrın 7-də, üzərindən illər keçməsinə baxmayaraq, eyni ağrı ilə yenidən yaşadı hər kəs.

Həmin gün didərgin ruhlu insanların yaxınları paytaxtın Yeni Günəşli qəsəbəsində, Laçın camaatının mərasim evində bir araya gəldilər. “Laçın və laçınlılar” facebook qrupunun adminləri Ramin Cəbrayıl, Orxan Cəbrayıl və Söhrab Həsənovun təşkilatçılığı ilə keçirilən mərasim 1993-cü il martın 31-də - Kəlbəcərin işğalı zamanı yaşyarımlıq körpəsi Nurlanə ilə ermənilərə əsir düşmüş və həmin il mayın 15-də Xankəndidə erməni əsirliyindən qayıtmağı Azərbaycan xanımına layiq bilməyərək, özünü şəhid etmiş Səma Aydın qızı Kərimovanın xatirəsinə həsr edilmişdi. Bu el qızının ibrətamiz həyat hekayəsi, acı taleyi və nakam arzuları yenidən dilə gəldi.
Xatirə mərasimində şəhidin anası Sevda Kərimova, bacısı Səbinə Kərimova, erməni əsirliyində daşnak cəlladların qəddarlığı nəticəsində gözünün nurunu itirmiş Nurlanə Hümbətova, Laçın rayonunun ziyalıları, Qarabağ müharibəsi veteranları və əlil təşkilatlarının, qadın qurumlarının nümayəndələri, yazarlar iştirak edirdilər. Müharibənin əzabları, doğmaları itirməyin və ümidi xatirələrə, kabusla bitən yuxulara bağlamağın məşəqqətləri gözlər önündə canlandı.
Şəhid Səmanın yadigarı Nurlanə yaddaşını dəlib keçən barıt qoxulu xatirələrini, unuda bilmədiyi ana nəfəsini, hələ də qulağında cingildəyən nalələri səssiz-səmirsiz, üzünü bəzəyən göz yaşlarında bizlərə çatdırdı. Yaşının 20-ni ötməsinə baxmayaraq, hələ də uşaq məsumluğunu yaşayan gənc arabir hönkürən nənəsinə, ondan fərqli olaraq özünü toxtaq göstərməyə çalışan xalasına sarı boylanaraq boğazını dələn sözləri dilə gətirmək istəyirdi: “Mənim anamın günahı nə idi və anamın bətnindəki uşağın günahı nə idi? Onların günahı nə idi? Bu suala cavab verin! Biz hamımız insanıq. Bəs məni bu günə qoyan, mənim anamı, dayılarımı əlimdən alan kimdir? Bunu insan edə bilərmi? Suallarım çoxdur, amma mənim bir istəyim var: mən Laçınımı istəyirəm, mən Laçınsız yaşamaq istəmirəm, mən torpaqlarımızı istəyirəm, ana vətənimi istəyirəm”.
Laçın nisgilli insanlar bu suallar qarşısında susqun göz yaşları ilə tab gətirməyə çalışdılar.
Tədbirin yaddaqalan və təsirli daha bir epizodu ürəkləri riqqətə gətirdi. Vətən, xalq yolunda canına qıymış Səmanın müəllimi Əyyub İsmayılov və Laçında Səma Kərimovanın dərs dediyi şagirdləri Ramil və Orxan Cəbrayıl qardaşları unudulmaz xatirələrini dilə gətirdilər. Erməni vəhşiliyi ucbatından anası ilə bərabər gözlərinin nurunu da itirmiş Nurlanənin beynəlxalq ictimaiyyətə, ölkəmizdəki xarici ölkə səfirliklərinə ünvanlanmış qəlbləri göynədən müraciəti Xatirə Laçının ifasında oxundu.
“Laçın yurdu” jurnalının baş redaktoru Arif Məmmədlinin apardığı mərasimin sonunda Azərbaycan qadınının bir qəhrəmanlıq təcəssümü olan şəhid Səma Kərimovanın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müvafiq qurumlara müraciət edilməsi qərara alındı.

Həmidə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar