Tariximizin, mədəni irsimizin öyrənilməsində arxeoloqların mühüm xidmətləri var. Məhz onların apardıqları araşdırmalar nəticəsində qədim keçmişimizə işıq salınır, mədəniyyətimizlə bağlı maraqlı faktlar üzə çıxır. Tarix elmlər doktoru, professor Cabbar Xəlilov (1928-1994) Azərbaycan arxeologiya elminin inkişafında xüsusi rol oynayan alimlərdən olub. Onun həyat və fəaliyyəti haqqında məlumat almaq üçün oğlu, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Mübariz Xəlilovla həmsöhbət olduq.
Mübariz müəllim bildirdi ki, atası Quba rayonunun Xucbala kəndində anadan olub. Quba Pedaqoji Məktəbini, sonra indiki Bakı Dövlət Universitetinin tarix fakültəsini arxeologiya ixtisası üzrə bitirib. Arxeoloq alim Y.A.Paxomovun rəhbərliyi altında “Skif və sarmatlarda atların dəfni və onların Azərbaycanda təsadüf edilmiş qəbirlərlə müqayisəsi” mövzusunda diplom işi müdafiə edib. 1950-ci ildə arxeoloji çöl tədqiqat işlərinə cəlb olunub. Müəllimi, məşhur arxeoloq S.M.Qazıyevin rəhbərliyi altında Mingəçevir arxeoloji abidələr kompleksində küp və katakomba qəbirlərinin qazıntılarında iştirak edib.
Gənc tədqiqatçı Qafqaz arxeologiyası ixtisası üzrə aspirantura təhsili almaq üçün 1952-ci ildə Moskvaya - SSRİ EA-nın Maddi-Mədəniyyət Tarixi İnstitutuna ezam olunur. 1955-ci ildə “Qərbi Azərbaycanın son tunc dövrü və dəmir dövrünün əvvəllərinə aid arxeoloji abidələr” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Aspiranturada təhsil aldığı illərdə arxeoloji ekspedisiyaların tərkibində bir sıra qazıntılarda, həmçinin Qazax rayonundakı Qazaxbəyli abidəsinin (e.ə. VIII-VI əsrlər) tədqiqində iştirak edir. Arxeoloq alim Gədəbəy yaxınlığındakı Pir qalaçası siklop tikintisində kəşfiyyat qazıntılarının nəticəsi olaraq qənaətə gəlir ki, Azərbaycanın siklop tikililərinin bir qrupu daimi yaşayış məskənləri olub. Onun bu istiqamətdə apardığı tədqiqatlar 1959-cu ildə nəşr etdirdiyi “Qərbi Azərbaycanın tunc dövrü və dəmir dövrünün əvvəllərinə aid arxeoloji abidələri” kitabında toplanıb.
Həmsöhbətim qeyd edir ki, Cabbar Xəlilovun elmi fəaliyyətinin mühüm bir dövrü AMEA-nın Tarix İnstitutu ilə bağlıdır. O, 1958-ci ildən ömrünün sonunadək əsasını qoyduğu çöl tədqiqat işləri şöbəsinə rəhbərlik edib. Alim bu illərdə arxeoloq həmkarları ilə Qazax rayonundakı Qazaxbəyli və Sarıtəpə abidələrində, Ağdaş rayonundakı alban dövrünə aid Çayboğazı, Hacıqabul rayonunun Tava və Qubalı kəndləri ətrafındakı orta əsr abidələrində tədqiqat işləri aparıb.
C.Xəlilovun başçılıq etdiyi arxeoloji ekspedisiya Xızı rayonunun Altıağac kəndi yaxınlığında, orta əsr Dərəzarat və başqa abidələri araşdırıb. O zaman Sarıtəpə abidəsində e.ə. V-IV əsrlərə aid möhtəşəm bir saray qalıqları aşkar edilir. Burada Əhəməni imperiyasının canişinlərindən birinin iqamətgahının yerləşməsinin təsdiqlənməsi, Şamaxı yaxınlığındakı Xınıslıda Samexiya (Kamexiya) alban şəhərinin qalıqlarının aşkar edilməsi və Şamaxının 2400 il yaşının müəyyən edilməsi onun adı ilə bağlıdır.
Mübariz müəllim arxeologiya istiqamətini seçməsində atasının mühüm rol oynadığını deyir: “Atam elmə çox bağlı idi. Sənədlərimi BDU-nun tarix fakültəsinə verməyim və ixtisas seçimim də onun məsləhəti ilə olub. O, bizimlə söhbətlərində deyərdi ki, arxeologiya sahəsində görüləcək çox işlər var. O vaxt sovet tarixşünaslığında, belə bir fikir vardı ki, Qafqaz Albaniyasında bir-birinə yad olan ayrı-ayrı tayfalar yaşayıb və onlar özlərinə məxsus mədəniyyət yaradıblar. Ancaq C.Xəlilov 1985-ci ildə “Qafqaz Albaniyasının maddi mədəniyyəti” adlı kitab çap etdirdi və problemə fərqli yanaşma nümayiş etdirdi. Atamın rəhbərliyi altında xüsusi ekspedisiya 1976-1980-ci illərdə Quba, Qusar, Dəvəçi, Siyəzən, Xaçmaz rayonları ərazisində 200-dən çox abidə qeydə alıb. Eyni zamanda Şabran, Sandıqtəpə şəhər yerlərində, Sərkərtəpə yaşayış yerində aparılmış genişmiqyaslı arxeoloji qazıntı işləri Qafqaz arxeologiyasına öz əhəmiyyətli töhfələrini bəxş edib. O, qədim Gəncə şəhər yerində apardığı arxeoloji qazıntı işləri ilə şəhərin IX əsrdən XVII əsrədək olan dövrü əhatə edən mədəni təbəqəsini və qiymətli sənət nümunələrini üzə çıxarıb”.
Cabbar Xəlilovun ölkəmizdə və keçmiş SSRİ-nin bir çox respublikalarında müxtəlif dillərdə 150-dən çox elmi əsəri nəşr edilib. Akademik B.A.Rıbakovun ümumi redaktorluğu ilə çıxan “SSRİ arxeologiyası” fundamental çoxcildliyinin nəşrində yaxından iştirak edib. Bir sıra ölkələrdə onlarla beynəlxalq konfransda məruzələri dinlənilib.
Onu da qeyd edək ki, “Dədə Qorqud” bədii filminin ilk və son kadrlarındakı çöllərə səpələnmiş daş insan heykəlləri C.Xəlilov tərəfindən Şamaxı rayonunun Çıraqlı kəndi yaxınlığında arxeoloji axtarışlar zamanı aşkar edilib. Ekran əsərinin çəkilişləri zamanı bu abidələrdən xəbər tutan quruluşçu rejissor, Xalq artisti Tofiq Tağızadə və filmin ssenari müəllifi, Xalq yazıçısı Anar yaradıcı qrupla Şamaxıya gəlir, bu heykəlləri lentə alırlar.
Savalan Fərəcov