Arxeoloji tədqiqat aparanlar, tarixi öyrənən həqiqi alimlər qədim keçmişimizlə bu günümüz arasında mənəvi körpü yaradırlar. Ömrünü xalqımızın minilliklərə uzanan tarixi-mədəni irsinin öyrənilməsinə həsr edən ilk arxeoloqlarımızdan biri də tanınmış muzey təşkilatçısı, pedaqoq Davud Şərifov olub.

Davud Mikayıl oğlu Şərifov 1885-ci ildə Tiflisdə hərbi topoqraf ailəsində dünyaya göz açıb. Valideynləri təlim-tərbiyəsi ilə ciddi məşğul olur, səkkiz yaşında onu Tiflis I oğlanlar gimnaziyasına qoyurlar. O, gimnaziyada təhsilini başa vurduqdan sonra Kiyev Universitetinin tarix-filologiya fakültəsinə qəbul olunur. Ancaq Davud burada oxuya bilmir. Tələbə nümayişlərində (1905) yaxından iştirakına görə universitetdən kənarlaşdırılır. Sonra Odessanın Novorossiysk Universitetinə daxil olur. 1908-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurub Bakıya dönür. Türkiyənin Qars şəhər realnı məktəbinə dəvət edilir. Bir müddət Qarsda çalışdıqdan sonra təhsil aldığı Tiflis I oğlanlar gimnaziyasında tarix-coğrafiya müəllimi işləyir. 1918-ci ildə Azərbaycana qayıdır, Qazax rayonunun Əskipara kəndində məskunlaşır. Həmin il mənfur ermənilərin kənddə törətdiyi qətliam zamanı Davud Şərifov ağır güllə yarası alsa da, təsadüf nəticəsində sağ qalır...
Davud Şərifov Azərbaycan Dövlət Pedaqoji İnstitutunda pedaqoji fəaliyyətə başlayır. 1922-ci ildə Azərbaycan Tarixi Muzeyinə işə qəbul olunur. Araşdırıcı Aqil Əhmədov yazır ki, D.Şərifovun fəaliyyəti nəticəsində muzey şagirdlərin dərs və təcrübə keçdiyi məkandan tarix yadigarlarının həqiqi saxlanc yerinə çevrilir. Qısa müddət ərzində gənc tədqiqatçı muzeyin direktoru vəzifəsinə yüksəlir. Onun təşkilatçılığı ilə Tiflis, Moskva və Sankt-Peterburq muzeylərinin fondlarından Azərbaycanın tarix və mədəniyyətinə aid müxtəlif bədii sənət nümunələri, eksponatlar muzeyə gətirilir.
O, yeni ekspozisiya zallarının açılması, xüsusilə, muzey işi, o cümlədən diyarşünaslıq profilli muzeylərin yaradılması istiqamətində iş aparır. 1924-cü ildə Bakıda Azərbaycan diyarşünaslarının I qurultayı keçirilir. Qurultayda onun “Azərbaycan SSR-də muzey işi” mövzusunda məruzəsi dinlənilir.
D.Şərifov arxeoloji tədqiqatlarda da yaxından iştirak edir. Apardığı axtarışların nəticəsi olaraq “Yaloylutəpədə qazıntılar” adlı monoqrafiyası işıq üzü görür.
Alimin başçılıq etdiyi ekspedisiyalarda qədim Qəbələ şəhərinin tədqiqi xüsusi yer tutur. Tədqiqatlar zamanı qədim şəhərin müdafiə divarları, giriş yolu, bürcləri dəqiq ölçülür və təsvir olunur. Onun rəhbərliyi ilə 1928-ci ildə Gəncə qəzasında Çovdar adlı nadir abidənin tədqiqinə başlanılır və daş qutulardan ibarət 42 qəbir açılır. Aparılan tədqiqat nəticəsində Çovdar abidəsinin e.ə. II minilliyin sonlarına və I minilliyin əvvəllərinə - son tunc və ilk dəmir dövrünə aid olunduğu sübuta yetirilir. Çovdar abidəsinin öyrənilməsi ilə həmin dövrdə Azərbaycan ərazisindəki mövcud cəmiyyətlərin zəngin maddi mədəniyyəti, iqtisadi və ictimai durumu, Qərb və Şərqlə geniş mədəni əlaqələri haqqında biliklər əsaslı şəkildə genişlənir. Tədqiqatçı burada aparılan arxeoloji qazıntıların nəticələrinə xüsusi bir əsər həsr edir.
Alimin əhəmiyyətli axtarışları və əldə etdiyi nailiyyətlər antimilli düşüncəli insanların narahatlığına səbəb olur və o, muzeyin direktorluğundan kənarlaşdırılır, arxeoloji araşdırmalara buraxılmır. Sonra təəssüf doğuracaq hal baş verir. Tariximizə, torpağımıza göz dikən ermənilər (S.Manutsyan - 1928-1932, A.Melkumyan - 1932-1934) Azərbaycan Tarix Muzeyinə rəhbər təyin olunurlar. Bədniyyətlərin “rəhbərliyi” dövründə muzeyin milli mütəxəssislərinə qarşı təqiblər başlanır və bir çoxları işindən uzaqlaşdırılır. Eyni zamanda D.Şərifov tərəfindən böyük çətinliklə əldə edilən bir çox dəyərli eksponatlar Moskvaya - İnqilab Muzeyinə aparılır.
D.Şərifov hansı şəraitdə olursa-olsun, xalqının şanlı tarixini, zəngin mədəni irsini öyrənməyi və onu geniş ictimaiyyətə, xüsusilə də gənclərə çatdırmağı özünün vətəndaşlıq borcu bilib. O, paytaxtın orta məktəblərində coğrafiya və tarix fənlərini tədris edib. Eyni zamanda Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fəaliyyət göstərib.
Sovet rejimi Davud Şərifovu çox sevdiyi işindən ayırsa da, onun alim və pedaqoq kimi yetişməsinə mane ola bilmir. Yorulmaz alim 1950-ci ildə coğrafiya sahəsində namizədlik dissertasiyası müdafiə edib. Həyatının parlaq səhifələri onun dövrünün tanınmış maarifpərvəri olduğunu nümayiş etdirir.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar