Dekabrın 22-də böyük çillə başlandı

Əhalinin məişət və mədəniyyətinin öyrənilməsində xalq metrologiyası əhəmiyyət daşıyır. Qədim insanlar təbiət müşahidələrinə əsaslanaraq təqvim yaratmış və uzun əsrlər boyu onu sınaqdan çıxarmışlar. Baharı Novruz, payızı Mehreqan bayramları ilə qarşılamış, qış fəslinin gəlişini isə şəbi-yəlda və ya böyük çillənin girdiyi gün kimi qeyd etmişlər.

Keçmişdə digər Şərq xalqları kimi azərbaycanlılar da qış fəslinin girdiyi günü - dekabrın 22-ni təmtəraqla keçirərdilər. İnsanlar həmin günün ilin ən uzun gecəsi olmasını düşünmüş və onu “şəbi-yəlda” gecəsi adlandırmışlar. Doğum mənasını verən “yəlda” hələ qədim zamanlardan əksər Yaxın və Orta Şərq xalqlarının keçirdiyi mərasim idi. Bəzi tədqiqatçılara görə, tarixi zərdüştlüyə qədər uzanan şəbi-yəldanı sonralar xristianlar da əxz etmiş, milad bayramı ilə eyniləşdirmişlər.
Çillə günü ailələr məhəllənin ağsaqqal və ağbirçəklərinə baş çəkir, dualar, arzular söylənilirdi. Çillə gecəsində başda evin ağsaqqalı əyləşməklə bütün ailə üzvləri süfrə arxasına toplaşırdı. Süfrəyə şəbi-yəlda günü üçün hələ yay və payız fəsillərindən tədarük edilən qarpız, yemiş, üzüm, nar, xurma, əzgil və digər meyvələr, eləcə də qovurğa, pəşmək, paxla, quru meyvələr, kişmiş, şirniyyat, lampa və s. qoyulurdu. Hamı şadyanalıqla oxuyardı:

Payız gedir, sonra boran, qar gəlir,
Süfrələrə halva, qarpız, nar gəlir.
Çillə gecə el-obanı şad edib
Bizim yurda elə bil bahar gəlir.

Qarpız kəsmək bu mərasimin başlıca xüsusiyyəti sayılırdı. Keçmişdə soyuducu olmadığından qarpız çöldə otların arasında, ya da quyularda saxlanılırdı. Süfrədəki meyvələr ötən ilin məhsuldarlığını göstərməklə həmahəng, həm də yeni ilin qarşılanmasında magik xarakter daşıyırdı. Xalq təfəkküründə nar övlad nişanəsi, qarpız isə günəşin rəmzi olub, soyuq, cansız qışa müqavimətin göstəricisi idi. Belə düşünürdülər ki, qış gələn gün qarpız yesələr, soyuqda xəstələnməzlər. Həmin gün qara undan xəşil və müxtəlif xörəklər bişirilir, halva çalınırdı. Həmin halva səhər yeməyində təzə lavaş çörəyi və südlə yeyilirdi.
Şam yedikdən sonra süfrə başına və ya kürsü ətrafına cəmləşən ailə üzvləri bir-biri üçün şeir oxuyur, lətifə və dastan söyləyir, maraqlı əhvalatlar danışır, bəziləri isə təsbehlə istixarə edirdi. Şəbi-yəlda gecəsində səhərədək yatmayan insanlar şamı sönməyə qoymurdular. Belə ki, əgər evin nuru sönsə, hesab edilirdi ki, qaranlıq qalib gəlmişdir. Bu hal sübhədək, yəni günəşin qaranlıq üzərində qələbəsinədək davam edirdi.
Nişanlı qızlar üçün şirniyyat, qoz-fındıq, badam, püstə və digər quru meyvələrdən ibarət xonça, eləcə də bəzədilmiş qarpız aparılırdı. İçində qarpız qoyulan tabağın kənarına xoşbəxtlik rəmzi sayılan qırmızı rəngli şal dolanırdı.
Xalq təqviminə görə, qış fəsli böyük çillə (qarı çillə), kiçik çillə və boz ay ilə əhatələnir. 40 gün davam edən böyük çillə kiçik çillə (20 gün) ilə əvəz olunur. Folklor nümunələrindən aydınlaşır ki, kiçik çillə az vaxtı əhatə edir və sərt hava şəraiti ilə müşayiət edilir: “Heyf ömrüm qısadı, yoxsa gəlinlərin kuzəsini sındırıb onları gözüyaşlı qoyardım”.

İlhamə Məmmədova,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar