Yad ellərdə “xilaskar”, “Mixaylo”, “Ögüst Kraus”, yalquzaq dillərdə “şeytan”, “iblis”...

Sənədlərində isə “novxanılı balası” - Mehdi Hənifə oğlu Hüseynzadə...
“Uzaq sahillərdə” filmində igid döyüşçülüyü, cəsur partizanlığı, qeyri-adi qəhrəmanlığı ilə bərabər, həm də “uf” demədən öldürən, partladıb-dağıdan adam kimi tanıdığımız bu Azərbaycan oğlu sənədlərdən, uzaq ellilərin xatirələrindən, qürbətdəki başdaşı üzərindəki yazıdan haqq-ədalət, humanizm carçısı, əcnəbi xalqların mənafeyi uğrunda da çarpışan altruist, məlum filmdəki bədii Anjelikanın real əsli olan Sloveniya gözəli Anjeliyə rəğbət və məhəbbətinə rəğmən böyük aşiq surətində də canlanır...


Bu fikir əfsanəvi qəhrəmanımızın anadan olmasının 90 illiyi münasibətilə çəkilmiş “Mixaylo” sənədli filminin rejissoru Tahir Əliyevin 6-7 il əvvəlki müsahibəsində daha genişliyilə açıqlanır. Bəlli olur ki, çəkilişə başlamazdan öncə yaradıcı qrup ciddi axtarışlar aparmış, “Rusiya Dövlət Kino Arxivi”ndən bu böyük qəhrəmanımızın ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adıyla təltifində rolu olan insanların və hadisələrin xronika materiallarını əldə etmiş, daha sonra ssenari müəllifi İntiqam Qasımzadə ilə birgə işə başlamışlar. Qarşılaşdıqları çətinliklərdən biri də bu imiş ki, Mehdi Hüseynzadə ilə birgə döyüşən azərbaycanlı partizanlardan (Cavad Həkimli, Cabbar Quliyev, Mirdamət Seyidov, Mikayıl Qulubəyov) heç kim sağ deyilmiş. Hansı ki, onlardan biri - Cavad Həkimli partizanlıqda Mehdi Hüseynzadənin komandiri olub və bəlli olduğu kimi, “Uzaq sahillərdə” filmində Ələsgər Ələkbərov, əslində, onun prototipini yaradıb.
Müsahibədəki maraqlı informasiyalardan biri də bu ki, Mehdinin sloven yoldaşlarından hələ də yaşayanlar var.
Bu məqamda həmin müsahibədən -

Fraqmentlər

“- Biz filmdə onların xatirələrinə də yer vermiş, Mehdinin 10 nəfərə yaxın partizan yoldaşını lentə almışıq. Onların söhbətləri Mehdi Hüseynzadənin əsil qəhrəman olduğunu bir daha təsdiqləyir. Çəkilişləri Avstriya, Sloveniya və İtaliyada aparırdıq. Sabiq partizanlar bizə “Uzaq sahillərdə” filmindən tanış olan Anjelikanın, yəni Mehdinin sevdiyi qızın sağ olduğunu söyləyəndə, qulaqlarımıza inanmadıq.
- Anjelika ilə görüşə bildinizmi?
- Hə. Mehdinin Sloveniyada partizan hərəkatında iştirak etdiyi vaxt sevdiyi qızın əsl adı Anjelidir. O, əslən sloveniyalıdır. Biz Anjeli xanımla böyük təkidlərdən sonra görüşə bildik. Anjeli 1944-cü ildə Mehdi Hüseynzadə ilə çəkdirdiyi şəkli də bizə verdi. Biz onunla Mehdinin həlak olduğu yerdə görüşdük. Anjeli onun qəbri üstünə gedəndə hansı hissləri keçirdiyi gözlərindən görünürdü. “Mixaylo”nun məzarı önündə göz yaşlarını saxlaya bilmədi. Müharibədən sonra Anjeli ailə həyatı qurub. Bir qızı və bir oğlu var...”
Sözügedən müsahibədən də bəlli olur ki, Mehdini Sloveniyada hədsiz dərəcədə sevirlər, onun qəhrəmanlığı yerli camaat tərəfindən əfsanələşib. Novoqoritsa şəhərinin girəcəyində - magistral yolun kənarında Mehdi Hüseynzadənin heykəli, həlak olduğu yerdə isə xüsusi bir dizaynla barelyefi qoyulub. Sloveniyada Azərbaycan adını eşidərkən hamı ilk olaraq “Mixaylo”nu xatırlayır. Onlar Mehdi Hüseynzadəni Azərbaycan oğlundan çox, Sloveniyanın oğlu, Sloveniyanın qəhrəmanı hesab edirlər…
Müsahibədə daha bir neçə maraqlı faktlar var. Belə ki, Mehdi “Uzaq sahillərdə” filmindən bizə tanış olan dostu Vesilinlə (əsl adı: Sar) əməliyyatdan qayıdarkən ikimərtəbəli evin çardağında gizlənirlər. Vitovli kəndinə hücum etmiş almanlar isə “Mixaylo”nu əlimyandıda axtarırlar. Sar çardaqdan enərkən almanlar onu vurur, bunu görüb pəncərədən tullanaraq köməyə can atan “Mixaylo” isə snayper gülləsinə tuş gəlir, ağır yaralanır və elə oradaca dünyasını dəyişir. Camaat yığışır və onu Vitovli kəndində dəfn edirlər. Üstündən bir neçə gün keçəndən sonra Cavad Həkimli “Mixaylo”nun cəsədinin artıq burada saxlamağın mümkün olmadığını bildirir və onlar nəşi çıxarıb, 30 kilometr kənarda yerləşən Çepovan kəndində - qardaşlıq qəbiristanlığında dəfn edirlər.
Öz misilsiz rəşadəti, igid ömrü, şərəfli ölümü ilə xalqımızın adını ucalıqlara qaldırmış bu oğlumuz -

Qəhrəmanlığa qədər...

22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində doğulub. 1932-ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olub, 1936-cı ildə oranı bitirib. 1937-ci ildə Leninqrad (Sankt-Peterburq) Xarici Dillər İnstitutunda təhsil alıb. 1940-cı ildə Bakıya qayıdaraq təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda davam etdirib.
1941-ci ilin avqustunda orduya çağırılan Mehdi 1942-ci ildə Tbilisi hərbi piyada məktəbini bitirib cəbhəyə yollanır. Stalinqrad döyüşlərində minomyot taqımının komandiri kimi iştirak edir, 1942-ci ilin avqustunda Kalaç şəhəri ətrafındakı qanlı vuruşmada ağır yaralanaraq, almanlara əsir düşür. Almaniyaya göndərilir, Berlində üçaylıq tərcüməçi kurslarında alman dilini öyrənir. Bir il sona bir dəstə azərbaycanlı əsirlə faşist əsarətindən qaçıb, Yuqoslaviya və İtaliya partizanlarına qoşulur. Diviziyaların birində italyan-yuqoslav korpusu qərargahının xüsusi təxribat-kəşfiyyat dəstəsini yaradır.
Hitlerçi zabit (hərdən də yoxsul kəndli) libasında Adriatik dənizi sahilində şəhər və kəndləri sərbəst gəzən, partizanlara vacib kəşfiyyat xəbərləri ötürən Mehdi öz cəsur kəşfiyyatçı dəstəsi ilə birlikdə Opçina kinoteatrını partladır. Bu əməliyyat zamanı 80 nəfər faşist məhv olur, 110 nəfərdən çoxu ağır yaralanır. Bundan bir az sonra Mixaylonun rəhbərlik etdiyi dəstə Triestdə alman hərbi xidmətçilərinin aşxanasını partladır: yenə 50-dən çox alman zabiti ölüsü, 100-dən artıq əsgər və digər əhli-faşist yaralısı.
Faşistlərin yuxarı eşelonunu olmazın təşvişlərə, yerli əhalini isə heyrətlərə qərq edən həmyerlimiz almanların “II Pikkolo” qəzeti redaksiyasını və mətbəəsini, Qaritsa yaxınlığında 200 ton benzin anbarını da partlatmışdı.
“Mixaylo”nun adı faşistlərin informasiya “bank”larında daha tez-tez hallanırdı: onlarca dəmir və şosse yolları körpülərinin, çoxlu faşist avtomaşınlarının partlayışı, 700 nəfər yerli partizan və sovet əsirini əsarətdən qurtarışı...
1944-cü il noyabrın 16-da Mehdi Hüseynzadə, partizan birləşməsi qərargahının tapşırığı ilə faşistlərin böyük hərbi ləvazimat anbarını partladıb geri qayıdarkən faşist keşikçiləri ilə üz-üzə gəlir. Xeyli faşist öldürən qəhrəman döyüşçü ağır yaralanır, çoxlu qan itirərək həlak olur. Mixaylonun ölüm xəbəri bütün Adriatik sahilinə yayılır.
Çepovan kəndində qəhrəmanın başdaşı üzərinə bu sözlər həkk olunub: “Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır”.

Tahir Əhmədalılar