20 Yanvar haqqında yüzlərlə təsviri sənət və musiqi nümunələri, film və ədəbi əsərlər yaradılıb

Hər bir tarixi hadisə ictimai mahiyyətindən asılı olaraq xalqın yaddaşına yazılır, bədii sənət əsərlərində əksini tapır. Xalqların azadlıq mübarizəsi, bu müqəddəs amal uğrunda verilən qurbanlar ədəbiyyat və sənətin təcəssüm obyekti kimi rəsmlərdə, ədəbi nümunələrdə, səhnə və ekran əsərlərində, musiqidə yaşadılır. 1990-cı ilin Qara Yanvarı da Azərbaycan xalqının yaddaşına qanla yazılan səhifələrdəndir. 20 Yanvar təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı səhifələrindən biri, insanlığa qarşı cinayətdir.

Bu tarix yanvarın 19-dan 20-nə keçən gecə qanla başlasa da, azadlığın şəfəq kimi saçıldığı günə çevrildi. Sovet qoşunlarının Bakıda dinc əhaliyə qarşı həyata keçirdiyi qırğından 25 il ötür. Milli birliyin və azadlıq mübarizəsinin simvoluna çevrilən tariximizin qəhrəmanlıq səhifəsi haqqında yüzlərlə bədii nümunə yaradılıb.

Qanlı faciə rənglərdə

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov bildirir ki, tarixi hadisələr hər zaman sənət adamlarının diqqətini cəlb edib. Bu baxımdan təsviri sənətin ayrı-ayrı janrlarında 20 Yanvar mövzusunda da dəyərli əsərlər yaradılıb: “Son iki il ərzində Dövlət Rəsm Qalereyasının fonduna bu hadisələri əks etdirən boyakarlıq, qrafika, heykəltəraşlıq və tətbiqi sənət nümunələrindən ibarət 30-dan artıq əsər daxil edilib. Onların sırasında R.Heydərzadənin “Şəhid”, N.Rəhmanovun “20 Yanvar”, R.Məmmədovun “O qan yerdə qalmaz”, O.Quliyevin “Qırğın” və s. əsərləri qeyd edə bilərik. Rəssamlarımızın 20 Yanvar mövzusuna həsr edilən əsərlər daha çoxdur. Sadəcə bu əsərlərin hamısı bizə təqdim edilməyib. 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi rəssam və heykəltəraşlarımızın bu mövzuya baxışlarını, yanaşmalarını bir daha göstərir”.
Direktor mütəmadi olaraq gənc rəssamların da tarixi mövzularda əsərlərindən ibarət sərgilərin təşkil edildiyini diqqətə çatdırdı: “Bu sərgilərdə 20 Yanvar və Xocalı hadisələrinə gənc rəssamların gözü ilə baxmaq imkanı qazanırıq. Faciənin 25-ci ildönümü ilə əlaqədar yanvarın 29-da Muzey Mərkəzində rəsm sərgisinin açılışı nəzərdə tutulur. Onu da qeyd edim ki, hər il bir qayda olaraq həm beynəlxalq səviyyədə, həm də respublika miqyasında 20 Yanvarla bağlı bədii sənət əsərlərinin sərgisi keçirilir və bu, silsilə xarakteri daşıyır”.

Hüznlü notlar

Xalqımızın başına gətirilən faciələrin dünya ictimaiyyətinə çatdırılmasında mədəni təbliğatın böyük əhəmiyyəti var. Bu baxımdan musiqi əsərləri önəmli rola malikdir. Azərbaycan Bəstəkarlar İttifaqından öyrəndik ki, son illər ərzində qanlı Yanvara və şəhidlərə həsr olunmuş 20-dən artıq əsər quruma təqdim edilib. Vaxtilə görkəmli bəstəkarlar Cövdət Hacıyev “Şəhidlər” simfoniyası (1990), Hacı Xanməmmədov “Əlimdə sazım ağlar” - solist və xalq çalğı alətləri orkestri üçün poeması (1991), Azər Rzayev “Bakı-90” simfoniyası, Vasif Adıgözəlov “Qəm karvanı” oratoriyası və digər əsərlər faciənin miqyasını notların dili ilə göstərib. Qanlı tarixdən keçən 25 il müddətində bu nümunələrin sırasına yeni-yeni əsərlər daxil olub, faciəvi fakta müxtəlif yanaşmalar nümayiş etdirilib.
Bəstələnən musiqilər tanınmış musiqi kollektivlərinin, orkestrlərin ifasında hüzn günü ərəfəsində xarici ölkələrin müxtəlif konsert salonlarında da səsləndirilərək dünya ictimaiyyətinin diqqətini bir daha bu faciəyə yönəltməyə xidmət edir. Son illər 20 Yanvar faciəsi və şəhidlərə həsr olunan musiqi əsərlərinin arasında Arif Mirzəyevin “Yanvar passionları” matəm messası, Nazim Quliyevin “Şəhidlər” operası, Oqtay Rəcəbovun “Çingiz” oratoriyası, Zabitə Məmmədovanın “Elegiya” solist, xor və orkestr üçün əsəri, Tahir Əkbərin “Hər birimiz Mübarizik, Fəridik” qiraətçi, solistlər, xor və orkestr üçün balladasını qeyd edə bilərik.

Faciənin ekran təcəssümü

Tariximizin 20 Yanvar səhifəsi Azərbaycan rejissorlarının daima müraciət etdiyi mövzulardandır. Elə bu günlərdə rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” bədii filminin çəkilişləri başa çatıb. 20 Yanvar hadisələrinin 25-ci ildönümünə həsr olunmuş ekran əsərini beynəlmiləl kollektiv ərsəyə gətirib. Filmdə Azərbaycan, ABŞ, İran, Rusiya və Türkiyədən tanınmış aktyorlar rol alıblar. “Qanlı Yanvar”ın ilk təqdimatının yanvarın 19-da keçirilməsi nəzərdə tutulur.
"Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən “Salnamə” sənədli filmlər studiyasında da faciə ilə bağlı və ümumilikdə Azərbaycan tarixinin qanlı səhifələrinə həsr edilən ekran əsərləri istehsal olunub. Studiyanın direktoru Nazim Hüseynov bildirir ki, 20 Yanvar faciəsindən bəhs edən bir neçə film çəkilib. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin 20 Yanvar faciəsinə həsr olunmuş sərgi və anım mərasimləri də “Salnamə” studiyası tərəfindən lentə alınır. Bütün bunlar gələcək nəsillərə ötürüləcək tarixi sənədlərin əsasını təşkil edir.
Son illər studiyada vətənpərvərlik mövzusunda filmlər ərsəyə gətirilib. Bu filmlərdə 1988-ci ildən bəri ölkəmizə qarşı həyata keçirilən düşmənçilik siyasəti, xalqımızın başına gətirilən faciələr fərqli rejissor yozumlarında xronoloji ardıcıllıqla kinolentin yaddaşına köçürülüb. “Azadlığa gedən yollar” sənədli filmində Azərbaycan tarixinə qara hərflərlə yazılmış 20 Yanvar faciəsi əsas süjet xəttini təşkil edir. Bu sıraya “Xatirələrdə yaşanan ömür”, “Vətən qeyrəti”, “Mən evə qayıdıram” filmlərini də əlavə etmək olar. Hərbi vətənpərvərlik mövzusunda ekranlaşdırılan “Mən evə qayıdıram” bədii filmi 1990-cı illərin real hadisələri əsasında çəkilib. Film Azərbaycanın hərbi təyyarəçilərinin qəhrəmanlıq hekayətindən bəhs edir.

Kitablara yazılan 20 Yanvar

Bu illərdə işıq üzü görən bir çox bədii və araşdırma kitablarında da 20 Yanvar faciəsinin mahiyyətindən bəhs olunub. Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasından verilən məlumata görə, son 3 ildə Azərbaycan və rus dillərində qanlı Yanvar hadisələri ilə bağlı onlarla nəşr kitabxanaya təqdim edilib. Yazıçı Vahid Məhərrəmovun ”Qanlı gecə, qanlı tarix: 20 Yanvar faciəsi haqqında”, Niftalı Şıxların “Dünyamızın 20 Yanvar faciəsi”, Məzahir Süleymanzadənin “20 Yanvar: güllələnmiş qəzet”, Mədinə Qasımovanın “Ağla, qərənfil, ağla” və “İ mertvıe pobejdayut” (“Ölülər də qalib gəlir”), Şəmkir Təhməzlinin “1990-cı il qanlı Yanvar izləri”, İsmixan Yusubovun “Erməni dosyası” və faciədən bəhs edən onlarla əsər kitabxananın fondunda yer alıb.
Günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini nümayiş etdirdi. Zaman-zaman bu hadisəni özündə əks etdirən yeni-yeni sənət nümunələri yaranacaq.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar