Bizə əbədi milli gündüzlər, aydın sabahlar qazandıran qanlı və şanlı Gecə!..

Müdhiş gülləbaran, total tırtıl səslərinin tüğyan etdiyi o Gecədə milli Azadlığa fədalıq sədaları daha zildən, daha can-dildən hayqırırdı.
Düşmənlərin nə düşünüb-daşındıqlarını deyə “bilmərəm”, amma o Gecəyə ata kimi atılanlar babalıqdan, ana kimi yeriyənlər nənəlikdən, subay-soluq yürüyənlər isə bəylik-gəlinlikdən məhrum olacaqlarını yaxşı bilir, əla anlayırdılar...


İyirmi beş il ötsə də, dilimizdə dünənimizə ağrı-acı, bugünümüzə-sabahımıza çağrı-çalğı sədaları, qələm-dəftərimizdə gah acı, gah fəxri nidalar!
Bu məqamda adamın ağlına nə fikirlər, dilinə nə zikrlər gəlmir? Tutalım, yuxarıda qısaca bəhs etdiyim o ağrı-acı nidalarında nə kimi sədalar, necə uyğu-duyğular? Məsələn, “Bu dünya bir pəncərədir - hər gələn baxar, gedər”. Amma şəhidlər o Gecəyə pəncərədən baxmadılar. Şimşək kimi çaxıb, ildırımtək axıb getdilər! Onlar küçələrdə al-qırmızı qanlarını axıtdılar, bizlərsə evimizdə göz yaşlarımızı...
Bəs biz bir qalı şahid olaraq, sizin qədrinizi qədərincə bilmişikmi, bilirikmi, biləcəyikmi, ey ulu şəhidlər?
Dövlətimiz sizin uğur-umularınıza dair çox işlər görüb, qərarlar, qətnamələr, fərmanlar verilib. Amma o arzu-umuların ən ucası - Qarabağ nigarançılığımız qalıb ki, bunu da inşallah...

“Eşidirsiz”?..

İlk sözüm aranızda-sıranızdakı ən yaşıl yaşlılaradır... Ay bığ yeri yenicə tərləyən oğlan, o axşam deyiklinlə son olaraq harda görüşdün, o darmacalda nə dedin, nə danışdın? Təzə-tərcə nişanlanmış cavan, üzüyün tabaqda qaldımı? Ay yenicə evlənmiş şəhid, təzəcə gətirdiyin gəlini gərdəkdə qoyub gəlmişdinmi? Gidi dünyanın badalaqlarına ilişib kamına gecikmiş gözaltılı dəliqanlı, nədən yumdun gözlərini - qəlbini yara açmamış? Vəfalı-cəfalı şahid dullar, niyə o vaxtlar ürəyinizi onlara axıracan açıb boşaltmadınız ki, illərdir dola-dola qalmayaydız?..
Ey qürur mayalı bütün sözlərimizi, fəxarət mayalı bütün duyğularımızı, hiss-həyəcanlarımızı nidalayanlar!
Ey başdaşları ən müqəddəs Vətən daşlarından olan vətəndaşlarımız, əldən çıxmış neçə-neçə tarixi bölgələrimizə qoşulmaq təhlükəli Qarabağ qada-bəlasından, “Ya Azadlıq, ya ölüm!” nidasından, hər yerdə, hər yanda sərgilənib qutlanan “20 Yanvar 1990” düzənli şərəfli tarix odasından xəbərsizmi?
...Siz o qaragözlü, o atəş dilli, ox kiprikli, “pənbeyi-daği cünun” əndamlı yar-Gecənin görüşünə hansı buta həvəsi, elçi eşqənəkliyilə getmişdiniz?!
Yormuram ki, sizi - öz ritorik-patetik suallarımla? Diksindirmirəm ki, sizi cüda-əda nidalarımla?..
Neyləyək, siz istiqlal süfrəmizdə fəda-ölüm şərbətini içəli, Vətən və Azadlıq uğrunda canınızdan keçəli - bizlər də mənəvi-tənəvi borc altındayıq, ey hamıdan üstünlər!
“Ruhun gözü Nuhunkundan işıqlıdır” deyiblər. Bir baxın, görün şahidlər, qazilər neyləyirlər - daha çox sizə mənsub olan o Gecənin hər ildönümündə. Misli görünməmiş sayğılar, qələbəliklər. Övlad-uşağı olmayan sonsuzlar da “oğul vay!” deyib ağlamışdı o Gecə, ey hər biri hamının balası şəhidlər!..
Hərəniz bir yaşda, qurbanlığınızın yaşı isə eyni: iyirmi beş! Adlarınız çeşid-çeşid, şərəf-sanlarınız isə eyni: şəhid! Beşik ünvanlarınız müxtəlif, məzar məkanınız isə eyni: Şəhidlər xiyabanı!
... İndi deyəcəyim sözlərə görə məni qınamasın ruhunuz; həmin Gecə o küçələrdə, həmin o qırğın “kampaniyasında” siz ölümü necə qarşılayıb, onunla necə birləşmişdiniz ki, o cür xoşbəxt və qalib görünürdünüz? Hamınız kürəyinizi torpağımıza söykəyib, qollarınızı yana açıb, üzünüzü səmamıza tutmuşdunuz! Qolunun biri, ya ikisi də kəsiləninizsə, elə bil, çiynini bir az yuxarıya, ucalığa - bir daha enməyəsi bayrağımızın asılacağı yüksəkliyə qovzamışdı...
“Kürəyinizi torpağımıza söykəmişdiz” dedim, yadıma siz haqda ilk dəfə - 1990-cı il yanvarın 25-də yazdığım (“Qızıl gül əsdi...”) yazımın “uvertüra”sı düşdü: “Sən necə qənirsiz gözəl, necə sevgili canan, necə yaraşıqlı yarsan ki, heç kim səni bir-birinə qısqanmır, hamı istəyir ki, səni hamı sevsin, Vətən?!.”

Tahir Əhmədalılar







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar