Həbib bəy Mahmudbəyov Azərbaycan maarifçiliyində və teatr sənətində böyük xidmətlər göstərib
XIX əsrin sonları - XX əsrin əvvəllərində Azərbaycanda maarif və mədəniyyətin inkişafı yolunda mühüm xidmətlər göstərmiş ziyalılardan biri də Həbib bəy Mahmudbəyov olub.
O, 1864-cü ildə Şamaxının nüfuzlu şəxslərindən olan Hacı İbrahimxəlil bəyin ailəsində dünyaya göz açıb. Molla məktəbində, sonra isə Şamaxı şəhər məktəbində və Bakıda realnı məktəbdə təhsil alıb. 1883-cü ildə gələcəyin görkəmli yazıçısı və ictimai xadimi Sultan Məcid Qənizadə ilə birlikdə Tiflisdə Aleksandrovsk Müəllimlər İnstitutuna qəbul olunurlar. Hər iki gənc təhsillərini başa vurduqdan sonra Bakıya qayıdır və burada ilk özəl rus-müsəlman məktəbinin əsasını qoyurlar. İki siniflə fəaliyyət göstərən məktəb xalq arasında böyük şöhrət qazanır. Məşhur maarifçi və ədəbiyyatşünas Firidun bəy Köçərli məktəb haqqında belə yazıb: “Bu vaxtlarda (1891) Qafqazda maarif müdiri olan Yanovski Sultan Məcid Qənizadə ilə Həbib bəy Mahmudbəyovun təzə qayda ilə açdıqları məktəbləri ziyarət edib. Həm şagirdlərin oxumasından, həm də cavan müəllimlərin səy və hümmətindən artıq dərəcədə razı qalıb. O, sonralar bu məktəbi hər yerdə vəsf edib”.
Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Nərmin Bağırova araşdırmasında yazır ki, məktəbdə təlimin yüksək keyfiyyəti, nümunəvi nizam-intizam və səliqəlilik tezliklə əhalinin diqqətini cəlb edir. 1891-ci ildə Bakı camaatından 150 nəfər şəhər dumasına ərizə ilə müraciət edərək belə məktəblərin sayının artırılması və dövlət xərcinə keçirilməsi tələbini irəli sürürlər. Şəhər sakinlərinin tələbi əsasında 23 sentyabr 1891-ci ildə iki məktəb açılır. Birinci məktəbə 35, ikinci məktəbə isə 45 şagird qəbul olunur. H.Mahmudbəyov birinci, S.M.Qənizadə isə ikinci məktəbin müdiri təyin olunur. Sonralar rus-Azərbaycan məktəblərində S.S.Axundov, A.Şaiq, Ə.Cəfərov, A.Atakişiyev, H.Behbudova və başqa müəllimlər dərs deyirlər.
1914-cü ildə H.Mahmudbəyovun rəhbəri olduğu məktəb 25 illik yubileyi münasibətlə hökumət tərəfindən təşəkkürnamə ilə təltif olunur. Haşım bəy Vəzirov “Bakıdakı rusi-müsəlmani məktəblərin iyirmi beş illik yubileyi münasibətilə” adlı kitabça nəşr etdirir.
H.Mahmudbəyov, S.M.Qənizadə və başqalarının səyləri ilə 1896-cı ildə rus-müsəlman kitabxanası təşkil edilir. 1897-ci ilin yanvarında isə S.M.Qənizadə, H.Mahmudbəyov və Ə.Axundovun rəhbərliyi altında Bakıda nəşriyyat şirkəti yaradılır. Burada əsasən rus və Azərbaycan dillərində bədii ədəbiyyat, dərsliklər və s. nəşri nəzərdə tutulurdu.
Görkəmli maarif xadimi böyük ictimai maarifləndirmə fəaliyyəti ilə də məşğul olur. Bakı şəhər dumasında məktəb komissiyasının üzvü kimi Azərbaycan müəllimlərinin birinci qurultayının (1906) keçirilməsində mühüm rol oynayır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra o, respublikada xalq təhsilinin inkişafında yeni istiqamətlərin işlənib hazırlanmasının fəal iştirakçılarından olur. Hökumətin tapşırığı ilə qabaqcıl maarif xadimləri F.Rzabəyli və Ə.Cəfərovla birlikdə Bakıda Azərbaycan Ali Pedaqoji İnstitutun yaradılmasında yaxından iştirak edir. Həmin institutda uzun illər direktor müavini, eyni zamanda rus dili və ədəbiyyatı müəllimi vəzifələrində çalışır, ölkə təhsilinin inkişafı üçün gecə kursları təşkil edir.
Folklorşünas Əbülqasım Hüseynzadə xatirələrində H.Mahmudbəyovun maarif işi ilə yanaşı, teatr sənətinə də həssas yanaşdığını yazır: “Həbib bəy Mahmudbəyovu 15 yaşımdan tanıyırdım. Mən o vaxt rus-tatar məktəbində oxuyurdum. Məktəbin direktoru Həbib bəy Mahmudbəyov idi. O, üzügülər, ciddi baxışlı və nurlu bir şəxs idi. Seyid Hüseynlə oxuyurdum. Bir gün Həbib bəyin təşəbbüsü ilə məktəbdə yaradılmış teatr truppasına üzv yazıldıq. Mən ədəbiyyata və teatra çox həvəs göstərirdim. Bunu Həbib bəy Mahmudbəyov hiss etmişdi. Ona görə də mənə müxtəlif rollar verirdi”.
Professor İlham Rəhimli “Azərbaycan teatr tarixi” kitabında qeyd edir ki, o dövrdə Azərbaycanda peşəkar teatr aktyorları yetişirdi ki, bunların arasında Cahangir Zeynalov, Əbülfət Vəli və başqa istedadlı səhnə xadimlərini görmək olardı. Kitabda H.Mahmudbəyov, Ağa Kərim Şərifov, Əsgər ağa Gorani, Qaflan Muradov, S.M.Qənizadə kimi şəxsiyyətlərin teatr sənətinin inkişafında xidmətlərindən ətraflı söz açılır.
Mənbələrdə H.Mahmudbəyovun qayğıkeş və xeyirxah bir insan kimi də tanındığı bildirilir. O, çətin məqamlarda kimsəsizlərin əlindən tutar və hərtərəfli yardım göstərərmiş. Belə ki, Hüseyn Ərəblinskinin uşaqlıq illəri ehtiyac və sıxıntı içində keçib. Kiçik yaşlarından atasını itirdiyindən anasının himayəsində qalan gələcəyin böyük sənətkarı təhsil xərcini ödəyə bilmədiyi üçün mollaxananı buraxmağa məcbur olur. O zaman yoxsul uşaqlarının məktəbə götürülməsinə şərait yaradan H.Mahmudbəyov Hüseyn Ərəblinskini də “Üçüncü rus-tatar” məktəbinə qəbul edir. Hətta qeyd olunur ki, Hüseyn Ərəblinskinin bir aktyor kimi yetişməsində və tanınmasında bu maarif xadiminin mühüm xidmətləri olub.
Həbib Mahmudbəyov tanınmış səhnə ustası Cahangir Zeynalovla birgə Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsərini səhnələşdirən zaman epizodik rollarda oynamaq üçün öz şagirdlərindən də istifadə edirmiş. Bu şagirdlər sırasında Hüseyn Ərəblinski də olur. O, ilk məşqlərini C.Zeynalovun evində edir. Ancaq onun ilk səhnə cəhdi uğurlu alınmır. Səhnədə özünü itirən Hüseyn susmağa məcbur olur. Ancaq bu, tamaşanı pozmur. Çünki Hüseynin rolu səhnə əsərində, demək olar ki, nəzərə çarpmırmış. Bu zaman Həbib bəy ona ürək-dirək verir və həvəsdən düşməyə qoymur...
Azərbaycanda böyük bir ziyalı nəslinin yetişməsinə töhfələr verən maarif və mədəniyyət xadimi Həbib bəy Mahmudbəyov 1928-ci ildə Bakıda vəfat edib.
Savalan Fərəcov