Azərbaycan

24 yanvar 1905 - Ədəbiyyatşünas alim Məmmədkazım Ələkbərli (1905-1938) Dərbənd şəhərində anadan olub. ADU-nun rektoru, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin ilk sədri olub. «Yeni əlifba və orfoqrafiya», «Azərbaycan ədəbiyyatı» və s. kitabların müəllifidir.
24 yanvar 1909 - Xalq artisti, professional təhsil almış ilk azərbaycanlı dirijorlardan biri Əşrəf Həsən oğlu Həsənov (1909 - 9.8.1983) anadan olub.
24 yanvar 1941 - Xalq artisti, məşhur qarmon ifaçısı Avtandil İsrafilov anadan olub.
24 yanvar 1961 - Əməkdar artist Sabir Novruz oğlu Məmmədov Qazax rayonunun Poylu kəndində doğulub. 1989-cu ildən Akademik Milli Dram Teatrında çalışır.

25 yanvar 1984 - Görkəmli aktyor, Xalq artisti Məmmədrza Şeyxzamanov (4.8.1915, Gəncə - 1984) vəfat edib. “Bəxtiyar”, “Bir qalanın sirri”, “Qatır Məmməd”, “Nəsimi”, “Əhməd haradadır?”, “Tütək səsi” filmlərində yaddaqalan obrazlar yaradıb.
25 yanvar 2001 - Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv olub. Avropa Şurasına üzvlük mədəniyyətimizin dünyada təbliği üçün də əlavə imkanlar açdı. Azərbaycan təşkilatın mədəniyyətlə bağlı proqramlarında iştirak edir, birgə layihələr həyata keçirilir.

26 yanvar 1863 - Maarifçi alim, ədəbiyyatşünas və publisist Firidun bəy Köçərli (1863-1920) Şuşada doğulub. Qori Müəllimlər Seminariyasında dərs deyib, 1906-cı ildə seminariyanın Azərbaycan bölməsinin Qazaxa köçürülməsinə nail olub və ömrünün sonunadək ona rəhbərlik edib. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü olub. 1920-ci ilin mayında Gəncədə anti-sovet üsyanı zamanı bolşevik ermənilər tərəfindən güllələnib.
26 yanvar 1971 - Xalq artisti, müğənni Aygün Kazımova Bakıda doğulub.
26 yanvar 2006 - Görkəmli xanəndə, Xalq artisti İslam Tapdıq oğlu Rzayev (11.11.1934, Füzuli - 2006) vəfat edib. Dünyanın bir çox ölkələrində Azərbaycan mədəniyyətini uğurla təmsil edib. Bir sıra mahnılar (“Gəl, inad etmə”, “Dağlar başı” və s.) bəstələyib. Muğam Teatrının yaradıcısı və 20 ilə yaxın bədii rəhbəri olub. Bir çox ifaçılar yetişdirib. “Şöhrət” ordeni ilə təltif olunub.

27 yanvar 1806 - Görkəmli ədib, mütəfəkkir İsmayıl bəy Qutqaşınlı (1806-1869) keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) anadan olub. Fransız dilində yazdığı "Rəşid bəy və Səadət xanım" povesti ilk Azərbaycan nəsr əsəri sayılır. Çar Rusiyası ordusunda qulluq edib, Rusiya-İran (1826-1828) və Rusiya-Türkiyə (1827-1829) müharibələrində iştirak edib, general rütbəsinədək yüksəlib.
27 yanvar 1906 - Tanınmış tarixçi alim Sara Aşurbəyli (1906 -17.7.2001) anadan olub. Orta əsrlər Azərbaycan şəhərlərinin tarixinə dair dəyərli araşdırmalar aparıb, əsərləri ingilis, fransız dillərində çap edilib. Azərbaycan Rəssamlar İttifaqının üzvü olub, boyakarlıq əsərlərinin müəllifidir.
27 yanvar 1912 - Əməkdar memar Fərəc Səttar oğlu Fərəcov (1912 - 7.9.1990) anadan olub.
27 yanvar 1939 - Ustad saz ifaçısı, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ədalət Məmmədəli oğlu Nəsibov (Aşıq Ədalət) Qazax rayonunda anadan olub.

Dünya

24 yanvar 1732 - Fransız dramaturqu Pyer Bomarşe (Pierre-Augustin Caron de Beaumarchais; 1732-1799) anadan olub. “Sevilya bərbəri”, “Fiqaronun evlənməsi” komediyalarının müəllifidir.
24 yanvar 1776 - Alman yazıçısı, bəstəkar, rəssam Ernst Teodor Vilhelm Amadey Hofman (Ernst Theodor Amadeus Hoffmann; 1776-1822) anadan olub. Əsərləri: “Şeytan eliksiri”, “Birələr hökmdarı” romanları, “Qızıl qazan” povesti, “Şelkunçik (fındıqqıran - red.) və siçanlar kralı” nağılı (P.İ.Çaykovski nağıl əsasında “Şelkunçik” baletini yazıb).
24 yanvar 1901 - SSRİ Xalq artisti, görkəmli kinorejissor Mixail İliç Romm (1901-1971) anadan olub. “Lenin Oktyabrda” bədii, “Adi faşizm” sənədli filmlərinin müəllifidir.

25 yanvar 1759 - Məşhur şotland şairi Robert Berns (Robert Burns; 1759-21.7.1796) anadan olub. Bernsin şərəfinə 25 yanvar Şotlandiyada milli bayram günü kimi qeyd olunur.
25 yanvar 1832 - Rus rəssamı, peyzaj ustası İvan Şişkin (1832-1898) anadan olub. Məşhur əsərləri: “Ağcaqayın meşəsində səhər”, “Çovdar tarlası” və s.
25 yanvar 1874 - İngilis yazıçısı Uilyam Somerset Moem (William Somerset Maugham, 1874-1965) anadan olub. “Ehtiraslar yükü”, “Ay və quruş” romanlarının, “Teatr”, “Ülgücün tiyəsi” povestlərinin müəllifidir.
25 yanvar 1882 - İngilis yazıçısı Virciniya Vulf (Virginia Woolf, 1882-1941) anadan olub. Romanları: “Missis Delloey”, “Mayaka doğru”, “Orlando” və s.
25 yanvar 1938 - Məşhur rus şairi və müəllif mahnılarının ifaçısı, aktyor Vladimir Semyonoviç Vısotski (1938 - 25.7.1980) anadan olub. “Görüş yerini dəyişmək olmaz” telefilmində Jeqlov rolu ilə şöhrət qazanıb. “Kiçik tragediyalar”, “İntervensiya”, “Tayqanın sahibi”, “Çar Pyotr ərəbi necə evləndirdi” filmlərinə çəkilib.

26 yanvar 1921 - SSRİ Xalq artisti, kinorejissor Yuri Nikolayeviç Ozerov (1921-2001) anadan olub. Böyük Vətən müharibəsinə həsr olunmuş kinoepopeyaların (“Azadlıq”, “Moskva uğrunda döyüşlər”, “Stalinqrad”) müəllifidir.
26 yanvar 1925 - Amerika aktyoru, rejissor Pol Nyuman (Paul Leonard Newman: 1925-2008) anadan olub. Filmləri: “Fırıldaqçı”, “Soyuqqanlı Lük”, “Pulların rəngi” (“Oskar” mükafatı, 1986) və s.

27 yanvar 1756 - Avstriya bəstəkarı Volfqanq Amadey Motsart (Joannes Chrysostomus Wolfgang Theophilus Mozart, 1756-5.12.1791) Zalsburq şəhərində doğulub. 6 yaşından musiqi bəstələməyə başlayıb. Alman dilində ilk operanın (“Hərəmxanadan qaçırılma”), müxtəlif alətlərlə orkestr üçün 40-a yaxın əsərin müəllifidir.
27 yanvar 1775 - Alman filosofu Fridrix Vilhelm Şellinq (Friedrich Wilhelm Joseph von Schelling, 1775-1854) anadan olub. Əsərləri: “İncəsənət fəlsəfəsi”, “Etiraf fəlsəfəsi” və s.
27 yanvar 1826 - Rus yazıçısı Mixail Yevqrafoviç Saltıkov-Şedrin (1826-1889) anadan olub. Əsərləri: “Quberniya oçerkləri”, “Bir şəhərin tarixi”, “Nəcib nitqlər”, “Həyatın təfərrüatı” və s.
27 yanvar 1832 - İngilis yazıçısı, filosof Luis Keroll (Lewis Carroll - əsl adı Charles Lutwidge Dodgson; 1832-1898) anadan olub. Uşaqlar üçün məşhur əsərlərin (“Alisa möcüzələr ölkəsində”, “Alisa əyri güzgülər ölkəsində”) müəllifidir.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar