Əməkdar artist, sevilən xanəndə Məhəbbət Kazımovun vəfatından bir il ötdü

Onu hamı sevirdi. İfasına, torpaq yanğısına, sadədilliyinə görə. Nə bilmək olar, elə bəlkə həm də sadəcə əlinə mikrofon götürdüyü andan haldan-hala düşüb “yer ilə göy arasında” qalmışlığına, təbiiliyinə, emosionallığına, şux gülüşündən titrək dodaqlarınadək onu tərk etməyən “Özü” olduğuna görə.

Onda sənət parıltısı, səhnə işığı, musiqi ritmi heç vaxt vacib olmadı. Çünki dağdan ağır dərdləri - yurd itkisini, şəhid ağısını, vətən harayını “Eləcə bir ömrün son mənzilinə, ey ana torpağım sən ötür məni” arxayınlığını sinəsinə sipər edən idi. Sənətin şousundan, “biznes”lənmə mərəzindən də iraq idi. Yəni Məhəbbət Kazımov bir az kənd əhli, bir az şəhər insanı, bir az dağlar oğlu, bir az da ruh adamı idi...
Vəfatının ildönümünə (27 yanvar) yazdığım bu yazını üzrxahlıq saymaq olar da, dəfələrlə görüşüb ünsiyyətdə olduğum, xoş münasibəti, diqqətinə görə yaxın dostlarıma haqqında dəfələrlə danışdığım ifaçıya gecikmiş vəfa borcu da. Bilmirəm niyə, amma hər dəfə onunla söhbəti yazıya keçirməyə nə isə mane olurdu mənə...

“Ölüm, gözlərində dəfn eylə məni”

Ona olan el məhəbbətinə, sonsuz sevgiyə, həyəcanlı münasibətə bəzən ətrafdakılar, xüsusən həmkarları qəribə bir qısqanclıqla baxırdı. Bir dəfə məclislərin birində aparıcının təqdimatındanmı və ya məclisdəki ifaçılardan birinin təhər-töhüründənmi, bilmirəm, mikrofonu əlinə alan kimi qəribə bir təqdimat etdi: “Özümü özüm təqdim etməsin. Öncə doğma məkandan, doğum-ölüm ümidli yuvamdan başlayım. Mən başıqarlı dağların məkanı, Laçın rayonunun Çorman kəndində dünyaya göz açdım, ordan dünyanı tanıdım. Doğulduğum məkanın mənim üçün çox əziz olduğunu bir də deyim. Çünki bu, doğrudan da, belədir. Mənim aləmimdə bütün dünyanın mərkəzi Laçındır, doğulduğum kənddir...” - dedi. Sonra musiqiçilərə çevrilib bütün həmyerlilərinin həzin himninə çevrilmiş “Laçınım” mahnısını ifa etdi.
Mənə bu gün tam aydın olan bu mənzərədə o sanki illər sonranın təsvirini yaradırdı: “Qorxma kül olmaqdan, yan, məhəbbətim”. Bu sevginin əbədiyyətinə əminlikdə xoşbəxtlik quşu qonmuşdu başına...

“Qartal olub göylərində uçum mən...”

Onun həyat tarixçəsi də adi başladı. Əsl adı Möhübbət olan gələcəyin populyar müğənnisi 1953-cü il iyulun 2-də qartal olub səmasında süzmək istədiyi laçınlar oylağında doğulmuşdu. Ailədə səkkiz bacı, dörd qardaş idilər. Atası Allahverdi kişi təsərrüfatla məşğul olurdu, anası Südabə isə evdar xanım idi. Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində almışdı. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilirdi. Musiqi təhsili alması üçün qohum-əqrəbanın təkidi ilə 1974-cü ildə paytaxta yola düşmüş və Asəf Zeynallı adına Musiqi Texnikumuna qəbul olunmuşdu. İlk muğam dərslərini Nəriman Əliyevdən almış, sonra Ağaxan Abdullayevin sinfində ifaçılığın sirlərinə yiyələnmişdi. 1976-cı ildən professional səhnədə çıxış etməyə başlamış, «Dan ulduzu» ansamblının solisti olmuşdu. Türkiyədə, Rusiyada, İranda, Çexiyada və digər ölkələrə qastrol səfərlərində Azərbaycan musiqisinin təbliğinə töhfələr vermişdir. Ömrünün 30 ildən artıq bir dövrünu sənətdə, səhnədə keçirən ifaçı "Əməkdar artist" fəxri adına da layiq görülmüşdü. "Laçın" instrumental ansamblının rəhbəri idi.
Sənət və sənətkarlıq barədə təntənəli çıxışlardan qaçan xanəndənin özü haqqında söylədiklərini bu gün də xatırlayıram: “İnsan çox vaxt, bəlkə də hər vaxt özü olmaq istəyir, amma sənətimiz də elə sənətdir ki, həmişə özümüz olmağı bacarmırıq. O Məhəbbət üçün elə darıxmışam, elə darıxmışam (kövrəlir)... Kaş həmin Məhəbbət olaydım. Doğulduğum yerdə, çayın qırağında sonsuz məhəbbətlə sevdiyim təbiətin seyrinə dalaydım. Sizin tanıdığınız Məhəbbət özüm qədər heç kəsin tanımadığı o Məhəbbət üçün yaman darıxıb...”

O, Laçınsız darıxırdı...

Özünəməxsus məlahətli səsiylə milyonların ürəyini fəth edən və öz xeyirxahlığı ilə də insanların sevgisini qazanan Məhəbbət Kazımov artıq Qarabağsız, Laçınsız yaşamaqdan yoruldu və hər kəsə "əlvida” dedi. Ruha çevrildi və nisgilli Vətən torpağının səmasına çəkildi. Beləcə, o da dünyadan yurd həsrəti ilə köçdü. Bu köçün ağrısı və ağırlığında onun etirafları, arzuları dilə gəldi: “Arzu sonsuzdur, tükənməzdir. Heç kim deyə bilməz ki, mən yüz faiz arzuma çatmışam. Amma bütün arzulardan ucada duran müqəddəs bir arzum qalıb, Laçına qayıtmaq arzusu. İnşallah, ömür vəfa etsə, özümə, etməsə, balalarıma Laçını görmək qismət olar”...

“Bacarırsan, unut məni...”

Təbii ki, onu unutmaq mümkünsüzdür. Buna səsi, sənəti, məhəbbəti və təbii, bir də özü boyda dünyası imkan verməz. Artıq onu mahnılarında, şirin nəğmələrində, sevgisində, qəmində, dilimizdən ruhumuza hopan nidalarında xatırlayırıq. Təsəllilər hər zaman kədərli olur. Əbədi heç nə olmadığı kimi, elə kədərin də sonu təsəlliyə calanır. Amma böyük sənət işığında. Daha bir məşhur nəğməsində dediyi kimi “Qəmə könül bağladım, dərdimi çoxu bilmir. Sənsiz qalıb ağladım, gözlərim yuxu bilmir”. Artıq o gözlər yuxunun “dad”ını bilir, yuxularsa qurudulmamış, şehli bənövşələrin ətrinə bürünür...

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar