Hər ikisi bir taledə: biri bio-genealoji, o biri...

Yox, o birini qısa ifadə edə bilmədim. Çünki haqqında bəhs etdiyim bu böyük Azərbaycan simasının ədəbi sonsuzluğa işləyən işlərini, xidmətlərini, milli-mənəvi kredosunun, fədakarlıq fəlsəfəsini kulturoloji, sosioloji, maarif-metodoloji kimi terminlər tam ehtiva etmir. Bu sima - elə onun yaşadığı dövrdəki xalq taleli, millət görəvli, çox sahədə görkəmli, milli gələnəklərimizlə ilgili bir məsələdə isə olduqca əzəmətli Firudin bəy Köçərli!

Bəs, qədir-qiymət həllini hələ də qədərincə tapmamış həmin məsələ nədən ibarət? Bütün şüurlu ömrünü maarif, pedaqogika, ədəbiyyat, ədəbiyyatşünaslıq, publisistika və s. bu kimi universal-ümumxəlqi irs sahibi olan bu milli azmanın ümummaarif və mədəniyyət taleyimizdə müstəsna rol oynamış məşhur Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini Gürcüstandan Vətənimizə gətirməsi!..
Bəli, evində qəlbə fərəhlər saçan uşaq səsindən, “ata!” çağrısından məhrum bir sonsuzluq yaşayan bu insan, məmləkətinin say-seçmə övladlarına maarifçilik Dədəliyi etməklə, əbədi bir milli dəyər sonsuzluğuna bünövrə atmış oldu...
O belə-belə müqəddəs işlər görməkdə, qatı daşnaklığını gizlədib XI Qızıl ordu sıralarına soxularaq “ən vəfalı bolşevik” donuna girmiş erməni Liberman(lar)a qoşulan H.Sultanov(lar) isə Gəncədən kilometrlərlə uzaqda maarifçiliklə məşğul olan Qazax Müəllimlər Seminariyasının direktoru işləyən bu mələkmisal kişini yuxarılara “Gəncə üsyanının əsas təşkilatçısı” kimi protokollaşdırmaqda...
1920-ci il iyunun 4-də tərtib olunan (və o dövrlərdə sayı-hesabı bilinməyən) həmin protokolda bu xalqın qatı yadelli yağısı ilə yerli lakeyi birləşərək -

Yazırdılar:

“Mən, iyirminci diviziyanın Xüsusi şöbəsinin hərbi müstəntiqi bu gün Firudin bəy Köçərlinskinin əksinqilabçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən (!? - red.) və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda millətçilik ehtiraslarını qızışdırmış, nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir... Müttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini nəticəsiz qoymaq (rədd etmək) lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər.
Qərara alınır: müttəhim Köçərlinski güllələnsin.
Təsdiq edirəm: 7 №li Xüsusi bölmənin rəisi Liberman.
Təsdiq edirəm: Fövqəladə komissar H.Sultanov”.
Həmin tarixçəni təkrar qeyd edək: “4 iyun 1920-ci il, Gəncə...”
Deməli, bolşeviklər (hər yerdə olduğu kimi) bu xalqın daha fəal düşünən beyinlərini, bəyandar dillərini, ziyalı ordusu yetişdirən aydınlarını öz hakimiyyətlərinin siyasi “izdivac gərdəyi”ndəcə boğurmuşlar ki, yaxın gələcəkdəki total repressiya maşınları maneəsiz hərəkət etsin.
O maneələrdən biri də - milli taleyimizə azman maarif xadimi, universal mədəniyyət mücahidi timsalında doğulmuş Firudin bəy Köçərliydi ki, bir neçə abzas da -

Bioloji doğuluş-oluşundan...

1863-cü ildə Şuşada doğulmuş, oradakı beş-on erməni-rus uşağının “benefis”inə açılmış “rus şkolası”nda oxumuş, 1878-ci ildə məşhur “tələbəaxtaran” Aleksey Çernyayevskinin bu şəhərə gəlib onu da seçməsilə Qori Müəllimlər Seminariyasına yollanmış və qısa sürəli ayrılıqları, habelə bəzi “xırda-para” təcridolunmaları istisna edilməklə, bütün ömrünü bu məktəbin qəriblikdəki və doğma yurdumuzdakı dönəm-dövranına həsr və fəda etmişdir. Həmin istisnalar isə onun 1885-ci ildə (22 yaşında) qədim yurdumuz İrəvana gəlməsi, növbəti il “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasının - bütün şəhərdə hadisəyə çevrilən tamaşasını təşkil etməsi, daha sonra “Vətən dili” dərsliyinin birinci hissəsinin yenidən işlənməsində əvəzsiz xidmətləri kimi məsələlərdən ibarət. 1910-cu ildəsə o, Qori müəllimlər seminariyasında Azərbaycan şöbəsinin təlimatçısı təyin edilir, burada qəriblik və qəribəliklərə alışmaqda çətinliklər çəkən azərbaycanlı müdavimlərə psixoloji, maddi-mənəvi cəhətdən həyan olur.
Və nəhayət, yazının girişində toxunduğum kimi, 1918-ci ilin yazında... milli alnımıza yazılan bir işə qol qoyur: həmin seminariyanın mükəlləfiyyətini bir vaqona yükləyərək Azərbaycana doğru tarixi yol başlayır...
...Bu böyük yolda o özü fizikən ikicə il olsa da, mənən hələ də səfərdədir...
...O vaxtların böyük ürək sahibi, millət düşüncəlisi, xalq səxavətlisi - qazaxlı Məşədi İbrahimin on yeddi otaqlı mülkündə bünövrə edilən o seminariyanı bitirənlər onun arzu və əməllərini, amal və duyğularını bu gün də yaşadır və biri-birinə ötürülən bu mənəvi miras əbədi olaraq da yaşayacaq. Nədən ki, belə yollar heç bir mənzil-məsafədə kəsilmir, bitmir. Nə olsun ki, o yolun bazisi olan o məktəb bütün əşyaları və zəngin kitabxanası ilə birgə Qazax rayon NKVD-si Xoren Qriqoryan yoldaşın “erqu-eres” kəlməsi ilə yandırılıb kül edilmişdir?!

Bir-iki kəlmə də özümüzünkülərdən:

“Seminariya yüklü” qatarın qabağını (Poylu stansiyasına çata-çatda) kəsən gürcü atlılarının qəzəbli qara-qışqırığını, yüksək çinli zabitin “bu saat vaqonu açın və Gürcüstana qaytarın!” əmrini eşidən stansiya rəisi onları sakitləşdirdikdən sonra, çıxılmaz vəziyyətdə qalmış F.Köçərlinin qulağına əyilib deyir: “Firudin bəy, heç narahat olmayın. Mən özüm hər şeyi həll edəjəm. Siz məni tanımasanız da, mən cənabınızın necə böyük millət xadimi olduğunuzu bilerəm...”
Böyük şairimiz S.Vurğunun nənəsi Aşa arvad balaca Səmədin seminariyaya qəbulundan sonra deyir: “Ay Firuddin qağa, indiyəcən elə bilerdim bu anadan yetimi bir tərəfə çıxara bilmiyəjəyik. Səni ki gördüm, sən ki bu tifili sorğu-suval eliyif belə qiymətdəndirdin, day dərdim başımnan da düşdü, huşumnan da...”
Həmin seminariyanı bitirmiş şair Osman Sarıvəlli: “Firudin bəy bizə yuxarı siniflərdə dərs deyəcəkdi. Təəssüf ki, qismət olmadı, 20-ci ildə güllələndi. Onun seminariyası bizə təkcə bilik, məlumat yox, əsl həyat dərsi, tükənməz yaradıcılıq eşqi verdi”.
On yeddi otaqlı mülkünü seminariyaya verib, böyük ailəsilə Kosalar kəndindəki sadə evə köçən Məşədi İbrahimdən soruşanda ki, bu nə “əliaçıqlıq”dı etdin, cavabında deyir: “Mən Firudin bəyin məktəbinə bina verdim, bu məktəb isə bu millətin binəsini qoyacaq!”
Görkəmli yazıçı və alim Mir Cəlal Firudin bəy haqqında genişhəcmli, dərin məzmunlu bir yazısını aşağıdakı sözlərlə bitirib: “Bir institutun görə bilmədiyi işi Firudin bəy Köçərli təkbaşına görmüşdür”.

...Bir neçə kəlmə də öz dilindən

1910-cu il. Axşamçağı. Qorinin soyuq-sazaqlı qış axşamlarından biri. Dərsdən evə qayıdan Firudin bəy xanımını əliqoynunda görür. Hər gəlişində, görüş-qonuşunda məşhur Vəkilovlardan olan bu əsilli-nəsilli xanımla yüksək əyarlı zarafatlar edən Firudin bəy təşvişlə soruşur:
- Noolub, Badisəba, bu nə qəm? Olmaya Şuşadan, ya Qazaxdan bəd xəbər var?
Badisəba xanım kədərlə bir köks ötürür:
- Eh, ay Firudin... Xəbər uzaqlardan deyil, budu burdandı, - deyib, ürəyini nişan verir. - Bu qədər ömür sürdük, Tanrı bizə bir övlad da vermədi ki, nişanəmiz qalsın...
Firudin bəy də öncə bir ürəkdolusu köks ötürür, amma dərhal da gülümsünüb, xanımını bu təbii hisslər sıxıntısından çıxarmağa çalışır:
- Fikir eləmə, Badim! Bu seminariyada oxumuş, oxuyan və oxuyası azərbaycanlı balalar bizim də balalarımızdır. Bizi kim unutsa da, onlar yaddan çıxarmazlar. Bu, mənim yəqinimdir. Necə ki indi görüb-eşidirik, gələcəkdə isə ruhumuzla duyarıq...

Tahir Əhmədalılar







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar