Azərbaycan

3 fevral 1900 - Xalq artisti, aktyor Səməd Məmməd oğlu Mövləvi (20.2.1900 - 1962) vəfat edib.
3 fevral 1990 - Görkəmli aktyor Hamlet Xanızadə (5.6.1941 - 1990) vəfat edib. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Babək”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Qətl günü” və s. filmlərdə çəkilib. Televiziya və teatr tamaşalarında yaddaqalan obrazlar yaradıb.

4 fevral 1939 - Xalq artisti Tariyel İsgəndər oğlu Qasımov Ağstafanın Köçəsgər kəndində anadan olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. “Axırıncı aşırım”, “Vulkana doğru”, “Doğma sahillər” və s. filmlərdə çəkilib.
4 fevral 1945 - Görkəmli müğənni və bəstəkar, Xalq artisti, professor Polad Bülbüloğlu anadan olub. “Eşq və Ölüm” baleti, 100-dək mahnı, “Qorxma, mən səninləyəm”, “Uşaqlığın son gecəsi”, “Babək”, “Ən vacib müsahibə”, “İstintaq davam edir”, “Sevinc buxtası”, “Hökmdarın taleyi”, "Dolu" və s. filmlərə musiqi yazıb. 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri, 1994-2005-ci illərdə TÜRKSOY-un baş katibi olub. 2006-cı ildən ölkəmizin Rusiyada səfiridir. “İstiqlal” ordeninə layiq görülüb.
4 fevral 1956 - Xalq artisti, xanəndə Səkinə Qulu qızı İsmayılova anadan olub. Opera və Balet Teatrında Leyli ("Leyli və Məcnun", Ü.Hacıbəyli), Ərəbzəngi ("Şah İsmayıl", M.Maqomayev) və s. partiyaları uğurla ifa edib.

5 fevral 1918 - Böyük bəstəkar, pedaqoq, alim, Azərbaycan EA-nın akademiki, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Əbülfəz oğlu Qarayev (1918 - 13.05.1982) anadan olub. Dünya musiqi xəzinəsinə daxil olan “Yeddi gözəl" (1952), “İldırımlı yollarla" (1958) baletlərinin, üç simfoniya, “Don Kixot" simfonik qravürü, “Leyli və Məcnun" simfonik poeması, “Vyetnam" süitası, fortepiano üçün 24 prelüd, skripka və fortepiano üçün sonata və romansların müəllifidir. “Uzaq sahillərdə”, “Bir məhəllədən iki nəfər”, “İnsan məskən salır”, “Nizami” və s. filmlərə musiqi yazıb.
5 fevral 1930 - Görkəmli xanəndə, Xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədov Bakının Maştağa kəndində doğulub. Milli muğam sənətinin inkişafına dəyərli töhfələr verib, onlarla mahnı və təsnif yaradıb.
5 fevral 1934 - Əməkdar incəsənət xadimi, musiqişünas, professor Aida Zeynal qızı Tağızadə Şuşada anadan olub.
5 fevral 1948 - Şair, dramaturq Mərkəz Mikayıl oğlu Qacar (1948-2013) Füzuli şəhərində doğulub. İxtisasca hüquqşünas olub. Bədii əsərlərindən (təmsil, rübai, qəzəl, poema, dram əsərləri) ibarət 30-dək kitabı çap olunub.
5 fevral 1963 - Məşhur aktrisa Münəvvər Səməd qızı Kələntərli (1912, Lənkəran - 1963) vəfat edib. 1933-cü ildən səhnə fəaliyyətinə başlayıb, opera tamaşalarında, musiqili komediyalarda çıxış edib. "Arşın mal alan" (1945), "Bəxtiyar”, "Qızmar günəş altında", "Görüş", "O olmasın, bu olsun" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
5 fevral 1991 - Ali Sovet Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanun qəbul edib. Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Azərbaycanın Dövlət bayrağı kimi təsdiq edilib. Dövlət bayrağı bərabər enli üç üfüqi (mavi, qırmızı, yaşıl) zolaqdan ibarətdir. Mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng müasir cəmiyyət qurmaq istəyini, yaşıl rəng İslam dininə mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib.

6 fevral 1924 - Tanınmış aktrisa, Xalq artisti Firəngiz Şərifova (1924 - 20.2.2014) anadan olub. Uzun illər Gənc Tamaşaçılar Teatrında çalışıb. "Qərib cinlər diyarında”, “Ən vacib müsahibə”, «Bayquş gələndə”, "Qətl günü" və s. filmlərdə çəkilib.
6 fevral 1927 - Rejissor, aktyor, Xalq artisti Lütfi Şahbaz oğlu Məmmədbəyov (1927 - 1.2.2004) Ağdaşda doğulub. “İtkin gəlin” teleserialına, 50-dən çox televiziya tamaşasına quruluş verib. “Qızmar günəş altında” (Xəlil), “Səhər” (Aslan), “Sehrli xalat” (Əli müəllim) və s. filmlərdə çəkilib.
6 fevral 1938 - Xalq artisti, aktyor Rafiq Əşrəf oğlu Əzimov Bakıda anadan olub. 1962-ci ildən Milli Dram Teatrında çalışır. Teatrla yanaşı, televiziya tamaşalarında, “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
6 fevral 1950 - Xalq artisti, xanəndə Ağaxan Minəxan oğlu Abdullayev Bakının Əmircan kəndində anadan olub. 1977-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. “Şöhrət” ordeni ilə təltif olunub.

Dünya

3 fevral 1809 - Alman bəstəkarı, dirijor Feliks Mendelson (Jakob Ludwig Felix Mendelssohn Bartholdy; 1809 - 4.11.1847) anadan olub. “Toy” marşının müəllifidir.
3 fevral 1874 - Amerika yazıçısı Gertruda Stayn (Gertrude Stein, 1874-1946) anadan olub.
3 fevral 1881 - Rus kinematoqrafının banilərindən biri, rejissor Yakov Aleksandroviç Protazonov (1881-1945) anadan olub.
3 fevral 1899 - Çin ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-dramaturq Lao Şe (1899-1966) anadan olub.

4 fevral 1873 - Rus yazıçısı Mixail Mixayloviç Prişvin (1873-1954) anadan olub.
4 fevral 1900 - Fransız şairi, kinossenarist Jak Prever (Jacques Prevert, 1900-1977) anadan olub.
4 fevral 1915 - İngilis aktyoru, “mister Pitkin” haqqında kinokomediyalarda baş rolun ifaçısı Norman Uizdom (Norman Joseph Wisdom, 1915-2010) anadan olub.

5 fevral 1808 - Alman rəssamı Karl Şpisveq (Carl Spitzweg, 1808-1885) anadan olub.
5 fevral 1810 - Norveç milli musiqi məktəbinin banilərindən biri, bəstəkar, skripkaçı Ule Bull (Ole Borneman Bull, 1810-1880) anadan olub.
5 fevral 1864 - Alman bəstəkarı, çoxsaylı hərbi marşların müəllifi Karl Teyke (Carl Albert Hermann Teike, 1864-1922) anadan olub.
5 fevral 1914 - Amerika yazıçısı Uilyam Stüard Berrouz (William Seward Burroughs, 1914-1997) anadan olub.

6 fevral 1894 - Gürcü kinorejissoru və ssenaristi, SSRİ Xalq artisti Mixail Edişeroviç Çiaureli (1894-1974) anadan olub.
6 fevral 1895 - Alman rəssamı Frans Radzvill (Franz Radziwill) anadan olub.
6 fevral 1932 - Fransız aktyoru və rejissoru, kino sənətində “yeni dalğa”nın banilərindən biri Fransua Trüffo (François Roland Truffaut; 1932-1984) anadan olub.

Hazırladı: Vüqar Orxan