Sənətcə sonsuz poetik, milli məram-məqsədcə hədsiz dramatik Bəxtiyar Vahabzadə

Böyük eşq mücəssəməmiz haqda “Gələndə “Məhəmməd” gəldin dünyaya, Gedəndə “Füzuli getdi” dedilər...” söyləmiş sənətkarımızın - adı da şairanə Bəxtiyarımızın bu dünyadan gedimilə ilgili bu yazını necə və nədən başlayasan ki, Allaha da xoş getsin, bəndə-oxucuya da? Hələ “baiskar”ın ruhuna demirəm...

Bu gün onun anım günüdür; deməli, onsuz da sevərlərinin əhval-ovqatları o söz...
Bir halda ki belədir, nədən bu an şairin bir qədər xoşovqat şeirlərindən birini çəkməyək ayağa:

...Taleyim daş atdı - başımı yardı,
Buna daş neyləsin, daş bəhanədi.

Mən güneyli oldum, arzum quzeyli,
Ona çatammadım - çalışdım xeyli.
Bəxtiyar, bəxtindən oldun gileyli -
Bu da sənin üçün xoş bəhanədir...


Elə mən də bu yazını bir publisistik “bəhanə” ilə davam etdirim.
Belə ki, mən taleyində Bəxtiyar Vahabzadə dür-düşüncəli, Bəxtiyar hal-əhvallı şairi olmayan millətlərin bütün öyünmə-söyünmələrini bir bəhanə hesab edirəm. Hələ belələrinin “Xalq şairi” adı haqda da başqa fikirdəyəm. Onların “Millət şairi”, “Vətən şairi” adlandırılmasını daha münasib hesab edirəm. Yeri gəlmişkən, mən öz vətəndaş-oxucu könlümün 40-45 il bundan öncəki “fərman”ıyla Hüseyn Cavid, Mikayıl Müşfiq, Məhəmmədhüseyn Şəhriyar, Rəsul Rza, Bəxtiyar Vahabzadə və... o dövrün milli “sonbeşiyi” sanılıb-sayılan Məmməd Arazı bu adlarla təltif etmişəm.
Ötən əsrin 60-cı illərindən başlayaraq, ali məktəblərə qəbul olunanların əksəriyyəti adlarını çəkdiyim bu millət şairlərinin səyyar kursundan keçib gəlirdilər. Onların çölləmə-yönləmə “auditoriya”larında tələbəliyənamizəd abituriyentlərə öyrətdiklərini universitet və institutlar nəinki artırıb-cilalamır, hətta bəzi nüanslarını malalayırdılar. Ovaxtlar milli müəllim adına Mir Cəlal, Bəxtiyar Vahabzadə, Şirməmməd Hüseynov kimi beş-üç şəxsiyyət vardı ki, elələrinin irreal-müdərrisi «çöl auditoriyaları»nda yetişib gəlmiş uşaqlar onların dərs keçdiyi real-tədrisi auditoriyalara sığışmazdılar. O müəllimlər öz milli qeyrət antenaları ilə tutduqları mətləblərlə, imkan düşdükcə, biz tələbələri də tanış edirdilər. Deyirdilər, Şəhriyar deyir ki, “Eşq əhlisiz - məni yaxşı qanarsız, Gözlər yağış yağdırmasa, yanarsız!” Həmişə gülərüz-odərgöz görünən Mir Cəlal bayaqdan bəri vurğuladığım məqamlarda elə tutulub belə açılardı ki; “Bizim yazdıqlarımızı bir oxuyursuzsa, dediklərimizə iki qulaq asın. Nədən ki, biz indilərdə yalnız sizə deyə bildiklərimizi siz sabahlarda bütün xalqa demək imkanı tapa bilərsiz...” Rəsul Rza “İkiaçılanlar”ında yazırdı ki, “Yaşasın qadın azadlığı! - dedi vələdüzzina, şorgözlüklə baxdı baldızına!” O dövrlərin məlum beynəlmiləlçi-sapmaçılarını öz kəsərli atmacalarıyla dilə-dişə salıb daha da “məhşurlaşdıran” Şirməmməd Hüseynov özünəməxsus milli istiotunu dərsdə əsnəyib-həsdəyən tələbələrdən də əsirgəmirdi: “Balası, adam da “Azərbaycan öz xoşaxoşluğu ilə (!) çar Rusiyasının tərkibinə qatıldı” mövzulu dərsdə yatar?!” Elə həmin “güllü” günlərin davamiyyətində beynəlmiləlçi beyinlərə “Vətən daşı olmayandan - olmaz ölkə vətəndaşı” çağırışları edən Məmməd Araz “Görüm ayılmasın - gec ayılanlar!” qarğışları da eləyirdi...
Hə, bu qədər “dolangəl”dən sonra, gəlib çıxaq cari yazı (və məşhur “özündən narazı”) qəhrəmanımızın - Bəxtiyar Vahabzadənin obraz-odasına.
Hələ komsomolçu çağlarında “qansalan”çı şeirləri, “Gülüstan” adlı poetik bomba-poeması səbəbindən qələminə yasaq qoyulan bu ər şair balaca-balaca auiditoriyalarda diliylə bəlaca-bəlaca mətləblərdən danışır, “zəmanəyəbab”laşdırma məhkumiyyətli qələmilə isə “nə şiş yansın, nə kabab” məsəlli məsələlərdən yazırdı: “Yarım o tayda qaldı, Yarım bu tayda qaldı. Toyum burda çalındı, Yarım o toyda qaldı”...
Ömrü uzunu poetik qənimətlər axtarışları ilə bahəm, Vətənin siyasi-ictimai ələmlərilə də yaşamış Bəxtiyar Vahabzadənin son dərdindən də söz açaq. Deyək ki, Qarabağ dərdi onunla birgə gömüldü məzarına. O, 25 il əvvəl AzTV-nin həyətində sol əli ilə (sağ əli ermənilərin padoş sifətinə şillə çəkəsilərimizin başına!) “20 Yanvar” rejissorlarından olan rus-sovet generalının sifətinə şillə çəkməklə fiziki qisasını qismən almış olsa da, qələmilə bu dərdə borclu qaldığını deyirdi. Yaxınlarına isə deyirmiş ki, “Muğam” poemasında yarımçıq qalmış yanğısını söndürmək üçün Qarabağın işğaldan azad olacağı günü gözləyir...
Ogünlər də, bugünlər də - bu ulu və daim olu şairdən az danışılmayıb və hələ çoox danışılacaq. Amma bu da var ki, bundan belə bu millət şairi barəsində nə qədər danışıb-yazsaq da, onun bu millət haqda danışıb-yazdığına çatammayacaq...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar