Azərbaycan

18 fevral 1201 - Böyük ensiklopedik alim, riyaziyyatçı, astronom və filosof Nəsirəddin Məhəmməd ibn Həsən Tusi (1201 - 23.6.1274) Həmədan şəhərində anadan olub (bəzi mənbələrdə təvəllüdü 16 və 17 fevral göstərilir). Tusinin yaratdığı Marağa rəsədxanası uzun illər təkcə Şərqin deyil, dünyanın mötəbər elm (astronomiya) mərkəzlərindən biri olub. Riyaziyyat və astronomiya ilə yanaşı, “Əxlaqi-nasir” etik traktatı, fəlsəfəyə dair əsərlərin müəllifidir.
18 fevral 1895 - Məşhur qəzəlxan Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov, 1894 - 1.10.1965) Bakının Masazır kəndində anadan olub. Nizami, Xaqani, Füzuli, Nəvai və s. şairlərin qəzəllərini Azərbaycan dilinə tərcümə edib.
8 fevral 1925 - Tanınmış jurnalist Hacı Hacıyev (1924-2008) anadan olub. Azərbaycan Jurnalistlər Birliyinə rəhbərlik edib, bədii tərcümə (rus dilindən) ilə məşğul olub.
18 fevral 1931 - Xalq şairi, dramaturq Nəriman Əliməmməd oğlu Həsənzadə Qazax rayonunun Poylu qəsəbəsində doğulub. Ədib çoxsaylı poetik topluları (“Cavid", "Nizami", “Nuru Paşa” poemaları), dram əsərləri (“Pompeyin Qafqaza yürüşü”, "Atabəylər" ) ilə müasir Azərbaycan ədəbiyyatına böyük töhfələr verib. "Şərəf" ordeni ilə (2011) təltif edilib.
18 fevral 1947 - Tanınmış fırça ustası, Əməkdar rəssam Ənvər Vahid oğlu Qarayev (1947 - 30.1.2011) Şəkidə anadan olub. Dekorativ-tətbiqi sənət, xalça, batika, parça üzərində tikmə texnikasının mahir ustası idi, bir çox beynəlxalq sərgilərin iştirakçısı olmuşdu.
18 fevral 2009 - “Bakı İslam mədəniyyətinin paytaxtı - 2009” tədbirlərinin təntənəli açılış mərasimi keçirilib. Bakı şəhəri İslam Konfransı Təşkilatına üzv ölkələrin elm, təhsil və mədəniyyət qurumu olan İSESCO-nun qərarı ilə (noyabr 2007) 2009-cu il üzrə “İslam mədəniyyətinin paytaxtı” elan olunub. İl ərzində Azərbaycan paytaxtı bir çox beynəlxalq əhəmiyyətli mədəniyyət tədbirlərinə ev sahibliyi etdi.

19 fevral 1949 - Ədəbiyyatşünas, tərcüməçi, publisist, filologiya elmləri doktoru Adilxan Hüseynəli oğlu Bayramov anadan olub. Səməd Vurğunun yaradıcılığına, Tiflis Azərbaycan Teatrının tarixinə dair tədqiqatların, muzey işi və s. mövzularda araşdırmaların müəllifidir.
19 fevral 2007 - Prezident İlham Əliyev “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam imzalayıb.

20 fevral 1920 - Xalq artisti, aktyor Səməd Məmməd oğlu Mövləvi (1900 -3.2.1962) anadan olub.
20 fevral 1928 - Tanınmış şair, dramaturq Əliağa Kürçaylı (Əliağa Həsənağa oğlu Vəliyev, 1928 - 11.2.1980) Salyan rayonunun Kürqaraqaşlı kəndində doğulub. Onlarla şeir kitabının müəllifi olan şair həm də rus ədəbiyyatından gözəl poetik tərcümələrin müəllifidir.
20 fevral 1935 - Şərqşünas, dilçi alim Şulan İsmayıl oğlu Şirəliyev anadan olub.
20 fevral 1938 - Dilçi alim, türkoloq Cəfər İsmayıl oğlu Cəfərov (1938 - 20.12.1996) anadan olub.
20 fevral 1938 - Xalq artisti Arif İmran oğlu Babayev Ağdamın Sarıhacılı kəndində doğulub. Muğam operalarında Məcnun, Kərəm (Ü.Hacıbəyli - “Leyli-Məcnun”, “Əsli və Kərəm”), Aşıq Qərib (Z.Hacıbəyov - “Aşıq Qərib”) və s. rolların bənzərsiz ifaçısı olub. “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb. Azərbaycan Milli Konservatoriyasının professorudur.
20 fevral 1984 - Görkəmli bəstəkar, SSRİ Xalq artisti Fikrət Məşədi Cəmil oğlu Əmirov (22.11.1922 - 1984) vəfat edib. Simfonik muğam janrının yaradıcısıdır (“Şur”, “Kürd-Ovşarı”, “Bayatı-Şiraz”), “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu”, “Sevil” operası və s. musiqi əsərlərinin müəllifidir. Bəstəkarın «Min bir gecə» baleti dünya musiqi xəzinəsinin inciləri sırasına daxildir. “Böyük dayaq”, “Mən ki gözəl deyildim” və s. filmlərə musiqi yazıb.

Dünya

18 fevral 1564 - Böyük italyan rəssamı, heykəltəraş, memar, şair, Avropa İntibah dövrünün görkəmli sənətkarı Mikelancelo Buonarrotti (Michelangelo di Francesci di Neri di Miniato del Sera i Lodovico di Leonardo di Buonarroti Simoni, 6.3.1475 - 1564) vəfat edib.
18 fevral 1780 - Rus rəssamı, məişət boyakarlığı janrının banilərindən biri Aleksey Venesianov (1780-1847) anadan olub.
18 fevral 1836 - Hind filosofu və dini lideri, induizmin islahatçısı Ramakrişna (Şri Ramakrişna Paramaxamsa, 1836-1886) anadan olub.
18 fevral 1932 - Çex əsilli məşhur Amerika kinorejissoru və ssenaristi Miloş Forman (Milosh Forman - Jan Tomash Forman) anadan olub. Rejissorun “Qu quşunun yuvası üzərindən uçuş” filmi (1975) 5 “Oskar”a, “Amadey” filmi (1984) 8 “Oskar”a layiq görülüb.
18 fevral 1934 - Rusiyanın Xalq artisti, sirk ustası Muxtarbek Kantemirov anadan olub. “Azərbaycanfilm”də “Qorxma, mən səninləyəm” filmində Rüstəm rolunda çəkilib.
18 fevral 1954 - Məşhur Amerika kinoaktyoru Con Travolta (John Joseph Travolta) anadan olub. Filmləri: «Şənbə axşamının həyəcanı», «Kriminal qiraət», «Sifətsiz», «Əsas rənglər» və s.

19 fevral 1743 - İtalyan bəstəkarı, simli kvartet musiqi janrının banilərindən biri Luici Bokkerini (Luigi Boccherini, 1743-1805) anadan olub.
19 fevral 1821 - Alman dilçi alimi, linqvistikanın tanınmış simalarından biri Avqust Şleyxer (August Schleicher, 1821-1868) anadan olub.
19 fevral 1878 - Məşhur Amerika ixtiraçısı Tomas Edison (1847-1931) ilk səsyazma çihazını - fonoqrafı icad edib.

20 fevral 1729 - Rus peşəkar teatrının banisi, aktyor Fyodor Qriqoryeviç Volkov (1729-1763) anadan olub.
20 fevral 1884 - Polyak yazıçısı, şair və dramaturq Yaroslav İvaşkeviç (1884-1980) anadan olub.
20 fevral 1925 - Amerika kinorejissoru, ssenarist Robert Oltmen (Robert Altman, 1925-2006) anadan olub. Avropanın üç əsas festivalının (Kann, Venesiya, Berlin) qalibi olmuş yeganə amerikalı rejissordur.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar