Azərbaycan

21 fevral 1906 - Tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Həbib Ələkbər oğlu İsmayılov (1906 - 31.12.1966) Naxçıvanda doğulub. Azərbaycan kinosundə dəyərli yeri olan ekran əsərlərinə - “Ögey ana” (1958), “Böyük dayaq” (1962) filmlərinə quruluş verib.
21 fevral 1921 - Xalq rəssamı, Dövlət mükafatı laureatı Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə (1921 - 20.12.2014) Xızıda, yazıçı Seyid Hüseynin və şairə Ümgülsümün ailəsində anadan olub. "Nizami Gəncəvi və dünya mədəniyyəti” silsiləsi, Qətran Təbrizinin, Xurşudbanu Natəvanın portretləri, “1937-ci il repressiyasının qurbanları”, “Hüseyn Cavidin aləmi” triptixi və s. əsərlərin müəllifidir.
21 fevral 1921 - Xalq rəssamı Böyükağa Mirzəzadə (1921 - 3.11.2007) Bakıda anadan olub. Yaradıcılığa tematik tablolarla başlayan rəssam portret janrında da uğurlu nümunələr yaradıb, bir sıra teatr tamaşalarına bədii tərtibat verib.
21 fevral 1955 - Tarzən, Əməkdar artist Elxan Bəhram oğlu Mənsurov anadan olub.
21 fevral 1997 - Görkəmli tarixçi və şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov (21.12.1923 - 1997) dünyasını dəyişib. Uzun illər Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna rəhbərlik edib. Akademiyanın vitse-prezidenti (1990-1997), Milli Məclisin deputatı (1995-1997) olub.

22 fevral 1869 - Böyük yazıçı, dramaturq, jurnalist Cəlil Məmmədquluzadə (1869 - 4.1.1932) Naxçıvanda doğulub. Realist hekayələri ("Poçt qutusu", “Usta Zeynal”, “Qurbanəli bəy”), povestləri ("Danabaş kəndinin əhvalatları”), dram əsərləri (“Dəli yığıncağı”, “Anamın kitabı”), məşhur "Ölülər" tragikomediyası ilə Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verib. 1906-1932-ci illərdə (müəyyən fasilələrlə) nəşr etdirdiyi "Molla Nəsrəddin" jurnalı ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.
22 fevral 1898 - Ədəbiyyatşünas alim, akademik Feyzulla Səməd oğlu Qasımzadə (1898 - 29.3.1976) anadan olub.
22 fevral 1917 - Yazıçı-dramaturq, publisist Yusif Əhmədulla oğlu Əzimzadə (1917-1984) anadan olub. “Çiçəklər səltənəti”, “Anacan”, “Nəsrəddin”, “Aprel səhəri” və s. pyeslərin müəllifidir, rus ədəbiyyatından tərcümələr edib.
22 fevral 1924 - Bəstəkar, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərov (1924 - 21.1.2000) Şuşada doğulub. «Ulduz», «Özümüz bilərik», «Olmadı elə, oldu belə», «Milyonçunun dilənçi oğlu», «Həmişəxanım» operettalarının, «Bahadır və Sona», «Solğun çiçəklər» operalarının, mahnıların müəllifidir.

23 fevral 1909 - Azərbaycan ədəbiyyatı tarixinin görkəmli tədqiqatçısı, akademik Həmid Məmmədtağı oğlu Araslı (1909-20.11.1983) Gəncədə anadan olub.
23 fevral 1911 - Xalq artisti, rejissor, Azərbaycan musiqili teatrının yaradıcılarından biri Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (1911 - 23.5.1987) Şuşada doğulub. Milli Dram Teatrının rejissoru, Musiqili Teatrın, Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru olub. “O qızı tapın”, “Axırıncı aşırım” və s. filmlərdə çəkilib.
23 fevral 1927 - Xalq artisti, aktrisa Roza Heydər qızı Cəfərxanova Ordubad rayonunda anadan olub. 1948-ci ildən Naxçıvan teatrında fəaliyyət göstərib.
23 fevral 1928 - Coğrafiyaşünas alim, akademik Budaq Əbdüləli oğlu Budaqov (1928 - 1.11.2012) Ermənistan SSR Zəngibasar rayonu Çobankərə kəndində doğulub. Toponimika, landşaftşünaslıq və s. sahələr üzrə tədqiqatların müəllifidir.
23 fevral 1943 - Şair, publisist Səyavuş Əli oğlu Sərxanlı (1943-2005) anadan olub.
23 fevral 2003 - Xalq artisti Həsənağa Turabov (24.3.1938-2003) vəfat edib. 1960-cı ildən ömrünün sonuna qədər Akademik Dram Teatrında çalışıb, 1987-2001-ci illərdə teatra rəhbərlik edib. Bir çox filmlərdə (“Yeddi oğul istərəm”, “Babək”, “Qəm pəncərəsi” və s.) unudulmaz obrazlar yaradıb, rejissor kimi “Qaçaq Nəbi” (“Atları yəhərləyin”) filmini çəkib.

24 fevral 1864 - Mütəfəkkir, yazıçı, tərcüməçi, şair, rəssam, həkim, ictimai xadim Əli bəy Molla Hüseyn oğlu Hüseynzadə (1864-17.03.1940) Salyanda doğulub. Peterburq və İstanbulda ali təhsil alıb, Bakıda «Həyat», «Kaspi» qəzetlərinin, «Füyuzat» jurnalının redaktoru olub. 1910-cu ildən Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib. Ə.Hüseynzadənin təbliğ etdiyi «türkçülük, çağdaşlıq və islamiyyət» fəlsəfəsi Azərbaycanın üçrəngli bayrağının ideoloji əsasını təşkil edir.
24 fevral 1881 - Görkəmli şair, yazıçı Abdulla Şaiq (Abdulla Mustafa oğlu Talıbzadə, 1881-24.7.1959) anadan olub. Azərbaycan uşaq ədəbiyyatına böyük töhfələr verib. «Gülzar», «Milli qiraət kitabı» və s. dərsliklər yazıb, ali məktəblərdə ədəbiyyat tarixindən dərs deyib.
24 fevral 1934 - Xalq rəssamı, professor Cəmil Mir Yusif oğlu Müfidzadə anadan olub. “İçərişəhər”, “Abşeron nefti”, “Xınalıq”, “Misir təəssüratları” və s. silsilə əsərlərin müəllifidir.
24 fevral 1934 - Tanınmış aktyor Bahadur Əliyev (1934-2002) Masallı rayonunun Sığıncaq kəndində anadan olub. “Ulduz” (Qədir), “Böyük dayaq” (komsomolçu), “Axırıncı aşırım” (Eyvaz) və s. filmlərdə çəkilib, filmlərin səsləndirilməsində iştirak edib.

Dünya

21 fevral Beynəlxalq Ana Dili Günüdür (International Mother Language Day). 1999-cu ildə UNSECO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması məqsədilə təsis edilib. UNSECO-nun məlumatına görə, dünyada 6 minə yaxın dil var və onların yarısı yox olmaq təhlükəsi qarşısındadır.
21 fevral 1925 - Amerika kinorejissoru, vestern janrının tanınmış simalarından biri Sem Pekinpa (David Samuel "Sam" Peckinpah, 1925-1984) anadan olub.

22 fevral 1788 - Alman filosofu, irrasionalizmin banilərindən biri Artur Şopenhauer (Arthur Schopenhauer; 1788-1860) anadan olub.
22 fevral 1810 - Polyak bəstəkarı və pianoçusu, romantizmin parlaq nümayəndəsi Frederik Şopen (Frederic François Chopin; 1810-17.10.1849) anadan olub. Bəzi mənbələrdə bəstəkarın doğum tarixi 1 mart göstərilir. Vals, noktürn, ballada, sonata, polonez və digər janrlarda əsərlərin müəllifidir.

23 fevral 1685 - Alman bəstəkarı Georq Hendel (George Frideric Handel; 1685-1759) anadan olub.
23 fevral 1889 - Amerika rejissoru Viktor Fleminq (Victor Fleming, 1889 - 1949) anadan olub. “Küləklə sovrulanlar” filminə görə “Oskar” mükafatı alıb.
23 fevral 1944 - Rus aktyoru, SSRİ Xalq artisti Oleq Yankovski (1944-2009) anadan olub. Filmləri: “Həmin o Münhauzen”, “Mənim nəvazişli zərif heyvanım”, “Məşuq”, “Çar” və s.

24 fevral 1786 - Alman yazıçısı, folklorşünas-filoloq Vilhelm Qrim (Wilhelm Karl Grimm (1786-1859) anadan olub. Qardaşı Yakob Qrim (1785-1863) ilə birlikdə alman nağılları toplusunu hazırlayıblar.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar