Geniş maarifçiliyi, gözəl poeziyası, aydın-ağsaqqal ziyası ilə xalqını qalxıma səsləmiş Abdulla Şaiq...

1881-də doğulub 1959-da dünyasını dəyişmiş bu elm-sənət ağsaqqalımız 1920-1991 olum-ölümlü “partiya və hökumətimiz” tərəfindən ikicə kərə yad edilibmiş; biri iyirmi il can qoyduğu gimnaziyanı camaatın “Şaiq nümunə məktəbi” adlandırması istəyini rəsmiləşdirməsi zamanı, digəri - “Ədəbiyyat və maarif sahələrində 55 illik xidmətlərini nəzərə alaraq”, onu “Əməkdar incəsənət xadimi” adıyla təltif edərkən...

Xalqımız isə bu cəfakeş pedaqoqu, Vətən balalarının bənzərsiz müəllim-şairini, millət, ədəbiyyat, sənət, mədəniyyət ağsaqqalımızı öz sevgi və xatirat təltifatlarıyla kifayət qədər dəyərləndirib. Özü də bu qəbil mükafatlar onu elə uşaqlıqdan “təqib” edib. Tiflisdəki altısinifli şəhər müsəlman məktəbində müəllimlər nadinc uşaqlara “düz otur”, “ağıllı ol” məzmunlu trafaret “tərbiyələr” əvəzinə, “Abdulla kimi ol”, “bu sinifdə yaş və boy-buxunca ən balacamızdan nümunə götür” deyərmişlər. On iki yaşında ikən ailəsilə Xorasana köçüb, orada tarix, məntiq, psixologiya elmlərinə, Azərbaycan, Şərq və rus ədəbiyyatının əsaslarına necə səylə yiyələnirsə, dövrün məşhur ziyalısı Yusif Ziya “mən öz məktəbimdə bu fərasətdə uşaq görməmişəm!” - deyir. Bu “uşaq” özü isə sonralar “Həpimiz bir yuva pərvərdəsiyiz! Həpimiz bir günəş zərrəsiyiz!” deyəcək, gələcəyin bütün uşaqlarının irfan südü kimi qidalanacağı belə-belə misralar yazacaqdı:

Dovşan, dovşan, a dovşan,
Qaçma, dayan, a dovşan!
Qaçma səni sevəndən,
Can kimi bəsləyəndən...

Qəribliyə yaşca uşaq gedib, Vətənə hər mənada böyük qayıdan -

Sənətkar

İyirmi yaşı içində Tiflisə qayıdan, bir il ötər-ötməz - ömürlük məskən salacağı Bakıya gələn Abdullanın növbəti il bir rus ziyalısının çox zəngin kitabxanasını alması faktı ətrafa onun ilk “yaradıcılıq” nümunəsi kimi səs-səda yayır. O, daxili aləmində, ev-eşiyində sənət, maarif çınqılarından alovlanma ərəfəsində ikən, siyasi bayırda inqilabi hadisələr, bir-birinə qarışmış milli və idxali azadlıq çağırışları, ittihad-intibah çarpışmaları baş verirmiş. Çoxları üçün yumruq, süngü, “doklad” və digər macəravi maraqlarla keçən o illər Abdulla Şaiq dünyagörüşünə yeni elementlər nəqş edir. O, bütün bu olaylar içində milli ötənək-gələnəklərə dair sevgi dolu dirçəliş yoluna qədəm qoyur, maarifçi-pedaqoq, romantik şair kimi formalaşma kursu keçmiş olur. Bir azdan Vətənini Şərqin ilk azad cümhuriyyəti kimi görəsi şair belə yazacaqdı: “Sevin, sevin, ana Vətən... Artıq oldun Azad-Vətən!”
Hər sözündə-söhbətində, publisistik məqalələrində “mollanəsrəddinçi”ləri dərin hörmət-izzətlə qəbul etsə də, füyuzatçılığı öz məzaq-məramına daha münasib sayan Abdulla Talıbzadə Azərbaycan Xalq Cümhuriyyətini bütün qəlbilə qarşılayıb, alqışlayırdı. Bunu sonralar Məhəmməd Əmin Rəsulzadənin tərtib etdiyi “milli istiqlalın sevincini ilk və çox coşquyla qarşılayanlar” siyahısında Şaiqin adını xüsusi vurğu ilə qeyd etməsi faktı da təsdiqləyir. Bu siyahıya onun rəsmi dövlət qəzeti “Azərbaycan”ın səhifələrində “məktəblər və milliləşdirmə” kimi çox mühüm bir problem-məsələ haqda silsilə məqalələrini də əlavə edə bilərik. O, Bakı Dövlət Universitetinin yaranmasının necə böyük ümumxəlqi hadisə, milli sərvət olmasını kütlə beyninə də layiqincə çatdırmaq üçün səhnəyə “Tələbə həyatı” adlı maraqlı, baxımlı bir dram əsəri çıxardı. Səsləniş-sözlənişləri belə düşüncələrə dad verən “Yeni ay doğarkən”, “Arazdan Turana”, “Türk çələngi” kimi şeirlər yazdı, “Milli qiraət”, “Müntəxəbat”, “Türk çələngi”, “Ədəbiyyat”, “Türk ədəbiyyatı”, “Gülşəni-ədəbiyyat” adlarında dərsliklər, proqramlar hazırladı. Qəlbində müdam süsləyib-bəslədiyi Vətən, xalq, ana torpaq sevgilərini misra-misra qələmlədi:

Beş dünyanın vəhşiləri toplansa,
“Ölüm!”-deyə, “Vətən!”-deyə qoşarız.
Bu torpaqlar qanımızla boyansa,
Nəfərimiz qalınca öc alarız!..


Və... maraqlıdır, bunca milli-ictimai, xəlqi-maarifi fəaliyyət göstərmiş, dövrün məcburi internasionalizm çağırışlarına deyil, yalnız mənsub olduğu millətin özgür oyanış-yüksəlişinə işləyən ədəbi-bədii nümunələr yaratmış, dünənki milli hakimiyyətə ürəkdən xidmət və aşiqlik etmiş bu fədakarı sonrakı “partiya və hökumət” öz “vraqnarod” dəftərinə salıb məhv etməmişdir. Görəsən, nədən? Şaiqşünaslıq nümunələrində, digər tədqiqat və oçerklərdə bunun ciddi bir “çünki”silə rastlaşmadığımdan, belə bir “ona görə” ehtimalındayam ki, görünür, öz qələm, düşüncə və təşəbbüslərilə bərabər, hər müsahibini, nəticə etibarilə xalqı oyadan nurlu, sadədən sadə, aydından aydın çöhrəsi dövrün mürəkkəb və qaranlıq simasızlarını belə ovsunlayıb, qəzəblərini çaş-baş salırmış. Bu məqamda müasir şairlərimizdən birinin (Vahid Əziz) iki misrasını da sözümə qüvvət gətirim: “Tütək neyləyibsə, canavarı da - sürüdən uzaqda yuxu tutubdur”...
Bu təkrarsız insanın, başdan-başa obrazlılıq mücəssəməsinin həyat və yaradıcılıq aləmi mənə də bir obrazlı deyim təlqin edir; dövr yarım“tələbə”, Abdulla Şaiq isə -

Bütöv müəllim...

1906-cı ilin avqustunda Bakıda birinci müəllimlər qurultayının keçirilməsi faktı oxucularımızın çoxuna məlumdur. Amma, yəqin, çox az adama bəllidir ki, 25 yaşlı Abdulla müəllim o qurultayın nəinki təkcə fəal iştirakçısı, geniş məruzəçisi, işgüzar təşkilatçısı, həm də bu tədbirin üç təşəbbüskarından biri olub. Və qurultay dövrün nəhəng ictimai simaları (Həsən bəy Zərdabi, Firudin bəy Köçərli, Süleyman Sani Axundov və b.) ilə bərabər, gənc Abdulla Şaiqi də seçdiyi komissiyaya daxil edir və Azərbaycan dilində müvafiq proqram hazırlamağı onlara tapşırır. Növbəti ilin sonlarından başlayaraq, ana dilimizdə “qaranquş”-dərsliklər nəşr edilməyə başlayır, sonrakı tariximizə “H.Z.Tağıyev - N.Nərimanov deyişməsi” (mübahisəsi) kimi düşən “dil bəlası - məktəb davası” məsələsi həllinin bünövrəsi qoyulur. Daha mərkəzin ütülü-kraxmallı nöqtələrində, foye və dəhlizlərdə Azərbaycanlı müəllimlərin milli hissiyatına toxunan yarı doğma, yarı yad dilli atmacalar, lağlağılar da yavaş-yavaş yığışdırılır. O günlərədək siniflərdə Azərbaycanca danışmaq yasaq olduğundan müəllimlər “musurman” uşaqlarını başa salmağa çətinlik çəkirdilər. Həmin çətinlikləri təsəvvür etməkçün uşaqların “sabaka laet” nə deməkdir” sualının “məşhur” cavablandırılma nümunəsini (sözlə yox, səslə - “ham-ham”!..) xatırlamaq kifayətdir. Və... hər bir millətin doğal haqqı olan bu istək, məsələyə Abdulla Şaiqin də böyük mücadilə əzmi ilə qatılması sayəsində öz hədəfinə çatır; öncəki yarımbaşlıqda bir qisminin adını çəkdiyim anadilli dərsliklər, xüsusən də “Əlifba” mübarəkimiz meydana gəlir.
Əslində, sırf ədəbi-bədii əsərlər yaratmaq üçün doğulmuş Şaiqi bu kimi sahələrdə fəaliyyətə sövq edən heç bir sənətdən kəm olmayan millilik “sənət”i idi. Əvvəli çox böyük gələnəklərlə süslənmiş, son yüz ilə yaxın bir dönəmdə isə az qala başdan-başa öygüsüz öyrənciyə, tələbsiz tələbəyə çevrilmiş bu millətə Şaiq kimi intibahçı müəllimlər gərək idi.
O, “Məktub yetişmədi”, “Köç”, “Daşqın”, “İntiharmı, yaşamaqmı”, “Göbələk”, “İblisin hüzurunda”, “Dursun” kimi bir çox qüvvətli hekayə, povest, romanlar da yazıb, “Hürriyyət pərisi”, “XX əsrə xitab”, “Niyə uçdu”, “Bir quş” kimi gözəl poeziya nümunələri yaradıb, təkrarsız tərcümələr edib. Lakin, yenə də, onun ən böyük əsəri mübariz maarifçiliyi, milli ağsaqqallıq-müəllimliyi idi...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar