“heç bir baş rol oynamamış” (əslində, qıyılmamış) Mustafa Mərdanov da fenomen!..

Özü də o buna - küll-tamaşaçı qəlbindəkı fenomenallığa səhnə rollarından əvvəlki yollarından başlayıb. Güneyimizdə (Mərənd, 1894) doğulub və özünü anlayıb-ayılcaq, valideynlərinə anladıb ki, oralar onun könlündəki arzulara dar gəlir. Tiflisə köçüblər və 27 yaşında o, oradakı Azərbaycan teatrının rəhbəri olub...

Deməzsizmi, statistik dünyamızda, xaotik həyatımızda tam başa düşülməsinə cəhd etdiyimiz, hətta bir çoxunu bu “diri” dünyadan o birinə apardığımız qədər qəliz işlər, müəmmalı avtorollar var ki!..
Bu yazını ona görə belə bir “təbiət təsvırı” ilə başladım ki, səhnədə və ekranda “baş qəhrəman” oynamamış bu yazı qəhrəmanımızın özü də “50 il Azərbaycan səhnəsində. Xatirələrim” kitabında bunlardan bir neçəsinə toxunub. O ki qaldı iki abzasda üç dəfə toxunduğum baş rol “iş”i məsələsi, - bunda rejissorları qınamaq da olar, anlamaq da. Yəni əgər hamı üçün şəffaf şairlərdən biri adicə zurna çalmaq qabiliyyətini üç fazada (biri “elə” çalır, biri “belə” çalır, biri isə elə!..) görürsə, müəyyən mənada “anklav”-məkan hakimləri olan rejissorlar nədən öz “mən”lərini sənə, ona, onlara qarşı (bəzən sənət, bəzən də özləri naminə) qoymasınlar?..
Mədəniyyət aləmində də (yəni ictimai-siyasi müstəvidən kənarda) “mən də yer üzünün bir allahıyam!” düşüncəlilər ayrı-ayrı adamlara, zaman nəsillərinə nəsə edə bilsələr də, böyük sənəti əyləməyə gücləri yetməz. Nüvəsi, məzaq-marağı adamları etik-estetikləşdirib kamili-insanlaşdırmaq, bir parasını yerdən-yerindən ucalda-ucalda göyləndirmək, bir qismini sadəcə əyləndirmək olan əsl sənəti uzun müddətə əyləmək çətin məsələdir. Beləliklə, Allah bir kəsi o biri kəsin gözündən yox, öz nəzərindən salmasın. Necə ki, Tanrı Mustafa Mərdanovu da bu mərtəbədə görüb və ömrü boyu baş rol “nominasiya”sına layiq bilinməyən bu bəndəsinə heç zaman əksilməyəsi ümumtamaşaçı sevgisi əta etdi... Birmənalı söyləmək olar ki, o, bu dünyaya sənətkarlıq üçün doğulmuşdu və sənət üçün də yaşadı. Bunu ona görə vurğulayıram ki, başqa heç nə bacarmayıb səhnəyə çıxanlar, adını qulaqlara eşitdirmək, üzünü gözlərə göstərməkçün sənətə gələnlər də olur. Mustafa Mərdanov kimi sənətlə yoğurulmuşları isə səhnə-ekran özü çağırır (yəqin, bizim kimilərin qulaqlarının eşitməyəcəyi səs, gözlərimizin sezməyəcəyi işarətlərlə)...
Deyirəm, əks təqdirdə, əbədiyaşar filmimizdə fağır Məşədi İbadı məhkəmə iztirabına da məruz qoymaq istəyən bu sənət hakimini incidənlər də -

Əbədi məhkəməlik...

Nədən ki, Mustafa Həşim oğlu Mərdanov bütün şüurlu həyatını sıradan-sıravi bir ömür kimi yox, əsl milli ədəb-ərkan, elm-irfan məcmusunda yaşayıb. Hələ gənc ikən, sənət dostlarının xatirələrindən bir fraqmentlə desək, “bir ayda birillik inkişaf artımı” ilə ətrafında heyrətdoğurucu müsbət rəylər doğurub. 1924-cü ildə Bakıya gəlib, Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətə başlayır, sonra təhsil dalıyca Moskvaya gedir. Dövrün böyük mədəniyyət mərkəzi olan Tiflis ilmələrini Moskva aləmilə zənginləşdirib geri qayıtcaq, teatr sənətimizin inkişafı naminə istedadından, fantaziyasından gələni əsirgəmir.
Tezliklə yüksək aktyorluq texnikası, obrazı özününküləşdirmək bacarığı, “yumşaq yumor”, “donuq qaynarlıq” kimi xarakterik cizgilərilə “yeni məktəb”lərdən birinə çevriləsi Mustafa Mərdanovun “sənət-səhnə əlifbası” dövrlərində - hələ ilkin rollarında belə klassik ənənələr güclü imiş. Ətrafındakı böyük sənətkarlar, Azərbaycanın formalaşmış aktyor məktəbi onun üçün də əsl təcrübə məktəbinə çevrilibmiş. Tiflis teatrında "Hacı Qara", "Yağışdan çıxdıq, yağmura düşdük", "Nadir şah" və digər populyar tamaşalarda Kərəməli, Qəmbər, Ədhəm kimi maraqlı rollarla məşhurlaşmış gənc aktyor Bakı teatrında daha ciddi, daha mürəkkəb obrazlar yaradır. Onun ifasında Xlestakov ("Müfəttiş") qəzetlərdən düşmür, İmamverdi ("Sevil"), Luka ("Həyatın dibində"), Şmaqa ("Günahsız müqəssirlər"), Poloni ("Hamlet") rolları hər dəfə alqışlarla qarşılanır. Öz gəlişilə milli aktyorluq sənətimizi zənginləşdirən, səhnəmizə yeni, rəngarəng çalarlar gətirən bənzərsiz Mustafa Mərdanov yaradıcılığı həm də böyük bir dövrü əhatə edir və bu, böyük aktyorumuzun filmoqrafiyasını da çizirdi ki, həmin kino çəkilişlərindən üçünü - Həsən bəyi, Məmməd kişini və Murtuzovu -

Bu yazıya da çəkək...

Əlbəttə, “O olmasın, bu olsun”, “Əhməd haradadır?” və “Qanun naminə”.
Amma bu daha məşhur kino-obrazlara qədər siz onun “Bismillah”dakı (səssiz) ekran ilkini - Muzdur Qulunu, bir neçə il sonra “Hacı Qara”dakı Kərəməlini və digər rollarını da xatırlayın, mənsə əlavə edim ki, epizodik rollar dahisi olan bu sənətkar “Əhməd haradadır” kimi komediyaməcaz bir filmdə o, qızının nişan üzüyünü qaytarmaq məcburiyyətində qalan valideyni adi atalıq halında deyil, bioloji-sosioloji məcnunluq halətində yaratmışdır! “Qanun naminə”dəki Murtuzovu isə bu tip “adam”lardan ibarət bir “ictimai” icmanın vizual-kompleksal ifşası! Ancaq...
Yox, bu növbəti obrazından bəhs üçün ayrıca bir abzas açmalı və deməli ki, aktyorun “İntiligent Həsən”i “O olmasın, bu olsun” kinoşedevrimizdəki bir neçə (!) baş rollardan heç də aşağı deyil. Qüdrətli aktyor ansamblı içərisində öz məxsusi, son dərəcə orijinal ifa tərzilə bütün epizodlarda seçilən Mustafa Mərdanov məşhur “qonaqlıq” səhnəsindəki monoloqu ilə öz bənzərsizliyini bütün çalarları ilə nümayiş etdirib. ...Həmin filmdə onun ən çox işlətdiyi “pardon” ifadəsinə qafiyə ilə desəm, burda bu yazıya son...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar