Azərbaycan

4 mart 1919 - Bakı milyonçusu, mesenat Ağamusa Nağıyev (1849-1919) vəfat edib. A.Nağıyev Bakıda gözəl memarlıq nümunələri olan bir çox binalar inşa etdirib. Bu gün həmin binalarda müxtəlif təşkilat və müəssisələr (AMEA-nın Rəyasət Heyəti, Dövlət Neft Şirkəti, ÜNS teatrı və s.) fəaliyyət göstərir.

5 mart 1925 - Şair, ədəbiyyatşünas İsmayıl Qəhrəman oğlu Cəfərpur (1925-1977) anadan olub.
5 mart 1936 - Ədəbiyyatşünas alim, professor, AMEA-nın müxbir üzvü Yaşar Vahid oğlu Qarayev (1936 - 25.8.2002) Şəkidə doğulub. Milli realizmin təsnifi və tipologiyası, orta əsrlər və XX əsr romantizminin poetikasına dair tədqiqatların müəllifidir.
5 mart 1947 - Filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı (1947 - 9.7.2014) Qubada doğulub. Kitabları: “Dədə Qorqudun qəbrinin izi ilə”, “Mirzə Fətəli Axundzadə və Qərbi Avropa ədəbi-nəzəri fikri” və s.
5 mart 1957 - Xalq artisti Səidə Əbülfəz qızı Quliyeva Bakıda anadan olub. Televiziya tamaşalarında (“Atayevlər ailəsi”, “Bala - başa bəla”), filmlərdə (“Yaramaz”, “Fransız” və s.) maraqlı rollar oynayıb, bir çox filmlərin dublyajında iştirak edib.

Dünya

4 mart 1678 - Məşhur italyan bəstəkarı, skripkaçı, dirijor Antonio Vivaldi (Antonio Lucio Vivaldi, 1678-1741) Venesiyada doğulub. “İlin fəsilləri” (skripka üçün 4 konsert) adlı əsəri ilə şöhrət qazanıb.
4 mart 1925 - Fransız bəstəkarı, aranjimançı, dirijor Pol Moria (Paul Mauriat, 1925-2006) anadan olub. Lirik kompozisiyaları ilə dünya şöhrəti qazanıb.

5 mart 1922 - İtalyan rejissoru, yazıçı, şair Pyer Paolo Pazoloni (Pier Paolo Pasolini, 1922-1975) anadan olub. “Dekameron”, “Medeya”, “Çar Edip” və s. filmləri ilə məşhurdur.
5 mart 1934 - Türk kinorejissoru Halit Refiğ (1934-2009) anadan olub. Filmləri: “Qürbət quşları”, “Hərəmdə dörd qadın”, “Aşk-ı Memnu" (1975) və s.

Hazırladı: Vüqar Orxan