Özü də telesəhnəciklərdən birində dediyi kimi, “yavaş-yavaş” yox, atəş-atəş yandı!

On dörd yaşındaykən qəfil bir sənət qığılcımından od aldı, səhnə-səhnə, ekran-ekran alışdı, günbəgün şölələndi, aybaay ulduzlandı, sənətin “qırxıncı qapı”sını açıb əsl sənətkarlıq butasına yetdi, məşhuri-cahanlıq murazına çatar-çatmaz, yanıb kül (bəlkə gül?) oldu...
O zaman Bəşir Səfəroğlunun - səhnəyə on dörd yaşında qalxan, bütün Azərbaycan tamaşaçısının yaddaşında yaşayan yüzlərlə ləzzətli replikalarından biri də “vur, vurum!” olan bu müqtədir aktyorumuzun - vur-tut, qırx üç yaşı vardı...


Sənət vurğunu, səhnə aşiqi idi Səfəroğlu. Özü Məcnun idi, oynadığı bütün “özgə”lər Leyli. Səhnəmizdə onsuz da az olan məcnunlar içərisində Füzuli Məcnunu kimi seçilib Bəşir Səfəroğlu. Elə ömrünün sonunda - dünyadəyişim “rolu”nda da Füzuli könlündəki duyğulardan birinə yönəlilik olub: “Rəhmət sənə Füzuli, öldün, - əfğanınla xəlqə əziyyət vermədin!”...
Xəmiri tamamilə aktyorluq aktları, sənətkarlıq iksirilə yoğurulmuşdu Bəşir Səfəroğlunun. Dramaturji materiallar onun ifasında yeni-yeni ştrixal dillər, rejissura nizamları onun jestlərində əlavə dinamikal-mozaikal güllər açırdı.
Və mən ilk gəncliyimdə bir tamaşaçısı kimi heyrətlənərdim, sonralar vurğun-maraqlısı olaraq düşünərdim, bu an isə növbəti oçerkisti qismində fikirləşirəm ki, ayrıca bir canda bu qədər rəngarənglik hardanmış?

Baxaq, görək...

Bunları görmək üçün mütləq onun hələ sadəcə Bəşir Səfər oğlu Səfərov olduğu dövrə baxmaq gərək. Bu isə bütöv bir ərəfə epopeyasıdır. Adi yazı-pozu mayasına, yaşıl-yaşam dramaturgiyasına sığışmayan epopeya. Azadlıq, rahatlıq, sərbəstlik, xeyli dərəcədə xoşbəxtlik qədər-qismətindən başını qaşımağa macal tapmayan indiki uşaqlıq, gənclik, habelə iş-peşə, sənətkarlıq dövrü ilə onun - zülm-məşəqqətləri daşımağa güc tapmayan yeniyetməlik, gənclik dövrünün fərqini müqayisə etmək - nə demək?!
Cismani ölümündən yarım əsrədək vaxt ötmüş bu həmişəyaşar sənətkar haqda rəngsiz, obrazsız sənəd dili ilə yazmalıyıq ki, o, bir bəndə olaraq 11 mart 1925-ci ildə (Bakıda) doğulub. Bəs (sənət ehtişamı istisna olunmaqla), tale olaraq?..
Bəli, sonraların bu boyda sənətkarının sənəd tarixçəsi təbii-təbəssümlü, şaqraq gülüşlü, azad düşüncəli sənət üzünə yox, hirsli-hikkəli, yalan mayalı, dəmir qaş-qabaqlı siyasət üzünə doğulub. Hələ ictimai-sosial mənşə “maddə”si! Ailə vəziyyətinin ağırlığı onu orta məktəbin yeddinci sinfindən uzaqlaşdırmalı olub. On üç-on dörd yaşlarında dolanışıq çətinlikləri, repressiya gərginliklərilə ləbaləb həyat səhnəsindən sürücülər klubunun dram dərnəyi səhnəsinə qalxıb. On altı yaşında... qazamatdan da ağır mülki həyatdan bezərək, könüllü olaraq dünyanın faşizm dramına - müharibəyə yollanıb və 1942-ci ildə kontuziya “təltifat”ı ilə geri qayıdıb.
“Geri” dediyim bu ünvan başqa adla Vətən...
Burada onu nə gözləyirdi ki?.. Dil tutulub, qulaqlarsa çox ağır eşidir. Bəs nə etməli? Üzünə heç bir söz, fikir deyə bilmədiyi, çığırtı-gumbultularından savay heç bir səsini eşitmədiyi bu dünyanın sənət-səhnə yarına necə qovuşmalı? Bir müddət keçir, qulaqları, özü demişkən, “pıçıltılara yatmasa da, qıcırtıları antenalaya bilir”. Lakin “dərdini izhar edəsi orqan” açılmır ki, açılmır. Bir müddət yük maşını sürməli olur. Və sən demə, lalın dilini tək elə analar yox, yaxşı insanlar da bilirmiş: onun istedadına yaxşı bələd olan rejissor Niyaz Şərifov məsləhət görür ki, müntəzəm olaraq teatr tamaşalarına gəlsin. Bir neçə ay sonra isə həmin “xilaskar mələk” “kəkələmə rollarına cəlb edilə bilər” ehtimalı ilə onu truppaya aktyor qəbul edir. Yaradıcılıq ehtirası ilə alışıb-yanan, bu uğurdan bir qədər də həyəcanlanan Bəşir bu “kömür ömür” və “sevincdən xali” talenin bu iztirablı, gərgin “ssenari”silə gündüzlər həmin teatra gedib-gəlir, gecələr isə haman “hər dərddən yaman ələm”lə yatıb-dururmuş. Və bir gecə yuxuda necə bir zəlzələvi həyəcan yaşayırsa, oyanıb agah olur ki, dili açılıb!
Elə həmin “kulminasiyalı yuxu” sayəsində bu adi Bəşir qeyri-adi Bəşir Səfəroğlu erasına -

Qədəm qoyur...

Get-gedə irilən, yürüdükcə möhkəmlənən bu başlayış-qədəm qapsamında neçə-neçə şedevr obrazlar yaradışı, taysız-bərabərsiz aktyorluq elementləri, saysız-hesabsız tamaşaçı alqışları, gülüşləri, möcüzeyi-məzə dolu sənət həyatına və... vaxtsız vəfatına rəğmən ikili göz yaşları. Onun güldürdüklərinin istehzayi-təbəssümlərinə səbəb olmaqdan çəkinməsəydim, bu ankı qələm çəkingənliyimi də bunlara əlavə edərdim. Yəni bu qədəmi başlayışdan duracağadək layiqincə təsvir edib, bu korifeyi sağ ikən görməmiş müasir oxucuya çatdırmaq məsələsi! Hansı ki, bu, onun həmin qədəməqədərki çətinliklərdən də betər! Belə ki, valideynləri üçün adi bala kimi doğulan Bəşir, dünyaya “Allahın bəlası” kimi gəlibmiş; fitri istedad ləbaləb, sənətə sevgi siləbəsilə, aqilliyi-qabilliyi zəki-zəki, tökü-tökü. Və... O dövr vurğunlarından (o vaxtlar “fanat” termini kəşf olunmamışdı) birinin dediyi kimi - “üzündə şeytan tükü”...
Onun saysız vurğunlarının dediklərindən birinin havayıdan xatırlatmadım. Belə ki, Bəşir Səfəroğluya elə-belə - yəni dramaturqların söz, rejissorların mizan-düzən qatqarları qatılmadan baxanda da adamın gülməyi gəlirdi. Bu sehrin sirrini tapmaqda aciz olan Allah bəndələri - xalq isə aldığı hədsiz ləzzəti, qaldığı qədərsiz heyranlığı hər ləhzə lənətlədiyi (bu halda “sevdiyi”) abstrakt varlığın tükü ilə bağlayır.
Yeri gəlmişkən, lənət sənə şeytan, cəmisi qırx dörd il yaşamış bu “pir”in otuz ildə yaradıb-yaşatdığı rolları - onlarca “dəyirmi stol” ətrafına sığışmayası yüzlərlə mükəmməl obrazı bu kvadrat səhifənin üçdəiki hissəsinə qail yazımın bir-iki abzasına necə sığışdırmalı? Öz saya fikirlərimlə onların rəngarəng “həngamələrini”, minbir əda-sədalarını nə tövr açmalı? Onun “Durna”dakı Uzun-Qoşun höcətləşməsini - “vur-vurum!” kimi muz-“müharibə”sini necə canlandırmalı? Ustadlıqla yaratdığı - guya eleqant alim, amma cılxa pedant, “həm ciddi, həm şən” Gülümsərovun: “Məni bu işə vadar edənlər tarix qarşısında cavab verəcəklər!” “vəsiyyət”ini necə göyərtməli?..
Bu qəlib-qəbil suallarımdan da bəlli olduğu kimi səhnəmizin əbədi ulduzlarından olan Bəşir Səfəroğlunu da bir qədər “trafaret-təqdimat” formatında təqdim edəsi olacağıq. Belə ki, “Beş manatlıq gəlin”də Möhsün, “Keto və Kote”də Qaradavoy, Çiko, “O olmasın, bu olsun”da Məşədi İbad, Qoçu Əsgər, “Durna”da Uzun, “Ulduz”da Gülümsərov, Qədir, “Gözün aydın”da Səlyanski, Qəhrəman, “Mərdi-xəsis”də Hacı Qara, “Rəisin arvadı”nda Baləmi, “Milyonçunun dilənçi oğlu”nda polis rəisi, “Bizə bircə xal lazımdır”da Səbrəli obrazları Allahın hər qərinədənbir yaratdığı sənətkarlardan olan bu aktyorun yaratdığı obrazların yüzdəbiridir.
...Və onun öz obrazına dair sözün hər iki mənasında -

Sonluq-əlavə...

Əslində, yuxarıda toxunduğum düyadəyişimi məsələsinə münasibətimin davamı. Belə ki, bu sənət Məcnununun dünyadəyişiminə səbəb olan xəstəlik nadir azarlardan olduğu kimi, onun bu mərəzi qarşılaması da məcnunanə-Füzuliyanə olub. Son günədək səhnədən düşməyib, sürəkli alqışları, salonlardan atılan gül-çiçəkləri, replika-komplimentləri “mən ki bu gün-sabahlığam...” ovqatı ilə yox, “sənət əbədidir!” duyğuları ilə qarşılayıb. Yəqin hələ ürəyində həkimlərə “Gəl, sanma Füzuli dərdini asan, ey təbib!” - xitabı da edibmiş...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar