Azərbaycan

10 mart 1873 - Azərbaycan peşəkar milli teatrının yarandığı gündür. Bakıda böyük maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü, dramaturq Nəcəf bəy Vəzirov və aktyor Əsgər ağa Adıgözəlovun (Gorani) fəal iştirakı ilə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası səhnələşdirilib. 10 mart Azərbaycanda Milli Teatr Günü kimi qeyd olunur.
10 mart 1878 - Görkəmli yazıçı, dramaturq, mütəfəkkir Mirzə Fətəli Axundzadə (12.7.1812, Şəki - 1878) Tiflisdə vəfat edib. Yaradıcılığa şeirlə başlayıb, "Puşkinin ölümünə Şərq poeması"nı (1837) yazıb. 1850-1855-ci illərdə yazdığı 6 komediya (“Müsyö Jordan və dərviş Məstəlişah”, “Molla İbrahimxəlil kimyagər”, “Lənkəran xanının vəziri”, “Xırs-quldurbasan”, “Hacı Qara”, “Mürafiə vəkilləri”) ilə Azərbaycan dramaturgiyasının, 1857-ci ildə qələmə aldığı "Aldanmış kəvakib" povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub.
10 mart 1915 - İlk azərbaycanlı balerina, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, professor Qəmər Hacağa qızı Almaszadə (1915 - 7.4.2006) anadan olub. Professional səhnəni tərk etdikdən sonra uzun illər Bakı Xoreoqrafiya Məktəbinin direktoru işləyib.
10 mart 1940 - Xalq artisti, tanınmış xanəndə Canəli Xanəli oğlu Əkbərov Lənkəran rayonunun Tükəvilə kəndində doğulub. Opera tamaşalarında baş rollarda (Məcnun, Kərəm, Aşıq Qərib, Şah İsmayıl və s.) çıxış edib. Gənc xanəndələrin yetişməsinə töhfələr verib, Mədəniyyət və İncəsənət Universitetinin professorudur.
10 mart 1949 - Ədəbiyyatşünas, filologiya elmləri doktoru Nazif Ələkbər oğlu Qəhrəmanlı (1949 - 17.8.2012) Quba rayonunun 1-ci Nügədi kəndində anadan olub.
10 mart 2004 - Xalq artisti, görkəmli sənətkar Nəsibə Cahangir qızı Zeynalova (20.4.1916 - 2004) vəfat edib. 1938-ci ildən Musiqili Komediya Teatrında çalışıb, Züleyxa (“Ulduz"), Cəhri xala ("Altı qızın biri Pəri"), Qızbacı ("Hicran") və s. rolları ilə yadda qalıb. "Ögey ana" (Fatmanisə), "Böyük dayaq" (Telli), "Ulduz" (Züleyxa), "Qayınana" (Cənnət xala), “Yuxu” (Məsmə) və s. filmlərdə maraqlı obrazlar yaradıb.

11 mart 1925 - Xalq artisti, məşhur aktyor Bəşir Səfəroğlu (1925 - 24.3.1969) anadan olub. 1942-ci ildən Azərbaycan Musiqili Komediya Teatrında işləyib, tamaşaçı rəğbəti qazanan obrazlar yaradıb. "Əhməd haradadır?", "Ulduz", “Xoca Nəsrəddinin 12 qəbri" (“Tacikfilm”) və s. filmlərdə çəkilib.
11 mart 1958 - Əməkdar artist Hicran Fətəli qızı Nəsirova Bakının Əmircan qəsəbəsində doğulub. Milli Dram Teatrında, televiziya tamaşalarında maraqlı obrazlar yaradıb.

12 mart 1906 - Xalq şairi, dramaturq, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm (Süleyman Əliabbas oğlu Rüstəmzadə, 1906 - 10.6.1989) Bakıda anadan olub. Kitabları: “Ələmdən nəşəyə”, “Gün o gün olsun ki...”, “İki sahil”, “Durna” (komediyalar), “Təbrizim”, “Azərbaycana gəlsin” və s. Azərbaycan SSR Ali Sovetinin sədri olub.
12 mart 1933 - Xalq şairi Cabir Novruz (Cabir Mirzəbəy oğlu Novruzov, 1933 -12.12.2002) Xızı rayonunun Upa kəndində doğulub. Bir çox şeirlərinə populyar mahnılar (“Cavanlığım”, «Ey həyat, sən nə qəribəsən», “Tələbəlik illəri”, “Tələsin, insanlar” və s.) bəstələnib. Milli Məclisin deputatı (1995-2000) olub.
12 mart 1942 - Fəlsəfə elmləri doktoru, professor, AMEA-nın akademiki Əfrand Firudin oğlu Daşdəmirov Bakıda anadan olub.

13 mart 1899 - Xalq artisti, aktyor Məmmədəli Hacı Heydər oğlu Vəlixanlı (Heydərzadə; 1899 - 12.4.1969) Bakının Fatmayı kəndində doğulub. “Görüş” filmində (Çayçı) çəkilib.
13 mart 1927 - Görkəmli aktyor, Xalq artisti Nodar Şaşıqoğlu (Nodar İzzətoviç Şaşıqoğlu; 1927 - 12.4.2013) Batumi şəhərində anadan olub. Moskva və Sankt-Peterburq teatrlarında, Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb. “Uzaq sahillərdə”, “Əsl dost”, “Bizim küçə”, “Telefonçu qız” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
13 mart 1935 - Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Arif Allahyar oğlu Hacıyev (1935 - 15.4.2000) anadan olub.
13 mart 1994 - Görkəmli aktyor və rejissor Həsən Abbasqulu oğlu Əbluc (22.4.1942, Təbriz - 1994) vəfat edib. Teatr və televiziya tamaşalarında, kinoda (“Qanlı zəmi”, “Tənha narın nağılı”, “Ölsəm... bağışla”, “Pəncərə” (aktyor və rejissor) maraqlı obrazlar yaradıb.
13 mart 1938 - SSRİ hökuməti müttəfiq respublikaların məktəblərində rus dilinin icbari tədris olunması barədə qərar verib.
13 mart 1928 - Tanınmış skripkaçı, Əməkdar artist Azad Həmzə oğlu Əliyev (1928 - 17.8.1994) anadan olub.

Dünya

10 mart 1772 - Alman filosofu, filoloq, dilçi və yazıçı Fridrix Şlegel (Friedrich Schlegel, 1772-1829) anadan olub.
10 mart 1958 - Amerika aktrisası Şaron Stoun (Sharon Vonne Stone) anadan olub. “Əsas instinkt”, “Yolayrıcı”, “Kazino” və s. filmlərdə çəkilib.

11 mart 1544 - İtalyan şairi Torkvato Tasso (Torquato Tasso, 1544-1595) anadan olub.
11 mart 1818 - Fransız əsilli rus baletmeysteri, tanınmış pedaqoq Marius İvanoviç Petipa (1818-1910) anadan olub.

12 mart 1672 - İrland əsilli ingilis yazıçısı, maarifçi ədəbiyyatın banilərindən biri Riçard Stil (Richard Steele, 1672-1729) anadan olub.
12 mart 1728 - Alman rəssamı, klassisizmin tanınmış nümayəndəsi Anton Rafael Menqs (Anton Raphael Mengs, 1728-1779) anadan olub.
12 mart 1737 - Görkəmli rus arxitektoru, rus klassisizminin banilərindən biri Vasili İvanoviç Bajenov (1737-1799) anadan olub.
12 mart 1946 - Amerika aktrisası, müğənni, “Oskar” laureatı Layza Minnelli (Liza Minnelli) anadan olub.

13 mart 1733 - İngilis materialist filosofu Cozef Pristli (Joseph Priestley, 1733-1804) anadan olub.
13 mart 1838 - İtalyan yazıçısı, tarixi romanlar (“Spartak” və s.) müəllifi Rafaello Covanyoli (Raffaello Giovagnoli, 1838-1915) anadan olub.
13 mart 1900 - Yunan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1963) laureatı Giorgos Seferis (1900-1971) anadan olub.
13 mart 1906 - Rus kinorejissoru, ssenarist İsidor Annenski (1906-1977) anadan olub. "Azərbaycanfilm"də çəkilən “Telefonçu qız” filminin (1962) ssenarisini (Həsən Seyidbəyli ilə müştərək) yazıb.
13 mart 1913 - Rus şairi Sergey Vladimiroviç Mixalkov (1913-2009) anadan olub. SSRİ-nin və Rusiyanın dövlət himnlərinin sözlərinin müəllifidir.

Hazırladı: Vüqar Orxan