Ötən yüzillikdə milli rəqs ifaçılığında elə sənətkarlarımız olub ki, onların sayəsində səhnədə əsl sənət inciləri yaranıb. Milli rəqslərimizin mahir ifaçısı, pedaqoq və ilk azərbaycanlı balerina Qəmər Almaszadə belə sənətkarlardandır.
Qəmər Hacıağa qızı Almaszadə 1915-ci il martın 10-da Bakıda anadan olub. Erkən çağlardan rəqsə maraq göstərib. Baletlə məşğul olan uşaqlıq dostu onda bu sənətə maraq oyadıb. Valideynlərindən gizli olaraq rəfiqəsinin məsləhəti ilə bir balet studiyasına yazılır. Evdə isə idmanla məşğul olduğunu bildirir. Lakin bir neçə ildən sonra sirrin üstü açılır. Atası onun bu hərəkətinə əvvəl qəzəblənsə də, bir gün gizlicə teatra gedir və qızının çıxışlarına tamaşa edir.
Beləcə Qəmər 15 yaşında səhnə fəaliyyətinə başlayır. Ali xoreoqrafiya təhsili almaq məqsədilə 1936-cı ildə Sankt-Peterburqa gedir. Qəmər Almaszadə bu məktəbi bitirən ilk azərbaycanlı xanım olur. Görkəmli sənətkarın keçdiyi həyat yolu, doğrudan da, dərin maraq və təəccüb doğurur. Çünki balerina 30-cu illərin qanlı-qadalı repressiyasından keçərək sənət ulduzuna çevrilib. Əlbəttə, onun üçün bu keşməkeşli yollarda inamla addımlamaq və məqsədə çatmaq heç də asan olmayıb.
O, 1936-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, bir sıra tamaşalarda yaddaqalan obrazlar yaradıb. Peşəkar milli baletin yaradılması və inkişafında əhəmiyyətli rol oynayıb. Qəmər xanım həm də müsəlman Şərqində ilk balerina kimi tarixə düşüb.
Araşdırmalarda oxuyuruq ki, Q.Almaszadə yüksək ifaçılıq məharəti sayəsində klassik xoreoqrafiya ənənələri ilə Azərbaycan xalq rəqslərini ahəngdar şəkildə birləşdirərək səhnədə böyük nailiyyətlər qazanıb. O, balet səhnəsinə təbiilik, gözəllik, cazibədarlıq və məlahət gətirib.
Görkəmli sənətkar uzun müddət Opera və Balet Teatrının baş baletmeysteri olub. S.Hacıbəyovun “Gülşən”, R.Qliyerin “Qırmızı lalə”, P.İ.Çaykovskinin “Yatmış gözəl” və s. balet nümunələrini səhnəyə qoyub. Repertuarında Medora, Odetta, Odiliya, Maşa və başqa partiyalar son dərəcə gözəl və təsirli alınıb.
Q.Almaszadə həm də Azərbaycan Dövlət Filarmoniyasının rəqs ansamblının yaradıcılarından sayılır, 1937-1938-ci illərdə bu ansamblın bədii rəhbəri vəzifəsində çalışıb. Əfrasiyab Bədəlbəylinin 1940-cı ildə yaratdığı ilk Azərbaycan baleti olan “Qız qalası”nın tərtibatını verib. Baletdə Gülyanaq partiyasının ilk ifaçısı kimi də adını tarixə yazıb. O dövrdə Gülyanağın ilk ifaçısının çıxışı çox yüksək qiymətləndirilir, mütəxəssislər tərəfindən heyranlıqla qarşılanır. “Pravda” qəzetinin 25 aprel 1940-cı il sayında Ü.Hacıbəyli baletin tamaşası haqqında yazıb: “İstedadlı balerina Q.Almaszadə ayrıca vurğulanmalıdır. Öz ifasında o, xoreoqrafiya sənətinin çağdaş texnikası ilə xalq rəqsini yaradıcı şəkildə birləşdirə bildi. Onun yaratdığı Gülyanaq surəti inandırıcılığı, dolğunluğu, bütövlüyü ilə seçilir və uzaq keçmişdən bizlərə xatirə kimi görünən azərbaycanlı qadının faciəsinin ifadəsi kimi bizi həyəcanlandırır”.
O, daha sonra Ü.Hacıbəylinin “Koroğlu” və M.Maqomayevin “Nərgiz” operalarında rəqqasə qızı canlandırıb. “Koroğlu” operasında canlandırdığı rəqqasə obrazı haqqında həmişə xoş sözlər deyilib. Onu Azərbaycan səhnəsinin “şahzadəsi” adlandırıblar.
Onu da deyək ki, unudulmaz sənət fədaisi yalnız əsərlərə quruluş vermək və balet tamaşalarında çıxış etməklə kifayətlənməyib. O həm də pedaqoq kimi 1936-cı ildən Bakı Xoreoqrafiya Məktəbində dərs deyib. Milli kadrların hazırlanmasında böyük zəhmətlər çəkib. İfaçılıq fəaliyyətini pedaqoji sahəyə yönəldərək Azərbaycan səhnəsi üçün bir-birindən gözəl, mahir rəqqaslar yetişdirib. Bənzərsiz sənətini və yüksək peşəkarlıq səviyyəsini yetirmələrinə ürəklə öyrədib.
Görkəmli balerina yalnız öz vətənində deyil, ölkə hüdudlarından uzaqlarda - Fransada, Hindistanda, Nepalda yaxşı tanınıb, rəğbətlə qarşılanıb. 1970-ci ildə onu Bağdada xalq rəqsləri ansamblını yaratmaq üçün dəvət edirlər. Beləliklə o, İraqda ilk peşəkar xalq rəqs kollektivini ərsəyə gətirir.
Onun incəsənətimizə verdiyi töhfələr dövlət tərəfindən yüksək qiymətləndirilib. Görkəmli sənətkar 1940-cı ildə respublikanın Əməkdar artisti, 1943-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Aktrisaya 1952-ci ildə Dövlət mükafatı verilib, 1959-cu ildə isə SSRİ Xalq artisti adı alıb. O, 1950-ci illərdə səhnəni tərk etsə də, 90-cı illərin sonuna qədər Bakı Xoreoqrafiya Məktəbinin direktoru işləyib. Qəmər Almaszadə 7 aprel 2006-cı ildə, 91 yaşında dünyasını dəyişib.
Prezident İlham Əliyevin 4 fevral 2015-ci il tarixli sərəncamı ilə milli xoreoqrafiya sənətinin inkişafında mühüm xidmətləri olan səhnə ulduzunun 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq.
Savalan Fərəcov