Süsən sünbül əsimli, şeyda bülbül sədalı, şəbi-hicran ağrılı, dili-vüsal çağrılı...
Sənət səhnələrimizin nəzmisində qönçə gül-çiçəktək idi, nəsrisində “uzun, incə bir yol”, dramaturjisində heyrətamiz qeylü-qal idi - Həsən Əbluc...
Bu mahir aktyor öz sənətkar “mən”inin ilkinci, özgə mətnlərinin ikinci müəllifi təsiri bağışlayırdı hər çıxışında. Hər hansı ədəbi-bədii mətndə sözün özünü dil-ağzıyla, havasını diksio-polifonik nəfəsi, məna-məram “dava”sını qaş-gözüylə çatdırırdı bu sirri-pir olmuş...
...O, kəlmələrin deyilişində elə uyu-duyulanar, sözlərin havasına elə gəlmələr gələrdi ki... Bəzən “Nə gözəlsən, ay gözəl”, - deyib, elə duruxardı, sanki növbəti misranı unudub və ya ən azı o sözlərin yaddaş axtarışındadır. Amma sən demə, o bunu, bizi - tamaşaçıları da - indicə bəyan edəcəyi məlum mətləblə daha yaxın, daha məhrəm-məlhəm bahəmlikçün edirmiş: “ Sən gözəlsən, - Ay gözəl?!.”
...Estetik-etik bir-biçimli, gözəl səs-nəfəsli, ali sənət həvəsli Həsən müəllimin fərdi aləmi böyük ictimai mədəniyyətimizin bu sərhədsiz sahəsinin “dərəsindən zirvəsinə qədər” idi. Söz sənətimizin “Dərsə gedən bir uşaq...” sayaq ilahi “ibtida”sından “Dərd alıb, qəm satıb, nəf eyləmişəm” kimi poetik fəlsəfələrinə qədər...
Bu məqamda onun tale qəza-qədərindəki -
Güneyli-quzeyliliyindən...
Həsən Əbluc Cənubumuzun paytaxtında doğulub. Sənətcə çox cəhətdən orijinal, bəzi nüanslarda tamamilə bənzərsiz bu sənətkar tər-təbiətcə büsbütün o qədim şəhərimizə - Təbrizə bənzəyirdi. İstedad dolu can-qanında, oturuş-duruşunda, yeriş-yürüşündə o özəl-qəzəl şəhəri də gəzdirirdi. Bir üzü Güney, bir üzü Quzey kimiydi. Bunları birləşdirib Bütöv Azərbaycan eləyən, sənət-səhnə fəaliyyətində hər gözəllikdən bir nişanə əks olunan Həsən Əblucda daimi bir “fikri-sonuc” da hiss edilirdi: doğma yurd həsrəti. Deyirəm, bəlkə elə buna görə, səhnələrdə, efir-ekranlarda, hətta “dəxli olmayan” məclislərdə belə - şeirlərinin ifasından doymadığı Məmməd Arazın məlum və məşhur (“Təbriz ağlayırdı...”) bəndlərini həmkarlarının hamısından fərqli bir ululuq-doluluqla söyləyirdi! Belə ki, şairin onsuz da birəbeş hiss-həyəcanladığı (ovaxtlarımızın baş dərdi olan Güney-Quzey əlaqəsizliyi...) ağrını mətləbə müəllifdən bir köynək də yaxın Həsən əlavə göynəklərlə nidalayırdı:
Aşıq Cavan sarılmışdı sazına!
Toy qurmuşdu dünəninin yasına!
O, qəzəbi ya sındıra, ya sına -
Təbriz ağlayırdı dağlar başında!..
Bu misraları söylərkən Həsən Əbluc da iş başında ağlayırdı. Göz Arazı axmadan ağlayırdı...
...O, Vətəninin bu tayında çox istəklərinə yetsə də, uzun illər yurd-yuva vüsalıyla yaşadı. Bir vaxt - hələ 20-25 yaşlarında Filarmoniya səhnəsində Bəxtiyar Vahabzadədən söylədiyi:
Yarım o tayda qaldı,
Yarım bu tayda qaldı,
Toyum burda çalındı,
Yarım o tayda qaldı.
- misralarını 45-50-sində də ekranda elə qiraət etdi ki, deyərdin bəs, vay-vay, bu otaylı “qərib” hələ də subay...
Haçansa qiraətləyəndə ki;
Ey dəvə yal, düşdüm daha belindən,
Ovsar cığır, çıxdın daha əlimdən,
Balam çiçək, bir də öpüm telindən -
Salamat qal, salamat...”, -
deyərdin bəs, bu sənət “bəy”inin məşuqəsi təbiətdi, bütün güllər-çiçəklərsə zürriyyət...
Füzuli dəlisi idi Həsən Əbluc. Yır-yığıncaqlarda “surətxəyal” olardı, məcmu-hicrani nəfəs surətini, məlum qəfəs obrazını xatırladardı. Bəxtiyardan söyləyəndə “ulu dağlar”a bənzəyərdi, Məmməd Arazdan hayqıranda “göy kişnər, bulud ağlar”dı. Ayrılıqdan, qəriblikdən hoylayanda “çeşməli-sulu dağlar”a oxşayardı.
O sayaq ilahi səs-sənət sahibi Azərbaycan teleradiosunun pilləkənlərini elə səssiz, elə təvazökar təhər-tövrlə qalxıb-enərdi ki, sanasan, bu dünyanın göydə quşuna, yerdə hər bəşər başına borcu var; canı qədər sevdiyi xalqına, “Vətən daşı olmayandan - olmaz ölkə vətəndaşı” kimi misralardakı vətəndaşlara ziyalı borcu...
“İti bazarında atından baha, Mən belə dünyanın nəyindən küsüm” kimi misralara özünəməxsus qaş-göz, qırım-durum “ədəva”ları da qatan Həsən -
Mən güneyli oldum, arzum quzeyli,
Ona çatammadım - çalışdım xeyli,
Bəxtiyar, bəxtindən oldun gileyli,
Bu da sənin üçün xoş bəhanədi -
kimi bəndləri öz qiraət əlçatmazlığıyla hər kəs üçün ünçatar edirdi.
Onun adını göstərən titrlərdən, subtitrlərdən də poeziya dalğalanırdı, tamaşaçıya təkrarsız poeziya, qançəkər, şirin-şəkər şeiriyyət vəd edilirdi. İndi xatırladacağım axarı misraları - elə bu misralardakı isim-sifətlər qədər gözəlcə, qəşəngcə söylərdi Həsən Əbluc: “...Sənət səmasında süzür Füzuli, Sənət göylərindən öz qələmiylə - Al-əlvan çiçəklər üzür Füzuli...”
Misralar kimi...
ifa da gözəl-özəl olanda - dinləyici dillənməz, tamaşaçı göz qırpmaz. Belə “qarşılıqlı anlaşma şəraitində” də ki, riyazi inteqrallar da poeziyalaşar!
Bəli, o, tamaşaçını durğu-vurğu “sadə”lərilə elə “şirnikləndirirdi” ki, onlar növbəti (məsələn, “Ey mələksima, səndən özgə hamı heyrandır sana, Həqq bilir, insan söyləməz - hər kəs ki insandır, sana” kimi) “mürəkkəb”lərdən rəncidə düşmürdülər.
Budur, ekran açılır, sehrli şüşənin o üzündən mehrli Səs-Səda saçılır:
Ala gözlüm, səndən ayrı düşəli,
Hicranın qızıyla kef eyləmişəm.
Günüm ahnan-vaynan keçib dünyada -
Dərd alıb, qəm satıb, nəf eyləmişəm!..
Dədə Ələsgərin bu mənəvi-poetik daş-qaş “alver”indəki “nəf”ində Həsən Əbluc elə bir ifa-“investisiya əməliyyatı” aparırdı ki, külli-zövqlər milyonerləşirdi.
Neçə-neçə kinolentlərdə də yaşayır Həsən Əbluc. Abbas Mirzə Şərifzadə haqda çəkilmiş qısametrajlı sənədli filmdə onun səsi xəyali baş qəhrəmanlardan biri kimi canlanmırmı? Səsinin, yaxud özünün yer aldığı “Dəli Kür”ü, “Dantenin yubileyi”ni, “Babək”, “Ən vacib müsahibə”, “Tənha narın nağılı”, “Uşaqlığın son gecəsi”, “Yaşamaq gözəldir, qardaşım!”, “İstintaq”, “Qanlı zəmi”, “Sən niyə susursan?” və onlarla digər filmləri xatırlayaq. Bütün kompleksal lirikası, təbiətin tufansız-küləksiz təsir qüvvəsi, bədii sükut diqtəsi, əsərlərin, yazı-pozuların üç nöqtəsi kimi xatırlayaq. “Qatarda” televiziya tamaşasına səyahətlənək və orada aləmi bir-birinə qatan Dadaşov ilə abrına qısılan bu “müəllim”i müqayisə edək. Kupenin bir oturacağında fırtınalı dramatizm (Yaşar Nuri), digərində - Həsən Əbluc sənətkarlığı timsalında - psixo-müalicəvi lirizm...
Onun dublyaj səsi də özgə bir aləm! Əcnəbi filmlərdəki yad-yad, uzaq-uzaq adamların lad-lad danışıq tərzlərini bizimçün necə də yaxınlaşdırır - bu ali səs-nəfəs ustadı!
Onun özü universitetdə (ADMİU) müəllim, səs-nəfəs aləmi isə bütöv bir universitet idi! O, misraları elə vəsli-vüsal söylərdi ki, sanasan, həm də bütün teleauditoriyaya ustad dərsi keçir. O, deyəndə ki: “Ey daşlaşan, torpaqlaşan ulu babam! ...Səs ver, mənim səsimə sən!” - dinməzcə dinşək kəsilərdin ki... bəlkə bu heyrətamiz Səsə qəflətamiz bir səs verən oldu...
Tahir Abbaslı