Ailələr və talelər

Zemfira Qafarova: “Həyatımızın belə gətirməsində mən daha çox taleyi, zamanı suçlamışam”

Müsahibimiz musiqişünas, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zemfira Qafarova 1942-ci ildə Bakıda məşhur rəssamlar Həsən Haqverdiyev və Güllü Mustafayevanın ailəsində dünyaya gəlib. Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Bəstəkarlar İttifaqının katibidir. Onunla valideynlərinin çətin və uğursuz taleləri barədə söhbət etdik. Ümumiyyətlə, bu yazıda adları çəkilənlərin hamısı Azərbaycanın tanınmış simalarıdır. Onların hər birinin həyatı faciəli “Həsən və Güllü” dastanı ilə bu və başqa şəkildə bağlıdır.

- Zemfira xanım, zəhmət olmasa, atanız Həsən Haqverdiyev haqqında danışasınız. - Mən qabaqlar elə bilirdim atam irəvanlıdır. Sonra öyrəndim ki, atam 1917-ci ildə Güney Azərbaycanda doğulub. Sonra İrəvana köçmüşdülər. 1918-ci ildə orada ara qarışır, ona görə Gəncəyə gəlirlər. 1925-ci ildə isə Bakıda, İçərişəhərdə yerləşirlər. Atam ailədə tək övlad olub. Ailədə bir neçə uşaq doğulub, amma bircə atam sağ qalıb. Bizi ata nənəm böyüdüb, gözümü açıb onu görmüşəm.
Atamla anam 1938-ci ildə ailə qurublar. 1939-cu ildə qardaşım Əli doğulub. Əli altıaylıq olanda - 1940-cı ildə atam hərbi xidmətə çağırılıb. Anam həmişə yanvarın 26-sı olanda deyərdi ki, bu gün mənim üçün ən ağır tarixdir - atanın əsgərliyə getdiyi gündür. Sonra da sovet-alman savaşı başlayıb.
- Atanızla ananız yəqin ki, Rəssamlıq Texnikumunda tanış olublar.
- Hə, elədir. Anam danışırdı ki, atam onu görüb və vurulub, beləcə tanış olublar. Bir-birini dərindən seviblər. Bir gün atam yuxuda danışanda “Güllü” adını çəkib. Nənəm bunu eşidib, Güllünün kim olduğunu soruşub. Atam evin bir övladı olduğu üçün könlünü qırmayıblar, istəyinə qarşı çıxmayıblar. Mən də, Əli də İçərişəhərdə doğulmuşuq, uşaqlığımız orada keçib. Folklorşünas Məmmədhüseyn Təhmasib, rəssam Lətif Feyzullayev, aktyor Məmmədağa Dadaşov və başqaları qonşularımız idi.
- Ananız - Xalq rəssamı Güllü Mustafayeva haqqında nə deyə bilərsiniz?
- Anamın kökü şamaxılıdır, sayılıb-seçilən nəsildəndir. 1902-ci ildə Şamaxıda zəlzələ olanda babamgil Orta Asiyaya - Türkmənistanın Türkmənabad şəhərinə köçüblər. Anam orada doğulub. Babam Hacı Naim Mustafa M.Ə.Sabirlə qohum olub. Nabat nənəm S.Ə.Şirvaninin nəslindəndir. Babam maarifpərvər adam olub, Türkmənistanda qızlar üçün məktəb açıb, Ü.Hacıbəylinin operettalarını tamaşaya qoyub. Orada babamın adına küçə var. Babamın beş qızı olub. Düşünüb ki, qızlar böyüyürlər, onlar yalnız öz millətindən olan oğlanlarla ailə qurmalıdırlar. Ona görə 1927-ci ildə Bakıya köçür, İçərişəhərdə yaşayır.
- Bildiyimə görə, uzun illər atanızın üzünü görməmisiniz...
- 1942-ci ildə atamı orduda yaxşı xidmətinə görə məzuniyyətə buraxıblar. Evə gəlib və mən anamın boynuna düşmüşəm. Mən anadan olanda atamı görməmişəm. Atam məzuniyyətə gələndə hamı ona yalvarıb ki, cəbhəyə qayıtma, sən istedadlı rəssamsan. Hətta Mirzə İbrahimov da deyibmiş ki, Həsən, getmə, burada səni saxlatdıra bilərik, bizə çox gərəksən. O isə deyib ki, getməliyəm, komandirimə söz vermişəm. Atam cəbhəyə qayıdır və almanlara əsir düşür. Bir müddət Berlində M.Ə.Rəsulzadənin yanında “Azərbaycan” qəzetində rəssam olaraq çalışır. Müharibədən sonra atam əsirlikdən qayıdır və onu “xalq düşməni” kimi Sibirə sürgün edirlər.

Tanınmış rəssam Həsən Əli oğlu Haqverdiyev 1917-ci ildə Güney Azərbaycanın Mamağan şəhərində anadan olub. Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirib. Rəssamlığın bir çox janrlarında əsərlər yaradıb. “Ə.Əzimzadənin portreti”, “Nizami Gəncəvi”, “Rəsul Rza”, “Niyazi”, “Səttar Bəhlulzadə”, “Nəriman Nərimanov Bakı neftçiləri arasında”, “Çoban” və s. tabloları məşhurdur. “Puşkin Qriboyedovun qəbri üstündə” əsəri Moskvada Puşkin muzeyində saxlanılır. Karikaturaçı kimi də tanınıb. 1978-ci ildə vəfat edib.

Azərbaycanın Xalq rəssamı Güllü Hacı Naim qızı Mustafayeva 29 noyabr 1919-cu ildə Türkmənistanda anadan olub. 1927-ci ildə ailəsi ilə Bakıya köçüb. 1938-ci ildə Dövlət Rəssamlıq Texnikumunu bitirib. Tematik tablolar və portretlər yaradıb: "Leyli və Məcnun məktəbdə", "Məhsəti Gəncəvinin portreti", "Paris. Rəssamlar meydanı". Yaradıcılığında uşaq portretləri ayrıca silsilə təşkil edir. 1994-cü ildə vəfat edib.

- Ananızın Sibirə atanızın dalınca getməsi necə olub?
- Anam atamın yolunu çox gözləyir. O, “xalq düşməni”nin arvadı olduğundan basqılarla üzləşirdi, ona iş vermirdilər. Anam 1947-ci ildə Məhsəti Gəncəvinin portretini çəkir və bundan aldığı qonorarla Sibirə - atamı görməyə gedir. Atam ona deyir ki, get məndən boşan, sənə yaşamağa və işləməyə imkan versinlər. Onda boşanmaq haqqında hökmən rəsmi qəzetdə elan çap olunmalıydı. Anam atamdan rəsmən boşanır. Üstündən iki il keçir və o vaxt subay oğlan olan gənc rəssam Nəcəfqulu (Əməkdar incəsənət xadimi Nəcəfqulu İsmayılov (1923-1990) - S.S.) anama evlənmək təklif edir. Dayım anama deyib ki, gəncsən, başsız qalma, yenidən ailə qur. 1949-cu ildə anam ikinci dəfə ailə qurur.
- Ananız yenidən ailə quranda siz nənənizlə qaldınız?
- Öncədən biz nənəmizlə qalırdıq. Anam elə o vaxt ev aldı. İçərişəhərdə qaldığımız ev nəm idi, ona görə anam vərəm xəstəliyinə tutulmuşdu. Anam respublikanın birinci katibi M.C.Bağırova müraciət elədi, ona ev verildi. Evi alanda anam nənəmə dedi ki, gəlib bizimlə yaşasın. Nənəmsə gəlmədi, İçərişəhərdə qapının ağzında oturub atamın yolunu gözləyirdi. Nəcəfqulu anamla ailə qurandan sonra bizim evdə yaşamağa başladı. Qardaşım Əlini rəssam edən nənəm olub. Ona atamın rəsmlərini göstərirdi, əlinə kağız-qələm verirdi ki, sən atan kimi rəssam olmalısan. Əli həmişə deyirdi ki, məni nənəm rəssam edib.
- Atalığınız Nəcəfqulu müəllimin sizə münasibəti necəydi?
- Nəcəfqulu müəllim çox gözəl insan idi. Uşaqlarıyla bizim aramızda fərq qoymazdı. Biz ona “ata” deyirdik. 1950-ci ildə Nəcəfqulu müəllimdən anamın Rəna adlı bir qızı oldu. İndi o tanınmış orqan ifaçısıdır. 1958-ci ildə anamın Sevinc adlı qızı da doğuldu. O da skripkaçıdır.
- 1953-cü il. Atanız Həsən Haqverdiyev sürgündən evə qayıdır. O günü necə xatırlayırsınız?
- Biz heç gözləmirdik ki, atamız qayıdacaq. Bu, Stalin öləndən sonra baş verdi, atam bəraət aldı, sürgündən evə döndü. Mənim bir xalam var idi, 1937-ci ildə prokuror ərini güllələmişdilər, özünü isə tutmuşdular. Xalamı buraxandan sonra Bakıda qalmağına icazə vermədilər. Onu Quba ilə Xaçmaz arasında bir kəndə göndərdilər. O, tibb bacısı idi. Orada yaşadı və ərə getdi. Biz uşaq vaxtı yayda onlara gedib dincəlirdik. 1953-cü il avqustun 25-də biz - anam, mən, qardaşım, dayım Faiq (Əməkdar incəsənət xadimi, dirijor Faiq Mustafayev; Xalq artisti, bəstəkar Ramiz Mustafayevin qardaşı - S.S.) - kəndə xalamın yanına dincəlməyə getmişdik. Həmin gün Xaçmazdan Bakıya qayıdırdıq. Stansiyada oturub qatar gözləyirdik. Bir də gördük qabaqda bir kişi gedir, Faiq dayım durub onun dalınca düşdü və bir neçə dəfə “Həsən, Həsən” çağırdı. Atam da dönüb baxır, dayımı tanıyır. Dayım deyir ki, dincəlməyə gəlmişdik, Güllü də, uşaqlar da burdadır. İndiki kimi yadımdadır. Mən anamla qarşı-qarşıya oturmuşdum. Atamı görməmişdim, ona heç bir duyğum yox idi. Bir də gördüm anam ağappaq oldu, əl-ayağı əsməyə başladı, özünü itirdi. Onun davranışından anladım ki, o, atamı görüb. Gördüm, hündür, yaraşıqlı bir kişi gəldi, hamımızla görüşdü. Bu, çox təsirli məqam idi. Onda atamın 36 yaşı vardı.
- Güllü xanımın bundan sonra durumu necə oldu?
- Sonra anamın çətin günləri başladı. Düşünürdü ki, atam onun ərə getməyinə necə baxacaq? Artıq anamın Nəcəfqulu müəllimdən bir uşağı vardı. Mənə elə gəlir ki, atam ona təklif eləsəydi, o, yenidən atama qayıdardı. Atamsa ona yenidən evlənmək təklifi eləmədi. Məni və Əlini atam gəzməyə aparanda anabir bacım Rənanı da götürürdü.
- Nəcəfqulu müəllim atanızın qayıdışını necə qarşıladı?
- Atamın gözlənilməz qayıdışı Nəcəfqulu müəllimi də qayğılandırmışdı. Onda o, “Kirpi” jurnalının baş rəssamı işləyirdi. Yadımdadır, “Kirpi”nin baş redaktoru, yazıçı Əvəz Sadıq evimizə gəlmişdi. Anama deyirdi ki, Güllü xanım, birdən fikrinizi dəyişərsiniz. Görünür, Nəcəfqulu müəllim ona dərdini danışıbmış.
- Atanız ananızı ikinci dəfə ailə qurduğuna görə qınayırdımı?
- Atam anama “boşan” demişdi, ancaq “ərə get” deməmişdi. Atam da içində çox çəkirdi. Yanına gedirdim, deyirdi ki, sən hələ məni başa düşməzsən, böyüyəndə anlayacaqsan. Onu qıraqdan qızışdıranlar, dedi-qoduçular da vardı. Onların söhbətlərindən sonra atamın kefi pozulurdu. Anam isə həmişə özünü qınayırdı. Atamla görüşəndən sonra anam soruşardı ki, atan məndən nə dedi? Söyləyirdim ki, heç nə. Uşaq da olsam, atamla anamın sözünü bir-birinə çatdırmazdım.
- Atanızın ananızla salamı vardımı?
- Vardı. Biz sonradan bir binada yaşadıq. 1958-ci ildə indiki İnşaatçılar prospektindəki rəssamlar evində atama da, anama da ev verdilər. Artıq atam evlənmişdi. O, ikinci dəfə Vera Kalinina adlı rus xanımla ailə qurmuşdu. Atam evlənəndə həmin xanımı anamın yanına gətirdi, ondan xeyir-dua aldı. Vera xanım həkim idi, Rusiyadan Bakıya ezamiyyətə gəlmişdi. Atamın rəssam dostu Əlibala Kazımovun bacısı həkim idi. Yeni ildə bu qadını qonaq çağırıblarmış, atam onunla orada tanış olur, sonra evlənirlər. Bu evlilikdən onların 4 uşağı oldu.
Anam bizi saxlasa da, mən Əliylə atamgilə gedirdim. Eyni binada eyni mərtəbədə qonşuyduq. Biz ikinci, atamgil dördüncü blokda olurdu. Evi anama vermişdilər. Öncəki evi qaytardı, buradan ev verdilər. Amma atam sürgündən qayıdanda onu Bakıda yaşamağa qoymadılar. Ucara göndərdilər, ailəsilə orada yaşadı. 1956-cı ildə Hüseyn (heykəltəraş Hüseyn Haqverdiyev) qardaşım, 1957-ci ildə Səidə (rəssam Səidə Haqverdi) bacım doğuldu. Sonra Ucal (mərhum rəssam Ucal Haqverdiyev) və Aida anadan oldular. Əli ilə mən böyük olduğumuzdan hər iki tərəfdən olan bacı-qardaşlarımız arasında mehribanlıq yaratmışıq. Uşaq vaxtı həyətdə oynayanda Əli ilə mənim üstümdə balaca bacı-qardaşlarım dalaşırdılar. Biri deyirdi ki, bunlar bizim familiyanı daşıyır, o biri deyirdi ki, bunlar bizim evdə yaşayır...
- Sizi atalığınız Nəcəfqulu böyüdüb. Yəqin onun xeyir-duası ilə ailə qurdunuz...
- Hə. Əfsuslar olsun ki, toyuma atamı dəvət etmədilər. Bundan atam çox incimişdi.
- Atanızla atalığınızın münasibətləri necəydi?
- 1958-1959-cu illər olardı, atam heykəltəraş Cəlal Qaryağdı ilə onun maşınında Ağsu dolaylarında qəzaya düşmüşdü. Yadımdadır, Nəcəfqulu müəllim atama baş çəkmək üçün xəstəxanaya getmişdi. 1978-ci ildə atam öləndə Nəcəfqulu və anam yasda yaxından iştirak etdilər. Bir il sonra atamın ikinci yoldaşı dünyasını dəyişdi. O, xəstəxanada yatanda anamla yanına getmişdik. Vera xanımın hansısa problemi olanda anamın yanına gəlirdi. Anam həmişə bizə deyirdi: “Atanıza dəyin, zəng edin”.
- Atanız nədən öldü?
- Elə bir xəstəliyi yoxuydu. Axşamacan emalatxanasında olardı. Emalatxanadan evə gəlmək istəyəndə pilləkəndə dünyasını dəyişmişdi. Görünür, ürəyi tutubmuş. Sonradan emalatxanada “Validol” görüblər. Mən həmişə fəxr etmişəm ki, Həsən Haqverdiyevin qızıyam. Ona görə ki, o, çox istedadlı rəssam, gözəl insan idi. Həyatımızın belə gətirməsində atamın suçu olmayıb. Ona görə atamı başa düşməyə çalışmışam. Mən daha çox taleyi, zamanı suçlamışam.
- Qardaşınız, məşhur vokalçı, rəssam, aktyor Əli Haqverdiyevdən danışın.
- Gözümü açandan Əlini rəssam görmüşəm. Əlidə aktyorluq bacarığı da çox yüksək idi. O, Rəssamlıq Məktəbinə girəndə elə bildilər onun rəsmlərini atam, ya da anam çəkib. Həmin illərdə Əlidə səs də üzə çıxdı. A.Zeynallı adına Musiqi Məktəbinin direktoru, bəstəkar Midhət Əhmədov onu məktəbə dəvət etdi. Əli üçün imkan yaratdılar və o, eyni vaxtda iki məktəbdə oxudu. Niyazi konsertlərin birində Əlinin səsini eşidir və onu Opera və Balet Teatrına çağırır. Konservatoriyanın rektoru Cövdət Hacıyev və Bülbül Əlini konservatoriyaya qəbul edirlər. Bülbül rəhmətə gedəndən sonra Əli Şövkət Məmmədovanın sinfində oxudu.
Əli çox istedadlı idi. Rəssam, aktyor, vokalçı idi. Səhnədə 30-dan çox obraz yaratmışdı. Bir neçə filmə çəkilmişdi. Ən yaddaqalan rolu “Dədə Qorqud”dakı Yalıncıq obrazıdır. Di gəl ki, o filmə çəkildiyinə görə sonradan peşman olmuşdu. Yolda adamlar onu “Yalıncıq” deyib çağırırdılar, bu da ona pis təsir edirdi. Əli 1990-cı ildə ikinci dəfə evləndi. Birinci ailəsindən uşağı olmamışdı. İkinci evliliyindən Fərhad adlı oğlu var, indi Rumıniyada rəssamlıq təhsili alır. Onun da səsi var.
- Ailənizin bir faciəsi də qardaşınızın ölümü ilə bağlıdır. O günü necə xatırlayırsınız?
- Əli 1992-ci il sentyabrın 14-də aramızdan getdi. Biz onda Buzovnadakı bağımızda dincəlirdik. Sentyabrda həftəsonu bağa gəlmişdi. Axşamdan yağış yağmışdı. Ayın 14-də Əli səhər tezdən dedi ki, gedib dənizə bir baş vurum, gəlirəm. O, üzməyi gözəl bacarırdı. Gözlədik, gəlmədi. Oğlanlarım dənizə Əlini axtarmağa getdilər. Sən demə, Əli heç dənizə çatmayıbmış. Qayaların yanında nəm qum üstünə yüksək gərginlikli elektrik xətti düşübmüş. Əli ayağını basan kimi yerindəcə qalıb. Onda anam şəhərdə idi. Qardaşımın ölümündən sonra anam şəkər xəstəliyi tapdı, 1994-cü ildə o da dünyadan getdi.
- İstedadlı rəssam, atabir qardaşınız Ucal Haqverdiyev də dünyadan vaxtsız gedib...
-1990-cı ilin yanvar hadisələrində Əli mənə zəng elədi ki, Hüseynlə Ucal yoxdurlar. Demə, rus hərbçiləri onları tutub, bir zirzəmidə döyüblər. Ucal ondan sonra özünə gəlmədi, ürək xəstəliyinə düşdü. 2004-cü ildə 44 yaşında vəfat etdi. Onun adını atamın dostu yazıçı Mikayıl Rzaquluzadə qoymuşdu. Atam və anamla başlayan ailəmizdəki rəssamlıq ənənəsi davam edir, buna çox sevinirəm.

S.Soltanlı