Azərbaycan

14 mart 1919 - Satirik şair Əliqulu Qəmküsar (Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov, 1880, Naxçıvan - 1919) Tiflisdə qətlə yetirilib. “Molla Nəsrəddin” jurnalının tanınmış müəlliflərindən olub.
14 mart 1938 - Xalq yazıçısı, dramaturq, ssenarist Anar (Anar Rəsul oğlu Rzayev) anadan olub. Əsərləri: "Beşmərtəbəli evin altıncı mərtəbəsi" (roman), "Ağ liman", "Əlaqə" (povestlər), "Keçən ilin son gecəsi" (hekayə), “Şəhərin yay günləri" (pyes) və s. “Gün keçdi”, “Dədə Qorqud”, “Təhminə”, “Otel otağı”, “Cavid ömrü” və s. filmlərin ssenari müəllifi, "Dantenin yubileyi", “Uzun ömrün akkordları”, “Qəm pəncərəsi” filmlərinin rejissorudur. Yazıçılar Birliyinin sədridir, Milli Məclisin deputatı (1995-2005) olub.
14 mart 1938 - Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Samət Qüdrət oğlu Əlizadə (1938 - 31.2.2002) Xızı qəsəbəsində anadan olub.
14 mart 1992 - Məşhur şair, tərcüməçi Teymur Elçin (Teymur Süleyman oğlu Əliyev, 28.3.1924 - 1992) vəfat edib. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir, rus dilindən uşaq ədəbiyyatı nümunələrini tərcümə edib. Respublika Televiziya və Radio Verilişləri Komitəsinin sədri, mədəniyyət nazirinin müavini işləyib.

15 mart 1878 - Maarif xadimi, şair Şeyx Məhəmməd Hacı Abdulla oğlu Rasizadə (1878 - 24.12.1939) Naxçıvanda anadan olub. Hüseyn Cavidin böyük qardaşıdır. Şeir və poemalar yazıb, Firdovsinin “Şahnamə”sindən parçaları dilimizə çevirib.
15 mart 1893 - Azərbaycan saz-söz sənətinin tanınmış nümayəndəsi Aşıq Şəmşir (Şəmşir Qurban oğlu Qocayev, 1893-1980) Kəlbəcər rayonunun Dəmirçidam kəndində anadan olub. Görkəmli el sənətkarı, şair Ağdabanlı Qurbanın oğludur.
15 mart 1893 - Aşıq İslam (İslam Qara oğlu Yusifov; 1893 - 7.12.1968) Göyçə mahalının Basarkeçər bölgəsinin (indiki Ermənistanın Vardenis rayonu) Nərimanlı kəndində doğulub.
15 mart 1897 - Xalq artisti, məşhur aktyor Ağasadıq Ağaəli oğlu Gəraybəyli (1897-1988) Şamaxıda anadan olub. “Bəxtiyar” (Ağabala Hüseynov), “O olmasın, bu olsun” (Rüstəm bəy), “Qızmar günəş altında” (Sərdarov) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
15 mart 1919 - Ədəbiyyatşünas, professor Qulamhüseyn Fətulla xan oğlu Beqdeli (1919-1998) Tehranda doğulub. Cənubi Azərbaycanda milli hərəkatın fəallarından olub. Şimali Azərbaycana mühacirətdən (1946) sonra Uzaq Şərqdə sürgün həyatı yaşayıb. AMEA-nın Ədəbiyyat İnstitutunda çalışıb. Nizamidən, Nəvaidən tərcümələr edib.
15 mart 1923 - Tanınmış rəssam, Əməkdar incəsənət xadimi Nəcəfqulu Əbdülrəhim oğlu İsmayılov (1923-1990) anadan olub.
15 mart 1923 - Xalq artisti, aktyor Əkbər Hacı oğlu Qardaşbəyov (1923-2001) anadan olub. Naxçıvan teatrında çalışıb.
15 mart 1941 - Şair, tərcüməçi, publisist İsa Mustafa oğlu İsmayılzadə (1941 - 14.7.1997) Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olub.
15 mart 1941 - Şair, yazıçı, tərcüməçi Ələkbər Salahzadə (Ələkbər Baba oğlu Məmmədsalahlı; 1941 - 1.9.2013) Quba rayonunun Cimi kəndində anadan olub.

16 mart 1914 - Əməkdar incəsənət xadimi, rejissor Niyaz Səttar oğlu Şərifov (1914 - 15.5.1982) Bakıda doğulub. Dövlət Musiqili Komediya Teatrında çalışıb. “Ulduz” filminin ikinci rejissoru olub.
16 mart 1940 - Məşhur cazmen, pianoçu, bəstəkar, caz-muğamın yaradıcısı Vaqif Əziz oğlu Mustafazadə (1940 - 16.12. 1979) anadan olub. "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" vokal qızlar ansambllarına, "Muğam" instrumental ansamblına rəhbərlik edib. Beynəlxalq müsabiqə və festivalların (Tallin, Tbilisi, Monte-Karlo) laureatı olub.

17 mart 1905 - Şair, nasir, tərcüməçi Mikayıl Manaf oğlu Rzaquluzadə (1905 - 10.11.1984) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.
17 mart 1919 - Görkəmli aktyor, rejissor, Hüseyn Məmməd oğlu Ərəblinski (Xələfov; 1881-1919) qətlə yetirilib. Azərbaycanın professional teatr sənətinin banilərindən biridir. “Müsəlman artistləri” cəmiyyəti, "Nicat" teatr cəmiyyətində çalışıb. 1916-cı ildə "Neft və milyonlar səltənətində" filmində Lütfəli bəy rolunu oynayıb.
17 mart 1932 - Fəlsəfə elmləri doktoru, Əməkdar elm xadimi Zümrüd Əliqulu qızı Quluzadə anadan olub. Hürufilik, Nizami, Nəsimi, Füzulinin fəlsəfi görüşlərinə dair tədqiqatların müəllifidir.

18 mart 1916 - Şair Böyükağa Məmməd oğlu Qasımov (1916 - 29.8.1957) anadan olub.
18 mart 1922 - Dramaturq Qeybulla İbadulla oğlu Rəsulov (1922 - 11.9.1988) Qax rayonunun İlisu kəndində doğulub. Pyesləri: "Günəşlə oyananlar", "Şəhərli oğlan", "Bir "Volqa" məhəbbət" və s.
18 mart 1943 - Xalq yazıçısı Mövlud Süleymanlı (Balakişiyev) Qərbi Azərbaycanda, Ermənistan SSR, Kalinino rayonunun Qızıl Şəfəq kəndində doğulub. “Köç” romanı, povest, pyes və ssenarilərin müəllifidir. Azərbaycan Dövlət Radiosuna rəhbərlik edib.

19 mart 1919 - Xalq artisti, məşhur xanəndə Hacıbaba Hüseynəli oğlu Hüseynov (1919 - 24.10.1993) anadan olub. Uzun illər muğamatdan dərs deyib, xanəndələr yetişdirib. Çoxsaylı təsniflərin müəllifidir, istedadlı qəzəlxan kimi tanınıb.
19 mart 1920 - Aşıq, şair Oruc Vəli oğlu Əhmədov (1920 - 19.7.1976) anadan olub.
19 mart 1925 - Dövlət xadimi, yazıçı-publisist, maarifçi Nəriman Kərbəlayı Nəcəf oğlu Nərimanov (14.4.1870 - 1925) vəfat edib. Azərbaycanda sovet hökumətinin ilk rəhbəri olub. 1922-ci ildən mərkəzi hökumətdə (SSRİ MİK) işləyib və Moskvada müəmmalı şəkildə vəfat edib. "Nadanlıq", “Şamdan bəy”, "Nadir şah", “Bahadır və Sona” və s. əsərlərin müəllifidir.
19 mart 1939 - Şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru Dəmir Gədəbəyli (Dəmir Müseyib oğlu Qasımov) Gədəbəy rayonunun Ataxal kəndində anadan olub. Bir çox şeirlərinə populyar mahnılar yazılıb.
19 mart 1994 - Xalq artisti, bəstəkar, cazmen Rafiq Babayev (31.3.1936 - 1994) Bakı metrosunda (“20 Yanvar” stansiyası) baş verən terror hadisəsində həlak olub. "Cəngi" folklor-caz kollektivini yaradıb, “Anlamaq istəyirəm”, “Cin mikrorayonda” və s. filmlərə musiqi bəstələyib.

Dünya

14 mart 1681 - Alman bəstəkarı, musiqişünas Georq Filip Teleman (Georg-Philipp Telemann, 1681-1767) anadan olub. 40-dək operanın müəllifidir.
14 mart 1804 - Avstriya bəstəkarı, skripkaçı, dirijor, “Vyana” valsının yaradıcısı Yohann Ştraus (Johann Strauss; 1804-1849) anadan olub. Üç oğlu (Yohann, Yozef, Eduard) da məşhur bəstəkar olublar.
14 mart 1823 - Fransız yazıçı və şairi, incəsənət nəzəriyyəçisi Teodor de Banvil (Theodore Faullain de Banville; 1823-1891) anadan olub.
14 mart 1933 - İngilis aktyoru, iki dəfə “Oskar” laureatı Maykl Keyn (Michael Caine - əsl adı Maurice Joseph Micklewhite) anadan olub.
14 mart 1941 - Alman əsilli Amerika kinorejissoru Volfqanq (Wolfgang) Petersen anadan olub. “Prezident təyyarəsi”, “Epidemiya” və s. filmlərin rejissorudur.

15 mart 1830 - Alman yazıçısı, ədəbiyyat üzrə “Nobel” mükafatı (1910) laureatı Paul Heyze (Paul Johann Ludwig von Heyse, 1830-1914) anadan olub. Roman (“Əsrin uşaqları”, “Cənnətdə” və s.), novella, pyes və poetik topluların müəllifidir.
15 mart 1924 - SSRİ Xalq artisti, aktyor Vladimir Yakovleviç Samoylov (1924-1999) anadan olub. “Azərbaycanflim”də “İyirmi altı komissar”, “Ulduzlar sönmür” filmlərində çəkilib.
15 mart 1932 - Polşa rejissoru və ssenaristi Yeji Hoffman (Jerzy Hoffman) anadan olub. Filmləri: “Ara həkimi”, “Od və qılıncla” və s.
15 mart 1937 - Rus yazıçısı Valentin Qriqoryeviç Rasputin anadan olub. “Mariya üçün pullar”, “Yaşa və unutma”, “Yanğın” və s. romanların müəllifidir.

16 mart 1839 - Fransız şairi, ədəbiyyat üzrə ilk Nobel mükafatı (1901) laureatı Rene Sülli-Prüdom (Rene François Armand (Sully) Prudhomme, 1839-1907) anadan olub.
16 mart 1884 - Rus yazıçısı, sovet ədəbiyyatında elmi fantastikanın banisi Aleksandr Romanoviç Belyayev (1884-1942) anadan olub. “Amfibiya-adam”, “Ariel” və s. əsərlərin müəllifidir.
16 mart 1890 - Yəhudi əsilli məşhur sovet teatr rejissoru, aktyor Solomon Mixayloviç Mixoels (Vovsi, 1890-1948) anadan olub.
16 mart 1935 - Rusiyanın Xalq artisti Sergey Yuryeviç Yurski anadan olub. “Azərbaycanfilm”də “Dərviş Parisi partladır” (müsyö Jordan), “Şir evdən getdi” (ovçu), “Qorxma, mən səninləyəm” (pristav) filmlərində çəkilib.
16 mart 1940 - İtalyan kinorejissoru, dramaturq Bernardo Bertoluççi (Bernardo Bertolucci) anadan olub. Filmləri: “Konformist”, “Parisdə sonuncu tanqo”, “Sonuncu imperator” (1988, “Oskar”) və s.

17 mart 1856 - Polyak əsilli məşhur Rusiya rəssamı, dekorativ pannolar və freskalar müəllifi Mixail Aleksandroviç Vrubel (1856-1910) anadan olub.
17 mart 1901 - Amerika kino bəstəkarı, dirijor, aranjimançı Alfred Nyuman (Alfred Newman; 1901-1970) anadan olub. 9 dəfə “Oskar” mükafatı laureatı olub.
17 mart 1926 - Alman yazıçısı Ziqfriq Lens (Siegfried Lenz) anadan olub. Əsərləri (“Çörək və tamaşa”, “Alman dili dərsi” və s.) 30-dan çox dilə tərcümə edilib.
17 mart 1938 - Tatar-başqırq əsilli dünya şöhrətli balet artisti Rudolf Hametoviç Nuriyev (1938-1993) anadan olub. 1961-ci ildə SSRİ-dən Britaniyaya mühacirət edib.

18 mart 1842 - Fransız şairi, simvolizmin banilərindən biri Stefan Mallarme (Stephane Mallarme; 1842-1898) anadan olub.
18 mart 1844 - Görkəmli rus bəstəkarı, dirijor, pedaqoq Nikolay Andreyeviç Rimski-Korsakov (1844-1908) anadan olub. “Sadko”, “Qar qız”, “Motsart və Salyeri”, “Qızıl xoruz” operalarının, “Şəhrizad” simfonik süitasının müəllifidir.
18 mart 1932 - Amerika yazıçısı, şair və ədəbiyyatşünas Con Apdayk (John Hoyer Updike) anadan olub.
18 mart 1959 - Fransız rejissoru, ssenarist, prodüser Lük Besson (Luc Besson) anadan olub. “Onun adı Nikita idi”, “Leon”, “Janna D’Ark” və s. filmlərə quruluş verib.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar