Qarabağın Novruz adətləri
Ulu babalarımız yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb. Bu münasibətlə şənliklər keçirərək onu yeni ilin başlanğıcı kimi bayram edib. Hər elin, obanın təbiətə münasibətindən asılı olaraq, Novruz mərasimləri müxtəlif formada keçirilir. Ata-baba yurdumuz Qarabağ bölgəsində də bu bayram təntənəli şəkildə qeyd olunardı. Hazırda erməni işğalında olan dilbər guşələrimiz Novruz ab-havasına həsrət qalıb...
Cəbrayıl rayonunda da bahar bayramı böyük coşqu ilə qeyd olunardı. Rayon mərkəzində, eləcə də kəndlərdə martın 20-dən 21-nə keçən axşam günəş qürub edəndən sonra hər məhəllədə, qapıda tonqal qalanardı. Qoca, cavan, uşaq - hər kəs tonqalın başına yığışar, onun üzərindən atılardı. Əgər hansısa həyətdə od qalanmazdısa, bu, uğursuzluq kimi yozulardı. Həmin axşam evlərdə ləziz xörəklər bişirilər və süfrələr bəzədilərdi. İnsanlar bir-birini təbrik edər, uşaqlar bir-bir qonşulara, qohumlara gedər və torba atardılar. Uşaqların torbalarına müxtəlif çərəzlər, şirniyyatlar, meyvələr qoyulardı...
Yazın ilk günləri Diri dağın yaşıl yamaclarında pənbə güllər açardı. Xudayarlı, Soltanlı, Hasanlı, Maşanlı, Şahvəlli, Qumlax, Xudafərin kimi ətraf kəndlərdən, eləcə də Zəngilan, Qubadlı rayonlarının bu əraziyə yaxın yaşayış məntəqələrindən və atlı gənclər dəstə-dəstə Mazan nənə türbəsinə ziyarətə gələrdi. Burada Diri dağın ətəklərinə qədər uzanan bərəkətli Gəən düzündə ayrı-ayrı kəndlərin atlı gəncləri yarışardı. Yarışın nisbətən təcrübəli bir ağsaqqalı olardı. Hamı da onu eşidər və qəbul edərdi. Bir saata yaxın davam edən yarışda tək bir gəncin yox, onun sakini olduğu kəndin qalib gəldiyi elan olunardı. At yarışı xalq məişətini geniş lövhələrdə əks etdirən kütləvi meydan tamaşasına çevrilərdi. Qalib kəndin gənclərinə həmin gün xüsusi hörmət göstərilərdi...
Yarış başa çatdıqdan sonra türbəyə yaxın ağacların altında hər ailə bir süfrə açardı. Niyyət edilər və türbədə şam yandırılardı. Süfrə yığışdırıldıqdan sonra bir neçə yerdə ayrı-ayrı musiqi dəstələri konsert verər, gün əyilənə qədər çalıb-oxuyar və oynayıb-gülərdilər.
Bir başqa tərəfdə isə Novruz adətlərindən daha bir kütləvisi hesab edilən dirə-döymə oyunu keçirilərdi. Dairə şəklində olan meydança kəndirlə dövrəyə alınar və cızıqla işarə edilərdi. Yarışçılardan hər hansı birinin ayağı cızıqdan kənara çıxsaydı, oyun dərhal dayandırılar və yenidən başlanardı.
Ağac (qılınc) döyüşündə yüngül geyimdə meydana çıxan cavanlar bir-birinin əlindən ağac düşənə qədər döyüşərdilər. Ağacoynatma bəzən at üstündə, bəzən də xüsusi yerdə düzəldilmiş meydançada olardı. İştirakçıların ağacına qırmızı dəsmal bağlanar, qalibə Novruz hədiyyəsi verilərdi. Novruz ayinlərinin geniş tanınan və maraqla gözlənilən növlərindən qurşaqtutma (güləşmə) və əl üstə gəzmə günorta vaxtları açıq havada keçirilərdi...
Xalq şairi Səməd Vurğunun məşhur “Yadıma düşdü” şeirindəki “Sən bizim ellərin ruhuna bir bax, Bizdən inciməmiş bir əziz qonaq” misralarında olduğu kimi, Cəbrayıl sakinlərinin bayram süfrələri rəngarəng olardı. Novruz günlərində sanki mətbəx mədəniyyətinin sərgisi təşkil edilərdi. Kəngər plov bişirilər, doşab yaxud da qaymaqla yeyilərdi. Yeni il üçün hər ailədə ayna, saxsı kuzə, təzə paltar, çərəz (ləbləbi), meyvə və s. alınırdı. Zəngin Qarabağ mətbəxinin ləziz nemətləri bayram süfrəsinə düzülərdi.
Əsrlər keçməsinə baxmayaraq, Novruz mərasimlərinin, oyunlarının bir çoxunu yenidən həyata gətiririk. Nə qədər müasirləşsək də, yeni həyata uyğunlaşsaq da, məhz Novruzda qədim adət-ənənələrimizə səyahət edirik. Novruz gözəllik, özünə qayıdış bayramı olduğu üçün arzu edirik ki, süfrələrimizi nisgilli Qarabağda açaq, dədə-baba yurdumuzun Novruz həsrətinə də son qoyulsun!
Savalan Fərəcov