Hər ilin ekoloji, geo-bioloji, sosio-psixoloji dirçəliş-başlanışı - Novruz...

Bəşəriyyətin hər fərdinin, hər isminin birgə keçirdiyi (bu an fikrimdən “keçirməli olduğu” tərkibi də keçdi) rəsmi-təqvimi Yeni il - 1 yanvar bir başqadır, bəlli qisminin ayrıca-alayıca törənlədiyi Təzə il - 21 mart bir başqa! Ən azı, pişvazlanan fəsillər baxımından; yanvardakında qarlı-çovğunlu qış qarşılanır, martdakında gül-çiçəkli yaz...

...Bu dəm bəndənizin bahar arzulu könlü qövmi-Novruz mənsublu qələminə der bunu da yaz ki, bu iki YENİnin birincisində (əlbəttə, xronoloji baxımdan!) təbiət qar yağdırmasa, cəmiyyət üzvləri həmin fəslin şəbehini çıxarmaqçün ətraflarına toplaşdığı yolka ağaclarının budaqlarına pambıq-parça lopalayır, oyuncaq mer-meyvələr asırlar. Bəs ikincisində? Təbii ki, bu “yersiz” sualı, hər il olduğu kimi, ilk olaraq təbiətin ilkin sakinləri cavablandırdı; qoğal yamaclarda hanalanmış, sığal düzənlərdə çeşnilənmiş, doğal kürsü-qayalara sinə gərmiş cürəbəcürə cücərtilər, qanovuz Novruzgülülər, kol dibindən boylanan bənövşələr, qızarışıb-toylanan lalələr...
“Pəs belə isə”, bu əzəli-əbədi 365(6) günlük İL-qonaq hər dəfə öz dörd fəslindən hansı ilə “YENİ”dən gəlib “TƏZƏ”lənmiş olur?..
Yox, bu “yerli” suala cavabı təbiətin dilsizlərindən yox, dilli-qələmli sakinlərindən, ələlxüsus “hər ləhzə yoxdan var olan söz” fatehlərindən -

İlmələyək...

Bah, onlar nələr ərz etməyiblər və hələ nələr deməyəcəklər - bu fəsillər gözəlinə dair! Əlbəttə, əvvəlcə nazikcə-incəcə nəzmlərindən. “Tikan”ını “dikən” yazan baba Füzulimizdən ta çiçəyini “balam” deyə oxşayan, “mamır olub qayasında bitən” Məmməd Araza qədər! Bəli, sazdanıb-yozdanıb bahardan söz açarkən, yazdan yazı yazarkən şeirlərə üz tutmamaq, qoşmalara qoşulmamaq mümkünsüz:

“Məndə tövfiq olsa, bu düşvarı asan eylərəm,
Nobahar olğac - dikəndən bərgi-gül olar...”

“Gəl-gəl, a yaz günləri,
İlin əziz günləri,
Dağda ərit qarları,
Bağda ərit qarları,
Ağaclar açsın çiçək -
Yarpağı ləçək-ləçək...”

“Rza, yaz,
Durma, yaz,
Yaz ha, yaz!
Qarşıdan gələn yaza yaz...”

“Ey dəvə yal,
düşdüm daha belindən,
Ovsar cığır,
çıxdın daha əlimdən,
Balam çiçək,
bir də öpüm telindən,
Salamat qal, salamat...”

Bu ən gənc fəsil haqda bircə cümlə də nəsri söz: “Cümşüd kişi özünü bağçada gəzişən cavanların badam budaqlarında muncuqlanmış çiçəklərə hayıl-mayıl baxışlarına sataşmaqdan saxlaya bilmədi:
- Ayə, ay uşaqlar, ayağınızı yerə bərk basın, cücərti sizi yıxar!”
Hə, ilaxır çərşənbə-bayramları mübarək əfəndilər, bu qönçəli-xonçalı misralardan, gül-çiçək metaforalı sətirlərdən sonra, görək bu ən qədim, ən milli, ən əziz-ləziz bayramımız haqda elmi-helmi araşdırmalar -

Nə ləyin-löyünlər söyləyir...

Ümumi qənaətlərə görə, Novruz, bir çox xalqlar kimi, bizim də milli irsimizin, xəlqi ruhumuzun silinməz-pozulmaz yaddaşıdır. Əcdadlarımız bu bayramı zaman-zaman biri-birindən oynaq nəğmələr, insanın törəniş atributları olan su, od, yel və torpaq görüşlərilə bağlı gözəl ayinlər, maraqlı mərasimlərlə bəzəyə-bəzəyə yaşamışlar.
Ulu Azərbaycanla bahəm Türküstan və İran xalqları içərisində də çox qədimdən keçirilən bu bayram haqda bir sıra tarixi qaynaqlarda dəyərli məlumatlar var ki, bunlardan bizimçün ən maraqlısı “Avesta”da Novruzun zərdüştlükdən çox-çox əvvəllər Muğanda geniş şəkildə bayram edilməsilə ilgilisidir. Adı, yazağzı bayramlanması, necə rişələnməsilə bağlı tarixi faktlar, mif və əfsanələr belə bir qənaət hasil edir ki, Novruz - Turan və İran torpağında insanın yeni həyata başladığı “təzə gün” deməkdir. Öz dövründə diqqətindən heç nə yayındırmamış Ömər Xəyyam "Novruznamə"sində yazır ki; “Cəmşid bu günün “Novruz” adlandırılması barədə fərman verdi. Hər yeni ili həmin gündən hesablamağı əmr etdi”. Firdovsi də öz “Şahnamə”sində bu bayramın çox qədimlərdən keçirildiyini göstərir. Məncə, böyük Nizami Gəncəvinin İsgəndəri (“İsgəndərnamə”) Bərdə hökmdarı Nüşabəyə məhz Novruz bayramı günü qonaq “gətirməsi”nə də tək elə ədəbi-bədii “ədəva” kimi yox, bu Yenilik bayramını yaddaşlarda bir daha təzələmək istəyi kimi də baxmaq olar...
Deyək ki, ümumazərbaycan mədəniyyətinin inkişaf edib formalaşmasında, ilkin mərhələlərdə dilimizin, sonralar dinimizin, xalqımıza məxsus zəngin kulturoloji dəyərlərin qorunub saxlanmasında da bu bayramın rolu, toplumsallığa çağrı əhəmiyyəti az olmayıb. Əməyi həyat və fəaliyyətin başlıca əxlaqi dəyəri kimi motivləşdirən Novruz ənənələri məcmusunun fəlsəfəsinə görə, insanın yüksək ruha, ümumrifaha, nəticə etibarilə xoşbəxt həyata qovuşması əsasən onun torpaqla, əkin-biçin, qurub-yaratmaq istəyilə bağlıdır. Elə müasir ultradövrümüzün özündə (tonqallar başında, texnikadankənar əkin-biçin məkanlarında) görüb-eşitdiklərimiz bu bayramıın dədə-baba dövrlərinin nə qədər maraqlı, kütləvi, xəlqi-əxlaqi olduğundan xəbər vermirmi?
Bu bayramın cəmiyyət üçün vacib dəyərlərindən biri də insanlar arasında qarşılıqlı xoş münasibətlərin yaradılmasına, qorunmasına və xüsusən də korlanmışlarının bərpasına meyli-təsiridir. Novruzun yazı-pozusuz ənənələr “konstitusiya”sına görə, bayram günü bütün küsülülər barışmalı (hətta qan intiqamı bağışlanmalı), hamı bir-birilə bayramlaşmalı, bir-birinin evinə qonaq getməlidir...
Gedin, qonaq-qaralanın, nemətlərini nuş, söhbətlərini huş-guş edin, istəkli soydaşlarımız!..
Tahir Abbaslı