Tək elə elmi istedadı, fəlsəfi təfəkkürü, qeyri-adi təşkilatçılıq bacarığıyla yox, intiharı ilə də böyük…

Yəqin elə ilk sözlərimin havasındanca bilindi ki, söhbət Heydər Hüseynovdan gedir. Özgələrin hökm etdiyi dövrün min cür ölüm-itimi içərisindən ən özgürünü seçmiş Heydər Hüseynovdan!..

Deməli, otuz yaşından elmi-ictimai aləmin sağlam qisminin heyrət və məhəbbət hədəfinə çevrilmiş bu çox milli ziyalımıza qarşı anti-milli paxıllıq, “öz qövmümüzə əngəl-kələfiz biz”lik də qeyri-adi bir “istedad”la tumurcuqlayırmış və bu, 1950-ci ilin mayında Azərbaycan KP MK-nın büro iclasında “çiçək” açır...
Belə ki, bu böyük filosofun XIX əsr Qafqaz fəlsəfi fikrilə ilgili tədqiqatları iftira-riyalı ziyalılar tərəfindən müridizmin təbliği, sufizmin təqdiri kimi qələmə verilir və bolşevik-daşnakanə səfsəfələr başlanır: “...kitabının müqəddiməsində İmam Şamil mütərəqqi və demokratik bir lider, azadlıq fenomeni kimi göstərilir ki, bu da marksist ideyalarına ziddir”, “...halbuki Şamil millətçi hərəkatın nümayəndəsi idi və türk sultanı ilə ingilis kapitalizmi maraqlarına xidmət edən şəxs olub” və s.
Nəticədə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi SSRİ Nazirlər Soveti qarşısında məsələ qaldırır ki, H.Hüseynov bütün təltifatlardan (xüsusən, iki dəfə təltif edildiyi Stalin mükafatından) məhrum edilsin...
Beləliklə, partiya sıralarından çıxarılıb, EA-dakı vəzifələrindən azad edilən, dövlət orqanları (və bəzi həmkarları) tərəfindən təqib-təhqirlərə məruz qalan bu əyilməz şəxsiyyət 15 avqust 1950-ci ildə damarlarını kəsərək intihar edir...
Cəmisi 42 illik bir ömür. “Bir igidin ömrü qədər” və belə bir qəzavü-qədər...
...Və təbii ki, o gündən - tək elə elmi-ictimai aləmimizin sağlam qismi yox, - bütövlükdə bu xalq onu (və elələrini) qəni-qəni rəhmətləmədə, onu (və elələrini) beləliklərə məhkum edənləri isə (elə o sözün qafiyəsiləcə) - qəni-qəni lənətləmədə!
Al-qırmızı qanını qırmızı dövrün üzünə çiləməsilə həm də millətinin vicdan-qeyrət fəlsəfəsini nümayiş etdirmiş olan şanlımızın o anlara - yerli lakey-nökərlərə etiraz olaraq şah damarını kəsənəqədərki fəaliyyətinin -

Nəbzi-ritmi...

O, bugünkü erməniliyin “retro” olayları səbəbilə İrəvandan dərbədiyar edilib, orta məktəbə on iki yaşında qədəm qoymalı olsa da, iyirmi dörd yaşından ali məktəblərdə fəlsəfədən dərs deyib. Otuz bir yaşında elmlər namizədi, otuz altısında elmlər doktoru, professor dərəcələrinə yiyələnib, otuz yeddisində akademik, Akademiyanın vitse-prezidenti mərtəbələrinə ucalıb...
Yaşının növbəti ili - otuz səkkizinci “duracağı” adama xəyali-psixoloji bir yorğunluq, “bu adi yaş göstəricisilə məşhur “37” arasında bir bağlantı varmışmı, görəsən” istixarəsi yaradır...
Emosiya öz yerində, amma hər halda, bütün dövrlərçün seçkin milli-ictimai xadim və böyük elm təşkilatçısı imicini daşıyası bu fenomenal filosofun fəci-fəlsəfəsinin bünövrəsi otuz səkkizinci yaşında qoyulub. Qırmızı sovetin özünün də eninə-boyuna tənqid (hətta, bəzən təhqir) etdiyi çarizmin bütün dünyaya bəlli “Şeyx Şamil məsələsi” ilə bağlı olub bu olay. O qırmızılar ki, üzdə həmin çarizmin varisi olmaqdan imtina etsələr də, içdə total imperializm daşıyıcıları olaraq, bütün İttifaq üzrə yerli manqurtların “ilkin təşəbbüskarlıqları” sayəsində “yeni” bir həyat-yaşam “fəlsəfə”si - sovet səfsəfəsi yaradırdılar. Bu, daha çox türk-müsəlman kökənli respublikalara şamil edilirdi. Özü də -

Xüsusən...

və məxfi-məxsusən milli-ictimai qaymaqlara!
Öz canına qəsd ilə də sovetlərin “qanuni” repressiya formatına məxlətə qatmış olan bu fenomen 1908-ci il aprelin 3-də İrəvanda sadə bir tacir ailəsində doğulub. Altı uşağın kiçiyi olub. Gözünü dünyaya açar-açmaz, sosial məşəqqətlər, milli qalmaqallarla üzləşib. Dörd yaşında ikən atası vəfat edib, 1918-ci ildə ermənilər böyük qardaşını öldürüblər. Naçar ailə əvvəl Batuma, sonra Stavropola, nəhayət, Bakıya köçüb.
Bakı bu ailəni milli istiqlal ab-havasıyla qarşılasa da, onlara maddi güzəran verə bilməyib. Amma sonbeşiyin təhsilə başlaması baş tutub; on iki yaşlı Heydər Bakının 18 saylı məktəbinin birinci sinif şagirdi, 1927-1931-ci illərdə Lenin adına Pedaqoji Universitetin (həm şərqşünaslıq, həm pedaqoji fakültələrinin) tələbəsi olub, ərəb və fars dillərinə heyrətamiz bir fərasət və mükəmməlliklə yiyələnib.
23 yaşında Azərbaycan Elmi-Tədqiqat İnstitutunun aspirantı olur, 1936-cı ildə SSRİ EA Ensiklopediya və Lüğətlər İnstitutu Azərbaycan filialının direktoru təyin edilir. Güclü elm-irfan potensialı, yüksək erudisiya komponentləri onu müxtəlif yüksək elmi-ictimai statuslu ünvanlara dəvət etdirir; 1939-cu ildə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı sədrinin müavini (eyni zamanda ictimai elmlər bölməsinin sədri), 1943-də Azərbaycan Dövlət Universiteti fəlsəfə kafedrasının müdiri, 1945-də Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti, 1945-1950-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru...
Uşaqkən həyatın bütün çətinlik şillələri, hər cür rəzillik münasibətlərilə üzləşmiş bu insan əlahiddə bir “fəaliyyət fəlsəfəsi” sistemi müəllifliyinə də imza atmışdır. Belə ki, H.Hüseynov 1930-cu illərdə ali məktəblərdə fəlsəfə elmini tədris etməklə bərabər, “Dialektik materializm”, “Dialektika və metafizika” adlı ilk dərslik-kitablar çap etdirir. Müharibə onun fiziki yolunu kəsməsə də, mədəni-mənəvi məhsuldarlıq aləminə az təsir etməyib. Bununla belə, müharibənin əvvəllərində Tbilisidə “M.F.Axundovun fəlsəfi görüşləri” adlı dissertasiyasını müdafiə edən alim 1944-cü ildə elmlər doktoru dərəcəsi və professor adı alır.
Tarix və fəlsəfə elminin, ictimai-sosial düşüncə sisteminin və daha bir neçə sahənin inkişafına böyük töhfələr vermiş H.Hüseynov dövrün ən gənc canlı əfsanəsi kimi anılıb-sanılırdı. Yüzdən çox elmi məqalə yazıb, Bəhmənyar, N.Gəncəvi, Füzuli, M.Kazım bəy, M.F.Axundzadə, H.Zərdabi haqqında çox ciddi tədqiqatlar aparıb. Məzmun-mahiyyətcə çox dəyərli, həcmcə çox iri (733 səh.) tədqiqatı - “XIX əsrdə Azərbaycan fəlsəfi və ictimai-siyasi fikir tarixi haqqında” fundamental əsəri isə 1950-ci ilin martında (intihara məhkum edildiyi gündən beşcə ay əvvəl...) növbəti Stalin mükafatına layiq görülüb.
Maraqlıdır... o, haçansa gözlənilən bu avtoölümdən sovuşmaqçün bəzi anti-könül işlərə də qol qoyurmuş ki, bunlardan biri “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” kitabını rus dilində yazması... İki dəfə (1949 və 1958) rus, öz dilimizdə isə ilk dəfə 2006-cı ildə nəşr edilmiş həmin vəsaiti akademik A.O.Makovelski (kitabın redaktoru) "XIX əsrdə Azərbaycan fəlsəfəsinin inkişafının gözəl sistemli şərhi" kimi dəyərləndirmişdi...

Tahir Abbaslı