Ölkəmizdə ta qədimdən toxuculuq sənətinin təşəkkül tapması ilə xovlu və xovsuz palaz, kilim, cecim, şəddə, vərni, zili, sumax və s. nümunələr meydana gəlib. Onların hər birinin məişətdə öz təyinatı, yeri olub. Bu mövzu ilə bağlı Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Əsədova ilə görüşdük. Onun toxuculuq məhsullarının hazırlanma qaydaları, çeşidləri barədə dediklərini diqqətə çatdırırıq.

Həsir. Bataqlıq bitkilərindən, xüsusilə qamışdan hazırlanır. Üfüqi dəzgahda ərişlə arğacın sadə keçirməsindən əmələ gəlir. Həsirin naxışlarını bir-birini əvəz edən enli, rəvan, diaqonal zolaqlar təşkil edir. Rəngləri əsasən qızılı-parıltılı olur. “Gəbə həsir”, “Buriya”; naxışlarına görə “Güllü”, “Naxışlı”, “Giləni” və s. həsir növləri var. Həsirlərdən bəzən evlərdə xalçanı qorumaq məqsədilə istifadə olunub.

Çətən. Azərbaycanda naxışsız və ornamentli çətənlər istehsal olunub. Naxışlar iki üsulla tətbiq olunur. Birincidə naxış çubuqların ayrı-ayrı hissələrini müəyyən bir qaydada yandırmaqla yaradılır. Digər üsulda isə çubuqların ayrı-ayrı sahələri bir-bir müxtəlif rəngli saplarla sarınır. Belə çətənlərin hazırlanmasında yundan və ipək saplardan istifadə olunur. Naxışlı çətənlər döşəmə, alaçıqdakı divar, arakəsmə, bəzən də pərdə kimi istifadə edilir. Kiçik çətənlərin üstündə meyvə qurutmaq da olur. Çətən istehsalının əsas mərkəzləri Azərbaycanın şimal-qərb zonası və Muğan bölgəsidir.

Palaz. Xovsuz xalça texnikasının ən geniş yayılmış sadə növüdür. Onun istehsalında yun və pambıq iplərdən istifadə edilir. Lakin yazılı mənbələr göstərir ki, Azərbaycanda əvvəllər ipəkdən hazırlanmış palazlar da olub. Palazın toxunma texnikası saya və ya tünd rəngli əriş iplərin arasından müxtəlif çalarlı arğac iplərinin ensiz zolaqlar şəklində keçirilməsindən ibarətdir. Palazlardan ev döşəmələrinin, alaçıqların üstünün örtülməsində, müxtəlif məişət əşyalarının hazırlanmasında da istifadə olunur. Palazlar müxtəlif adlarla tanınıb: “Kəndir-palaz”, “Qalın palaz”, “Lay palaz”, “Pəmbə palaz”, “Tiftikli palaz”; texnikasına görə “Ciyi palaz”, “Daraqlı palaz”, “Qayıq palaz”; ölçüsünə görə “Yelən”, “Yelli”; istifadəsinə görə “Bərək”, “Çadır örtüyü”, “Güllü palaz”, “Kündə palaz”, “Parça palaz”, “Yer palazı”, “Yük palazı”; naxışlarına görə “Ağ palaz”, “Qara palaz”, “Əbri palaz”, “Saya palaz”, “Zolaqlı palaz” və s.

Cecim. Yun, pambıq və keyfiyyətli ipəkdən əyrilmiş iplərdən toxunur. Onun strukturunu əriş və arğac ipləri təşkil edir. Əriş ipləri çox sıx dartılır. Rənglənməmiş arğac ipləri altdan və üstdən tarım çəkilir. Arğac ipləri əriş iplərinə nisbətən qalın olduğundan cecimin üzü qabarıq olur. O, əsasən üfüqi yer hanasında toxunur. Şirvan bölgəsində cecim əsasən ipəkdən, Qarabağda yundan, Göyçədə pambıqdan toxunur. Cecimin aşağıdakı növləri olub: materialına görə “Əmya”; texnikasına görə “Ladı-cecim”, “Şəddə-cecim”, “Yer cecimi”; məişətdə istifadəsinə görə “Cecimi-parça”, “Darayı cecim”, “Həyatı cecim”, “Qara cecim”, “Qəlibli cecim”, “Paltarlıq cecim” və s.

Kilim. Yun, pambıq və kənafdan əyrilmiş iplərdən toxunan kilimin strukturunu əriş və arğac ipləri təşkil edir. Onların sıxlığı bərabər olmur. Arğac çox sıx bir alt tarım, bir üst tökə keçirilir və ərişləri tam örtür. Beləliklə, kilim arğac üzlü olur. Kilimin naxışları müxtəlif rəngli arğac ipləri vasitəsilə alınır. Bir naxışın sərhədləri dəyişərkən arğaclar da dəyişir və bu sərhədlərdə “dırnaq” adlanan dəliklər əmələ gəlir. Bununla belə, “dırnaqsız” kilimlər də toxunur. Məişətdə geniş tətbiq olunan kilim döşənəcək kimi yerə salınır, divardan asılır və alaçıqların üstünə döşənir. Kilimin bir xarakterik xüsusiyyəti də onun hər iki üzündən istifadə edilməsidir.
Əsas toxunma mərkəzləri Bakı, Qazax, Qarabağ, Şirvan və Təbrizdir. Kilimlər aşağıdakı adlarla tanınır: materialına görə “Kəndir kilim”, “Kənaf kilim”; texnikasına görə “Dırnaqsız kilim”, “Gəzməli kilim” və s.

Şəddə. Yun, pambıq və ipəkdən əyrilmiş iplərdən toxunur. Onun da strukturunu əriş və arğac ipləri təşkil edir. Burada əriş və arğac bərabər sıxlıqda olur. Alt və üst arğaclar doyumlu keçirilir. Nəticədə şəddə həm əriş, həm də arğac üzlü olur. Şəddənin üç növü olur: birrəngli - “Şal”, damalı - “Dama-dama şəddə” və məzmunlu - “Zili şəddə” və “Dəvəli şəddə”lər. Məişətdə şəddədən mərasim pərdələri və örtükləri, döşənəcək, nazik və zərif toxunan şəddədən isə parça kimi qadın və kişi geyimlərinin hazırlanmasında və süfrə olaraq istifadə edilir.

Vərni. Yundan, nadir hallarda isə ipəkdən və pambıqdan əyrilmiş iplərdən toxunur. Vərninin əsasını əriş, arğac ipləri və əlavə “naxış ipi” təşkil edir. “Naxış ipi” ərişlərə “qayıq” texnikası ilə üfüqi istiqamətdə sarınır. Hər bir ilmə çinindən sonra alt, ya üst arğac “doyumlu” keçirilir. İlmələr bütün çinlərdə soldan sağa yanyana salınaraq paralel-birtərəfli düzülüş yaradır. Nəticədə vərninin üzünü “naxış ipi” təşkil edir. Vərnilər iki hissədən ibarət toxunur və sonra bir-birinə tikilir. Vərnilərdən pərdə, yük üzü, döşənəcək, örtük, həmçinin dəyə və çadırların dekorativ bəzəyi kimi istifadə olunur.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar