Azərbaycan

24 aprel 1866 - Yazıçı-publisist, maarif xadimi Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadə (1866-1942) Şamaxıda doğulub. Teatr xadimləri haqqında xatirələr yazıb, rus yazıçılarından tərcümələr edib.
24 aprel 1872 - Yazıçı-publisist, pedaqoq Ömər Faiq Nemanzadə (1872-1937) Gürcüstanda, Ahıska (Axalsıx) qəzasının Azqur kəndində anadan olub. “Molla Nəsrəddin" jurnalının yaradıcılarından olub.
24 aprel 1902 - SSRİ Xalq artisti İsmayıl Osman oğlu Osmanlı (1902 - 22.6.1978) Şəkidə anadan olub. Akademik Dram Teatrında çalışıb.
“O olmasın, bu olsun” (Rza bəy), "Mən ki gözəl deyildim" (Şərif), "Ulduzlar sonmür" (Hacı Zeynalabdin Tağıyev), "Nəsimi" (Nəimi), "Yeddi oğul istərəm" (Kələntər) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
24 aprel 1945 - Aktyor, rejissor Elxan Məmməd oğlu Qasımov Naxçıvan şəhərində anadan olub. «Əhməd haradadır?» (Şofer Əhməd), «Axırıncı aşırım» (Vəli) və s. filmlərdə çəkilib. «Qocalar, qocalar», “Köhnə bərə”, “Biz qayıdacağıq” filmlərinə quruluş verib.

25 aprel 1905 - Tanınmış ədəbiyyatşünas, şair, tərcüməçi Mikayıl Həsən oğlu Rəfili (1905 - 25.4.1958) Goranboy rayonunun Borsunlu kəndində doğulub. Rus dilindən ədəbi tərcümələr edib. “Səbuhi” filminin (1941) ssenari müəllifidir.
25 aprel 1911 - Əməkdar artist Elmira Axundova (1911 - 26.11.1998) anadan olub.
25 aprel 1914 - Xalq artisti Məmməd İsmayıl oğlu Bürcəliyev (1914 - 25.11. 1994) Şəkidə doğulub. Şəki, Gəncə teatrlarında çalışıb, tamaşalara quruluş verib. “Dəli Kür”, “Gözlə məni” və s. filmlərdə çəkilib.
25 aprel 1925 - Yazıçı, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Rüstəm oğlu Əliyev (1925-1994) Lerik rayonunun Kürdəsər kəndində anadan olub. "Torpağın ətri", "Qayaların səsi", "Dağlar oğlu" və s. romanların müəllifidir.
25 aprel 1957 - Xalq artisti Həmidə Məmməd qızı Ömərova anadan olub. "Qızıl uçurum", "Anlamaq istəyirəm", "Yol əhvalatı”, "Qorxma, mən səninləyəm", "Nizami", "Doğma sahillər" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.

26 aprel 1908 - Görkəmli yazıçı, ədəbiyyatşünas, professor Mir Cəlal Əli oğlu Paşayev (1908 - 28.9.1978) Cənubi Azərbaycanın Əndəbil kəndində anadan olub. Kiçik yaşlarında ailəsi ilə Gəncəyə köçüb. Gəncə Müəllimlər İnstitutunu, Kazan Şərq Pedaqoji İnstitutunu bitirib, Azərbaycan Dövlət Universitetinin professoru olub. “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yaşıdlarım” romanlarının, povest və hekayələrin, “Azərbaycanda ədəbi məktəblər" və s. monoqrafiyalarının müəllifidir.
26 aprel 1947 - Kinorejissor Gülbəniz Yusif qızı Əzimzadə (1947 - 7.12.2006) Bakıda anadan olub. Filmləri: "Dantenin yubileyi", "Ötən ilin son gecəsi", "İmtahan", "Qətl günü" və s.

27 aprel 1940 - Folklorşünas alim, professor Bəhlul Ağabala oğlu Abdulla (1940-2011) Lerik rayonunun Lələhiran kəndində anadan olub.
27 aprel 1951 - Kamança ifaçısı, Əməkdar artist Ədalət Səfərəli oğlu Vəzirov (1951 - 5.10.2002) anadan olub.
27 aprel 2007 - Məşhur violonçel ifaçısı, dirijor, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviç (27.3.1927, Bakı - 2007) Moskvada vəfat edib. Bir çox ölkələrin mükafatlarına, o cümlədən Azərbaycanın ən ali təltifi olan “Heydər Əliyev” ordeninə layiq görülüb.

Dünya

24 aprel 1845 - İsveçrə yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1919) Karl Fridrix Şpitteler (Carl Friedrich Georg Spitteler; 1845-1924) anadan olub. Əsərləri: “Olimpiya baharı” (epik poema), “Prometey və Epimetey”, “Leytenant Konrad”.
25 aprel 1840 - Görkəmli rus bəstəkarı və dirijoru Pyotr İliç Çaykovski (1840-1893) anadan olub. 10 opera (“Yevgeni Onegin”, “Mazepa”, “Orleanlı qız”, “Qaratoxmaq qadın”, “Undina” və s.), 3 balet (“Qu gölü”, “Yatmış gözəl”, “Şelkunçik”), 7 simfoniya və digər musiqi əsərlərinin müəllifidir.
25 aprel 1940 - İtalyan əsilli məşhur Amerika aktyoru Al Paçino (Alfredo James Pacino) anadan olub. Filmləri: “Xaç atası” (Maykl Korleone), “Qadın ətri” (Frenk Sleyd - “Oskar” mükafatı), “Çapıqlı üz” (Toni Montan) və s.

26 aprel Beynəlxalq Əqli Mülkiyyət Günüdür (World İntellectual Property Day). 2000-ci ildə Dünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə təsis edilib.
26 aprel 1886 - Tatar ədəbiyyatının klassiki, şair və yazıçı Qabdulla (Abdulla) Tukay (1886 - 15.4.1913) anadan olub.

27 aprel 1878 - Tacik milli ədəbiyyatının banisi, yazıçı və şair Sədrəddin Ayni (Səid-Muradzadə, 1878-1954) anadan olub. Özbək dilində də yazıb. Əsərləri: “Odina”, “Dohunda”, “Qullar”.
27 aprel 1927 - Rus aktyoru Yevgeni Aleksandroviç Morqunov (1927 - 25.6.1999) anadan olub. Leonid Qaydayın “I” əməliyyatı və Şurikin başqa macəraları”, “Qafqaz əsiri” və s. filmlərdə maraqlı rolları ilə məşhurlaşıb.

Hazırladı: Vüqar Orxan