Azərbaycan
28 aprel 1916 - Teatr rəssamı, Əməkdar incəsənət xadimi Əsgər Məmmədismayıl oğlu Abbasov (1916 - 9.2.1970) anadan olub.
28 aprel 1917 - Xalq artisti Məhluqə Sadıqova (1917 - 15.8.2003) anadan olub. 50 ilə yaxın Akademik Milli Dram Teatrında çalışıb, uzun illər radioda “Bulaq” verilişinin əvəzsiz aparıcısı olub. “Yenilməz batalyon”, “Yeddi oğul istərəm”, “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib.
28 aprel 1920 - Bəstəkar, dirijor və pedaqoq Məmməd Qəzənfər oğlu Məmmədov (1920 - 28.1.1987) anadan olub.
28 aprel 1921 - Filologiya elmləri doktoru, professor Məmməd Tağı oğlu Tağıyev (1921 - 28.9.1994) Samux rayonunda doğulub. “Azərbaycanca-rusca lüğət”in (4 cild) redaktoru, “Rusca-azərbaycanca frazeoloji lüğət”in tərtibçisidir.
28 aprel 1920 - Məşhur tarzən, Xalq artisti Hacı Məmmədov (1920 - 2.8.1981) Şamaxıda doğulub. 40 ildən çox M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Eyni zamanda tanınmış həkim-cərrah olub.
28 aprel 1929 - Dilçi alim, türkoloq, AMEA-nın müxbir üzvü Zərifə İsmayıl qızı Budaqova (1929-1989) İrəvanda anadan olub.
28 aprel 1938 - Şair, dilçi, publisist Adil Babayev (1938-1977) anadan olub.
29 aprel 1916 - Bəstəkar, Əməkdar incəsənət xadimi Ədilə Hacağa qızı Hüseynzadə (1916-2005) anadan olub.
29 aprel 1919 - Tanınmış kinorejissor, Azərbaycan və Türkmənistanın Əməkdar incəsənət xadimi Əjdər Mütəllim oğlu İbrahimov (1919 - 20.9.1993) anadan olub. “Bakı” kinostudiyasında, "Mosfilm"də işləyib. “Onun böyük ürəyi”, "Ulduzlar sönmür”, “Məhəbbətim mənim, kədərim mənim” (SSRİ-Türkiyə) filmlərinə quruluş verib.
29 aprel 1957 - Əməkdar artist Rəhman Tofiq oğlu Rəhmanov Bakıda anadan olub. Azərbaycan Dövlət Kukla Teatrında çalışır. «Qızıl Dərviş» mükafatı laureatıdır.
30 aprel 1880 - Milli təsviri sənətin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Aslan oğlu Əzimzadə (1880 - 16.6.1943) Bakının Novxanı kəndində doğulub. 1906-cı ildən “Molla Nəsrəddin” jurnalında dərc olunmağa başlayan rəssam Azərbaycanda karikatura janrının banilərindən sayılır.
30 aprel 1937 - Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasının (librettonun müəllifləri Q.İsmayılov və M.S.Ordubadi) ilk tamaşası nümayiş olunub. Koroğlu rolunu SSRİ Xalq artisti Bülbül ifa edib.
30 aprel 1947 - Xalq artisti, məşhur tarzən Ramiz Əyyub oğlu Quliyev Ağdamda doğulub. Bakı Musiqi Akademiyasının xalq çalğı alətləri kafedrasının professorudur.
30 aprel 1952 - Əməkdar artist Eldəniz Qeybulla oğlu Rəsulov anadan olub. “Sevinc buxtası”, “Babək”, “Anlamaq istəyirəm”, “Gümüşgöl əfsanəsi” və s. filmlərdə çəkilib. Filmlərin dublyaj və səsləndirilməsində iştirak edir.
Dünya
28 aprel 1848 - Danimarka bəstəkarı Lüdviq Şitte (Ludvig Schytte, 1848-1909) anadan olub. “Gero”, “Məmlük” operalarının müəllifidir.
28 aprel 1902 - Rus yazıçısı Valentina Oseyeva (1902-1969) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.
28 aprel 1902 - Norveç yazıçısı Yohan Borgen (Johan Borgen, 1902-1979) anadan olub. Romanları: “Yay yoxdur və olmayacaq”, “Məhəbbət cığırı”, “Mən” və s.
28 aprel 1924 - Məşhur Litva aktyoru, SSRİ Xalq artisti Donatas Banionis (1924 - 4.9.2014) anadan olub. Filmləri: “Heç kim ölmək istəmirdi”, “Sakit mövsüm”, “Solyaris”, “Mister Mak-Kinlinin qaçışı” və s.
29 aprel Beynəlxalq Rəqs Günüdür (İnternational Dance Day). 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən tanınmış fransız baletmeysteri, müasir dünya baletinin nəzəriyyəçisi sayılan Jan-Jorje Noverin (Jean-Georges Noverre, 29.4.1727-1810) xatirəsinə ehtiram olaraq təsis edilib.
29 aprel 1842 - Avstriya bəstəkarı, Vyana klassik operettasının banisi Karl Milleker (Karl Joseph Millöcker, 1842-1899) anadan olub. Əsərləri: “Kasıb tələbə”, “Üç cüt ayaqqabı”, “Qrafinya Dübarri”.
29 aprel 1907 - Avstriya mənşəli Amerika rejissoru Fred Sinneman (Fred Zinnemann, 1907-1997) anadan olub. Dörd filmi “Oskar” mükafatına layiq görülüb: “Bu analar yaşaya bilərdi”, “Benci” (qısametrajlı filmlər), “Bütün zamanların adamı”, “İndidən və hər zaman” (8 “Oskar”).
30 aprel 1870 - Avstriya-macar bəstəkarı və dirijoru Frans (Franz) Lehar (1870-1948) anadan olub. “Şən dul qadın”, “Qraf Lüksemburq”, “Qaraçı məhəbbəti”, “Torağaylar oxuyan yerdə” operettalarının müəllifidir.
30 aprel 1883 - Çex satirik yazıçısı və dramaturqu Yaroslav Haşek (1883-1923) anadan olub. “Əsgər Şveykin sərgüzəştləri” romanı ilə məşhurlaşıb. “Pan Tenkratın əzabları”, “Əcnəbilər üçün gid”, “Mənim it alverim” hekayələr toplusunun müəllifidir.
30 aprel 1952 - Fransız rejissoru və ssenaristi Jak Odiar (Jacques Audiard) anadan olub. Filmləri: “Gör adamlar necə düşür”, “Dodaqlarından oxu” (9 “Sezar” mükafatı).
Hazırladı: Vüqar Orxan