Ramiz Mirişlinin əziz xatirəsinə vida yazısı

Əliqismət Lalayev
Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru

O vaxt, yəni 1982-ci ildə poeziyamızın nəhəngi sayılan Hüseyn Cavidin 100 illik yubileyi münasibətilə Naxçıvan Poeziya Teatrı yaradılmışdı. Teatrın ilk tamaşası olan “Mənim tanrım gözəllikdir, sevgidir!” əsərində ölməz Cavidin obrazını yaradırdım və bu tamaşanın musiqisini Ramiz Mirişli bəstələmişdi. Ramiz müəllimlə ilk tanışlığımız da elə bu tamaşadan başlamışdı.

Elə həmin ildə müəllifin “Ana” əsərinin səhnə təfsirini bu teatrda vermək mənə həvalə olundu. Yeni tamaşa üçün xüsusi musiqi sifarişi barədə düşünəndə, ilk ağlıma gələn Ramiz Mirişli oldu. Onda Ramiz müəllim Bakıda yaşasa da, Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsinə rəhbərlik edirdi, elə bu üzdən demək olar ki, ayın çox gününü doğma şəhərində keçirir, muxtar respublikanın ictimai-mədəni həyatında fəal iştirak edirdi. Naxçıvan teatrında onlarla tamaşaya musiqi yazmışdı.
Ancaq Ramiz müəllimlə ürəkdolusu söhbət etmək arzum o qədər də asan başa gəlmədi. Çünki onun vaxtı demək olar ki, çox məhdud idi. Ətrafında həmişə xeyli adam olardı. Həmyerliləri və həmsöhbətləri Ramiz müəllimin duzlu-məzəli deyimlərinin, hamı ilə məhrəm zarafatlarının, səmimi atmacalarının, Bakı ilə bağlı gənclik macəralarının vurğunu olduğundan “Ağa”nı (Ramiz Mirişli ağır seyid ocağının nümayəndəsi idi, o illərdə sovetin dəmir qadağalarına məhəl qoymayıb onun dədə-baba evinə ziyarətə, diləyə gələnlərə mane olmağa gücü çatmasa da, insanların sevgisini, inamını və ümidini öz səmimiyyəti ilə cavablandırmağa çalışırdı) tək buraxmaq istəmirdilər.
Nəhayət ki, vədəsini aldım və o, teatra gəldi. 1983-cü ildə biz gözəl, müştərək bir işi müvəffəqiyyətlə tamamladıq. Ramiz Mirişlinin məxsusi bu tamaşa üçün yazdığı mahnılar sonralar dillər əzbəri oldu. Hüseyn Cavid adına Poeziya Teatrı isə məhz bu tamaşaya görə Respublika Komsomolu mükafatına layiq görüldü (onda bu mükafat hər bir gənc yaradıcının arzuladığı bir ödül idi). Tamaşa bu gün də AzTV-nin “qızıl fondu”nda saxlanılır və hər ilin oktyabr ayında Cavidlər soyadını daşıyan unudulmaz və dəyərli insanların xatirə günlərində efirə verilir. Hər dəfə də Ramiz müəllim zəng eləyib: “Əliqismət, baxdın tamaşaya, amma gözəl işləmişik ha!” - deyirdi. Sonra da gülə-gülə: “Vallah, məndən bir də olmayacaq! Evdəkilərə denən, bir Ərzuman küftəsi bişirsinlər, Zərifə xanımla gələk, qeyd edək!”
Deyərdi, amma gəlməzdi... Özünə haqq qazandırmağa bəhanəsi də hazır olardı həmişə: “Vaxtım nə gəzir...bir də Bakıda o dadda küftə bişirən çətin tapıla, olsa da, bizim yerlərdə bişirilənin dadını-tamını verməyəcək. Ay Əli, Naxçıvan məzrəsini (çox nadir göyərti adı - Ə.L.) Bakıda hardan tapacaqsan?”
Yenə oktyabr ayı gələcək, yenə “Ana” tamaşası göstəriləcək, ancaq o tarixi mənə xatırladan və bir Ərzuman küftəsinin damağında qalan dadının həsrətini çəkən insan daha mənə zəng eləyib qürurla deməyəcək: “Baxdın? Gör, necə musiqi yazmışam?!”
Beləcə, düz bir qərinə (33 il) əvvəl başlanan tanışlığımız və dostluğumuz davam etdi. Onunla aramızdakı yaş fərqini heç eynimizə belə almadan bu ərkyana və güvənli münasibətimiz Hüseyn Cavid Poeziya Teatrının - Hüseyn Cavid ocağının xeyir-duası ilə başlandığından hər ikimiz onun müqəddəsliyini qorumağa çalışdıq. Bu illər ərzində biz dəfələrlə həm Naxçıvanda, həm Bakıda görüşdük, yol yoldaşı olduq, Naxçıvanda və Bakıda keçirilən dövlət tədbirlərinin təşkilində iştirak etdik, yeni tamaşalar hazırlamaq barədə xəyallar qurduq. Həmişə deyirdi ki, sənin maraqlı rejissor yozumun var, tamaşa qoy, səhnədən ayrılma! Və hərdənbir təəssüflə deyirdi: “Sənin məmurluğun bizim əlimizdən istedadlı bir rejissoru aldı”.
Məşhur bir sənətkarın qarşısındakı gəncin istedadını, bacarığını və qabiliyyətini belə yüksək qiymətləndirməsi, ona dəyər verməsi hər addımda rastlanan fakt olmadığından Ramiz müəllimin bu qayğısı məni həmişə duyğulandırırdı və həmişə də deyirdim ki, əgər təzə bir səhnə əsəri yazsanız, rejissoru özüm olacam.
O da qətiyyətlə deyirdi ki: “Yazacam, özü də əlyazmasının üstündə qeyd edəcəm ki, bu tamaşanın quruluşçu rejissoru mütləq Lalayev olmalıdır”.
İllər keçdi, mən yenə teatra qayıtdım, bizdə onun “Qısqanc ürəklər” musiqili komediyası oynanılırdı, “Amerikalı kürəkən” əsərinin məşqlərinə isə mən gələndən sonra başlanıldı. Tez-tez məşq prosesinə baxmağa gəlirdi, aktyorlarla, rejissorla, musiqiçilərlə söhbət edirdi, məsləhət və tövsiyələrini verirdi.
Ümumiyyətlə, o teatrla, kino ilə məhsuldar əməkdaşlıq edən bəstəkar idi. Onun bütün mahnılarını ekranda və efirdə, el məclislərində tamaşaçılar, dinləyicilər dönə-dönə dinləmək istəyirdi. Hər kəs bilirdi ki, Ramiz müəllimin ürəyinin səsi, könlünün pıçıltısı var bu nəğmələrdə.
Onu yaxından tanıyanlar bilirlər ki, Ramiz Mirişli bütün yaradıcılığı boyu öz xalqına sədaqəti ilə fərqlənirdi. Böyük bəstəkar sayı-hesabı dəqiq bilinməyən lirik mahnılarında da, irihəcmli simfonik əsərlərində də öz xalqının ən səmimi və ən pünhan duyğularının tərcümanı kimi yaddaşlarda qaldı.
Heç unutmadığım çoxsaylı xatirələrdən biri: Qarabağ müharibəsinin qızğın vaxtlarında ikimiz də Azərbaycan Dövlət Filarmoniyasında işləyirdik, mən direktor müavini idim, o, Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri. Günlərin bir günü Ağdamın Çəmənli kəndini qoruyan özünümüdafiə dəstələrinə mənəvi dəstək olmaq üçün cəbhə bölgəsinə getdik. Hərbi hissədə əsgərlərlə görüşdük, onları ruhlandırmaq məqsədilə konsert verməyə gəldiyimizi bütün kənd bilirdi. Ona görə hərbi hissənin özündə belə çox qələbəlik idi. Artistlərimiz çıxışlarını bitirər-bitirməz atışma səsləri eşitdik, kəndə xəbər yayıldı ki, ermənilər atəşkəsi yenə pozublar. Ramiz müəllim ayağa qalxıb üzünü komandirə tutdu: “Mən də sizinlə düz cəbhə xəttinə qədər gedəcəm”.
Bizi əhatə eləyənlərin hamısı cavan, dəliqanlı gənclər idi. Yerbəyerdən hamı etiraz etdi. Amma Ramiz müəllim sakitləşmirdi. Mən o an hiss elədim ki, əgər biz Ramiz Mirişlini güclə də olsa, maşına əyləşdirməsək, o mütləq özünü o odun, o atəşin qabağına atacaq. Həmin gün biz Bakıya qayıtdıq və yolboyu Ramiz Mirişli əsəbini, qəzəbini saxlaya bilməyib danışdı... Sonra onun bir-birinin ardınca yeni əsərləri yarandı: “Mənim xalqım”, “Əsgər haqqında ballada”, ”Əsgər andı”, “Adın şöhrət, şan yerimiz” və nəhayət, “Məşəl kimi yanan ürək”.
Mənim tələbəlik illərimdə Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulan “Ana laylası” ən çox sevdiyimiz səhnə əsərləri sırasında idi. İndi Əməkdar artist olan Almaz Mustafayevanın ifasında səslənən mahnılar o qədər şirin, o qədər bənzərsiz idi ki, məhz bu mahnılara, musiqiyə görə “Ana laylası”na dəfələrlə baxmışdıq. Sonralar bu mahnılar Elmira Rəhimovanın ifasında da efirdə tez-tez səslənirdi.
Tamaşanın musiqisi o qədər cəlbedici idi ki, mənim yaddaşımdan heç silinmirdi. Heç uzaq deyil, aprelin 3-ü, ya 4-də Ramiz müəllimi teatra dəvət etdim və ona bildirdim ki, əgər “Ana laylası”nın orkestr variantını işləsə, uşaqlar üçün çox gözəl bir hədiyyə olar. Çox sevindi, duyğulandı. Birlikdə televiziyaya zəng vurduq, Azərbaycan Televiziyasından bu tamaşanın lent yazısını istədik, Gənc Tamaşaçılar Teatrından əsəri və onun musiqisi yazılmış diski xahiş etdik. Hər şey o qədər təcili həll olundu ki, Ramiz müəllim çox böyük sevinc və razılıqla teatrı tərk etdi, 1-2 günə zəng edəcəyini dedi. Dedi... və getdi.
Bu gün də hər dəfə telefon çalanda Ramiz Mirişlinin mənə zəng edəcəyi barədə verdiyi söz yadıma düşür. Axı o, mənə zəng etməliydi. Axı biz vədələşmişdik. Vaxt tapan kimi zəng edəcəyini vəd edib getmişdi. Mənim əziz dostumsa illər boyu vədəsinə, sözünə sadiq qalmışdı. İndisə... hələ də qulağım səsdədir. Elə bilirəm ki, hər an özünəməxsus səs-küylə, şuxluq və zarafatla içəri daxil olacaq, çox sevdiyim yüzlərlə mahnısından birini, bəlkə də əhvalına, ovqatına o an tuş gələn nəğməsini zümzümə edəcək: “Həyat, söylə, sən kiminsən?” - deyib pəncərəmdən görünən Xəzərə sarı boylanıb təkrar soruşacaq:
- Həyat, söylə, sən kiminsən?
Sonra da inamla deyəcək:
- Mən həyatı öyrənənin!
Həyatsa elə bir möcüzə, elə bir aləmdir ki, 100 il yaşasan da, onun mənasını sonadək dərk edə bilmirsən...
Heyf səndən, maestro! Doğrudan da, səndən bir də olmayacaq! Görünən yerini kimsə doldurmayacaq!







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar