Yazdıqca yazmış və oxunduqca qurtarmayan Məmməd Səid Ordubadi

Bu nəhəng nasir, görkəmli şair, dramaturq, jurnalist, tərcüməçi, librettoçu - deməli, universal-total ədib haqda olan bu bircə (və adicə) yazımı nədən və necə başlayım ki, onun rəngarəng janrlı, “gidi dünya”nın cikindən-bikinə mövzulu, həcmcə qalından-qalın, məna-məzmun, dil-üslubca əbədi qalan yüzlərcə əsərindəki “giriş”lərin yüzdə birincə maraqlı çıxsın və... çağımızın yalnız elektron-informasiya “yar”lı oxucularıyçün də “gəl-gəl”edici olsun?..

Bu böyük klassikin mahir istedadına dair söylədiyim sözlərin bir çox müasir ədəbiyyat-bədiiyyatçıların yaratdığı boğanaq havadan asılı qalmaması üçün “Qılınc və qələm” romanının ilk səhifəsinin ilk cümləsi: “Evində oturub xısın-xısın ağlayanların sayı küçələrdə bayram qələbəliyi edənlərdən qat-qat çox idi...”
Və Şeyx Nizami dövrünü təsvir edən bu sətirlər müəllifinin özü də sonralarkı məkana - qələbəli həyat və yaradıcılıq “küçələrinə” çıxana qədərki məkan da -

“Xısın-xısın”lı imiş...

Müasirlərinin xatirələrinə görə, o vaxtlar özünün “köhnəliklər və yeniliklər qovuşuğu” dövrünü yaşayan Ordubadda doğulmuş (24 mart 1872) ədibin uşaqlıq, yeniyetməlik və ilk gənclik çağları gələcək romanlarında təsvir edəcəyi şiddət-məşəqqət epizodlarından heç də geri qalmırmış. Ailəni əzəldən çətinliklə dolandıran və elə şairlik təxəllüsünü də buna uyğunlaşdıran (Fəqir Ordubadi) atasının ölümündən sonra 7 yaşlı Məmməd (və bacısı) əmisinin himayəsində yaşamalı, az sonra iş axtarmalı olmuşdur: “Mən Karapet Babayevin ipək fabrikinə girdiyim vaxt on dörd yaşım vardı və düz bir il ayda manat yarım maaşla işlədim”.
İlk təhsilini molla yanında, daha sonra - istedadı, oxumağa qeyri-adi həvəsi müqabilində ondan təhsil haqqı belə almayan Mirzə Baxşı müəllimin mütərəqqi məktəbində, əsil təhsil-təlimini isə dövrün qabaqcıl maarifpərvəri və tanınmış şairi M.T.Sidqinin yeni tipli məktəbində alan Ordubadi həm də sərbəst çalışmaları, mütaliəsi sayəsində dünyəvi elm-mədəniyyət-ədəbiyyat aləminin əsasları ilə tanış olmaqla yanaşı, bunaqədərki aləm-əhvalları nəzmə çəkdiyi də olurmuş:

Qorxuruq küləkdən, qorxuruq yeldən,
Ruzumuz asılmış incə bir teldən.
İşə çağırırlar ulduz batmamış,
İşdən buraxmazlar - şəhər yatmamış...


Və o çağlarçün gələcəyin, indilərçün “keçmişin” azman ədibinin -

Paytaxt ərəfəsi...

Bu yarımbaşlığa SSR İttifaqında belə “Romançı nəhəng” kimi tanınan yazıçının yaradıcılığa 14-15 yaşlarından başlamasıyla ilgili sözə başlamaq istərkən, yadıma onun öz xatirələri düşdü: “Mən şeir yazmağa, yazıçı olmağa heç də həvəslənmirdim; atamın yazdığı şeirlərin zığ-palçıq içərisinə atılması heç də yadımdan çıxmamışdı. Onun şeir-sənətdən nə fəlakətlər çəkdiyini görmüş anam da buna mane olurdu. Lakin məktəb və bəzi məqam-məkanlarda “şeirləşmə” işi özüm də hiss etmədiyim bir surətdə məni şeir-sənət işinə çəkdi”.
1905-ci il inqilabından ruhlanan Məmməd Səidin yaradıcılığında yeni dövr başlayır, azadlığa, “mütləqiyyət”lə mübarizəyə çağıran əsərlərə qol qoyur. 1906-1907-ci illərdə Tbilisidə iki şeir kitabı (“Qəflət”, “Vətən və hürriyyət”) çap edilir. Habelə orada yenicə nəşrə başlayan və onun yaradıcılıq inkişafına böyük təkan verən “Molla Nəsrəddin” jurnalında “Politika aləmindən” adlı ilk felyetonu dərc olunur. Paralel olaraq, Bakıda çıxan “İrşad”, “Səda”, “Sədayi-həqq”, “Tərəqqi”, “Tazə həyat” və s. qəzetlərdə, “Tuti”, “Babayi-Əmir” jurnallarında maraqlı yazılarla çıxış edir.
Lap yaxın qarşı illərdə “Böyük “Qılınc-Qələmli” çağırılası, ədəbi yaradıcılığında və mühərrirlik fəaliyyətində böyük rol oynamış, elə ilk ədəbi dirçəlişindən realizm və demokratizm istiqamətli inkişafına, “süftə-müftə dünyagörüşündəki” bəzi ziddiyyətlərin “redaktə edilməsinə” əvəzsiz təsir göstərən “Molla Nəsrəddin”də - millətimizin bütöv mədəni-mənəvi güzgüsündə düz 25 il əməkdaşlıq edəsi, amma həm də: “Əsərlərim artdıqca, xüsusən “Molla Nəsrəddin” məcmuəsindəki iştirakım sıxlaşdıqca düşmənlərim də artırdı...” - deyəsi böyük ədib, nəhayət ki -

Böyük Bakıda!

Hələ Ordubadda ikən ətrafın cürbəcür mənəvi, ictimai-siyasi təzyiq və maddi sıxıntıları üzündən Culfaya köçməsi, burada İran inqilabına kömək edən təşkilatın üzvlərinə qoşulduğuna görə 1914-cü ilin yanvarında həbsə alınıb Saritsin (indiki Volqoqrad) şəhərinə sürgün edilməsi, şiddətli soyuqlar, həbsxanadan-həbsxanaya uzun-uzadı yollar səbəbilə aclıq və mənəvi əzintilərdən səhhəti çox pozulmuş ədib Bakıda xeyli azad və yaradıcılıqçün sərbəstlik tapmış olur. Burada çap edilən “Bədbəxt milyonçu” və “Əndəlisin son günləri, yaxud Qrenadanın təslimi” əsərləri, habelə “Babayi-Əmir”, “Tuti”, “Qardaş köməyi” və digər jurnal-qəzetlərdə çıxan şeir və felyetonları onu daha da məşhurlaşdırır. 1917-ci il fevral inqilabı nəticəsində sürgündən azad olan və 1920-ci ilin mayında Bakıya gələn ədib “böyük bir sevinc və enerji ilə” ədəbi-ictimai işlərə qoşularaq maarif və mədəniyyətin müxtəlif sahələrində çalışır.
Ümumiyyətlə, 20-ci illər Ordubadi fəaliyyətinin ən qaynar, dolğun illəridir. Bu dövrdə ədəbiyyatın demək olar, bütün janrlarında yazıb-yaradan sənətkar, mövzusu müasir həyatdan alınmış bir neçə dram əsəri də qələmə alır.
Hələ onun daha böyük, daha dahi-bani şəxsiyyətimizin - Şərqdə ilk opera (“Leyli və Məcnun”) müəllifinin dünyalarca məşhur “Koroğlu”suna yazdığı librettosu! Həmin librettodakı misilsiz-mükəmməl epizodlar bir yana, xanların-paşaların Qır atı aşağılaması cəhdlərində işlətdiyi xəlqi-kolorital (“Yeyir, içir, yatır və şıllaq atır!”) ifadələri!..
Yaxud, onun Böyük Vətən müharibəsi illərindəki yaradıcılığına diqqət yetirək. Yaşına və səhhət zəifliklərinə yenilməyən yazıçı, öz qələm yoldaşlarıyla birgə yorulmadan çalışır, efirdə və mətbuatda faşizm əleyhinə təsirli əsərlərlə çıxış edir, xalqa vətənpərvərlik keyfiyyətləri aşılayan “Gənc çekistlər”, “Kiçik şəhər”, “Serjant İvanov adına körpələr evi” kimi roman və hekayələr, “Maral”, “İntizar çəkənlər” pyeslərini qələmə alır.
Və ya hələ 20-ci illərdən əvvəl başladığı dördcildlik "Dumanlı Təbriz" (1933-1948). Bu roman-epopeyası ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının əsasını qoymuş ədib, “Döyüşən şəhər”, “Gizli Bakı” əsərlərilə bu sahə üzrə ustadlığını davam, Nizami Gəncəvi dövrünün parlaq və ecazkar tablosunu verdiyi “Qılınc və qələm” şedevrilə isə dahiyanə baniliyini təsdiq etmiş oldu.
Haqqında az-çox bəhs etdiyim əsərlərindən əlavə, “Yeni yol” qəzetinin redaktoru, bir müddət “Molla Nəsrəddin” jurnalının müdiri vəzifələrində işləmiş, sayagəlməz şeir, felyeton, publisistik məqalələr yazmış, tərcüməçiliklə məşğul olmuş, “Nərgiz”, “Nizami” operalarının, “Beş manatlıq gəlin”, “Ürəkçalanlar” musiqili komediyalarının librettolarını, Nizami, Füzuli, M.P.Vaqif, M.Ə.Sabir və başqaları haqda sanballı məqalələr yazmış, millət fəxarəti Üzeyir bəy Hacıbəylinin aradan götürülməsinə yönəlik növbəti cəhddə “Onda gərək bütün teatrlarımızın qapısından qıfıl asaq; axı, onların hamısında onun əsərləri oynanılır...” məntiqilə məsələni birdəfəlik xətm etmiş bu maraqlı və hələ də “mübahisəli” insan haqda

Daha nə?..

Zənnimcə, hələlik kifayətdir və yuxarıda şedevr təyinilə toxunduğum “Qılınc və qələm”də Qətibənin - öz çirkin niyyətinə yetmək məqsədilə alayarımçıq öpücükləşməli olduğu Hüsaməddinə hər dəfə təkrarladığı “dalısı sonra...” məsələsi.

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar