“Adelya xanım Bülbüllə yaşadığı dövrdə ona nə qədər sadiq olubsa, eyni zamanda onun yaradıcılığına xidmət edibsə, Bülbül dünyadan gedəndən sonra da onun xatirəsinin yaşamasına və onun həyatının, yaradıcılığının təbliğ olunmasına həddindən çox hörmət edir. Belə sədaqətli insanlar, yəni öz ailəsinə, dostuna, yoldaşına sədaqətli insanlar xalqa da, millətə də, dövlətə də sədaqətli olurlar. Belə insanlar həmişə cəmiyyətdə çox yüksək hörmət qazanırlar. Adelya xanım belə insanlardandır” (Ümummilli lider Heydər Əliyev).

Həyat bizi müxtəlif insanlarla qarşılaşdırır. Lakin çox nadir insanlar həyatımızda dərin izlər qoyur, bizə doğmalaşır. Adelaida xanım mənim üçün bu cür insandır. Mənə onunla yaxından tanış olmaq, xatirələrini dinləmək, məsləhətlərini yerinə yetirmək, dahi Bülbülün zəngin yaradıcılığını məhz onun əvəzsiz tədqiqatçısından öyrənmək xoşbəxtliyi nəsib olub.
Öz səmimiyyəti, xeyirxahlığı, qayğıkeşliyi, təvazökarlığı, bütün həyatını həsr etdiyi Bülbülünə olan sevgisi ilə məni heyrətləndirən Adelya xanım yaşadığı şərəfli həyatı ilə tarix yazdı.
Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq Artisti, Stalin mükafatı laureatı, professor, ictimai xadim Bülbülün həyat yoldaşı, Bülbülün memorial muzeyinin direktoru, sənətkarın zəngin irsinin əvəzsiz tədqiqatçısı Adelaida Məmmədova 1922-ci il avqustun 22-də Tiflisdə anadan olmuşdur. Həmin şəhərdə orta təhsilini bitirmişdir. Daha sonra hüquq üzrə ali təhsil almışdır.
1938-ci ildə Bülbüllə yeni həyata qədəm qoyan Adelya xanım Bakıya köçür və elə həmin andan, özünün də dediyi kimi, “həyatının nağıl dövrü” başlayır. Bu dövrdə o, Bülbülü bir an belə yalnız buraxmır.
Adelya xanım nəinki konsertlərə, qastrollara, hətta Böyük Vətən müharibəsi illərində öz intensiv işini davam etdirən maestro Bülbüllə cəbhə bölgəsinə belə birgə gedir. O, Bülbülün yalnız həyat yoldaşı deyil, həm də dostu idi. Ona işlərində hər zaman kömək edirdi. Hətta hansısa çıxışı etmək lazım gələndə Bülbül onun mətnini yazmağı Adelya xanıma etibar edirdi. Bülbül Adelya xanıma notariat qaydasında təsdiq edilmiş etibarnamə ilə səlahiyyət vermişdi. Adelya xanım onun əvəzinə sənədləri imzalaya, məktub, teleqramlar yaza və ala bilərdi.
Hər səhifəsi Adelya xanım üçün əziz olan bu nağıl həyatı 1961-ci il sentyabrın 26-da bitir. Çox sevdiyi Bülbülün ölümü ilə sarsılan Adelya xanım çətin və ağır günlər yaşayır. Övladlarını Bülbülsüz böyüdür. Onların hər ikisi: Çingiz Bülbüloğlu və Polad Bülbüloğlu Adelya xanımın çəkdiyi zəhməti gözlədiyindən də artıq doğruldurlar.
Adelya xanım 1938-ci ildən yaşadığı mənzili, buradakı unikal sənədləri, əşyaları muzeyin təşkil olunması üçün qoruyub saxlamışdır. 1976-cı ildə ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə verilən qərara əsasən Bülbülün memorial muzeyi yaradıldı və 1977-ci ildə Adelya xanım muzeyə direktor təyin edildi. 1982-ci il iyunun 10-da muzeyin təntənəli açılışı oldu.
50 ildən çox zəngin Bülbül irsinin tədqiqatçısı olan Adelya xanımın fədakarlığı sayəsində bu gün muzeydə böyük sənətkarın yaradıcı, elmi, pedaqoji fəaliyyəti haqqında 9 minə yaxın eksponat qorunub saxlanılır.
Maestro Bülbülün həyat və yaradıcılığından bəhs edən 9 kitabın və bir sıra məqalələrin müəllifi olan Adelya xanıma kitabların birində filologiya elmləri doktoru Qulamhüseyn Əliyev tərəfindən ünvanlanan ürək sözləri diqqətimi cəlb etdi: “Kitabı vərəqlədikcə ara-sıra oxuduğum cümlələr məndə elə bir təəssürat oyatdı ki, müəllif kimdirsə, o, ya Bülbülü çılğın məhəbbətlə sevən aspirantdır, ya da onunla eyni cəbhə mücahidlərindən biridir...”
Bülbülün ölümündən sonra həyatını fədakarlıqla onun xatirəsini yaşatmağa, irsinin qorunub-saxlanmasına həsr edən, muzey fondlarını və ekspozisiyanı təşkil edən, sənətkara aid hər bir əşyasını qayğı və diqqətlə qoruyan Adelya xanımın əməyi, zəhməti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Prezident İlham Əliyevin sərəncamları ilə 2007-ci il avqustun 21-də Azərbaycanda muzey işinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə, 2012-ci il avqustun 18-də mədəni irsin təbliğində xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu” ilə təltif olunmuşdur.
Adelya xanım xatirələrində yazır: “Deyirlər, zaman hər şeyi sağaldır. Amma bu belə deyil. Bülbülün ölümündən illər ötsə də, mən onun yoxluğuna, artıq yanımda olmadığına, həmişəlik getdiyinə və bir daha geri qayıtmayacağına öyrəşə bilməmişəm. Mən gecə-gündüz onu düşünürəm. Allah bilir ki, onsuz mənim üçün necə çətindir, ağırdır...”
Aprelin 25-də o, əbədiyyət dünyasına köçərək ömrünü həsr etdiyi Bülbülünə qovuşdu...

Fərqanə Cabbarova,
Bülbülün memorial muzeyinin direktoru







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar