Azərbaycan

5 may 1856 - Azərbaycanın ilk maarifçi qadınlarından biri, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova-Abayeva (1856-1929) Şimali Qafqazın Nalçik şəhərində (Kabarda-Balkar vilayəti) anadan olub. Bakıda "Nicat" xeyriyyə cəmiyyətinin qadınlar şöbəsini qurub, 1901-ci ildə H.Z.Tağıyevin himayəsi altında fəaliyyətə başlayan ilk rus-müsəlman qızlar məktəbinin direktoru olub.
5 may 1866 - Yazıçı-dramaturq, şair, tərcüməçi, teatr xadimi Eynəli bəy Çölübəy oğlu Sultanov (1866-1935) Naxçıvanda anadan olub. Dövrün qabaqcıl ziyalıları (M.Şahtaxtlı, M.T.Sidqi, C.Məmmədquluzadə və s.) ilə Naxçıvanda "Müsəlman incəsənəti və dram cəmiyyəti" yaradıb. 1983-cü ildə cəmiyyət Naxçıvanda ilk teatr tamaşasını ("Müsyö Jordan və dərviş Məstəli şah") səhnəyə qoyub.
5 may 1892 - İstiqlal şairi Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə, 1892-1937) Şəmkir bölgəsinin Seyfəli kəndində doğulub. Azərbaycanın Dövlət himninin (“Azərbaycan marşı”, 1918) sözlərinin müəllifidir. Ədib həmçinin filoloq ("Türk dilinin morfologiyası və sintaksisi" kitabı) və tərcüməçi olub, U.Şekspirin «Otello», «Romeo və Cülyetta» pyeslərini, Ş.Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» poemasını dilimizə çevirib. 1937-ci ildə repressiya olunub.
5 may 1905 - Tanınmış ədəbiyyatşünas, şair, tərcüməçi Əkrəm Cəfər (Əkrəm Səftər oğlu Cəfərov, 1905 - 18.8.1991) İsmayıllı rayonunun Lahıc kəndində anadan olub.
5 may 1909 - Yazıçı-jurnalist Məmməd Əkbər (Məhəmməd Həmzə oğlu Əkbərov, 1909 - 10.12.1974) Naxçıvan MR-in Ordubad şəhərində doğulub. Kitabları: “Həyatımızdan səhifələr”, “Dostlar və tanışlar” və s.
5 may 1910 - SSRİ Xalq artisti, rejissor, aktyor və pedaqoq Adil Rza oğlu İsgəndərov (1910 - 18.9.1978) anadan olub. Milli Dram Teatrının baş rejissoru, “Azərbaycanfilm”in direktoru işləyib. “Uzaq sahillərdə”, “Qara daşlar”, “Qanun naminə”, “Dərviş Parisi partladır”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Əhməd haradadır?” filminə quruluş verib.
5 may 1912 - Nasir, tərcüməçi Cəfər Bağır (Cəfər Səfər oğlu Bağırov; 1912-17.4.1983) Ordubad rayonunun Dəstə kəndində anadan olub. Kitabları: “Babamın ürəyi”, “Mən yadına düşəndə” və s. T.Drayzer, A.Sent-Ekzüperi, R.Taqorun əsərlərini dilimizə (ruscadan) çevirib.
5 may 1922 - Xalq artisti Ələddin Aslan oğlu Abbasov (1922 - 13.7.2014) Gəncədə doğulub. 1939-cu ildən Gəncə Dram Teatrında çalışıb. "Dəli Kür" filmində yaratdığı Cahandar ağa rolu ilə məşhurlaşıb. “Torpaq. Dəniz. Od. Səma” (Əli), "Qatır Məmməd" (Məşədi Göyüş), “Nizami” (Xaqani), “Qətl günü” (Zülfüqar”), "Özgə vaxt" (Ata) və s. filmlərə çəkilib.
5 may 1930 - Tanınmış xanəndə, Xalq artisti Yaqub Məhəmməd oğlu Məmmədov (1930 -5.7.2002) Ağcabədi rayonunda anadan olub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib.
5 may 1938 - Şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Eyvaz Borçalı (Ayvaz Məhəmməd oğlu Ayvazov) Gürcüstanın Marneuli rayonunun Ağaməmmədli kəndində anadan olub. «Mozalan» satirik kinojurnalının baş redaktoru, «Azərbaycanfilm» kinostudiyasının direktoru işləyib. Kitabları: “İllər... pillələr”, “Dünyanın tərkində”, “Durnalı göylər”.
5 may 1940 - Yazıçı-publisist, Əməkdar jurnalist Yusif Abbas oğlu Kərimov Bərdədə anadan olub. Kitabları: “Gün ötər, geri dönməz”, “İtkilər və ümidlər”, “Qarabağ şikəstəsi”, “İşğal vadisi” və s.
5 may 1940 - Şair, ədəbiyyatşünas Ağa Laçınlı (Ağa Əliqəmə oğlu Əliyev; 1940- 25.11.2007) Laçın rayonunun Oğuldərə kəndində anadan olub. Kitabları: "Sirli-soraqlı dağlar", "Aşırımlar qarşısında", "Gecə yuxusu", "Alın yazımız" və s.

6 may 1947 - Filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlu (Cəlilov) Qərbi Azərbaycanın Vedibasar mahalında doğulub. Türkologiyaya, türk dillərinin morfonologiyasına dair tədqiqatların müəllifidir. Ali Sovetin deputatı, respublikanın təhsil naziri olub.

7 may 1926 - Tanınmış rəssam Cəbrayıl Əlimuxtar oğlu Əzimov (1926 - 10.7.1969) anadan olub. 1953-cü ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb, “Görüş”, “O olmasın, bu olsun” (Nadir Zeynalovla birgə), “Leyli və Məcnun” , “Qızmar günəş altında”, “Qanun naminə”, “İnsan məskən salır” və s. filmlərin quruluşçu rəssamı olub.
7 may 1998 - Kinorejissor, operator, ssenarist, Xalq artisti Muxtar Dadaşov (11.9.1913 - 1998) vəfat edib. «Qanun naminə», «Bakıda küləklər əsir» və s. filmlərə quruluş verib. “Yeni horizont”, “Arşın mal alan” (1945, Əlisəttar Atakişiyevlə birgə) filmlərinin operatorudur.

Dünya

5 may 1813 - Dünya fəlsəfi irsində yeni cığır açmış görkəmli Danimarka mütəfəkkiri, ekzistensializmin banisi Seren Kirkeqor (1813-1855) anadan olub.
5 may 1818 - Böyük alman filosofu, elmi kommunizm nəzəriyyəsinin banisi Karl Marks (Marx; 1818 - 14.3.1883, London) anadan olub. Əsərləri: “Alman ideologiyası”, “Kapital", “Anti-Dürinq" (Fridrix Engelslə birgə) və s.
5 may 1846 - Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1905) laureatı Henrik Senkeviç (1846-1916) anadan olub. Əsərləri: "Quo Vadis" (rus nəşrlərində "Kamo qryadeşi" - “Hara gedirsən”), "Girdab", "Polonetskilər ailəsi" və s.
5 may 1928 - Rus yazıçısı Anatoli İvanov (1928-1999) anadan olub. «Kölgələr günorta yox olur», «Əbədi çağırış» romanlarının (hər iki əsər ekranlaşdırılıb) müəllifidir.

6 may 1668 - Fransız yazıçısı Alen Rene Lesaj (Alain Rene Lesage, 1668-1747) anadan olub.
6 may 1856 - Dünya ədəbiyyatı və mədəniyyətində dərin iz qoymuş psixoanaliz nəzəriyyəsinin banisi, Avstriya alimi Ziqmund Freyd (Sigmund Freud 1856-1939) anadan olub. Əsərləri: “Yuxuların yozulması”, “Totem və tabu”, “Bir illüziyanın gələcəyi”.
6 may 1868 - Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vladislav Reymont (1868-1925) anadan olub. Əsərləri: “Kişilər” romanı, “1794” tarixi trilogiyası və s.
6 may 1904 - İsveç yazıçısı və şairi, Nobel mükafatı laureatı (1974) Harri Edmund Martinson (1904-1978) anadan olub.
6 may 1922 - Məşhur aktyor, SSRİ Xalq artisti Vladimir Abramoviç Etuş anadan olub. «Qafqaz əsiri», “İvan Vasilyeviç peşəsini dəyişir” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. 1944-cü ildən Y.Vaxtanqov adına Akademik Dram Teatrında çalışır. Uzun illər B.Şukin adına Teatr Məktəbində dərs deyib, tədris ocağına rəhbərlik edib.
6 may 1961 - Amerika kinoaktyoru, rejissor, ssenarist Corc Kluni (George Timothy Clooney) anadan olub. Filmləri: “Siriana” (“Oskar” mükafatı), “Qürubdan gündoğanadək”, “Nazik qırmızı sap”, “Xələflər”.

7 may 1833 - Alman bəstəkarı, pianoçu və dirijoru Johannes Brahms (1833-1897) anadan olub. Əsərləri: “Alman rekviyemi”, “Macar rəqsləri” və s.
7 may 1840 - Görkəmli rus bəstəkarı və dirijoru Pyotr İliç Çaykovski (1840 - 1893) anadan olub. 10 operanın (“Yevgeni Onegin”, “Mazepa”, “Orleanlı qız”, “Qaratoxmaq qadın”, “Undina” və s.), 3 baletin (“Qu gölü”, “Yatmış gözəl”, “Şelkunçik”), 7 simfoniyanın müəllifidir.
7 may 1861 - Görkəmli hind şairi, yazıçı, filosof, bəstəkar, ədəbiyyat üzrə Nobel mükafatı (1913) laureatı Rabindranat Taqor (Rabindranath Tagore, 1861 - 7.8.1941) Kəlküttədə doğulub. Əsərləri: “Fəlakət”, “Ev və dünya”, “Vida mahnısı” romanları, “Poçt”, “Qırmızı oleandrlar” pyesləri və s.
7 may 1895 - Rusiya ixtiraçısı, fizik və elektrotexnik Aleksandr Popov Peterburqda ilk radio qurğusunu nümayiş etdirib. Bu hadisənin 50-ci ildönümü ilə bağlı SSRİ hökuməti 7 mayı “Radio günü” elan etmişdi (1945). Hazırda Rusiyada bu gün qeyd olunur.
7 may 1953 - Tanınmış Türkiyə müğənnisi, bəstəkar Müslüm Gursəs (1953 - 3.3.2013) Şanlıurfada doğulub.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar