Tarixin yaddaşına böyük fəlakətlərlə həkk olunan II Dünya müharibəsi milyonlarla insanın həyatına son qoydu. Ancaq ölkələrin və xalqların birliyi faşizm taununu yer üzündən silməyə nail oldu. Xalq şairi Səməd Vurğun bu zəfər sorağını belə ifadə etmişdi:

Yazılsın tarixə bir qızıl xətlə,
45-ci ilin 9 May günü.

O tarixin acısını da, Qələbənin sevincini də bilavasitə yaşamış insanların - veteranların sıraları təəssüf ki, illər keçdikcə seyrəlir. Böyük hörmət və ehtirama malik bu insanlar günümüzün canlı tarixidir.
Bayram ərəfəsində onlardan biri, Berlinədək döyüş yolu keçən, ömrünün bir hissəsini Azərbaycan mətbuatına, ölkənin ictimai həyatına həsr edən Çingiz Ələkbərovla görüşdük. Onunla illər öncəsinə qayıtdıq, həyat yoluna nəzər saldıq.
Çingiz Ələkbərov döyüşlərdə və əməkdə fərqləndiyinə görə “Qırmızı ulduz” (1944), III dərəcəli “Şöhrət” (1945), II dərəcəli “Vətən müharibəsi” ordenləri, “Qırmızı əmək bayrağı”, “İgidliyə görə” (1943), “Berlinin alınmasına görə” (1945) - ümumilikdə 20-dək orden və medalla təltif olunub. Üç dəfə Azərbaycan Respublikası Ali Sovetinin fəxri fərmanına layiq görülüb.

“Dedilər ki, vaxt çatanda özümüz səni çağırarıq...”

1925-ci ildə Bakıda doğulan həmsöhbətim 1942-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib: “Müharibə başlayanda 172 saylı orta məktəbin 9-cu sinfində oxuyurdum. Bu xəbər bütün şəhəri sarsıtmışdı. Cəbhədən xəbərləri radiodan səbirsizliklə, nigarançılıqla gözləyirdik. Yaxın qohumlar, qonşularımız səfərbər olunmuşdular. Baxmayaraq ki, Bakı cəbhə xəttindən çox uzaqda idi, amma havada ağır bir qüssə vardı. Hərdən düşmən təyyarələrinin Bakı üzərindən uçduğunu söyləyirdilər. Artıq bir müddətdən sonra şəhərin küçələrində cəbhədən gələn yaralılar görünməyə başladı. 9-cu sinifdə oxuyanda 132 saylı məktəbdə təşkil edilmiş snayper qrupuna yazıldım. Həmin dövrdə hər bir məktəbli Vətəni qorumaq haqqında düşünürdü. Buna görə mən də onilliyi bitirən kimi hərbi komissarlığa getdim. Yaşımı öyrənib dedilər ki, vaxt çatanda özümüz səni çağırarıq.
10-cu sinifdə oxuduğum zaman qorxulu bir hadisə baş verdi. Məktəbin damında gurultu eşitdik. Bu səs məktəbin damında yerləşdirilən iriçaplı pulemyotlardan açılan atəş səsi imiş. Göydə qırıcı təyyarələr göründü, şəhərin səması qara tüstüyə bürünmüşdü. Sonradan bildik ki, düşmən qırıcıları hava məkanımızı pozub. Düşmən təyyarələri geri dönərkən Quba ərazisində zenitçilərimiz tərəfindən vurulmuşdu. Sonra həmin düşmən təyyarəsinin qalıqları Bakı bulvarında sakinlərə nümayiş etdirildi”.
Həmsöhbətim məzun olduqdan sonra bir müddət elektrik montyoru işləyib: “Bilirdim ki, yaşım çatan kimi məni hərbiyə çağıracaqlar. Ona görə də sənədlərimi ali məktəbə vermədim. 1942-ci ilin mart ayında məni komissarlığa çağırdılar. Zaqafqaziya Hərbi Dairəsinin Sumqayıtda yerləşən ehtiyat alayında minomyotçu kimi hazırlıq keçdikdən sonra avqust ayında 416-cı Azərbaycan atıcı diviziyasına göndərildim. Çox keçmədi ki, biz 416-cı diviziya və 130-cu atıcı diviziyanın və 6-cı tank briqadasının köməyi ilə şərq tərəfdən hücuma keçib Taqanroqu faşistlərdən azad etdik”.
Çingiz müəllim deyir ki, bu uğurlu əməliyyata görə hər iki diviziyaya “Taqanroq” adı verilir. Şəhər uğrunda döyüşlərdə fərqlənən cəbhə yoldaşlarına dövlət mükafatlarına, diviziyanın pulemyotçusu Ağaşirin Cəfərov isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür.

Brandenburq qapılarının tağı üzərində Qələbə bayrağı

Müsahibim bildirir ki, onun daxil olduğu diviziya Ukraynanı azad etdiyinə görə “Qızıl bayraq” ordeni ilə təltif edilir: “Sonra Odessanı düşmənlərdən azad etdik. Bu döyüşə görə 416-cı diviziya “Suvorov” ordeni aldı. Sentyabrda isə diviziya marşal Jukovun komandanı olduğu I Belarus cəbhəsinə göndərildi. Döyüş yollarımız Kişinyov, Varşava, Polşadan keçdi. Əsas hədəfimiz Berlin idi...
Berlin uğrunda döyüşləri heç zaman unutmaram. 1945-ci il aprel ayının 16-da şiddətli döyüşlər başlandı. Ayın 21-də biz şəhərin şərq hissəsinə çatmışdıq. Paytaxtın şərq qapısı sayılan Sileziya dəmiryol qovşağında qızğın döyüşlər oldu. Nəhayət, biz çiyin-çiyinə vuruşaraq Berlinin rəmzi olan Brandenburq qapılarının tağı üstünə Qələbə bayrağını sanca bildik... İnanıram ki, bizim üçrəngli bayrağımız gec-tez Şuşada dalğalanacaq”.

Döyüşçü və jurnalist

Uzun döyüş yolu keçən qəhrəmanımız o illərin xatirəsini danışdıqca bəzən qəhərlənir, döyüş dostlarını, iki əsrin ağrı-acısını yadına salır. Bu da əbəs deyil. Çünki mətin döyüşçü müharibədən sonra 1950-ci ilin yayına kimi Almaniyadakı sovet qoşunlarında xidmət edir. Ordudan qayıtdıqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə daxil olur. 1950-ci ildə onu cəbhədəki xidmətlərinə görə Bakının Oktyabr Rayon Partiya Komitəsində (indiki Yasamal rayonu) təlimatçı vəzifəsinə dəvət edirlər.
Çingiz müəllim deyir o vaxt dərslərimin çoxluğundan bu işin öhdəsindən gələ bilməyəcəyimi bildirsəm də, məni fərqlənən döyüşçü kimi hər vəchlə bu işdə saxlamağa nail oldular: “Beləliklə də mənim həyatımın ikinci bir dövrü başlandı. Daha sonra Bakı Şəhər Partiya Komitəsində təlimatçı, şöbə müdiri, 1957-ci ildə keçmiş Voroşilov Rayon Partiya Komitəsində (indiki Səbail rayonu) katib işlədim. Sonra isə öz xahişimlə jurnalist kimi işləməyə başladım. 1958-ci ildən nəşrə başlayan “Bakı” axşam qəzetində şöbə müdiri işlədikdən sonra 1966-cı ildən Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin nəşr və tərcümə şöbəsinin müdiri oldum. Son iş yerim isə 1991-ci ildən Mərkəzi Seçki Komissiyasında baş məsləhətçi və katibliyin müdiri vəzifəsi olub. Müxtəlif vəzifələrdə çalışsam da, hər zaman Azərbaycan tarixinin düzgün çatdırılmasına səy göstərmişəm”.

Lalə Azəri