Azərbaycan

13 may 1943 - Xalq yazıçısı, dramaturq, filologiya elmləri doktoru, professor Elçin İlyas oğlu Əfəndiyev anadan olub. 1993-cü ildən Azərbaycan Respublikası Baş nazirinin müavinidir. Əsərləri: "Ağ dəvə", “Mahmud və Məryəm" (roman), “Dolça”, “Bir görüşün tarixçəsi” (povest), “Mənim ərim dəlidir”, “Cəhənnəm kirayənişinləri”, “Şekspir”, “Teleskop” (pyes) və s. Əsərləri bir çox dillərə tərcümə olunub. “Arxadan vurulan zərbə”, “Gözlə məni”, “Gümüşü furqon”, “Bağ mövsümü” və s. filmlərin ssenari müəllifidir.
13 may 1929 - Şair və tərcüməçi Hikmət Ziya (Hikmət Ziya oğlu Əfəndiyev; 1929 - 2.8.1995) Ağdamda anadan olub. Uşaq və gənclər üçün bir çox əsərlərin müəllifidir.
13 may 1937 - Xalq artisti, tarzən Adil Kamil oğlu Bağırov anadan olub. 1976-cı ildən Azərbaycan Televiziya və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblının rəhbəridir.
13 may 1982 - Böyük bəstəkar, pedaqoq, Azərbaycan Elmlər Akademiyasının akademiki, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Əbülfəz oğlu Qarayev (5.2.1918 - 1982) vəfat edib. Dünya musiqi xəzinəsinə daxil olan “Yeddi gözəl" (1952), “İldırımlı yollarla" (1958) baletlərinin, üç simfoniya, “Don Kixot" simfonik qravürü, “Leyli və Məcnun" simfonik poeması, “Vyetnam" süitası, fortepiano üçün 24 prelüd, skripka və fortepiano üçün sonata və romansların müəllifidir.

14 may 1805 - Rusiya-İran müharibəsi (1804-1813) gedişində birinci Kürəkçay müqaviləsi (indiki Goranboy rayonu ərazisində Kürəkçayın sahilində) bağlanıb. Müqaviləyə əsasən, Qarabağ xanlığı Rusiya imperiyasına birləşdirilib.
14 may 1916 - Azərbaycan kinosu tarixində birinci tammetrajlı bədii film olan “Neft və milyonlar səltənəti” ilk dəfə nümayiş etdirilib. Yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında ekranlaşdırılan filmin rejissoru Boris Svetlov idi.

15 may 1893 - Görkəmli türkoloq alim, professor, şair Bəkir Vahab oğlu Çobanzadə (1893 - 13.10.1938) Krımın Simferopol qəzasının Qarasubazar kəndində anadan olub. Azərbaycanda dilçilik elmi və türkologiyanın təşəkkülü və inkişafında böyük rol oynayıb. Stalin repressiyasının qurbanı olub.
15 may 1899 - Xalq artisti Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə; 1899 - 9.11.1973) Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. Bir sıra filmlərdə (“Bakılılar”, “Kəndlilər”, “Dağlarda döyüş”) maraqlı obrazlar yaradıb.
15 may 1921 - Əməkdar elm xadimi, filosof, professor Midhət Mirmusa oğlu Ağamirov (1921-1995) anadan olub.
15 may 1918 - Ədəbiyyatşünas, tənqidçi Əzizağa Hacıəli oğlu Məmmədov (1918-1986) Lənkəranda anadan olub.
15 may 1920 - Azərbaycan Xalq Maarif Komissarlığı respublikada vicdan azadlığının elan edilməsi, dinin dövlətdən və məktəbdən ayrılması barədə dekret verib.
15 may 1922 - SSRİ Xalq artisti, bəstəkar Rauf Soltan oğlu Hacıyev (1922 - 19.9.1995) anadan olub. Populyar mahnıların ("Sevgilim", "Sevimli şəhər", "Leyla"), operettaların ("Romeo mənim qonşumdur", "Dördüncü fəqərə", “Talelər qovuşanda”, «Ordan-burdan» və s.) müəllifidir. «Bir qalanın sirri», «Kölgələr sürünür», «Qara daşlar», «Əhməd haradadır?» və s. filmlərə musiqi yazıb. 60-cı illərdə Azərbaycanın mədəniyyət naziri işləyib.
15 may 1930 - Nasir, dramaturq, ədəbiyyatşünas Altay Yusif oğlu Məmmədov (1930 - 15.7.2003) Gəncədə doğulub. "Həmyerlilər", "Kişilər", "Yadındamı", "Ulduzlar görüşəndə" və s. pyeslərin müəllifidir. O.İoselianinin "Araba hələ aşmayıb", V.Şukşinin "Diribaş adamlar" pyeslərini Azərbaycan dilinə çevirib.
15 may 1930 - Ədəbiyyatşünas, tənqidçi, tərcüməçi Qəzənfər Yusif oğlu Əliyev (1930-1984) anadan olub.
15 may 1931 - Ədəbiyyatşünas, professor Mahmud Qara oğlu Allahverdiyev (1931-1999) anadan olub.
15 may 1939 - Nasir, dramaturq Həmid Arzulu (Həmid Fərhad oğlu Əliyev) anadan olub. Alman ədəbiyyatından bir çox əsərləri (Hötenin "Qərb-Şərq" divanı, Lessinqin "Müdrik Natan" dramı, Şillerin "Balladalar"ı və s.) dilimizə tərcümə edib.
15 may 1944 - Aktyor, rejissor, Əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyov Hacıqabul rayonunun Atbulaq kəndində doğulub. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Nəsimi”, “Qətl günü” və s. filmlərdə çəkilib. “Doğma sahillər”, “Atları yəhərləyin” (Həsən Turabovla birgə), “Gecə qatarında qətl” və s. filmlərə quruluş verib.

Dünya

13 may 1840 - Fransız yazıçısı Alfons Dode (Alphonse Daudet, 1840-1897) anadan olub. Əsərləri: “Taraskonlu Tartarenin qeyri-adi sərgüzəştləri”, “Böyük Fromon və balaca Risler”, “Cek”, “Safo” (romanlar), “Arlezianka” (pyes).
13 may 1842 - İngilis bəstəkarı Artur Sallivan (Arthur Seymour Sullivan, 1842-1900) anadan olub.
13 may 1882 - Fransız rəssamı, təsviri sənətdə kubizm cərəyanının banisi Jorj Brak (Georges Braque, 1882-1963) anadan olub.
13 may 1923 - Rusiya bəstəkarı İsaak Şvarts (1923-2009) anadan olub. Bir çox filmlərə musiqi yazıb: “Səhranın bəyaz günəşi”, “Cənab Mak-Kinlinin qaçışı” və s.
13 may 1924 - Sovet hökuməti kino işinin yenidən qurulması barədə qərar qəbul edib. Kino çəkilişi və prokatında inhisarçılıq bütünlüklə dövlətə (Xalq Maarif Komissarlığına) verilib.
13 may 1934 - SSRİ Yazıçılar İttifaqına ilk üzvlərin qəbulu başlanıb. 1№-li üzvlük bileti yazıçı Maksim Qorkiyə verilib.
13 may 1956 - Rus yazıçısı Aleksandr Fadeyev (əsl soyadı Bulıqa, 1901-1956) intihar edib. “Tarmar”, “Udeqedən sonuncu”, “Gənc qvardiya” romanlarının müəllifidir. SSRİ Yazıçılar İttifaqına rəhbərlik edib. Stalin repressiyalarında iştirakına görə peşmançılıq keçirərək özünü öldürüb.

14 may 1265 - İntibah dövrünün dahi italyan şairi Dante Aligeri (1265 - 14.9.1321) anadan olub. Bəzi mənbələrdə təvəllüdü 30 may göstərilir. İntibah ədəbiyyatının şah əsərlərindən olan “İlahi komediya” poemasının müəllifidir. Axirət dünyasına səyahəti təsvir edən poema 3 hissədən (“Cəhənnəm", "Əraf", "Cənnət"), hər hissə 33 nəğmədən ibarətdir.
14 may 1771 - İngilis filosofu, sosialist Robert Ouen (Robert Owen, 1771-1858), anadan olub.
14 may 1944 - Amerika kinorejissoru Corc Lukas (George Walton Lucas) anadan olub.
14 may 1969 - Avstraliya kinoaktrisası, “Oskar” mükafatı laureatı Keyt Blanşet (Cate Blanchett) anadan olub. Filmləri: “Elizaveta”, “Aviator” (“Oskar” mükafatı), “Üzüklərin hökmdarı” və s.

15 may Beynəlxalq Ailə Günüdür (İnternational Day of Families). BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə əsasən qeyd olunur.
15 may 1567 - İtaliya bəstəkarı Klaudio Monteverdi (Claudio Monteverdi, 1567-1643) anadan olub. Operaları: “Orfey”, “Ariadna”, “Poppeyanın tacqoyması”.
15 may 1848 - Görkəmli rus rəssamı Viktor Vasnesov (1848-1926) anadan olub. Məşhur rəsmləri: “Üç cəngavər”, “Çar İvan Qroznı” və s.
15 may 1862 - Avstriya dramaturqu Artur Şnisler (Arthur Schnitzler, 1862-1931) anadan olub.
15 may 1891 - Məşhur rus yazıçısı Mixail Bulqakov (1891 - 10.3.1940) Kiyev şəhərində doğulub. Roman və povestləri: "Usta və Marqarita", "Ağ qvardiya", "İt ürəyi", “Cənab de Molyerin həyatı”; pyesləri: "Qaçış", “Turbinlər ailəsinin günləri", "Zoykanın mənzili", “İvan Vasilyeviç” (pyes əsasında “İvan Vasilyeviç peşəsini dəyişir” filmi çəkilib).

Hazırladı: Vüqar Orxan