Keçən əsrin təlatümlü və mürəkkəb dövründə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın milli-siyasi, intellektual və mədəni səviyyəsinin, yüksək potensialının göstəricisi idi.

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti qısa müddət ərzində demokratik və dünya dəyərlərinə söykənən bir dövlət qurmuşdu. Etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət ayrılması Cümhuriyyət hökumətinin yürütdüyü siyasətin mahiyyətini əyani şəkildə səciyyələndirir.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi 23 ay ərzində mədəniyyət və maarif sahəsində də bir sıra qanun və qərarlar qəbul edildi. Hökumətin bu sahədə qəbul etdiyi ən mühüm qərarlardan biri 1918-ci il 27 iyun tarixində Azərbaycan-türk dilinin dövlət dili elan edilməsi oldu. Həmin sənəddə ibtidai siniflərdə təhsilin icbari olaraq ana dilində aparılması, rus dilinin isə dövlət müəssisələrində keçici olaraq işlənə bilməsi göstərilirdi.
Cümhuriyyət dövrünün əlamətdar hadisələrdən biri də Bakı Dövlət Universitetinin açılması idi. 1919-cu il noyabrın 15-dən universitetdə dörd - tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri üzrə tədris başlandı. Ali təhsil sahəsində daha bir mühüm qərar 100 tələbənin təqaüdlər ödənilməklə Avropanın və Rusiyanın ali məktəblərində oxumağa göndərilməsi oldu. Cümhuriyyət hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 637 ibtidai və 23 orta ixtisas təhsilli məktəb fəaliyyət göstərirdi.
1918-ci ilin oktyabrında Bakıda Hacıbəyli qardaşları tərəfindən teatr truppası yaradılmışdı. Azərbaycan peşəkar milli teatrının əsasının hələ 1873-cü ildə qoyulmasına baxmayaraq, yalnız Cümhuriyyət hökumətinin səyi nəticəsində teatr dövlət statuslu mədəniyyət sahəsinə çevrildi, truppaya bina ayrıldı. Dövlət Teatrında ilk dəfə 1918-ci il noyabrın 4-də N.Nərimanovun "Nadir şah" faciəsinin tamaşası nümayiş olundu. Teatrda Azərbaycanın mütərəqqi yazıçı və dramaturqlarının əsərləri ilə yanaşı dünya klassiklərinin də müxtəlif janrlı əsərləri də tamaşaya qoyulurdu. Ü.Hacıbəyli, Ə.Haqverdiyev kimi ziyalılar öz məqalələrində teatrla bağlı problemləri işıqlandırırdılar. Ümumiyyətlə, istiqlal dövrü teatrın inkişafında əsaslı keyfiyyət dəyişiklikləri, dövlətin bu sənətə dəstəyi, teatrın cəmiyyətin həyatında mühüm rolunun artması ilə səciyyələnir.
Kitabxana və muzey işində böyük yeniliklər edildi. Hökumət geniş oxucu kütləsinin ehtiyaclarını nəzərə alaraq, Bakıda ümumi kitabxana təşkil etmək məsələsini qaldırdı. Bu dövrdə Azərbaycanda 95 min nüsxə kitab fondu olan 11 kitabxana fəaliyyət göstərirdi.
1919-cu il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının birinci ildönümü münasibətilə parlamentin binasında Azərbaycanda ilk muzey - “İstiqlal” muzeyi təşkil olundu.
1918-1920-ci illərdə Bakıda, Gəncədə və respublikanın digər şəhərlərində onlarla qəzet və jurnal dərc olunurdu. Bu da o dövrdə Azərbaycanda söz və mətbuat azadlığının yüksək səviyyəyə çatmasını göstərir. "Molla Nəsrəddin", "İstiqlal", "Açıq söz", "İqbal", "Təkamül", "Azərbaycan", "Mədəniyyət", "Qurtuluş" kimi nəşrlər Azərbaycan mətbuatı və publisistikası tarixində mühüm izlər qoymuş, xalqımızın maariflənməsinə öz töhfələrini vermişdir.
Xalq Cümhuriyyətinin dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımız üçün taleyüklü əhəmiyyət kəsb etdi. 1991-ci il oktyabrın 18-də qəbul olunan Konstitusiya Aktında Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin siyasi varisi olması elan olundu. Cümhuriyyətin rəmzləri müstəqil Azərbaycanın dövlət atributları oldu.
Biz Cümhuriyyətin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Tarixi təcrübə göstərir ki, dövlət müstəqilliyini əldə etmək kifayət deyil, həm də onu qorumaq, milli birliklə möhkəmləndirib gələcək nəsillərə ötürmək gərəkdir.

Elçin Cəfərov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar