Azərbaycan
5 iyun 1908 - Şair Mikayıl Müşfiq (Mikayıl Əbdülqadir oğlu Mikayılzadə 1908 - 6.1.1938) anadan olub. Yeniyetmə vaxtlarından şeir yazıb, 18-20 yaşlarında populyarlıq qazanıb. 10 şeir və poemalar toplusu nəşr olunub. 30 yaşında pantürkizm və millətçilikdə ittiham edilərək güllələnib.
5 iyun 1912 - Dramaturq, ədəbiyyatşünas Həsən Məmməd oğlu Qasımov (1912-8.5.1977) anadan olub. "Kür sahilində" pyesi teatrlarda tamaşaya qoyulub.
5 iyun 1939 - Xalq şairi, dramaturq, ictimai xadim Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov; 1939 - 28.1.2015) anadan olub. Lirik-fəlsəfi poeziyası ilə müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur, “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “Yaşıl eynəkli adam”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları” və s. pyeslərin müəllifidir. Milli Məclisin deputatı (2000-2010) olub.
5 iyun 1941 - Görkəmli aktyor Hamlet Bəbir oğlu Xanızadə (1941 - 3.2.1990) Bakının Şağan kəndində doğulub. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Babək”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Qətl günü” və s. filmlərdə, televiziya və teatr tamaşalarında yaddaqalan obrazlar yaradıb.
5 iyun 1949 - Yazıçı, ssenarist, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə anadan olub. 30-dan çox kitabın, 10-dan çox filmin (“Gecə qatarında qətl”, “Vahimə”, “Biz qayıdacağıq” və s.) ssenari müəllifidir.
6 iyun 1855 - Şair Əbdülxalıq Cənnəti (1855-1931) Bakıda doğulub. “Məcməə-üş şüəra” cəmiyyətinin fəal üzvlərindən olub. Klassik üslubda şeir və qəzəllər yazıb, “Qız qalası”, “Qılınc və qələm” poemalarının müəllifidir.
6 iyun 1929 - Əməkdar rəssam, heykəltəraş Münəvvər Məcid qızı Rzayeva (1929-2004) Bakıda anadan olub. Mikayıl Müşfiq (Bakı və Xızıda), Məhsəti Gəncəvi (Gəncə) və digər tanınmış şəxsiyyətlərin heykəllərini yaradıb.
6 iyun 1929 - Akademik, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru Çingiz Oveys oğlu Qacar Bakıda doğulub. İxtisas sahəsi üzrə tədqiqatlar ilə yanaşı, "Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri", "Köhnə Bakı", “Köhnə Şuşa" və s. kitabların müəllifidir.
6 iyun 1951 - Xalq artisti Xuraman Əkrəm qızı Qasımova anadan olub. 1976-cı ildən Opera və Balet Teatrının solistidir, Bakı Musiqi Akademiyasının professorudur. “Liftçi qız”, "Mən ki gözəl deyildim", "Həyat bizi sınayır" filmlərinə çəkilib.
7 iyun 1893 - Peşəkar təhsil almış ilk azərbaycanlı qadın rəssam Qeysər Seyfulla qızı Kaşıyeva (1893 - 17.4.1972) Tiflisdə doğulub. Qafqaz İncəsənətini Təşviq Cəmiyyətinin rəssamlıq sinfində oxuyub. Portret və mənzərə rəsmlərinin (“Azərbaycan ziyalısı", "Göl sahili" və s.) mahir ustası olub. "Şərq qadını" jurnalında rəssam işləyib.
7 iyun 1922 - Sovet hökumətinin qərarı ilə ədəbiyyat və nəşriyyat məsələləri üzrə baş idarə ("Qlavlit") yaradılıb. SSRİ dövründə siyasi və ideoloji senzuranın başında duran qurum sovet şair-yazıçılarına, jurnalistlərinə sosialist dəyərlərindən sapmağa imkan vermirdi. "Qlavlit" 80-ci illərin sonunda qismən ləğv edildi.
7 iyun 1946 - Tanınmış ssenarist, rejissor, Əməkdar incəsənət xadimi Ramiz Fətəliyev anadan olub. “Rəqiblər” (“Ömrün səhifələri”), “Birisigün, gecəyarısı...”, “Sizi dünyalar qədər sevirdim”, “İstanbul reysi” (Eldar Quliyevlə birgə) və s. filmlərin ssenari müəllifidir.
8 iyun 1900 - Heykəltəraş İbrahim Quliyev (1900-1938) anadan olub.
8 iyun 2002 - Rusiyanın Sankt-Peterburq şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi açılıb. Mərasimdə Azərbaycan və Rusiya prezidentləri Heydər Əliyev və Vladimir Putin iştirak ediblər.
9 iyun 1984 - Naxçıvanda yazıçı-dramaturq Hüseyn Cavidin ev-muzeyi açılıb.
9 iyun 1989 - Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudov (14.12.1915, Tiflis - 1989) vəfat edib. "Arşın mal alan" (1945), "Bəxtiyar" (1956) filmlərində baş rollara çəkilib. Operada ("Sevil" - Fikrət Əmirov) çıxış edib. Bakıda Mahnı Teatrını yaradıb, Azərbaycan musiqisinin dünyada təbliğinə misilsiz töhfələr verib.
Dünya
5 iyun “Dünya ətraf mühit günü”dür (World Environment Day). 1972-ci il dekabrın 16-da BMT Baş Assambleyasının 27-ci sessiyasında təsis olunub.
5 iyun 1898 - İspan şairi və dramaturqu, musiqiçi və rəssam Federiko Qarsia Lorka (Federico Garcia Lorca; 1898-1936) anadan olub. İspaniyada Vətəndaş müharibəsində həlak olub.
6 iyun 1599 - Görkəmli ispan rəssamı Dieqo Rodriqes de Silva Velaskes (Diego Rodriguez de Silva y Velazquez, 1599-1660) anadan olub.
6 iyun 1606 - Məşhur fransız dramaturqu, “Fransa tragediyasının atası” Pyer Kornel (Pierre Corneille; 1606-1684) anadan olub. Əsərləri: “Sid”, “Edip”, “Psixeya”, “Medeya” və s.
6 iyun 1799 - Böyük rus şairi, dramaturq və nasir Aleksandr Sergeyeviç Puşkin (1799 - 10.02.1837) anadan olub. Əsərləri: "Yevgeni Onegin" mənzum romanı, "Ruslan və Lyudmila", "Qafqaz əsiri", "Tunc atlı" poemaları, "Boris Qodunov", "Motsart və Salyeri" pyesləri, “Kapitan qızı”, “Qaratoxmaq qadın” povestləri və s.
6 iyun 1875 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1929) Tomas Mann (Paul Thomas Mann 1875-12.08.1955) anadan olub. Əsərləri: “İosif və onun qardaşları” (tetralogiya), “Buddenbroklar”, “Doktor Faustus” (roman) və s.
7 iyun 1848 - Fransız impressionist rəssamı, qrafik və heykəltəraş Pol Qogen (Eugene Henri Paul Gauguin; 1848-1903) anadan olub.
7 iyun 1952 - Türkiyə yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (2006) laureatı Orxan Pamuk İstanbulda doğulub. “Cövdət bəy və oğulları”, “Səssiz ev”, “Bəyaz qala”, “Qara kitab”, “Mənim adım qırmızıdır”, “Qar”, “İstanbul” və s. romanların müəllifidir. Əsərləri dünyanın 30-dan çox dilinə tərcümə olunub.
8 iyun 1810 - Alman bəstəkarı, musiqişünas, pedaqoq Robert Şuman (Robert Schumann; 1810 - 29.7. 1856) anadan olub. Simfoniya, sonata, konsert və digər musiqi əsərlərinin müəllifidir.
8 iyun 1837 - Rus rəssamı İvan Kramskoy (1837-1887) anadan olub. Tarixi və portret janrında (L.Tolstoy, D.Mendeleyev və s.) əsərlərin, məşhur “Naməlum qadın” rəsminin müəllifidir.
9 iyun 1981 - Yəhudi əsilli Amerika aktrisası Natali Portman (Natalie Portman - Natalie Hershlag) anadan olub. Filmləri: «Leon», «Ulduz müharibələri», “Qara qu quşu” (2011, “Oskar”) və s.
Hazırladı: Vüqar Orxan