Azərbaycan

8 iyul 1909 - Görkəmli dilçi alim, filologiya elmləri doktoru, akademik Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə (1909 - 10.4. 1979) Şəkidə doğulub. Müasir Azərbaycan dilinin fonetikasına, etimologiyasına və ümumi dilçiliyə aid əsərlərin, dərsliklərin müəllifidir. Azərbaycanın Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı olub.

9 iyul 1821 - Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgər (1821-1926) Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Dədə Ələsgər Cənubi Qafqazda, Dağıstanda, bir sıra türkdilli xalqlar arasında şöhrət qazanmışdı. 1918-ci ildə erməni quldur dəstələrinin törətdiyi qırğınlardan sonra el-obasından didərgin düşüb, sonra yenidən doğma kəndə qayıdıb və orada dünyasını dəyişib.
9 iyul 1926 - Yazıçı-dramaturq Nəcəf bəy Vəzirov (1854, Şuşa - 1926) vəfat edib. Ədib "Müsibəti-Fəxrəddin" pyesi ilə Azərbaycan dramaturgiyasında faciə janrının əsasını qoyub. «Ev tərbiyəsinin bir şəkli», “Yağışdan çıxdıq, yağmura düşdük” və s. komediyaların müəllifidir. Lənkəran Dövlət Dram Teatrı dramaturqun adını daşıyır.
9 iyul 1939 - Əməkdar artist Firuz İmam oğlu Xudaverdiyev Bakının Lökbatan qəsəbəsində doğulub. Mingəçevir Dövlət Dram Teatrında çalışıb, 1976-cı ildə Milli Dram Teatrının truppasına qəbul olunub. Televiziya tamaşalarında, “Biz qayıdacağıq”, “Cavid ömrü”, “Günaydın, mələyim!” filmlərində çəkilib.
9 iyul 1996 - Yazıçı Cəlal Bərgüşad (Cəlal Novruz oğlu Cavadov; 22.6.1924 - 1996) vəfat edib. Qubadlı rayonunun Qəzyan kəndində doğulan yazıçı xalq qəhrəmanı Babəkdən bəhs edən “Sıyrılmış qılınc”, Qaçaq Nəbi haqqında “Bozatın belində” tarixi romanlarının, “Şərq çiçəyi” və s. əsərlərin müəllifidir.

10 iyul 1835 - Görkəmli şair və maarifçi Seyid Əzim Şirvani (Seyid Əzim Seyid Məhəmməd oğlu Mir Cəfərzadə; 1835 - 20.5.1888) Şamaxıda anadan olub. Azərbaycan lirik və satirik poeziyasını zənginləşdirib, “Əkinçi”, “Ziya” qəzetlərində publisistik yazılar yazıb. İlk dəfə olaraq Azərbaycan şairlərinin qısa tərcümeyi-halını və əsərlərindən nümunələri kitab şəklində ("Təzkirə") nəşr etdirib.
10 iyul 1899 - Şair Xəstə Bayraməli (Bayraməli Abbasəli oğlu Xudiyev; 1899-1952) Qərbi Azərbaycanda, Göyçə mahalının Nərimanlı kəndində anadan olub. Epik-lirik poema səpkili hekayətləri, qəzəlləri, qoşmaları və s. əsərləri ilə Göyçə ədəbi mühitinə yeni hava gətirib.
10 iyul 1930 - Xalq yazıçısı Sabir Məhəmməd oğlu Əhmədli (1930 - 17.4.2009) Cəbrayıl rayonunda doğulub. "Aran", "Pillələr", "Görünməz dalğa", "Yamacda nişanə", "Toğana", "Yasamal gölündə qayıqlar üzür", "Mavi günbəz", "Gedənlərin qayıtmağı", "Dünyanın arşını", "Yanvar hekayələri", "Kütlə", "Axirət sevdası" və s. kitabları işıq üzü görüb. Əsərləri xarici dillərə tərcümə edilib.
10 iyul 1924 - Ədəbiyyatşünas, tərcüməçi Əkbər Ağarza oğlu Babayev (1924 - 12.9.1979) anadan olub.
10 iyul 1969 - Əməkdar rəssam Cəbrayıl Əlimuxtar oğlu Əzimov (7.5.1926 - 1969) vəfat edib. 1953-cü ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. “Qızmar günəş altında”, “Görüş”, “Bəxtiyar” (Elbəy Rzaquliyevlə birgə), “İnsan məskən salır”, “Qanun naminə” və s. filmlərin quruluşçu rəssamı olub.

Dünya

8 iyul 1621 - Fransız şairi, məşhur təmsillər müəllifi Jan de Lafonten (Jean de La Fontaine, 1621-1695) anadan olub. Antik dövr müəlliflərinin (Ezop, Fedra və s.) əsərlərindən yararlanaraq təmsil janrını yaradıb.
8 iyul 1938 - Rusiyanın Xalq artisti Andrey Myaqkov anadan olub. «Xoş təsadüf və ya həmişə təmizlikdə» (Lukaşin), «İşdə məhəbbət macərası» (Novoselsev), «Qaraj» (Xvostov) və s. filmlərdə çəkilib.

9 iyul 1764 - İngilis yazıçısı Anna Radklif (Ann Radcliffe, 1764-1823) anadan olub. Ədəbi effektlər, qorxulu situasiyalarla zəngin olan qotik romanın yaradıcılarından biridir. Əsərləri: “İtalyan və ya bir etirafın sirri”, “Udolf qəsrinin sirləri” və s.
9 iyul 1834 - Çex yazıçısı Yan Neruda (1834-1891) anadan olub. “Qəbiristanlıq çiçəkləri”, “Kosmik nəğmələr”, “Ovliya cüməsi nəğmələri” və s. kitabların müəllifidir.

10 iyul 1871 - Fransız yazıçısı Marsel Prust (Valentin Louis Georges Eugune Marcel Proust; 1871-1922) anadan olub. “İtirilmiş zamanın axtarışında” adlı silsilə əsərlərin (17 roman) müəllifidir.
10 iyul 1918 - Avstraliya əsilli ingilis yazıçısı Ceyms Oldric (James Aldridge; 1918 - 23.2.2015) anadan olub. Əsərləri: “Şərəf məsələsi”, “Dəniz qartalı”, “Diplomat” (romanda 1940-cı illərdə Cənubi Azərbaycanda baş verən olaylar da təsvir olunub), “Sonuncu düym” və s.

Hazırladı: Vüqar Orxan