XIII-XIV əsrlər Azərbaycan ədəbiyyatı bir sıra meyarlarına görə diqqəti cəlb edir. Belə ki, bir tərəfdən anadilli poeziya geniş vüsət almağa başlayırdısa, digər tərəfdən Nizami Gəncəvi məktəbindən gələn didaktik poeziya ənənələri yeni-yeni keyfiyyətlər qazanırdı. Zəngin yaradıcılığında klassik Şərq ədəbiyyatının ənənələrinə söykənən görkəmli mütəfəkkir şairlərimizdən biri də Marağalı Əvhədi olub.
Rüknəddin Əvhədi 1274-cü ildə Marağa şəhərində dünyaya göz açıb. Gəncliyi Marağa rəsədxanasının fəaliyyət göstərdiyi dövrə təsadüf edib. Buna görə də dini elmlərlə yanaşı, dünyəvi elmləri də mənimsəyib, həm də şair kimi tanınıb. Bilik və səadət arzusu ilə Şərq ölkələrini səyahətə çıxan Əvhədi bir çox məmləkətləri, şəhərləri dolaşır. Nəhayət, İsfahan şəhərində qərar tutur, iyirmi ildən çox bu şəhərdə yaşayır. 59 yaşında Marağa şəhərinə qayıdır. 1333-cü ildə ensiklopedik səciyyə daşıyan “Cami-Cəm” poemasını yazır. Bu əsər gələcək nəsillər üçün dərin məzmunlu böyük bir irs hesab edilir. Onun lirik şeirlər divanı “Dəhnamə” və “Cami-Cəm” poeması intibah dövrü Azərbaycan ədəbiyyatının dəyərli nümunələri hesab edilir.
“Cami-Cəm” klassik Şərq didaktik poemaları silsiləsinə daxil edilir. Ancaq bir çox xüsusiyyətləri ilə digərlərindən fərqlənir. Bu əsər Əvhədinin uzunillik həyat təcrübəsi və zəngin yaradıcılıq axtarışlarının məntiqi nəticəsidir. Bu əsəri yazana qədər çox əziyyətli, şərəfli bir həyat və yaradıcılıq yolu keçib. Müəllif sələflərindən öyrəndiklərini də burada etiraf edib:
Kuzəmdə bir damcı varsa da əgər,
Haman dənizlərdən bir paydır məgər.
Məni özlərinə bilərək məhrəm,
Məhrum etmədilər göstərib kərəm.
Şair bu əsərdə həm də bir alim kimi elmi məsələlərə baş vurur. Canlıların yaradılmasından maraqla söhbət açır. Əsərin əvvəlindən sonuna kimi elmi tərifləyir:
Bu uzaq göylərin sirlərini biz,
Dərk edə bilmərik yəqin elmsiz.
Yoxdur bilik kimi bir abi-həyat,
Ancaq bilik verər insana nicat.
O, bununla gələcək nəsillərə oxumaq və elm öyrənməyi tövsiyə edir. Elmsiz heç nə etməyin mümkün olmadığını diqqətə çatdırır. “Cami-Cəm” əsərini başqa poemalardan fərqləndirən bir cəhət də həyat hadisələrinin ayrı-ayrı başlıqlar altında verilməsidir: “Mey içməyin qaydaları”, “Ev tikməyin şərtləri”, “Övlad tərbiyəsi” və s.
Əvhədi qəsidə, rübai və tərcibəndlərdən ibarət divan, “Məntiqül-üşşaq” (“Aşiqlərin məntiqi”) poemasını yazsa da, ədəbiyyat tariximizdə daha çox “Cami-Cəm” əsəri ilə yadda qalıb. Bu əsərində sufi rəmzlərini və ifadələrini də məharətlə işlədib. Müəllif bildirir ki, məhəbbətlə, eşqlə Allahı dərk etmək və ona qovuşmaq mümkündür. Qəlbində Allah sevgisi olmayan kamillik zirvəsinə yetişə bilməz:
Aşiq olmayanlar kamil olmadı,
Kim eşqə düşdüsə, o, çiy qalmadı.
Əsərin adının “Cami-Cəm” adlandırılması da təsadüfi deyil. Rəvayətə görə, İran şahı Cəmşidin hər şeyi özündə əks etdirən camı olub. Şair əsərinə bu adı verməklə demək istəyir ki, Cəmşidin camında olduğu kimi bu məsnəvidə də istənilən məsələyə cavab tapmaq olar:
Adını “Cəmşidin camı” qoydum mən,
Varlığın əksini onda görərsən.
Əsər üç fəslə bölünür. Şair birinci fəsildə yer üzündəki bütün canlıların və təbiətin yaradılmasından, ikinci fəsildə cəmiyyətin idarə olunmasından və sufiliyin şərtlərindən, irfan məktəbinin rəmzlərindən bəhs edir. Üçüncü fəsildə isə axirət və əbədi səfər hazırlığından söhbət açılır.
Poema maraqlı hekayələrlə başa çatır. Bu baxımdan “Kəsranın hekayəsi” diqqət çəkir.
Günlərin bir günü Kəsra saraydan çıxır və əyalətlərin birinə səfər edir. Yolda abad və ətirli bir bağa rast gəlir. Soruşur: “Bu bağ haradan su içir ki, belə ətirli və al-əlvandır”. Bağban dərhal cavab verir:
Sənin ədalətin su vermiş ona,
Onun üçün görməyir heç kəs viranə.
Burada Əvhədi demək istəyir ki, şahın ədaləti abadlıq yaradırsa, zülmü də xarabalığa səbəb olur...
Marağalı Əvhədi irsi onun ölümündən sonrakı dövrlərdə Şərq ədəbi aləmində daha böyük marağa səbəb olub. Farsdilli poeziyanın görkəmli nümayəndəsi Hafiz Şirazi Əvhədini özünün təriqət ustadı hesab edib. Mütəfəkkir şair İmadəddin Nəsimi Əvhədini sevə-sevə oxuyub. Onun “Nədir” rədifli şeirinə cavab yazıb.
Şərqinin ensiklopedik biliyə malik şairlərindən olan Əvhədi 1338-ci ildə, 64 yaşında Marağada vəfat edib.
Savalan Fərəcov