Azərbaycan

8 avqust 1943 - Şair, tərcüməçi, ədəbiyyatşünas Ənvər Əhməd (Ənvər Misir oğlu Əhmədov) Ağcabədi rayonunda anadan olub.
8 avqust 1948 - Xalq artisti Rasim Əhməd oğlu Balayev Ağsu rayonunda anadan olub. "Nəsimi" filmində (1974) baş rolu oynamaqla məşhurlaşıb. “Qatır Məmməd”, "Dədə Qorqud", "Babək", “Gözlə məni”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı”, “Küçələrə su səpmişəm”, “Cavid ömrü”, “Sübhün səfiri” və s. ekran əsərlərində yaddaqalan obrazlar yaradıb. "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda filmlərə çəkilib.
8 avqust 1948 - Tanınmış müğənni Akif İslamzadə Bakının Buzovna kəndində doğulub. İfaçılığa 1972-ci ildə Rəşid Behbudovun Mahnı Teatrında başlayıb. Azərbaycan Televiziyası və Radiosunun simfonik orkestrinin solisti olub. “Qərib cinlər diyarında”, “Tənha narın nağılı” və s. filmlərdə mahnıları ifa edib.

9 avqust 1954 - Xalq artisti, tanınmış tarzən Möhlət Müslümov Bakıda anadan olub. Azərbaycan Milli Konservatoriyasının professoru, Azərbaycan Televiziyası və Radiosunun Ə.Bakıxanov adına xalq çalğı alətləri ansamblının bədii rəhbəridir.
9 avqust 1979 - Yazıçı Yusif Şirvan (Yusif Əsgər oğlu Əsgərov; 26.12.1910, Şamaxı -1979) vəfat edib. Əsərləri: "Şəfəq", "Buludlar dağılır", "Məzunlar" (romanlar), "Sularda yanğın", "Lalə dəstəsi" (povestlər) və s. Rus dilindən tərcümələr edib.

10 avqust 1913 - Xalq rəssamı Kazım Məmmədəli oğlu Kazımzadə (1913 - 6.10. 1992) anadan olub. Opera tamaşalarının («Leyli və Məcnun», «Koroğlu»), bir sıra filmlərin (“Bir qalanın sirri”, “Bizim Cəbiş müəllim”, “Qanun naminə”, “Əhməd haradadır?”, “Qanlı zəmi” və s.) geyim üzrə rəssamı olub.
10 avqust 1936 - Yazıçı, şair, filosof Əlisa Nicat (Əlisa Qulam oğlu Hüseynov) Lerik rayonunun Yuxarı Gədik kəndində doğulub. “Qızılbaşlar”, “Gəncəli müdrik” romanları, “Zərdüşt”, “Sasanilərin sonu” və s. tarixi əsərlərin, “Nağıllara dönən tarix”, “Dünya tarixçiləri”, “Tarixin qürubu” və s. kitabların müəllifidir.
10 avqust 1946 - Nasir, tərcüməçi Aydın Ələkbər oğlu Abdullayev (1946 - 15.12.1995) anadan olub.
10 avqust 1949 - Xalq artisti Qəndab Həbib qızı Quliyeva Füzuli rayonunun Dilağarda kəndində doğulub. Opera tamaşalarında Leyli, Əsli ("Leyli və Məcnun", "Əsli və Kərəm" - Ü.Hacıbəyli), Ərəbzəngi ("Şah İsmayıl" - M.Maqomayev), Şahsənəm ("Aşıq Qərib" - Z.Hacıbəyov) və s. partiyaları ifa edib.

11 avqust 1973 - Şair, dramaturq Zeynal Rza oğlu Xəlil (23.3.1914, Gəncə - 1973) vəfat edib. “Düşüncələr”, “Bənövşə”, “Sevdiyim rəng”, “Günəş, dəniz və insan” və s. şeir kitabları, “Ulduzlar” mənzum romanı, “İntiqam”, “Qatır Məmməd”, “Ata yolu” pyeslərinin müəllifidir. Rus dilindən tərcümələr edib.

12 avqust 1880 - Tanınmış dilçi alim, jurnalist Fərhad Rasim oğlu Ağazadə (1880-1931) anadan olub.
12 avqust 1921 - Yazıçı Ələviyyə Hənifə qızı Babayeva anadan olub. "Mənim müəllimim", "Kənd yolları", “Sehrli pillələr" və s. kitabların, "Adamlar və talelər", “Haradasan dost, harada”, “Bəlkə, sabah olmadı”, “Səni axtarıram”, “Sönmüş ulduzların işığı” və s. romanların müəllifidir. Uşaq və gənclərin həyatından bəhs edən əsərləri xarici dillərə tərcümə olunub.
12 avqust 1923 - Tərcüməçi Kamil Həsən oğlu Məmmədov (1923-1989) Bakıda anadan olub. SSRİ xalqları ədəbiyyatından tərcümə etdiyi pyeslər respublika teatrlarında tamaşaya qoyulub.
12 avqust 1926 - Xalq şairi Qabil (Qabil Allahverdi oğlu İmamverdiyev; 1926 - 3.4. 2007) anadan olub. Kitabları: “Mənim mavi Xəzərim”, “Ömrüm boyu”, “Nəsimi”, “Ömrün həbləri”, “İlahi qisməti” və s. Respublika Dövlət mükafatı, "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif olunub.
12 avqust 1942 - Tarixçi-publisist Şəmistan Nəzərli anadan olub. Azərbaycanın hərb tarixinə, tanınmış azərbaycanlı generalların həyatına dair kitabların müəllifidir.
12 avqust 1943 - Ədəbiyyatşünas, tərcüməçi, Əməkdar incəsənət xadimi İntiqam Böyükağa oğlu Qasımzadə Şuşa şəhərində doğulub. "Azərbaycan" jurnalının baş redaktorudur. Rus dilindən tərcümələr edir. Ssenarisi əsasında bir neçə sənədli film çəkilib.
12 avqust 1954 - Ədəbiyyatşünas, yazıçı-publisist, Əməkdar incəsənət xadimi, AMEA-nın həqiqi üzvü Rafael Baba oğlu Hüseynov Kürdəmirdə anadan olub. “Vaxtdan uca”, “1002-ci gecə”, “Məhsəti necə varsa”, “Rəfibəylilər”, “Yoxdan var” və s. kitabların, monoqrafiyaların müəllifidir. Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatıdır.
12 avqust 1967 - Əməkdar artist Mehriban Aslan qızı Xanlarova Bakıda anadan olub. Milli Dram Teatrının aktrisasıdır. “Qəzəlxan", “Sahilsiz gecə”, “Məhkumlar” və s. filmlərdə çəkilib.

Dünya

8 avqust 1937 - Amerika aktyoru Dastin Hoffman (Dustin Lee Hoffman) anadan olub. Filmləri: “Yağış adamı” (“Oskar” mükafatı), “Tutsi”, “Epidemiya”, “Kramer Kramerə qarşı” (“Oskar”) və s.
8 avqust 1943 - Rusiya kinorejissoru, prodüser Yuli Qusman Bakıda anadan olub. 60-70-ci illərdə Bakı “KVN” klubunun kapitanı olub. Filmləri: “Qorxma, mən səninləyəm” (“Azərbaycanfilm”), “Bir ailə üçün bağ evi”, “Sovet dövrünün parkı” və s.

9 avqust 1899 - Avstraliya əsilli ingilis yazıçısı Pamela Trevers (Pamela Lyndon Travers - əsl adı Helen Lyndon Goff; 1899-1996) anadan olub. «Meri Poppinsin macəraları» seriyasından əsərlərin müəllifi kimi tanınıb.
9 avqust 1957 - Amerika aktrisası Melani Qriffit (Melanie Griffith) anadan olub. Filmləri: “İşgüzar qız”, “İki həddən artıq çoxdur” və s.
9 avqust 1962 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1946) laureatı Herman Hesse (Hermann Hesse; 2.7.1877 - 1962) vəfat edib. Əsərləri: “Təkər altında”, “Çöl canavarı”, “Şərq ölkəsinə ziyarət”, “Muncuq oyunu” və s.
9 avqust 1963 - Amerika müğənnisi Uitni Hyuston (Whitney Elizabeth Houston; 1963 - 11.2.2012) anadan olub. 1992-ci ildə çəkildiyi “Cangüdən” filmi (Kevin Kostnerlə birgə) ilə böyük şöhrət qazanıb. Dəfələrlə “Qremmi” və “Emmi” mükafatı qazanıb.
9 avqust 1975 - Görkəmli rus bəstəkarı, dirijor, pedaqoq Dmitri Şostakoviç (25.9. 1906 - 1975) vəfat edib. “Mtsen qəzasının ledi Makbeti” operasının, “Qızıl əsr”, “İşıqlı bulaq” və s. baletlərin, dünya musiqi xəzinəsinə daxil olan 15 simfoniyanın müəllifidir. Filmlərə (“Ovod”, “Hamlet”) musiqi yazıb.

10 avqust 1845 - Qazax klassik ədəbiyyatının banisi, maarifçi şair Abay (əsl adı İbrahim Kunanbayev; 1845-1904) anadan olub. “Qara söz” adlı 45 pritça və fəlsəfi traktatdan ibarət poema ədibin ən böyük əsəridir.
10 avqust 1895 - Rus şairi və yazıçısı Mixail Zoşenko (1895-1958) anadan olub. Əsərləri: “Qaytarılmış gənclik”, “Taras Şevçenko” povestləri və s.
10 avqust 1902 - Kanada aktrisası Norma Şirer (Edith Norma Shearer, 1902-1983) anadan olub. “Oskar” mükafatı (“Boşanma”, 1930) laureatıdır.
10 avqust 1912 - Braziliya yazıçısı Jorji Amadu (Jorge Amado, 1912-2001) anadan olub. Romanları: “Möcüzələr köşkü”, “Müqəddəsin yox olması”, “Qumsallıq kapitanları” və s.
10 avqust 1960 - İspan kinoaktyoru Antonio Banderas (Jose Antonio Dominguez Bandera) anadan olub. Filmləri: “Mambo kralları”, “Muzdlu qatillər”, “Evita”, “Zorronun maskası”, “Tale qadını” və s.
10 avqust 1960 - Gürcü aktyoru Mamuka Kikaleyşvili (1960 - 3.5.2000) anadan olub. Azərbaycanda kinorejissor Vaqif Mustafayevin «Yaramaz» filmində (Hətəm), Rusiyada “Pasport”, “Deribasov küçəsində hava yaxşıdır” və s. filmlərdə çəkilib.

11 avqust 1748 - Alman bəstəkarı Yozef Şuster (Joseph Schuster, 1748-1812) anadan olub.
11 avqust 1921 - Amerika yazıçısı Aleks Heyli (Alexander Murray Palmer Haley; 1921-1992) anadan olub. Avtobioqrafik “Köklər” romanı 40-dək xarici dilə tərcümə olunaraq müəllifə şöhrət qazandırıb.

12 avqust Beynəlxalq Gənclər Günüdür (International Youth Day). 1998-ci ilin 8-12 avqustunda Lissabonda (Portuqaliya) keçirilmiş dünya gənclər nazirlərinin I toplantısının tövsiyəsi əsasında BMT Baş Assambleyası tərəfindən (17 dekabr 1999) təsis edilib.
12 avqust 1866 - İspan dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1922) laureatı Xasinto Benavente-i-Martines (Jacinto Benavente Martinez; 1866-1954) anadan olub. "Məşhur adamlar", "Qubernatorun xanımı", "Şənbə gecəsi", "Yaxşı məhəbbətin dərsləri" və s. pyeslərin müəllifidir.
12 avqust 1955 - Alman (yəhudi əsilli) yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1929) Tomas Mann (Paul Thomas Mann; 6.6.1875 - 1955) vəfat edib. İntellektual nəsrin ustası olub. Əsərləri: “İosif və onun qardaşları” tetralogiyası, “Buddenbroklar”, “Doktor Faustus” romanları və s.

Hazırladı: Vüqar Orxan