inci istedadlı sənətkarının dadlı təsvir məhsulları...

“Dadlı”, “təsvir”, “məhsul” ifadələrindən sonra “natürmort” terminini yada salmamaq qeyri-mümkün. Bu isə, mütləq, bu janrın fenomeni Toğrul Nərimanbəyovu xatırladası! Müasir rəssamlığımızın ulu Toğrulunu. Özü - qədim rəssamlıq sənətimizin çağdaşbaxış nümayəndəsi, əsərləri - çağdaşlıq nümunələri olan Toğrulumuzu. Sir-sifətcə, “surəti-hal”ca da portret görklü sənətkarımızı...

Doğumca bakılı, nəsil-kökcə şuşalı, qövmi-kökəncə turanlı, yaşamca çoxünvanlı, sənətcə həryerli. Ömrünü bu dünyanın gözəlliklərini əks etdirməyə və onları Dünyaya - hələ təsis edilməmiş “Bəşər TV”vari “canlıyayın”lamağa sərf edib.
Bu an yadıma həmin “yayın” löyünlərindən bir “retro”-natürmort düşdü ki, elə ona müqabil təptəzə bir -

Vizual xatırlama...

Səbəbkar - yenicə ayrıldığımız I Avropa Oyunlarının açılış mərasimindəki biri-birindən maraqlı elementlərin baş qəhrəmanı - Nar! Altmış beş minlik canlı tamaşaçı, yüz milyonlarla tele-seyrçi qarşısında qədim mədəniyyətimizin təbiət mücrüsü kimi açılıb-paçallanan simvolik Nar! Al-qırmızı gilələri əzəli-əbədi varlığımızın atribut-vahidlərini assosiasiya edən, sənədli qədər real təsir bağışlayan bədii Nar...
Və elə bu heynidə, orada səsləndirilən cürbəcür janr, rəngarəng məzmun və müxtəlif yaşlı musiqi nümunələrinin cərgəsinə qoşduğum qosqoca bir şərqiyə xəyallandım: “Naar, naar, nargilə - Gəlin gedək yar gilə”...
...Hə, hər kəs öz könlündəki arzu-istəklisi gilə, bəndənizsə, azı qırx il bundan əvvələ: Toğrul əfəndimizin “Nar” natürmortunu ilk dəfə gördüyüm günə. O vaxt hələ tələbə idik və elə bir az da bundan yana o köztək yanar narlardan od düşmüşdü cana! Hərəmiz öz ləhcə-leksikonumuzda sıxıb şirəsini çıxartdıq o natür-narların! Onlara baxa-baxa, udqunma şəbehi çıxaran kim, “bir sənət bıçağım olsaydı, bunları parçalayıb yeyərdim” deyən kim. O narlardan ən girdə və bir az qanavuzunu bizdən aşağı kursdakı Həziyeva Nargiləyə bənzədən və bunu “naməhrəm”lik kimi qəbul edib, müqəyyəd bir əhvala düşərək, onun acığına, elə həmin qrupdakı uzunsaçlı Giləyə işarətlə “Qaragilə” mahnısını “qaş-göz” notlarıyla oxuyan da oldu o gün. Ən rasional-nominal dəyəri isə, Əli Bayramlı (Şirvan) narını şedevr kimi təsnifatlandırıb, göyçaylı Svetanın əlini üzündə qoyan Vaqif Abbasov verdi: “Bizim sənətkarımızın yaratdığı bu narlar “Made in Planet”dir!”
Elə mənim “sir-sifətcə, surəti-halca da portret görklü” deyimim də o vaxtlara məxsus; biz Səttar Bəhlulzadə ilə Toğrul Nərimanbəyovun sifətlərini canlı portretə bənzədirdik...
Biz hələ onların sənət və digər xarakterik keyfiyyətlərini də müxtəlif rənglər üzrə təsnifatlaşdırır, mübahisə-müzakirələrimizdə xəyali portretlərini yaradırdıq. İndilikdə isə, təbii, bu ayın bu günlərində doğulmuş Toğrul Nərimanbəyov haqda.
Onun yaradıcılıq və... şəxsiyyət rəngləri çox, bunların hamısını yazı meydanına çəkmək isə qeyri-mümkün. Hələ bunlar azmış kimi, birini də özümdən “icad” etmişəm: -

“Mənsubiyyət” rəngi...

Bu zəngin, ərşi-əngin rəngin tərkibi yanar can, qaynar qan!..
Yuxarıda işlətdiyim sub-abstrakt epitetlərdən birinə - “hər yerli” ifadəsinə dair müxtəsərcə bir sərf-nəzər. Yeri gəlmişkən, bu mükəmməl abstraksionizm ustadı haqda danışıb-yazarkən də abstraktçılıqdan, sözün qanad-fanatçılığından qaçmaq olmur. Yəni fikir, təfəkkür, sənətkarlıq zirvələrinin elə bir həddi də var ki, yaradıcı insan ora (ona) çatanda hər hansı bir coğrafi-toponimik məkana, etnik qrup-topluma sığmaz görünür; belə İnsan “haralı” yox, “hər yerli” olur. Onlar hər hansı bir əqrabaya, zümrəyə, xalqa, millətə deyil, Xaliqin “Ol!” hökmü ilə yaranmış cəmi-ümmətə mənsub sayılır. Deməli, Toğrul Nərimanbəyovu da - ikili vətəndaşlığına (Azərbaycan, Fransa) “bənd olmadan” belə - təkcə “öz rəngimiz”də təsəvvür etmək heç bir dəftər-kitabda qeyd olunmamış yasaqlardan...
Böyük Yaradanın qələmiylə çəkilmiş bu “sənətçi insan surəti” bizlərə ali məktəblərə qəbul imtahanlarından tanış olan “əməkçi insan surətləri”ndən çox fərqli bir göstəri. Həm də ona görə ki, dahilərin yaratdığı bütün surətlər Allahın yaratdıqlarının yanından yel də olub ötə bilməz. Amma ulu Tanrının yaratdığı milyardlarla fərdi-fərqlilik içərisində özünə hamıdan bir köynək yaxın dahilərin yaratdıqlarına bənzəri də olur. Özü də bu kişi, sanki - lap qədimlərdə adına “Günəş” dediyimiz, dünyanı gəzib-dolaşıb üstümüzə “quaş” assimilyasiyası ilə qayıtmış rənglə rəsm edilib. O, bu tər-təmiz türki rənglə “işləndiyindən” - ət-qan-can “materialı” nə qədər ümumbəşəri, Adəmanə olsa da - düzgü-cizgiləri başdan-başa Turan mayalıdır. Belədə nə üçün bu xalqın yaranışdan bəri fitri istedad qabından yararlandığı barədə izafi fikir xərcinə gedəsən və yaxud getdinsə də, niyə nəticədən təəccüblənəsən?!.
Onun əsərlərini görmüşlərə salam olsun, hələ görməyənlərə isə borc. Bu ərzim onun məlum və məşhur əsərlərindən çox, ümumvarlığının ətrafa necə əsər etməsi haqda danışmağıma bir rüsxətnamə...
Bəli, onun Göygölcə gözlərinə, Kür-Arazca qaşlarına, Qoşqarca alnına baxanda, Göyçəcə dərinliyini, Şahdağca vüqarını, Şuşaca cilvəsini görəndə, kişmişi-Damcılıca gülüşünü eşidəndə, deyərdin, daha bu adam ecazkar rəssam olmayıb, kim olmalıymış ki?!.

Və bir “sərgi”ləmə...

Yuxarıda elənçi-belənçi yazmış olsam da, xəyalımda başqa epitetlər, sirri-soraqlar da var. Bunlar, əsasən, əzəli-əbədi və hamıya məxsus rənglər. Deməli, qaçılması qeyri-mümkün olan ənənəvilik; - hər gün, hər il, hər əsr yenilənənlərin əzəl-özülü. Bu mənada, bir vaxtlar ona məxsus hər şey, başqa sözlə, cəmi-peyklər məhz bu fırça çevrəsində fırlanıb. Onun istedad təndiri isə o qədər iti imiş ki, yapdıqlarının hamısı sənətin iliyinədək bişirmiş. Saysız-hesabsız cürbəcürlüklər onun vahid könül “laboratoriyasında” həll olunub, tül qırmızı, gül qırmızı, al qırmızılıqlar səltənəti yaradırmış (digər rəngləri də bu ayaqdan atılamalı). Və “T.N.” sahibli bu fırçadan rəng içən güllər, çiçəklər, kollar, ağaclar, gözəllər, göyçəklər nə qədər bizim adımıza yazılır, sənət-mədəniyyət büdcəmizə mədaxillənirmişsə, o qədər də ixraci-bəşəriyyət olurmuş...
O, hələ erkən gəncliyində məlum memarlıq İçərişəhərindən “düzəltdiyi” rəssamlıq İçərişəhəri silsiləsində, bir az sonralar abidələr Səmərqəndindən çəkib-cizgilədiyi ornamentlərdə, “Sifətlər rapsodiyası”nda, daha sonralar Avropanı, Fransanı onların özlərinə ecazkar bir “kənar baxış”la təqdim etdiyi rəsmlərində özü ilə bərabər, sənətin də nələrə qadir olduğunu bir daha təsdiq etdi.
Bu rəngarəngliklər müəllifinin yaradıcılığında qırmızı rəng, demək olar, hər əsərinin “məclis başında”dır. Lakin bu, heç də (məşhur həna “rəngsaz”ı Məşdibad demişkən) digər rənglərin ayaqda-aşağıda olmasına dəlalət etmir. Əks halda, onun gah göy, gah mavi “səmaları” baxışları bu qədər oxşamaz. Yaşıl-kəhrəba “sünbülləri” zövqi-nəfslərə bir belə bərəkət bəxş etməz. Al-əlvan “gül-çiçəkləri” könüllərə cənnəti-sənət gülabları çiləməz, fidan “Körpələr”i, qızıl “Gözəllər”i, qırış-quruş “Qocalar”ı polifonik şərqilər oxumaz...
Onun mavi rəngləri dan üzü kimi ağarışır, göy rəngləri göyərçinlər tək göyərişir. Yaşıllar sevgililərdi - baxışlara sarmaşır. Gözəlliyə təslimat rəmzi kimi canlanan ağappaqlar “ağ” eləmədən ağarışır. Qaralar - mövzunun yamanına işlənəndə ürəyə düşən xal, yaxşısına işləyəndə “ağ üzdə qara xal” təəssüratı yaradır...
Onun abstraksiyalarının çoxusu çox hallarda ilk baxışa, ilk təəssürata tabe olmur. İkinci, üçüncü zənddə isə gözlər qarşısında aləmlər açılır. Amma ikinci-üçüncü nəzərlərdə nə qədər açılsa da, “və sair”incilərə yenə bir şey qalır. Hər növbəti baxış isə, mütləq növbəti bir qənimət əldə edir. Özü də tək elə milli yox, həm də beynəlmiləl qənimət. Və buradan belə bir “fəlsəfi” qənimət də əldə-dildə olunur ki, baxışın, tamaşaçılığın da milləti yoxmuş; bu əsərlər nə qədər millidirsə, o qədər də Renuar dilli, İvanov, Brüllov, Van Qoq əsilli tamaşaçılarlıqdır...
Onun “xarakter”, “söz”, “duyğu”, “uyğu” və sair rəngləri də var ki, onların cəmi-cümləsini iki sözlə ifadə edirəm:

Aləm rəngləri

“T.N.” imzalı bu mənəvi rənglər də parlaqdır, seçkindir, bütövdür, emosionallıq plastikası ilə bahəm, kəskindir. Bütün bunlar konkret əsərlərindən fərqli olaraq, onun daxili aləminə, özünə-sözünə bir köynək yaxın tamaşaçıları - dostları, tanış-bilişləri, həmsöhbətləri tərəfindən dərhal sezilir. Amma onda “gecçatan” rənglər də az deyil. Məsələn? Deyim də; SSRİ və Azərbaycanın Xalq rəssamı, Dövlət mükafatları laureatı, neçə-neçə orden-medal sahibi, hər ilin altı ayını yaşadığı Parisdə necə yüksək mərtəbədə tutulduğunu onun öz dilindən eşidən olubmu? Amma Şuşada doğulmuş babasının dövlət xəttilə Almaniyaya gedib Tuluzada təhsil alaraq məşhur mühəndis kimi nələr tikməsindən, atasının özgür bir milliyyətçi kimi sıravi əcəl mənsubu yox, repressiya qurbanı olmasından həm çox, həm də iftixarla danışıb. O, çox “quru”, əda-ədvasız, ahıl yaşlarda belə - susuz səhraya yağıştək gərək olan şıltaqlıqların “ayıb” və yasaq edildiyi ziyalı “cızığından” heç bir halda qırağa çıxmayıb. Onun şəxsiyyət formulası, qırım-durum elementləri ev-eşiyində də, küçədə də, efirdə də daimi bir pedaqoqluq təlqin edib, nümunəvilik, ağsaqqallıq saçıb. Onun baxışına baxan, yerişini-duruşunu seyr edən, sözünün karına, səsinin tonuna diqqət kəsilən hər kəs bilirdi: nə olar, nə olmaz...
Onun muğamata, klassik musiqiyə rəğbətini, təbəssüm dolu məhəbbətini qədərincəmi duyurdunuz, hörmətli çağdaşları? Xalq mahnılarımızı, bəzi operalardan ariyaları necə milli-ağayana, hancarı “kəndçisayaq”, necə müasir-Yevropeyski ifalarına uymağınız da olubmu?..
Onun çox gec-gec açılan söz-fikir mücrüsü, düşüncə tərzi də obrazlı rənglər qalereyası timsalında! Nə desə, “nədən?” sorulmazdı. Kiməsə nəsə ərz etsə, “niyə?” doğulmazdı.
Onun sözlərindən, fikirlərindən mən də az eşitməmişəm, buralıqda isə ataların məşhur miqdar sayı qədərini xatırladacağam:
“- Neçə illərdi Teymurlənglə bağlı eskizlər hazırlayırsız, bəs əsər nə vaxt başa gələcək?
- Həmin eskizlər Teymurləng miqyasına çatanda...”
“- Azərbaycanın harası daha çox möcüzəvidir?
- Sualın qoyuluşunu dəyişdirin: Azərbaycanın harası möcüzəvi deyil?”
“- Bu gün Sizə Şuşaya getmək təklif olunsaydı...
- Yox, Şuşaya qonaq kimi getmərəm. Mən ora onun sahibi kimi gedəcəyəm!..”
Sözüm-sovum onun rəngləri qədər rəngarəng olsaydı, hələ yazmağa davam edərdim...
Beləliklə, 1930-cu il təvəllüdlü, qaynar avqust doğumlu bu alovlu sənətkarımız haqda bu qədər.

Tahir Abbaslı