Azərbaycan

22 avqust 1922 - Mədəniyyət xadimi Adelaida İrza qızı Məmmədova (1922 - 25.4.2015) Tiflis şəhərində doğulub. Azərbaycan peşəkar vokal ifaçılığının banisi Bülbülün ömür-gün yoldaşı olub. Sənətkar kitabların ("Bülbül vokal sənətinin zirvəsidir", "Bizim Bülbül - dünyanın Bülbülü" və s.), məqalələrin müəllifidir. Uzun illər Bülbülün memorial muzeyinin direktoru işləyib. "Şöhrət" ordeni (2007) ilə təltif edilib.
22 avqust 1965 - Şairə, tədqiqatçı və yazıçı Nuridə Atəşi anadan olub. 1995-ci ildən Almaniyada yaşayır, ədəbi-tarixi tədqiqat, tərcümə sahəsində çalışır. Əsərlərini Azərbaycan, alman və türk dillərində yazır.

23 avqust 1922 - Tanınmış tarixçi alim, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü Əlövsət Nəcəfqulu oğlu Quliyev (1922-6.11.1969) anadan olub. Azərbaycan EA Tarix İnstitutunun direktoru işləyib.
23 avqust 1990 - Aşıq Əkbər (Əkbər Zərbalı oğlu Cəfərov, 1933, Tovuz - 1990) vəfat edib. “Leyli və Məftun” dastanının, “Dağlar”, “Bənövşələr”, “Doymaq olmaz”, “Gözəl vətənim”, “İstərəm” və s. məşhur gəraylı, qoşma, təcnislərin müəllifidir.
23 avqust 2006 - Prezident İlham Əliyev “Mədəniyyət sahəsində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında” sərəncam imzalayıb.

24 avqust 1926 - Bəstəkar Nazim Ağalar oğlu Əliverdibəyov (1926 - 16.2.1986) anadan olub. Üzeyir Hacıbəylinin "Əsli və Kərəm", "Leyli və Məcnun" operalarını yenidən orkestrləşdirib. “Gilas ağacı”, “Çarvadarların izi ilə”, “Vulkana doğru” və s. filmlərə musiqi yazıb.
24 avqust 1896 - Sənətşünas alim Məhəmməd Ağaoğlu (1896-1949) İrəvan şəhərində anadan olub. Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Muzeyinin yaradılmasında (1919) iştirak edib. 1920-ci ildə Türkiyəyə, oradan Amerikaya gedib. Detroytda "İslam incəsənəti qalereyası"nda çalışıb, Miçiqan Universitetində dərs deyib, "İslam incəsənəti" jurnalının redaktoru olub. "Səfəvi xalçaları və parçaları", "İslam incəsənəti haqqında qeydlər" və s. kitabların müəllifidir.

25 avqust 1915 - Əməkdar memar Tahir Abdulla oğlu Abdullayev (1915-2004) anadan olub.
25 avqust 1926 - Xalq rəssamı Xalidə Ələkbər qızı Səfərova (1926 - 23.12.2005) Gəncədə anadan olub. Yaradıcılığında natürmort, mənzərə, xalq nağıllarına illüstrasiyalar geniş yer tutur: "Dağ çayı", "Aşıq Qərib", "Çövkən oyunu", "Payız bağında" və s.
25 avqust 1935 - Xalq şairi Fikrət Qoca (Fikrət Göyüş oğlu Qocayev) Ağdaş rayonunun Kotanarx kəndində doğulub. "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər", "Oddan keçənlər" və s. poemaların müəllifidir. Müxtəlif ölkələrin inqilabçı qəhrəmanlarına (Çe Gevara - Kuba, Xose Risal - Filippin və s.) poemalar həsr edib. Bir sıra şeirlərinə ("Anacan, dostum evlənir", "Gəl, ey səhər", "Payız gəldi" və s.) popuyar mahnılar bəstələnib.
25 avqust 1942 - Şair, publisist Davud Məcid oğlu Nəsib Qazax rayonunda (1942-26.3.2003) anadan olub. Kitabları: “Məhəbbət yolları”, “Ürək sözsüz danışır”, “Bizdən sonra yaşayanlar”, “Dünya bir körpüdür”, “Karvan gedir” və s.
25 avqust 1945 - Əməkdar artist, Azərbaycan Dövlət mükafatı laureatı Vəfa Nüsrət qızı Fətullayeva (1945 - 21.5.1987) anadan olub. 1970-ci ildən Akademik Dram Teatrında çalışıb. Teatrla yanaşı, televiziya tamaşalarında ("Göz həkimi", "Alov", "Atayevlər ailəsi") yaddaqalan obrazlar yaradıb. “Firəngiz” filmində (1975) baş rolda çəkilib.
25 avqust 1943 - Görkəmli aktyor, Xalq artisti Şahmar Zülfüqar oğlu Ələkbərov (1943-1992) Gəncədə anadan olub. Əslən Cəbrayıl rayonundandır. “Dağlarda döyüş” (Fərrux), “Yeddi oğul istərəm” (Qəzənfər), “Axırıncı aşırım” (İman), “Həyat bizi sınayır” (Arif), “Qatır Məmməd” (Qatır Məmməd), “Arxadan vurulan zərbə” (Gündüz Kərimli), “Babək” (Cavidan) və s. filmlərdə unudulmaz obrazlar yaradıb. Rejissor kimi “İmtahan” (1987, Gülbəniz Əzimzadə ilə birlikdə), “Sahilsiz gecə” (1989), “Qəzəlxan” (1991) filmlərini çəkib. Filmlərin səsləndirilməsində iştirak edib.
25 avqust 1960 - Əməkdar artist Abbas Əhməd oğlu Qəhrəmanov İrəvan şəhərində doğulub. Dövlət Gənclər Teatrında, Akademik Milli Dram Teatrında, televiziya tamaşalarında çoxsaylı obrazlar yaradıb. “Arxada qalmış gələcək”, “Ölüm növbəsi”, “Cavad xan”, “Günaydın, mələyim!” və s. filmlərdə çəkilib.

Dünya

22 avqust 1862 - Fransız bəstəkarı Klod Debüssi (Achille-Claude Debussy; 1862-1918) anadan olub. Əsərləri: “Pelleas və Melizanda” (opera), “Oyunlar” (balet), “Bahar” (simfonik süita) və s.
22 avqust 1920 - Amerikalı fantast-yazıçı Rey Bredberi (Raymond Douglas Bradbury; 1920-6.6.2012) anadan olub. “Mars xronikaları”, “Farenqeytlə 451 dərəcə”, “Fəlakət gəlir” və s. romanların müəllifidir.
22 avqust 1999 - Məşhur rus aktyoru Aleksandr Demyanenko (30.5.1937 - 1999) vəfat edib. “Qafqaz əsiri”, “I əməliyyatı”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s. populyar komediya filmlərində çəkilib.

23 avqust 1851 - Çex yazıçısı Alois Yirasek (1851-1930) anadan olub. “Yan Qus” trilogiyası, “Yan Jijka” və s. tarixi romanların müəllifidir.
23 avqust 1880 - Rus yazıçısı Aleksandr Qrin (əsl adı Aleksandr Qrinevski; 1880-1932) anadan olub. Əsərləri: “Al yelkənlər”, “Dalğalar üzərində qaçan”, “Qızıl zəncir” və s.
23 avqust 1912 - Amerika aktyoru, müğənni və kinorejissor Cin Kelli (Gene Kelly; 1912-1996) anadan olub. Filmləri: “Amerikalı Parisdə”, “Yağış altında rəqs edənlər” (aktyor və rejissor).

24 avqust 1899 - Argentina yazıçısı və şairi Xorxe Luis Borxes (Jorge Luis Borges; 1899-1986) anadan olub. Əsərləri: “Alef”, “Yaradan”, “Uydurmalar” və s.
24 avqust 1903 - İngilis rəssamı və dizayneri Qrehem Vivian Sazerlend (Graham Vivian Sutherland, 1903-1980) anadan olub.
24 avqust 1947 - Tanınmış Braziliya yazıçısı və şairi Paulo Koelyo (Paulo Coelho) anadan olub. "Kimyagər" romanı ilə məşhurlaşıb. "Zəvvarlıq" və ya "Kahinin gündəliyi", "Valkiriya", "Beşinci dağ", "İblis və senyorita Prim", "On bir dəqiqə", "Qalib tək qalır" və s. romanların müəllifidir.

25 avqust 1724 - İngilis rəssamı Corc Stabbs (George Stubbs, 1724-1806) anadan olub.
25 avqust 1891 - İtalyan yazıçısı, rəssam və bəstəkar Alberto Savinyo (Alberto Savinio - Andrea Di Chirico, 1891-1952) anadan olub. Sürrealizmə meyl edib, “Niobeyanın ölümü”, “Kapitan Uliss” dramlarının müəllifidir.
25 avqust 1900 - Görkəmli alman filosofu Fridrix Nitsşe (Friedrich Wilhelm Nietzsche; 15.10. 1844 - 1900) vəfat edib. Dünya fəlsəfi fikrinə güclü təsir edən əsərlərin müəllifidir: “Faciənin doğuluşu”, “Zərdüşt belə deyirdi”, “Xeyir və şərdən o yana”, “Bütlərin qürubu”, “Antixrist”, “Hakimiyyət iradəsi” və s.
25 avqust 1918 - Amerika bəstəkarı və dirijoru Leonard Bernstayn (1918-1990) anadan olub.
25 avqust 1930 - Məşhur gürcü rejissoru, SSRİ Xalq artisti Georgi Daneliya anadan olub. Filmləri: “Mən Moskvada addımlayıram”, “Afonya”, “Mimino”, «Payız marafonu», “Kin-dza-dza!” və s.
25 avqust 1930 - Şotland əsilli Amerika aktyoru Şon Konneri (Thomas Sean Connery) anadan olub. 1962-1971-ci illərdə Yan Fleminqin əsərləri əsasında lentə alınan Ceyms Bond haqqında 6 filmdə baş rola çəkilib. "Toxunulmazlar" (1988) filmində roluna görə “Oskar” mükafatına layiq görülüb.
25 avqust 1938 - İngilis yazıçısı Frederik Forsayt (Frederick Forsyth) anadan olub. Əsərləri: “Çaqqal günü”, “Müharibə köpəkləri” və s.

Hazırladı: Vüqar Orxan